"Şuşa" mövzusunda
rəmzi "açıq dərs"
Xarici
ölkələrin Azərbaycandakı səfirliklərinin
nümayəndələri də dərsi maraqla
dinləmişlər
Bakıdakı İlyas Əfəndiyev adına "Elitar" Gimnaziyada "Şuşa - əsirlikdə olan
mədəniyyət şəhərimiz" adlı tədbir keçirilmişdir. Azərbaycan
Respublikası Təhsil Nazirliyi, "Azərbaycan
Respublikasının Dağlıq Qarabağ
Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin və Şuşa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı
ilə keçirilən və rayon
ictimaiyyətinin nümayəndələrinin, ölkəmizdə
akkreditə olunmuş diplomatik
korpusların çoxsaylı təmsilçilərinin iştirak etdikləri tədbirdə məqsəd o torpaqlarda doğulmayan
yeniyetmə və gənclərə Şuşa
haqqında geniş məlumat vermək, qiyabi yolla da
olsa Şuşa mədəni
mühitini tanıtmaq və işğal faktını bir
daha dünya ictimaiyyətinin
diqqətinə çatdırmaqdan ibarət idi.
Anım
tədbirinin ən maraqlı məqamlarından biri isə Şuşa Rayon Təhsil Şöbəsinin
aparıcı məsləhətçisi, pedaqoq,
şair-publisist Əyyub Əbdüləzimovun
(Şırlanlının) tədbir
çərçivəsində keçirilən "Şuşa" mövzusunda
"açıq dərs"i olmuşdur. Tədbirin
təxminən 250 nəfər
iştirakçısının, o
cümlədən də Türkiyə, Braziliya,
Kuba, Fransa, Misir, İndoneziya, İordaniya, Küveyt, Fələstin,
Polşa, Birləşmiş Ərəb Əmirlikləri,
Böyük Britaniya, Rusiya, Belarusun Azərbaycandakı
səfirliklərinin, eləcə də bir
sıra beynəlxalq qurumların nümayəndələrinin
dinlədiyi dərs yüksək səviyyədə keçməklə
iştirakçılarda dərin və unudulmaz
təəssürat yaratmışdır.
Bir müddət öncə ustad dərsi
keçməklə olduqca maraqlı bir təşəbbüsü reallaşdırmış
Əyyub Əbdüləzimov "açıq dərs"ini
də eyni məharətlə keçərək
yüksək ustalıq nümayiş etdirmişdir. Ustad dərsində
olduğu kimi, bu dəfə də Ə.Əbdüləzimov
dərsini ona tanış olmayan,
indiyədək ünsiyyət saxlamadığı şagirdlərlə
keçmişdir. Dərsin ən
maraqlı və orijinal cəhəti isə
onun inteqrativ əsasda
qurulması və dərsdə Şuşa
Dövlət Musiqili Dram
Teatrının aktyorlarının iştirakı, onların
haqqında söhbət gedən tarixi
şəxsiyyətlərin obrazlarını səhnədə
canlandırmaları olmuşdur. Bu, dərsin daha təsirli
və emosional alınmasına kömək
etmişdir.
"Açıq
dərs" Azərbaycan Respublikasının Dövlət himninin ifası ilə başlanmış, himnin ardınca görkəmli sənətkar
Hacıbaba Hüseynovun ifasında
bayatılara yazılmış mahnı səslənmişdir.
Pərdə arxasından sinfə daxil olan müəllim
şagirdləri salamlayaraq onlara
və dərsi dinləyən qonaqlara
müraciətlə dərsin motivasiya hissəsində
görkəmli muğam ustadı tərəfindən
ifa olunan və
hamının qəlbini ehtizaza gətirən
bu qədim el
bayatısının dərsin ruhu ilə
həmahəng olduğunu bildirmişdir.
Dərsin ölkəmizin ən gözəl və
füsunkar məskənlərindən
birinə - doğma Şuşaya
həsr olunduğunu deyən Ə.Əbdüləzimov
sonra şəhərin ərazisi, əhalisi,
onun dünyaya pərvazlandırdığı
görkəmli şəxsiyyətlər, elm
və mədəniyyət xadimləri haqqında məlumat vermişdir. Müəllim diqqətə çatdırmışdır
ki, Şuşa şair Qasım bəy Zakir,
Xurşid banu Natəvan,
Mir Möhsün Nəvvab,
Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir
Çəmənzəminli, Süleyman Sani Axundov kimi
tanınmış şair və
yazıçıların, ədəbiyyatşünas
alim Firudin bəy
Köçərlinin, general Səməd
bəy Mehmandarovun, dahi
bəstəkar Üzeyir Hacıbəylinin,
bəstəkarlar Fikrət Əmirovun, Soltan
Hacıbəyovun, Süleyman Ələsgərovun,
Əşrəf Abbasovun, Əfrasiyab Bədəlbəylinin,
kino-teatr xadimləri Şəmsi Bədəlbəylinin,
Mehdi Məmmədovun, Barat
Şəkinskayanın, ictimai-siyasi
xadimlər Əhməd bəy Ağayevin,
Haşım bəy Vəzirovun və əlbəttə ki, xanəndələr, muğam
ustaları Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Xan Şuşinskinin, Bülbülün, Rəşid Behbudovun və başqalarının vətənidir.
