Bakıda Qafqaz Universitetlər Birliyinin üçüncü illik konqresi
keçirilmişdir
Mayın
21-də Bakıdakı "Sheraton"
otelində Qafqaz Universitetlər Birliyinin üçüncü
illik konqresi keçirilmişdir.
Tədbirdə
Azərbaycan Respublikasının təhsil naziri
Mikayıl Cabbarov, Türkiyə
Respublikasının milli təhsil naziri Nabi Avçı,
Türkiyənin Ali Təhsil
Şurasının rəhbəri Gökhan
Çetinsaya, Qafqaz
Universitetlər Birliyinin sədri Ramazan Korkmaz, Gürcüstan Respublikasının elm və təhsil nazirinin
müavini David Zurabişvili,
Azərbaycanın, o cümlədən bir sıra ölkələrin ali
məktəblərinin rektorları, təhsil işçiləri
və mütəxəssisləri iştirak
etmişlər.
Konqresdə
çıxış edən Azərbaycan Respublikasının
təhsil naziri Mikayıl Cabbarov
iştirakçıları salamlamış, tədbirin
keçirilməsində əməyi olanlara
təşəkkürünü bildirmişdir.
Qafqaz bölgəsinin geostrateji
əhəmiyyətindən söz açan nazir regionda fəaliyyət göstərən ali məktəblər arasındakı əməkdaşlığın
genişləndirilməsinin zəruriliyini diqqətə
çatdırmışdır. Təhsil naziri
Qafqaz Universitetlər Birliyinə üzv olan ali
təhsil müəssisələrinin sayının 50-dən çox olduğunu
söyləmiş, universitetlərarası əlaqələrin
qarşılıqlı təcrübə mübadiləsinə
zəmin yaratdığını vurğulamışdır.
Nazir Mikayıl Cabbarov
Azərbaycanın ali məktəblərində
dünyanın bir çox
ölkələrindən gəlmiş əcnəbi tələbələrin
müxtəlif ixtisaslar üzrə təhsil
aldıqlarını qeyd etmişdir.
Ölkəmizdə ali təhsil sahəsində
reallaşdırılan islahatlardan
danışan nazir ali
təhsilin normativ-hüquqi
bazasının Boloniya Bəyannaməsinin
müddəalarına və beynəlxalq təcrübəyə
uyğunlaşdırıldığını bildirmişdir.
Çıxışda həmçinin
ali məktəblərin fəaliyyətinin
müasir dövrün
və qloballaşan dünyanın tələblərinə
cavab verə biləcək səviyyədə
təşkil olunması üçün
qarşıda duran vəzifələrə
də toxunulmuşdur.
Ölkəmizdə
gənclərin xaricdə təhsil alması işinin
kütləviləşməsinin 1970-1980-ci illərə təsadüf
etdiyini konqres
iştirakçılarının diqqətinə
çatdıran nazir həmin dövrdə
ulu öndər Heydər Əliyevin diqqət
və qayğısı sayəsində minlərlə azərbaycanlı
gəncin SSRİ-nin ən qabaqcıl ali məktəblərində təhsil
alması üçün şərait
yaradıldığını söyləmişdir. Təhsil naziri respublikamız müstəqillik
qazandıqdan sonra da bu siyasətin daha geniş coğrafiyada gənclərimizin
dünyanın ən qabaqcıl ali təhsil
və elm müəssisələrinə
göndərilməsi ilə davam etdirildiyini bildirmişdir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
imzalanmış "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı"nın əhəmiyyətindən
söz açan nazir bu proqram
çərçivəsində 1200-dən artıq azərbaycanlı
gəncin dünyanın
nüfuzlu universitetlərində təhsil
aldığını və onların bütün
xərclərinin Azərbaycan dövləti tərəfindən
ödənildiyini xüsusi
vurğulamışdır.
Nazir Mikayıl Cabbarov
keçirilən konqresin əhəmiyyətini
yüksək dəyərləndirərək onun
ölkələr arasında ali təhsil
sahəsində əldə olunmuş
qabaqcıl təcrübənin öyrənilməsinə, tələbə-müəllim
mübadilələrinin aparılmasına, əməkdaşlığın
genişləndirilməsinə
mühüm töhfələr verəcəyinə
əminliyini ifadə etmişdir.
