"İnformasiya-kommunikasiya texnologiyaları və
qloballaşma" mövzusunda beynəlxalq konfrans
Astara şəhərində Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik
yubileyinə həsr olunan
"İnformasiya-kommunikasiya texnologiyaları və
qloballaşma" mövzusunda beynəlxalq elmi konfrans
keçirilmişdir.
Astara Rayon İcra Hakimiyyətinin və
Astara Pedaqoji Kollecinin birgə təşkilatçılığı
ilə keçirilmiş beynəlxalq konfransda Azərbaycanın
görkəmli elm xadimləri ilə yanaşı, Rusiyadan,
Özbəkistandan, Türkiyədən və Hindistandan gəlmiş
tanınmış alimlər də iştirak etmişlər.
Beynəlxalq konfransın
iştirakçıları xalqımızın ümummilli
lideri Heydər Əliyevin həyat və fəaliyyətindən
bəhs edən guşəyə baxmış və ulu öndərin
portreti önünə tər gül dəstələri
qoymuşlar. Pedaqoji kollektivin üzvləri və tələbələrlə
səmimi söhbət edən xarici ölkələrdən gələn
alimlər tələbələrin əl işlərindən
ibarət sərgiyə baxmış və xatirə şəkilləri
çəkdirmişlər.
Beynəlxalq elmi konfransın
iştirakçıları Astara şəhərinin mərkəzində
ulu öndər Heydər Əliyevin abidəsi önünə
gül dəstələri qoymuş, Heydər Əliyev Mərkəzində
ümummilli liderin zəngin və mənalı ömür
yolunu əks etdirən eksponatlarla tanış olmuş, mərkəzin
xatirə kitabında öz rəylərini yazmışlar.
Sonra "Şindan" sarayında beynəlxalq
elmi konfrans öz işinə başlamışdır. Konfransı giriş sözü ilə
Astara Pedaqoji Kollecinin direktoru, fəlsəfə doktoru, əməkdar
müəllim, dosent, Rusiya Fəlsəfə Cəmiyyətinin
üzvü Əlihəsən Həmzəyev açaraq qeyd
etmişdir ki, xalqımızın xilaskarı, müstəqil
Azərbaycan dövlətinin yaradıcısı, ümummilli
liderimiz Heydər Əliyevin 90 illik yubileyi ölkəmizin hər
yerində böyük şövq və ruh yüksəkliyi ilə
qeyd olunur. Yubiley tədbirləri təkcə respublikamızda
deyil, dünyanın əksər ölkələrində
yaşayan azərbaycanlılar və Heydər Əliyevi sevən
digər xalqların nümayəndələri tərəfindən
böyük məhəbbətlə qeyd edilir.
Qeyd edilmişdir ki, Azərbaycan
dünyada öz mövqeyi olan, hərtərəfli inkişaf
edən müstəqil respublikadır. Bütün bu
uğurların təməlini ulu öndər Heydər Əliyev
qoymuşdur. Ulu öndərin "Bu torpağın özü
bərəkətli, insanları zəhmətkeş, təbiəti
də gözəldir" kəlamını xatırladan Əlihəsən
Həmzəyev qeyd etmişdir ki, bu gün
gördüyünüz inkişaf və tərəqqiyə
görə astaralılar ulu öndər Heydər Əliyevə
və onun layiqli davamçısı ölkə Prezidenti cənab
İlham Əliyevə minnətdardırlar.
Konfransda vurğulanmışdır ki,
müstəqillik illərində Azərbaycana rəhbərlik
edən tarixi şəxsiyyət Heydər Əliyevin informasiya
və kommunikasiya texnologiyalarının imkanlarından
faydalanmaq məqsədi ilə həyata keçirdiyi məqsədyönlü
işlər indi öz real bəhrəsini verir.
Beynəlxalq konfrans
iştirakçıları ulu öndər Heydər Əliyevin
ömür yolundan bəhs edən "Əbədiyyət
yolu" adlı videoçarxa maraqla baxmışlar.
Sonra Astara Rayon İcra Hakimiyyətinin
başçısı Qəzənfər Ağayev
çıxış edərək qeyd etmişdir ki,
ümummilli liderimiz Heydər Əliyevin memarı və qurucusu
olduğu müasir müstəqil Azərbaycan son 20 ildə həyatımızın
bütün sahələrində misilsiz inkişaf yolu
keçmiş, dünyada özünəməxsus yeri və
nüfuzu olan dövlətlərdən birinə
çevrilmişdir. Ulu öndər Heydər Əliyevin
ideyalarını böyük uğurla yerinə yetirən,
onun siyasətini ləyaqətlə davam etdirən Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
müdrik rəhbərliyi ilə dövlətimiz ən mötəbər
beynəlxalq təşkilatların aparıcı üzvlərindən
biri olmuşdur.
Diqqətə
çatdırılmışdır ki, bu gün Azərbaycan
Respublikasında informasiya-kommunikasiya texnologiyaları sahəsindəki
fəaliyyət ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi
strateji xətt üzrə uğurla davam etdirilir. Heydər Əliyevin
2003-cü ildə təsdiq etdiyi "Azərbaycan
Respublikasının inkişafı naminə
informasiya-kommunikasiya texnologiyaları üzrə Milli
Strategiya" (2003-2012-ci illər) bu istiqamətin ölkəmiz
üçün vacibliyini və əhəmiyyətini
vurğulayan ilk rəsmi sənəd olmuşdur. Qloballaşma
dövründə və gələcəkdə İKT-nin əhəmiyyəti
ön plana keçir. Müasir rabitə və informasiya
texnologiyaları, ölkəmizin hərtərəfli
inkişafı, əhalinin intellektinin yüksəldilməsi, həmçinin
dünyada baş verən inteqrasiya proseslərinə daha aktiv
cəlb olunması istiqamətində respublikamızın
qarşısında yeni imkanlar açmışdır.
