Unudulmaz müəllim
Hər il
qoynundan neçə-neçə gəncin
pərvazlandığı Cəlilabad rayonu,
Göytəpə 2 nömrəli orta məktəbi
Nəhməd müəllimin məktəbi kimi
tanınır. Ona görə ki,
tanınmış pedaqoq, "Maarif əlaçısı" Nəhməd
Əzizov 1956-cı ildən 1993-cü ilədək - düz 37 il bu məktəbə bacarıqla rəhbərlik
etmiş və həmin məktəbi
respublikamızın qabaqcıl təhsil ocaqları
sırasına çıxarmışdır. Hələ
Böyük Vətən müharibəsi illərində 9-cu sinifdə oxuyarkən
Nəhməd Əzizov digər yuxarı siniflərin əlaçı
şagirdləri kimi müəllimlik fəaliyyətinə
cəlb olunmuşdur. O, 1948-ci ildə Lənkəran
Pedaqoji Texnikumunu
bitirdikdən sonra Göytəpəyə
qayıdıb yenidən rayon mərkəzindən
uzaqda yerləşən Bəcrəvan,
Komanlı, Şıxlar dağ kəndlərinin
məktəblərində dərs demişdir.
1957-ci
ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix
fakültəsini bitirmişdir. İlk müəllimlik fəaliyyəti
dövründə Nəhməd müəllimi təkcə tədris
etdiyi fənni şagirdlərin necə
öyrənməsi yox, həmçinin
onların ümumi
hazırlığı, insani keyfiyyətləri
də maraqlandırmışdı. O vaxtlar
ixtisaslı müəllim
kadrlar az olduğundan Nəhməd müəllim kimi təhsilli gənclərə böyük ehtiyac duyulurdu. Təhsilin
inkişafı üçün
bacardığını əsirgəməyən Nəhməd
Əzizov 1951-ci ildən öz həyatını Göytəpədəki
(keçmiş Prişib)
orta məktəbə
bağlamışdır. Daim öz üzərində işləyən, elmini, biliyini artıran bu gəncin pedaqoji fəaliyyəti
həmişə diqqət mərkəzində olmuşdur.
Məktəblərin həm təşkilati cəhətdən,
həm də tədris cəhətdən formalaşması üçün belə kadrların bilik və təcrübəsindən yararlanmaq lazım gəlirdi. 1956-cı ildə
keçmiş Astraxanbazar
rayon partiya komitəsinin
büro iclasında partiya
üzvlüyünə qəbul edilərkən verilən
sualları daha düzgün
və ətraflı cavablandıran 28 yaşlı tarix müəllimi Nəhməd Əzizova raykomun I katibi deyir: "Sənin savadın, biliyin,
təşəbbüskarlığın və sualları
cavablandırma qabiliyyətin məni sevindirdi.
Sən daha məsul vəzifənin öhdəsindən
gələ bilərsən. Rəhbər vəzifə
daşımağa layiqsən. Biz
Prişibdə axşam fəhlə-gənclər məktəbinə bacarıqlı direktor
axtarırıq, bu gündən sən oraya direktor təyin olunursan". Bununla da Nəhməd müəllimin
qayğıları bir qədər
artdı. Gündüzlər işləyib, axşamlar
təhsilini davam etdirmək istəyən
insanların bilik almaları üçün onlara günün tələbləri səviyyəsində
şərait yaratmaq gənc məktəb direktorunun bir nömrəli
işi oldu. Bu məqsədlə o, tez-tez evlərə gedir,
yaşlı adamlarla fərdi söhbətlər
aparırdı. Çətinliklərin sınağından
çıxan Nəhməd müəllim gözəl başa düşürdü
ki, təlimə zəif davamiyyət həmin
adamların məişət qayğıları və yaşla əlaqədar psixoloji
durumları ilə bağlıdır. O, pedaqoji
kollektivə təlimin bu amillərlə daha sıx əlaqələndirilməsini
məsləhət görürdü. Göytəpədə yaşlı
adamların axşam məktəbinə cəlb
olunub savadlarını artırması Nəhməd müəllimin adı ilə
bağlıdır. Orada oxuyanlar istehsalatdan
ayrılmadan maddi nemətlər
yaradır, eyni zamanda
təhsil alırdılar. Onlarla adi məktəbli kimi rəftar
etmək olmazdı. Bunun üçün
xüsusi sistem
yaradılmalı idi.
