"Heydər Əliyev: Mədəniyyət və əbədiyyət"

 

Müstəqil Azərbaycanın memarı Heydər Əliyevin tarixi rolu ilə bağlı yeni bir mərhələ başlanır. Heydər Əliyevin siyasi, dövlətçilik, diplomatikiqtisadiyyat sahəsində cahanşümul fəaliyyətini əks etdirən yeni tədqiqat əsərləri yazılır. Onun tarixi fəaliyyətinin əsas istiqamətlərindən biri  mədəniyyət və incəsənətimizin tərəqqisi ilə bağlıdır. Ulu öndər  Azərbaycan  mədəniyyətinin  və incəsənətinin böyük hamisi idi.

 

Hər bir xalqın mədəniyyəti onun böyüklüyünün, müdrikliyinin, birliyinin təcəssümüdür. Azərbaycan xalqı qədim tarixə və mədəniyyətə malik bir xalq kimi artıq bütün dünyada tanınmışdır. Azərbaycan mədəniyyətinin yaranması və mənəvi rolunun yüksək dəyərləndirilməsində tarix boyu bir çox şəxsiyyətlərin xidməti olmuşdur ki, yeni dövrün  də belə bir nəhəng şəxsiyyəti məhz Heydər Əliyevdir.

Azərbaycan mədəniyyətinin hərtərəfli inkişafında və onun zəngin mənəvi-mədəni irsinin dünya mədəni aləminə çatdırılmasında Heydər Əliyev çox böyük rol oynamışdır və bu fəaliyyət respublikanın gələcək mənəvi-siyasi həyatı üçün örnək və irsə münasibətdə siyasətin konsepsiyasının yaranması baxımından mühüm əhəmiyyətə malikdir.

Dahi şəxsiyyətin bu sahədə gördüyü işlərlə bağlı professor Timuçin Əfəndiyevin "Heydər Əliyev və milli mənəvi dəyərlərimiz" monoqrafiyasında və bu günlərdə çapdan çıxmış "Heydər Əliyev: Mədəniyyət və əbədiyyət" (Bakı, Təhsil. 2013) adlı kitabında nəzəri analitik üslubda söhbət açılır.

Dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin milli mədəniyyətimizin tarixindəki misilsiz xidmətlərindən bəhs edən fotomonoqrafiya ulu öndərin anadan olmasının 90 illik yubileyinə həsr olunmuşdur. Kitabda mətnin və şəkillərin vəhdəti əsasında Heydər Əliyevin mədəniyyət və incəsənətimizin tarixindəki xidmətləri əksini tapmışdır.

Xalqların tarixində elə rəqəmlər var ki, onlar həm həqiqi, həm də rəmzi gücü ilə mənsub olduğu xalqın adını əbədiyyətə aparıb çıxarır. 10 may 1923-cü il Azərbaycan tarixinin əzəmət və möhtəşəmlik zirvəsi, Heydər Əliyev adını dünyaya bəxş edən və əbədiyyətə ucaldan bir tarixdir. Tariximizə və milli mənəvi  yaddaşımıza "Ulu öndər", "Ümummilli lider" kimi şərəfli adlarla daxil olmuş Heydər Əliyevin adı onunla eyni epoxada yaşayıb işləmiş, mənalı çıxışlarını dinləmiş, canlı ünsiyyətdə olmuş insanlar üçün olduqca  əziz və doğmadır.

Fotomonoqrafiya ümummilli liderimiz Heydər Əliyevin çoxcəhətli mədəniyyət nəzəriyyəsinin təbliğinə həsr olunmuşdur. Heydər Əliyev istər çoxəsrlik zəngin ədəbiyyatımız, istərsə də qədim və bədii cəhətdən kamil mədəniyyət və incəsənətimizin ayrı-ayrı sahələrindən bəhs edərkən bütün bunlara dövlətçilik nöqteyi-nəzərindən, azərbaycançılıq fəlsəfəsinin məxəzləri kimi  yanaşmışdır.

Heydər Əliyev deyirdi: "Ədəbiyyatımızın, incəsənətimizin, mədəniyyətimizin ən böyük və fərqləndirici xüsusiyyətlərindən biriodur ki, zaman-zaman istedadlı insanlar mədəniyyətimizdə yeni yollar, yeni cığırlar açırlar, yeni formalar meydana gətirirlər".

Müasir ədəbiyyatımızın, incəsənətimizin və mədəniyyətimizin bəşəri arenada öz nadir inciləri ilə dünyanı heyran qoyması, ölkəmizin şöhrətini qaldırması, xalqımızın qədim mədəniyyətə malik olması bu müdrik fikri təsdiq edir. Məlum olduğu kimi, XX əsrdə Azərbaycan mədəniyyətinin bütün sahələrinin sürətli inkişafı, geniş miqyasda təbliği və böyük nailiyyətləri bilavasitə Heydər Əliyevin müstəsna tarixi xidmətlərinin nəticəsi idi. Onun rəhbərlik etdiyi 70-80-ci illərdə, xüsusən sonrakı dövrdə mədəni və ədəbi irsimizə, təsviri sənətə, teatra qayğı xeyli dərəcədə artmışdı. Heydər Əliyevin bilavasitə himayədarlığı və gərgin səyləri nəticəsində bu gün Azərbaycan incəsənəti bütün dünya miqyasında tanınmışdır.

Heydər Əliyevin nəzəri siyasi irsi, dövlətçilik və millətçilik  təcrübələri bizim milli sərvətimiz, tövsiyələri yaddaşımızın əbədiyyət dərsidir. Bizim üçün doğma olan cəhət də budur ki,  2013-cü ildə öz fəaliyyətində Heydər Əliyev ideyalarını həyata keçirən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yaranmasının 90 illiyi tamam olur. Təqdim  olunan fotomonoqrafiyada 1969-cu ildən sonrakı dövrdə - Heydər Əliyev epoxasında yaşayan mədəniyyət və incəsənət xadimlərinin həyat və yaradıcılığına  ulu öndərin göstərdiyi diqqət və qayğı ön plana  çəkilmişdir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 

 

 

Gülşən ƏLİYEVA,

Azərbaycan Dövlət Mədəniyyət və

İncəsənət Universitetinin professoru

 

Azərbaycan müəllimi.- 2013.- 17 may.- S.11.