Azərbaycan təhsilinin uğurları

 

"Ətraf mühitin mühafizəsi" VII Beynəlxalq Layihə Olimpiadasının gümüş medalçıları

 

Məlum olduğu kimi, bu ilin aprelində Bakıda məktəblilərin "Ətraf mühitin mühafizəsi" VII Beynəlxalq Layihə Olimpiadası ("İNEPO-Euroasia") keçirilmişdir. Olimpiadada Azərbaycan məktəbliləri 5 qızıl, 8 gümüş, 13 bürünc olmaqla bütövlükdə 26 medal qazanmışlar. Beynəlxalq yarışmada uğur qazananlardan biri də gümüş medala layiq görülmüş Bakıdakı 236 nömrəli tam orta məktəbin şagirdi Roza Xudiyevadır.  Roza ilə təhsil aldığı məktəbdə görüşdük. O, olimpiada təəssüratlarını bizimlə həvəslə bölüşdü:

- Mən 1997-ci il iyunun 29-da Bakı şəhərində anadan olsam da, əslən qarabağlıyam. Çünki anam Qubadlıdan, atam isə Cəbrayıldandır.

Ancaq o yerləri görməmişəm. Çünki mən hələ  dünyaya gəlməmişdən 5 il əvvəl erməni təcavüzkarları  ata-anamın doğma  yurdlarını işğal ediblər. Bir gənc üçün dünyada hansı mənəvi yük bundan daha ağrılı ola bilər ki, ata-anasının doğma yurduna ayaq izləri dəyə bilməsin?!

Birinci sinifdən üçüncü sinfə qədər Bakıdakı 143 nömrəli tam orta məktəbdə oxumuşam. Üçüncü sinifdən indiyə kimi Səbail rayonundakı 236 nömrəli tam məktəbdə təhsil alıram.  Dərslərimə daim məsuliyyətlə yanaşır, həmişə yüksək qiymətlər alıram. Bütün fənlərə ciddi fikir verməyə çalışsam da, tarixlə ingilis dili fənlərini daha çox sevirəm. Müəllimlərimin hamısı mənim üçün əzizdir. Ancaq ingilis dili müəllimimiz  Gülnar Abdulovanın  ürəyimdə xüsusi yeri var.

Olimpiada ənənəvi olduğundan builki yarışmada iştirak etməyi çoxdan qərara almışdım.

Məktəbimizin biologiya müəllimi, elmi rəhbərimiz Gülnar Rəhimovanın yaxından köməyi ilə mən və Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdi Leyla Hacılı həmin olimpiadaya təqdim etmək üçün layihə hazırlamışdıq. Layihə üzərində altı ay çalışmışdıq.

Layihəmizin mahiyyəti uşaqların ekologiya sahəsində maarifləndirilməsi idi. Əslində, bu maarifləndirilmə uşağın körpə vaxtlarından başlanmalıdır. Azyaşlı uşaqlara təkcə məktəblərdə, uşaq bağçalarında deyil, ailədə də təbiəti sevməyi, onu mühafizə etməyi, qorumağı öyrətməliyik.

Olimpiadaya təqdim etdiyimiz layihə "Davamlı ekoloji tərbiyə və təhsildə uğur üçbucağı" mövzusunda idi.

Bizim layihə  "Ətraf mühitin qorunması" nominasiyasında ikinci yeri tutdu. Mən, layihəmizin digər həmmüəllifi  olan Leyla Hacılı da eyni mükafata - gümüş medala layiq görüldük.

Əslində, bu istiqamətdə keçirilən olimpiadaların biz şagirdlər üçün əhəmiyyəti ondan ibarətdir ki, ilk növbədə biliyimiz artır, dünyagörüşümüz zənginləşir. Xarici ölkə məktəbliləri ilə daha isti münasibətlər yaranır. Biz  əcnəbi şagirdlərlə danışır, tanış olur, dostlaşırıq.

Hazırda ən başlıca arzularımdan biri olimpiada sahəsində daha da irəliyə addımlar atmaq, xarici ölkələrdə keçirilən olimpiadalarda iştirak etməkdir.