Türkiyə
Respublikasının milli təhsil naziri Nabi Avçı müasir dünyada ölkələrin
təhsil sahəsində əlaqələrinin
artırılmasının zəruriliyindən
danışmış, bugünkü
konqresdə 10 ölkənin 60-a yaxın ali
məktəbinin
rektorlarının, təhsil işçilərinin
iştirakını müsbət
hal kimi qiymətləndirmişdir.
Nazir konqresin Qafqaz regionundakı ölkələr
arasında təcrübə və biliklərin dəyərləndirilməsi,
eyni zamanda dostluq əlaqələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini
vurğulamışdır. Nabi
Avçı qeyd etmişdir
ki, Qafqaz
regionundakı ölkələr təhsil sistemi
ilə bağlı gələcək strategiyalarını
indidən müəyyənləşdirməlidirlər. Nazir daha sonra
çıxışında gənclərin tarix,
mədəniyyət baxımından ortaq bilik əldə etməsini və bir-biri ilə paylaşmasını ortaq dəyərlərin formalaşmasına təkan
verə biləcəyini demişdir.
Qafqaz Universitetlər Birliyinin fəaliyyəti barədə fikirlərini
söyləyən Nabi Avçı gənclərin
ortaq proqramlar üzrə
təhsilinin də zəruriliyini diqqətə
çatdırmışdır. Türkiyənin
elm, təhsil sahəsində əməkdaşlığa
və müəllim-tələbə mübadiləsi məsələlərinə
xüsusi önəm verdiyini
söyləyən nazir bugünkü
konqresin Qafqaz
Universitetlər Birliyinin əhatə dairəsinin
daha da genişlənməsində,
onun gələcək fəaliyyətində
müstəsna rol oynayacağına ümidvar olduğunu bildirmişdir.
Türkiyənin
Ali Təhsil Şurasının rəhbəri
Gökhan Çetinsaya
Türkiyənin Mövlana təhsil
proqramı barədə ətraflı məlumat vermişdir. Proqramın hələlik pilot layihə şəklində həyata keçirildiyini deyən Gökhan
Getinsaya onlara bu işdə dəstək olan
Qafqaz Universitetlər Birliyinin
fəaliyyətindən razılıq hissi
ilə danışmışdır.
Daha sonra
çıxış edənlərdən
Gürcüstanın elm və təhsil nazirinin müavini David Zurabişvili
keçirilən konqresin əhəmiyyətindən
danışmış, Qafqaz Universitetlər
Birliyinin sədri Ramazan
Korkmaz isə rəhbərlik etdiyi qurumun əsas məqsədinin
müxtəlif ölkələrin ali məktəbləri arasında
səmərəli əməkdaşlığı genişləndirməkdən,
müəllim-tələbə mübadiləsinin
aparılmasından, dünyanın nüfuzlu
ali məktəbləri ilə əlaqələrin
qurulması işinə təkan verməkdən ibarət olduğunu demişdir.
Çıxış edənlər qloballaşan
dünyada elm və
təhsilin səviyyəsinin yüksəldilməsinə diqqətin
artırılmasının vacibliyini
önə çəkmiş, ali məktəblər
arasındakı əlaqələrin inkişaf
etdirilməsinin zəruriliyini qeyd
etmişlər.
Sonra Qafqaz
Universitetlər Birliyi tərəfindən təsis olunmuş
"Elm" mükafatının təqdimolunma
mərasimi keçirilmişdir. Türkiyənin
tanınmış professoru Ömer Özkana
2013-cü ildə əldə etdiyi elmi nailiyyətlərə görə
adıçəkilən mükafat təqdim
olunmuşdur.
Konqresdə
daha sonra müxtəlif
ölkələrin, o cümlədən
Azərbaycanın ayrı-ayrı ali təhsil
müəssisələrinin Qafqaz
Universitetlər Birliyinə üzv qəbul
olunması ilə bağlı sənədlər
imzalanmışdır. Tədbirdə azərbaycanlı, eləcə
də bir sıra ölkələrin təhsil
işçilərinin məruzələri dinlənilmiş, Qafqaz Universitetlər Birliyinin
gələcək inkişaf perspektivləri
ilə bağlı geniş fikir mübadiləsi
aparılmışdır.
Samirə KƏRİMOVA.
Azərbaycan müəllimi.- 2013.- 24 may.- S. 2.