Şuşanı
vəsf edən bir şeiri
söyləməklə sözünə davam
edən Ə.Əbdüləzimov Şuşanın insanı
məftun edən gözəllikləri, ecazkarlığı,
mədəni abidələri ilə Azərbaycanın
ayrılmaz parçası olduğunu bildirib şagirdlərdə görmədikləri
vətənləri
haqqında təsəvvürün yaranmasına
çalışmışdır.
Sonra sinfə müraciət edən
müəllim şagirdlərdən Şuşa
şəhərinin yaranma tarixi
haqqında nə bildiklərini soruşmuşdur.
Suala cavab olaraq şagirdlər Şuşanın əsasının
XVIII əsrdə - 1750-ci ildə Qarabağın Cavanşir elinin
Sarınaclı oymağından olan Pənahəli
xan tərəfindən qoyulduğunu
söyləmişlər. Sonra "Pənahəli
xan" (Şuşa
Dövlət Musiqili Dram
Teatrının aktyoru) səhnəyə
çıxıb həyat tarixçəsindən və Qarabağ xanlığını
yaratmasından, onun paytaxtı kimi Şuşa şəhərinin
salınmasından söz
açmışdır. Onun bu çıxışına əlavə olaraq müəllim Pənahəli xanın
yüksək diplomatik istedada
malik dövlət xadimi,
eyni zamanda cəsur döyüşçü, sərkərdə
olduğunu söyləmişdir.
Sonra müəllim şagirdlərlə
apardığı sual-cavab əsasında
Şuşa şəhərinin əvvəllər
necə adlanması, burada kəsilən pul vahidləri və s. məsələlər
barədə məlumat vermişdir. Bir neçə
şagird Pənahəli xana
həsr olunmuş şeir
söyləmişdir. Şeiri təqdir edən
müəllim belə bir faktı diqqətə
çatdırmışdır ki, dünyada bəlkə də Qarabağ,
Şuşa qədər şeir
həsr edilən ikinci bir
yer tapmaq çətindir.
Belə ki,
Qarabağın, Şuşanın, bu
bölgənin məşhur şəxsiyyətlərinin vəsfinə
yüzlərlə sənətkar tərəfindən 3 mindən
artıq bədii əsər həsr olunmuşdur.
Sonra dərsdə
Şuşanın Pənahəli xanla başlayan tarixi vərəqlənmişdir.
Müəllimin bu barədə verdiyi suallara cavab olaraq şagirdlər
Pənahəli xandan sonra
Qarabağa onun oğlu İbrahim Xəlil
xanın hakimlik etdiyini
bildirmişlər. Səhnəyə çıxan "İbrahim Xəlil xan"
özü haqqında məlumat vermişdir. Sonuncu Qarabağ xanı olmuş Mehdiqulu xan haqqında da bu qaydada şagirdlərə
bilgi verildikdən sonra
onun qızı, görkəmli şairə
Xurşid banu Natəvanın
Şuşanın tarixindəki böyük
rolundan, onun Şuşa və şuşalılar
qarşısındakı tarixi xidmətlərindən
söz açılmışdır.
Əyyub
Əbdüləzimov Şuşanın infrastrukturu,
buradakı maddi mədəniyyət abidələri
haqqında da ətraflı məlumat verərək
şagirdlərin şəhər haqqında təsəvvürlərini
genişləndirmişdir.
Dərsdə,
eyni zamanda
Şuşanın ermənilər tərəfindən
işğalı faktı da
xatırladılmış, bu zaman şəhərə dəymiş maddi və mənəvi ziyanı əks etdirən
rəqəmlər diqqətə
çatdırılmışdır.
Şagirdlərin
fəallığı ilə keçən dərs
Şuşanın tezliklə düşmən
tapdağından azad olunacağına inam notları ilə başa
çatmışdır. Dərsin sonunda ulu öndər Heydər Əliyevin, ölkə
Prezidenti İlham Əliyevin
çıxışlarından mövzu
ilə bağlı fraqmentlər nümayiş
olunmuş, əsgər paltarlarında olan şagirdlərin ifasında nəğmələr
səslənmişdir.
Dərsi
yüksək qiymətləndirən qonaqlar
onun sadəcə rəmzi dərs deyil, əsl ibrət dərsi olduğunu
söyləmişlər.
Yusif ƏLİYEV.
Azərbaycan müəllimi.- 2013.- 24 may.- S.4.