Şəhərdə
keçirilən bütün ictimai tədbirlərdə fəallıq
göstərməsi, pedaqoji sahədə
çalışması Nəhməd müəllimi yormur, daha həvəslə
işləməyə sövq edirdi. 1964-cü ildə Prişibdə onun rəhbərlik etdiyi axşam fəhlə-gənclər məktəbi qalmaqla
bazasında səkkizillik məktəb açılmış
və Nəhməd müəllim ora da direktor təyin olunmuşdur. O, iki məktəbin
direktoru kimi təzə
açılmış təhsil ocağının nüfuzunu qaldırmaq üçün
səylə çalışmışdır. Məktəbdə
təzə sinif otaqları, fənn
kabinetləri, fizika və kimya
laboratoriyaları yaratmışdır. Təbiət vurğunu olan Nəhməd
müəllim məktəbin həyətində
meyvə ağacları əkdirmiş, məktəbyanı sahəni
barlı-bəhərli bir bağa
çevirmişdir. Rayonda
keçirilən müxtəlif baxış müsabiqələrindən
daim qalib
çıxan 8 illik məktəb 1969/70,
1974/75 və 1980/81-ci tədris illərində respublikamızda
3 dəfə ən yüksək nailiyyət
qazanmışdır. Bütün bu xidmətlərinə görə Nəhməd
müəllimə "Qabaqcıl maarif əlaçısı"
döş nişanı verilmişdir.
1981-ci ildə həmin məktəb Göytəpə şəhər
2 nömrəli orta məktəbinə çevrilmişdir. Bu işdə də direktor kimi Nəhməd
müəllimin böyük zəhməti
və müstəsna rolu olmuşdur.
Çox keçmədən məktəbin
tədris-maddi bazası möhkəmləndirilmiş, idman zalı açılmış, mədəniyyət
evinin kitabxanası məktəbə verilmiş, mövcud emalatxana yeni avadanlıqla
təchiz olunmuşdur. Zəngin əmək
təlimi kabineti
yaradılmışdır. Tar dərslərinin
keçirilməsinə başlanılmışdır. Məktəbdə fənn, linqafon
kabinetlərinin yaradılması, siniflərdə aparılan məşğələlərin
direktor otağından xüsusi
səsyazma qurğusu vasitəsilə dinlənilməsi
təcrübəsinin tətbiqi kimi
yeniliklər tədrisin keyfiyyətini əhəmiyyətli dərəcədə
artırmağa imkan vermişdir.
Təsadüfi
deyildir ki, Nəhməd
müəllimin dərs prosesinin təşkilində
tətbiq etdiyi
mütərəqqi metodlar Təhsil Nazirliyinin metodik
şurası tərəfindən yüksək qiymətləndirilmiş
və qabaqcıl təcrübə kimi bütün məktəblərdə tətbiq
olunmağa başlanılmışdır. Bu
haqda o dövrün
müxtəlif mətbuat orqanlarında, o
cümlədən "Azərbaycan müəllimi" və
"Bakinski raboçi"
qəzetlərində məqalələr dərc olunmuşdur. Nəhməd müəllim
uzun müddət Göytəpə şəhər
məktəblərinin və məktəbdənkənar müəssisələrinin
birləşmiş partiya təşkilatının
katibi, dəfələrlə Cəlilabad rayon Sovetinə və Göytəpə şəhər
sovetinə deputat seçilmiş,
1956-cı ildən 1990-cı ilə kimi
isə ictimai əsaslarla Göytəpə
şəhər soveti sədrinin müavini olmuşdur.
Xüsusi qeyd
etmək lazımdır ki, o
dövrdə Göytəpədə bir
neçə hərbi hissə yerləşdiyindən burada müxtəlif xalqların nümayəndələri
yaşayırdı və onların övladları da 2 nömrəli orta məktəbdə
təhsil alırdılar. Hərbi hissənin zabitləri məktəblə
müntəzəm əlaqə saxlayır, burada
keçirilən tədbirlərdə həvəslə iştirak edirdilər. Nəhməd
müəllim pedaqoji və universitet təhsili olan
zabitlərin həyat yoldaşlarını məktəbə
işləməyə cəlb edir,
onların Moskva və keçmiş
SSRİ-nin iri şəhərlərində
aldıqları təhsil təcrübəsindən istifadə
edir, bu məsələləri
rayon təhsil şöbəsinin qarşısında qaldıraraq israrla öz məqsədinə
çatırdı. Onun məktəb direktorluğu dövründə elə vaxtlar olub ki,
təbiətşünaslıq fənnini biologiya
elmləri namizədi, riyaziyyat fənnini fizika-riyaziyyat elmləri namizədi, ədəbiyyat
fənnini filologiya elmləri namizədi tədris
edib 4-10-cu sinif
şagirdlərinə dərs demişlər.
Nəhməd
müəllim xalqımızın mədəni irsinin öyrənilməsi və təbliği
sahəsində də mühüm işlər
görmüşdür. Onun gördüyü işlər və həyatda tutduğu
mövqe həmişə bir-birini
tamamlayır, sözü kəsərli olurdu. Çətin tərbiyə olunan şagirdlərə Nəhməd müəllimin
xüsusi yanaşma metodu var idi.
