Müəllim
və şagirdlərin əl işləri sərgidə
Bu günlərdə Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunda 28 May - Respublika Gününə
həsr olunmuş sərgidə institutun incəsənət, əmək, mülki müdafiə və fiziki
tərbiyə kafedrası əməkdaşlarının,
Bakı şəhər tam orta məktəb müəllimlərinin və
şagirdlərin əl işləri
nümayiş etdirilmişdir.
İnstitutun
professor-müəllim heyəti, həmçinin qonaqlar sərgi ilə tanış olduqdan sonra rektor, professor Asəf Zamanov bu əlamətdar günün dövlətimiz və dövlətçiliyimizin
tarixində mühüm əhəmiyyətindən
danışmış, milli mənəvi
dəyərlərimizin, tarixi irsimizin, vətənpərvərlik ruhunun
əl işlərində əks olunmuş
bədii çalarlarından söz
açmışdır. O demişdir: hər
bir xalqın tarixində elə günlər
var ki, onun
həqiqi ölçü meyarını zaman və məkan müstəvisində qiymətləndirmək
çox çətindir. Çünki
bu, millətin və məmləkətin tale məsələsidir. Milli
qürur günümüz
olan 28 May
xalqımızın, dövlətimizin tarixində çox əhəmiyyətli günlərdəndir.
Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılmasının 95 ili tamam olur. Bu tarixi
gün Azərbaycan xalqının həyatına
böyük və əlamətdar hadisə
kimi daxil olmuşdur. Şərqdə ilk
demokratik dövlət quruluşunu
yaratmış Azərbaycan Xalq
Cümhuriyyəti istiqlaliyyətimizi elan
edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.
Bu bayram
hər il ölkəmizdə, o cümlədən bizim institutda böyük təntənə
ilə qeyd edilir. Sərgini
təşkil etməkdə məqsədimiz də, sizinlə
birgə Cümhuriyyət dövrünə bir
daha ekskursiya etmək,
onun tariximizdəki yeri
və roluna nəzər salmaqdır. Bununla dövlətimizə və dövlətçiliyimizə
sadiqliyimizi, tarixi
irsimizə hörmətimizi ifadə etmiş
oluruq.
Şərqdə
ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi və
mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi
prosesinin məntiqi nəticəsi kimi yaranmışdır. Azərbaycan
Xalq Cümhuriyyəti xalqımızın
siyasi şüur səviyyəsinin,
intellektual və mədəni
potensialının, yüksək istedad və
qabiliyyətinin göstəricisi idi.
1918-ci il mayın 28-də Azərbaycanın
istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül
tapmasında və fəaliyyət göstərməsində
Əlimərdan bəy Topçubaşov,
Məmmədəmin Rəsulzadə, Fətəli xan Xoyski, Həsən bəy
Ağayev, Nəsib bəy Yusifbəyli, Səməd
bəy Mehmandarov, Əliağa
Şıxlinski və başqalarının böyük
xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər
ziyalıların, peşəkar hərbçilərin
adları xalqımızın yaddaşına əbədi həkk
olunmuşdur.
Asəf
Zamanov onu da qeyd etmişdir
ki, cəmi 23 ay fəaliyyət
göstərməsinə baxmayaraq, ilk respublika dövründə
həyata keçirilən tədbirlər müstəqil
dövlətçiliyimizin əsaslarının
yaradılması və gələcək inkişaf
yolunun müəyyənləşdirilməsi
baxımından
mühüm əhəmiyyət kəsb etmişdir. Demokratik hüquq və
azadlıqların bərqərar olması, etnik
və dini mənsubiyyətdən
asılı olmayaraq bütün
vətəndaşların hüquqlarının bərabər
şəkildə tanınması, hətta bir
çox Avropa ölkəsindən
daha əvvəl qadınlara seçki hüququnun
verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin
inkişafına xüsusi diqqət
göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik
strukturlarının qurulması və sair
işlər Xalq Cümhuriyyəti
hökumətinin yürütdüyü
siyasətin miqyasını, mahiyyət və məramını
əyani şəkildə səciyyələndirir.
Azərbaycan
Xalq Cümhuriyyəti xüsusən təhsilin,
mədəniyyətin, ədəbiyyat və incəsənətin
inkişafı ilə yadda
qalmışdır. Həmin dövrdə Azərbaycan
hökumətinin həyata keçirdiyi tədbirlərdən
biri də tədris müəssisələrinin
milliləşdirilməsi oldu. 1919-cu il sentyabrın 1-də parlament
Azərbaycan Dövlət Universitetinin
yaradılması barədə qərar qəbul etdi və bununla milli ali təhsil
ocağının əsası qoyuldu.
Vurğulanmışdır
ki, xalqımız yeni
tarixi şəraitdə öz
dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi
altında Xalq Cümhuriyyətinin ənənələrini
əsas tutaraq, müstəqil Azərbaycan
dövlətini yaratdı və inkişaf
etdirdi.
Hazırda
möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında
Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş
cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış uğurlar hər birimizdə iftixar
hissi yaradır. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar həyata keçirilir, ölkə iqtisadiyyatı uğurla inkişaf etdirilir, əhalinin sosial
müdafiəsinin gücləndirilməsi üçün
məqsədyönlü işlər görülür.
Təhsilə və elmə göstərilən diqqət və
qayğı da bu
danılmaz həqiqətlərdəndir.
Biz, Azərbaycan Xalq Cümhuriyyətinin tarixini,
onun görkəmli şəxsiyyətlərinin
keçdiyi ömür
yolu və fəaliyyətlərini dərindən
öyrənməli, ideyalarını təbliğ etməli, təcrübələrindən
bəhrələnməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, onu həm də bütün vasitələrlə qorumaq və möhkəmləndirmək
lazımdır.
Sonda müəllim və
şagirdlər öz əl işləri
ilə bağlı məlumat verib, sərginin təşkili üçün institut rəhbərliyinə
minnətdarlıqlarını bildirmişlər. Həmçinin qeyd etmişlər ki, bu cür tədbirlərin
təşkili müəllim və şagirdlərin qabiliyyət
və bacarıqlarının aşkar
edilməsinə müsbət təsir edərək, onların
bu diqqət və qayğıdan
ruhlanıb, yeni-yeni yaradıcılıq
uğurlarına imza atmasına şərait
yaradacaqdır.
BPKİYİ-nin
Mətbuat xidməti
Azərbaycan
müəllimi.- 2013.- 24 may.- S.4.