Orta məktəbi başa vurmağıma cəmi bir il qalıb və mən  artıq sənət seçimimi etmişəm. Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinə daxil olmaq, ingilis dili üzrə tərcüməçi kimi yetişmək ən böyük arzumdur. Xaricdən gələn əcnəbi qonaqlarla ünsiyyətdə olmaq, ölkəmiz haqqında onlara öz dillərində ətraflı məlumat vermək, ölkəmizin sivil ölkələr sırasında dayandığını kənardan gələn insanlara bəlli etmək, Azərbaycanı, onun təhsilini hər yerdə layiqincə təmsil etmək barədəki düşüncələrim məni tərcüməçiliyə istiqamətləndirmişdir.

Azərbaycanı tanıtmaq, Azərbaycanın başını uca etmək! Bundan şərəfli ola bilər ki?

Ali məktəbə daxil olduqdan sonra bakalavr üzrə təhsilimi Bakıda, magistr təhsilimi isə xarici ölkələrdəki ali məktəblərdən birində  almağı planlaşdırmışam.

Təhsildə qədər uğur qazansam da, ürəyimdə bir ali arzum da var: Qarabağın azadlığı uğrunda vətənin bir övladı kimi əlimdən gələni əsirgəməmək hamının arzuladığı o gözəl Qarabağı görmək! Baxmayaraq ki, mən heç vaxt Qarabağı görməmişəm, ancaq vətən haqqında inşa yazanda da ilk cümlələrim Qarabağla başlayıb. Çünki mənim üçün Qarabağ ana Vətən deməkdir.

Anam həmişə Qubadlının sularından, atam isə Cəbrayıldakı yaşıllıqlardan söz açır. İşğala qədər onlar hər yay mövsümünü Qarabağda keçirərlərmiş. Mən sabaha çox inamla baxır, xoş günlərin hansısa birində  azad etdiyimiz Şuşada, Xankəndində əcnəbi qonaqlarımıza tərcüməçilik edəcəyimə inanıram.

Bakıdakı 236 nömrəli tam orta məktəbin direktoru, respublikanın əməkdar müəllimi Xanlar İmaməliyev:

- 2007-ci ildən Bakıda ekologiya təbiəti mühafizə problemlərinə həsr olunmuş "Ətraf mühitin mühafizəsi" Beynəlxalq Layihə Olimpiadası ("İNEPO-Euroasia") keçirilir. Bu olimpiadanın keçirilməsində başlıca məqsəd Prezident İlham Əliyevin 28 sentyabr 2006-cı ildə imzaladığı sərəncamla təsdiq edilmiş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər Planı"na uyğun olaraq gənc nəsli ekoloji problemlər haqqında məlumatlandırmaq, onlarda ətraf mühitə həssas münasibət formalaşdırmaq, məktəblilərə təbii, mədəni, tarixi sosial-estetik dəyərlərin qorunması ruhunu aşılamaqdan ibarətdir.

Bildiyimiz kimi, ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş olimpiadada Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdi Leyla Hacılı ilə məktəbimizin 10-cu sinif şagirdi Roza Xudiyevanın birgə təqdim etdiyi  "Davamlı ekoloji tərbiyə təhsildə uğur üçbucağı"  adlı layihə iştirak hüququ qazanaraq, "Ətraf mühitin qorunması" nominasiyası üzrə gümüş medalla mükafatlandırılmışdır.

Bu layihə uşaqlarla yanaşı, tərbiyəçi, müəllim, valideyn digər ailə üzvlərini ekoloji- maarifləndirici tədbirlərə cəlb edir, nəticədə müxtəlif yaşda olan insanlar arasında ekoloji təbliğatı təşkil etməklə  YUNESKO-nun "Təhsil hamı üçün" siyasətini dəstəkləyir.

Məktəbimizi təmsil edən Roza Xudiyevanın qələbəsi bütün məktəb kollektivini fərəhləndirmişdir.

Roza üçüncü sinifdən bizim məktəbimizdə təhsil alır. O çox fəal, dərslərinə ciddi fikir verən, tərbiyəli, nizam-intizamlı, nümunəvi şagirdlərimizdəndir. Mən bir pedaqoq kimi onun parlaq gələcəyinə inanıram.

Valideynləri əslən Qarabağdan olan şagirdlərimizin hamısı təbii ki, işğaldan sonra Qarabağdan kənarda doğulub. Biz, yaşlı nəslin nümayəndələri çalışmalıyıq ki, Qarabağın təəssübünü Qarabağı görməyən gənc nəslin qan yaddaşına hopdura bilək.

Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksinin şagirdləri "Ətraf mühitin mühafizəsi" Beynəlxalq Layihə Olimpiadasında ("İNEPO-Euroasia") 2011-ci ildən iştirak edirlər. Şagirdlərimizi bu beynəlxalq olimpiadaya kompleksin biologiya müəllimi, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi Gülnar Rəhimova hazırlayır. Şagirdlərimiz 2011-ci ildə qızıl, 2012 2013-cü illərdə gümüş medallara layiq görülmüşlər. Ətraf mühitin aktual problemlərini, müharibə şəraitində yaşayan Azərbaycanın reallıqlarını, insan təbiətin vəhdətini ehtiva edən  layihələrimiz əsasən "Sosiologiya" nominasiyasında təqdım olunur. 2013-cü ildə kompleks beynəlxalq olimpiadada Bakı şəhərinin 236 nömrəli məktəbi ilə birgə çıxış etmişdir.   

IX sinif şagirdi Leyla Hacılı üç il dalbadal kompleksi təmsil etmiş müvəffəqiyyət qazanmışdır. O, həm dərs əlaçısı, lisey universitet tədbirlərinin, fənn olimpiadalarının  fəal iştirakçısıdır. Mart ayında Ukrayna səfirliyi tərəfindən tələbə şagirdlər arasında keçirilən Şevçenko yaradıcılığına həsr edilən müsabiqədə fərqlənən Leyla humanitar fənlərə daha çox maraq göstərir.

Kompleksin Şagird Elmi Cəmiyyətinin sədr müavini Leyla Hacılı ictimai işlərə bilik yarışlarına marağını bu cür izah edir:

- Bu layihəmizin məqsədi ekoloji təhsil tədris prosesində  uşaqlarla valideynlərin, tərbiyəçi müəllimlərin sıx əməkdaşlığının təmin olunmasıdır. Biz artıq 3 ildir ki, bu olimpiadada iştirak edirik, hər dəfə uğurlar əldə etmişik. Arzu edirəm ki, bu uğurlarımızın davamı gəlsin, gələcəkdə yeni nailiyyətlər qazanaraq təhsil aldığım məktəbin adını yüksəklərə qaldırım. Layihələrdə sinif yoldaşlarım, Şagird Parlamenti Elmi cəmiyyətinin üzvləri mənə komanda yoldaşlarıma dəstək verirlər.

Sevinirəm ki, 2011-ci ildə mənimlə birgə qızıl medal almış Lalə Darçınova sonradan fənn olimpiadalarının Respublika turunun qalibi, məktəbi qızıl medalla bitirib 674 balla  ali məktəbə daxil oldu. 2012-ci ildə mənimlə birgə uğura imza atmış Kamal Tağızadə hazırda təhsilini Londonda davam etdirir. 2012-ci ildə mənimlə birgə çıxış etmiş 236 nömrəli məktəbin X sinif şagirdi Roza Xudiyeva dərs əlaçısıdır.     

Leyla barədə müəllimlərinin söylədikləri maraqlıdır. 

 

Kompleksin təşkilatçısı Naibə Kərimova:

- Leyla məktəbimizə gəldiyi ilk gündən mənim diqqətimi cəlb etdi. O, ağlı, dərrakəsi, geniş dünyagörüşü ilə digərlərindən fərqlənir. Sinif yoldaşları müəllimləri ilə çox mehriban, səmimidir. Həm özünə, həm ətrafındakılara qarşı diqqətli, məsuliyyətlidir. Dərs əlaçısı olmaqla yanaşı, ictimai işlərdə fəal iştirak edir. İctimai Televiziyada "Uşaqların şəhəri" verilişinin məşhur aparıcılarından biri kimi tanınır. İngilis dilində səlis danışır ki, bu da onun müsbət xüsusiyyətlərindən biridir. Leyla haqqında çox danışmaq olar. Mən ona gələcəkdə yeni uğurlar arzu edirəm.

 

 Biologiya müəllimi Gülnar Rəhimova:

- Mən Leylaya həm həyati biliklərə əsaslanan təhsil kursunu tədris edirəm. Biz Azərbaycan Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin layihələrində fəal iştirak edirik. Leyla təşəbbüskarlığı, ünsiyyətcilliyi xarici dillərdə sərbəst danışığı ilə seçilir.

Növbəti layihəmizi Şuşa rayon Malıbəyli kənd orta məktəbi ilə birgə təqdim etmək niyyətindəyik.     

 

Ellada UMUDLU.

 

Azərbaycan müəllimi.- 2013.- 24 may.- S.7.