Özünün bütün
təcrübəsini, biliyini şagirdlərinə,
doğma məktəbinə sərf
edən Nəhməd müəllim çoxillik
pedaqoji fəaliyyəti ərzində minlərlə
gəncə elm, savad
verməklə bərabər, həm də onlara
böyük həyat dərsi keçmişdir. Onun tərbiyə
etdiyi gənclər
Vətənin çətin günlərində ön sıralarda durdular. Qarabağ
müharibəsində rəşadət göstərən həmvətənlərimizin
arasında Nəhməd müəllimin yetişdirdiyi
Azərbaycanın ilk Milli Qəhrəmanlarından
olan V.Mürsəlov, "Azərbaycan
bayrağı" ordeninə layiq görülmüş O.Eynullayev, Qarabağ
müharibəsinin onlarla və yüzlərlə
veteranı var. Nəhməd müəllim
həmişə məktəbin məzunlarından 16 nəfərin
şəhid olması barədə kədər və fəxr hissi ilə danışaraq yetirmələri ilə
qürurlanırdı.
1998-ci ilin sentyabr ayında Nəhməd
müəllimin pedaqoji fəaliyyətinin
50 və anadan olmasının 70 illik yubileyi Göytəpə
şəhərində təntənəli surətdə qeyd olunmuşdur. Uzun illər gənc nəslin təlim-tərbiyəsində
səmərəli fəaliyyəti ilə əlaqədar Nəhməd
Əzizov Azərbaycanın Təhsil Nazirliyi
tərəfindən Fəxri fərmanla təltif edilmişdir.
Nəhmət
müəllimin dərs dediyi şagirdlər
bu gün elm, mədəniyyət, kənd təsərrüfatı,
iqtisadiyyat sahəsində
tanınmış adamlardır, elmlər doktoru,
professordurlar.
İndi Göytəpədə
işləyən aparıcı müəllimlərin də əksəriyyəti
onun yetirmələridir. Həm
gözəl insan kimi,
həm də təhsil sisteminə
verdiyi töhfələrə görə
göytəpəlilər onu heç vaxt unutmur. Əbəs yerə deyil
ki, onun rəhbərlik
etdiyi məktəbi indi də cənub
zonasında Nəhməd müəllimin məktəbi
adlandırırlar. "Nəhməd müəllimin məktəbi"
anlayışı iki mənada işlədilir.
Bir mənada onun
işlədiyi və rəhbərlik etdiyi
məktəb, digər böyük mənada
isə Nəhməd müəllimin təhsilin təşkilindəki
yaratdığı və yeni nəslə
ötürdüyü məktəb direktorunun iş sistemi.
Nəhməd
Əzizov eyni zamanda
gözəl ailə başçısı idi.
O, gərgin pedaqoji fəaliyyəti ilə
yanaşı, cəmiyyət üçün
gərəkli övladlar böyütmüşdür.
Beş övladının üçü
bu gün
atasının yolunu davam
etdirir, pedaqoji sahədə
uğurla çalışır. Oğlu Oqtay Əzizov
Göytəpə şəhər 2 nömrəli orta məktəbdə çalışır,
2007-ci ildə ona "Azərbaycanın əməkdar
müəllimi" fəxri adı verilmişdir.
Digər oğlu - Ramiz
Əzizov iqtisad elmləri namizədi, dosentdir. Qızı, Göytəpə şəhər
1 nömrəli orta məktəbin tədris
hissə müdiri Elmira
müəllim təhsildə qazandığı uğurlara görə "Tərəqqi"
medalı ilə təltif olunmuşdur. Digər
iki oğlu dövlət
qulluğundadır. Əzizovlar ailəsi gendən gələn
estafeti əldən-ələ
ötürürlər. Artıq onun nəvələri
də təhsildə, elmdə və həyatda böyük
uğurlara imza
atmaqdadırlar. Nəvələri Raqif, Rəşad
(hüquq elmləri üzrə fəlsəfə
doktoru), Səidə, Rizvan,
Rövşən dövlət qulluqçularıdır. Digər
nəvəsi Gülnarə isə Şəmkir şəhər
Əhməd Cavad adına orta
məktəbində müəllim işləyir.
Bu günlərdə Nəhməd müəllimin 85 yaşı tamam olur. Nəhməd müəllim bu gün həyatda olmasa
da, xidmətləri daim
minnətdarlıq hissləri ilə xatırlanır.
Süleyman ƏLİSA.
Azərbaycan müəllimi.- 2013.- 24 may.- S.6.