"Elektron təhsil" respublika
müsabiqəsinə 230 layihə təqdim edilmişdir
Azərbaycan
Respublikası Təhsil Nazirliyi tərəfindən
hər il keçirilən "Elektron təhsil" respublika
müsabiqəsinə bu günədək
230 layihə təqdim olunmuşdur. Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması
İdarəsindən verilən məlumata əsasən, Azərbaycanda
ənənəvi olaraq keçirilən
müsabiqə "İntel"
korporasiyasının "Gələcək üçün
təhsil" proqramı, AZEDUNET, "Ultra",
"Mədəd-Azərbaycan", "Nar
Mobile" və "Dr.Web"
şirkətləri tərəfindən dəstəklənir.
Müsabiqədə iştirak etmək üçün layihələrin qəbulu 24 may 2013-cü il tarixinədək
davam edəcəkdir.
Müsabiqənin
rəsmi İnternet səhifəsində (www.musabiqe.edu.az) bu günədək
3812 müəllim, 1233 tələbə, 3155 şagird
və 400 valideyn qeydiyyatdan
keçmişdir. Qeyd
etmək lazımdır ki, bu
müsabiqə artıq dördüncü
ildir ki, keçirilir. 2010-2012-ci illərdə təşkil
edilən müsabiqələrdə ümumi
olaraq 2 mindən artıq elektron
resurs təqdim edilmiş
və təhsil portalında yerləşdirilmişdir.
Müsabiqə ətrafında müzakirələrə isə
orta hesabla 11,5 mindən
artıq müəllim, şagird, tələbə
və valideyn cəlb olunmuşdur.
Müsabiqə
"Müasir məktəbdə elektron tədris resursları" və "Təhsildə
İnternet texnologiyaları" istiqamətləri
üzrə təşkil olunmuşdur.
Ölkədə
ən çox pedaqoji işçini
əhatə edən "Elektron təhsil"
müsabiqəsinin keçirilməsində əsas məqsəd
elektron tədris resurslarından, İnternet texnologiyalarından tədris
prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq,
tədris məqsədləri üçün
İnternetdən istifadənin yeni
formalarını üzə çıxarmaq, tədris prosesində
informasiya texnologiyalarından fəal
istifadə edən müəllimləri həvəsləndirməkdən
ibarətdir.
"Müasir məktəbdə elektron
tədris resursları" istiqaməti üzrə müsabiqəyə
elektron tədris resurslarının tədris
prosesində əməli tətbiqinə aid
olan materiallar təqdim
edilə bilər. Bu istiqamət üzrə
qaliblər "Elektron tədris vəsaitlərindən
istifadə edilməklə qurulan tədris
prosesinin ən yaxşı modeli" nominasiyası üzrə müəyyən
olunacaqlar.
"Təhsildə
İnternet texnologiyaları" istiqaməti
üzrə müsabiqəyə təhsil məzmunlu İnternet resursları və bloqlar
təqdim edilə bilər. Qaliblər "Təhsildə İnternet resursları" və "Müəllimlərin
bloqları" nominasiyaları üzrə müəyyən olunacaqlar. Müsabiqədə 3 nominasiya üzrə qaliblərə noutbuklar, netbuklar və digər
xüsusi mükafatlar
təqdim olunacaq.
Müsabiqədə
əsasən təhsil müəssisələrində
çalışanlar, müəllimlərin təkmilləşdirilməsi
ilə məşğul olanlar, valideynlər
və şagirdlər iştirak edə bilərlər.
Müsabiqədə həmçinin pedaqoji
ali təhsil müəssisələrinin tələbələri
və aspirantlar da iştirak edirlər.
"Elektron təhsil" respublika
müsabiqəsinin keçirilməsi nəticəsində təhsildə
İKT-nin tətbiqi sahəsində pedaqoji təcrübənin yayılması üçün effektiv
mexanizmlər yaradılmış, tədris məqsədləri
üçün İnternetdən istifadənin
yeni formalarının axtarışı
stimullaşdırılmış və sərbəst giriş üçün
açıq
olan 3000-dən çox
elektron resurs
bazasının arxivi
formalaşmışdır. Eyni zamanda təhsil ictimaiyyətinin İKT-nin tədris prosesinə inteqrasiyası
haqqında məlumat almaq imkanları
genişlənmiş və elektron tədris
resurslarının yaradılması sahəsində müəllimlər
arasında rəqabətyönümlü bir
mühit formalaşmışdır.
Qeyd etmək lazımdır ki, bu istiqamətdə tədbirlər
pedaqoji heyətin İKT
savadlılığının artırılması məqsədi
ilə qiymətləndirmə və motivasiya
sisteminin yaradılması çərçivəsində
həyata keçirilir. Bu
məqsədlə "Elektron təhsil" müsabiqəsindən əlavə,
"İnnovativ Müəllimlər Forumu", "Gənc kompüter
istedadları", "Gənc informatik"
və s. müsabiqələr keçirilmiş və hazırda keçirilməkdədir.
Bu sahədə təşkil
edilən ən əhatəli müsabiqələrdən biri də "İnnovativ
Müəllimlər Forumu"dur. Müsabiqə Azərbaycan
Respublikası Təhsil Nazirliyi və
"Microsoft- Azərbaycan" tərəfindən
birgə həyata keçirilən "Təhsildə Əməkdaşlıq
Proqramı"nın tərkib hissəsidir və dünya "İnnovativ
Müəllimlər Forumu"na hazırlığın Azərbaycan mərhələsidir.
Müsabiqənin
əsas məqsədi Azərbaycan təhsil sistemində
çalışan innovativ orta məktəb müəllimlərinin şəbəkəsini
yaratmaq, onların informasiya
texnologiyalarından istifadəsini təkmilləşdirmək
və şagirdlərin XXl əsr biliklərinə
yiyələnməsinə şərait yaratmaqdır. Müsabiqə "Məzmunda
innovasiya" nominasiyası üzrə keçirilir. Bu nominasiya informasiya
texnologiyalarının yardımı ilə məktəbin dərs
proqramını daha səmərəli
şəkildə tədris etməyə imkan
verən ən yaxşı təhsil layihələrinin müəyyən
edilməsinə istiqamətlənmişdir.
Hicran ƏKBƏROVA.
Azərbaycan
müəllimi.- 2013.- 17 may.- S. 4.