Regionun ən dinamik inkişaf edən ölkəsi kimi Azərbaycan
bu gün İKT sahəsinin genişləndirilməsi
üçün böyük imkanlara malikdir. Cəmiyyətimiz
bu imkanlardan maksimum bəhrələnərək dünya
birliyinə inteqrasiyanı özünün başlıca vəzifəsi
kimi görür.
Vurğulanmışdır ki, ulu öndər
Heydər Əliyevin ideyalarının ən böyük təntənəsi
kimi Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə
çıxarılması, idarə olunması və
istismarını göstərmək olar. Kosmosda peyki olan
azsaylı ölkələrdən biri Azərbaycanda bu sahə
üzrə yerli mütəxəssislərin hazırlanması
işi diqqət mərkəzindədir.
Konfransda çıxış edən
Rusiya Fəlsəfə Cəmiyyətinin birinci vitse-prezidenti,
fəlsəfə elmləri doktoru, professor Aleksandr
Nikolayeviç Çumakov və Özbəkistan Fəlsəfə
Cəmiyyətinin prezidenti, fəlsəfə elmləri doktoru,
akademik Səid Şermuxamedov ulu öndər Heydər Əliyevlə
bağlı xatirə və görüşlərindən
danışmış, haqqında yüksək fikirlər
söyləmiş, onu təkcə Azərbaycan xalqının
ümummilli lideri deyil, bütün sülhsevər bəşəriyyətin
aparıcı simalarından biri, dünya sivilizasiyasında
özünəməxsus yeri olan dahi şəxsiyyət
adlandırmışlar.
AMEA-nın Fəlsəfə, Sosiologiya və
Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə,
"Braxma Kumaris Sankt-Peterburq Mərkəzi" Regional mədəni-maarifçilik
ictimai təşkilatının baş direktoru, fəlsəfə
elmləri doktoru, professor Didi Santoş Kukredja (Hindistan), Mirzə
Uluqbəy adına Özbəkistan Milli Universitetinin kafedra
müdiri, fəlsəfə elmləri doktoru, professor Niginaxon
Şermuxamedova (Özbəkistan), Rusiya Elmlər
Akademiyasının Fəlsəfə İnstitutunun bölmə
müdiri, fəlsəfə elmləri doktoru, akademik Valentina
Fedotova (Rusiya), AMEA-nın müxbir üzvü, akademik
Südeyf İmamverdiyev, AMEA-nın Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunun böyük elmi
işçisi, Rusiya Fəlsəfə Cəmiyyəti
vitse-prezidentinin beynəlxalq işlər üzrə
müavini, Rusiya Kulturologiya İnstitutunun böyük elmi
işçisi, fəlsəfə doktoru Ariz Gözəlov
(Rusiya), professor Mirzə Rəhimov, Milli Aviasiya
Akademiyasının kafedra müdiri, hüquq elmləri doktoru,
professor İbrahim Quliyev, Türk-rus Mədəni Mərkəzinin
baş direktoru Arif Asalıoğlu (Türkiyə), Moskva
Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun
sosiologiya kafedrasının dosenti, sosioloji elmlər doktoru
Nadejda Fedotova (Rusiya), hüquq elmləri doktoru, professor
İsaxan Vəliyev, Bakı Dövlət Universitetinin kafedra
müdiri, biologiya elmləri doktoru, professor Xudaverdi Qəmbərov,
Bakı Musiqi Akademiyasının professoru, fəlsəfə
elmləri doktoru Mina Hacıyeva, AMEA-nın Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunun professoru, fəlsəfə
elmləri doktoru Aydın Əlizadə, Azərbaycan Müəllimlər
İnstitutunun dosenti, pedaqogika üzrə fəlsəfə
doktoru Şahrza Ağayev, Bakı Musiqi Akademiyası incəsənət
nəzəriyyəsi və tarixi kafedrasının müdiri, əməkdar
incəsənət xadimi, fəlsəfə elmləri doktoru,
professor Telman Hacıyev konfransda çıxış
etmişlər.
Beynəlxalq konfransın işində fəallıq
göstərən iştirakçılara və
çıxış edənlərə ən yaxşı məruzəyə
görə fəxri diplom, sertifikat və I dərəcəli
diplomlar verilmişdir. Xaricdən gəlmiş qonaqlara Azərbaycan
milli ornamentlərini əks etdirən suvenir-xalçalar hədiyyə
edilmişdir.
Konfransın işini yekunlaşdıran
Astara Pedaqoji Kollecinin direktoru, fəlsəfə doktoru, dosent Əlihəsən
Həmzəyev qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin
ideyaları bizi xoşbəxt gələcəyə aparır.
Onun adı yüz illər bundan sonra da qəlbimizdə
yaşayacaq, ideyaları daim bizə doğru yol göstərəcəkdir.
Biz həmişə Heydər Əliyevin parlaq dühası, dərin
zəkası, möhtəşəm və dəmir iradəsi,
pak adı ilə fəxr edəcəyik.
Azad
ABDULLAYEV
Azərbaycan
müəllimi.- 2013.- 17 may.- S.7.