Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin tələbəsi "Eurovision-2013" mahnı
müsabiqəsində ikinci olmuşdur
İsveçin
Malmö şəhərində keçirilən
"Eurovision-2013" mahnı müsabiqəsi uğurla sona
yetmişdir. Müsabiqədə
Azərbaycan təmsilçisinin çıxışı
ölkəmizin ünvanına
dünyanın hər yerindən təbriklər gətirmişdir.
Builki müsabiqədə
ölkəmizin təmsilçisi
Fərid Məmmədov Dimitrios Kontopulosun bəstələdiyi
"Hold me" mahnısını
təqdim etmişdir.
Azərbaycanlı təmsilçi
geyimindən tutmuş səhnə tərtibatına qədər
mükəmməl performans nümayiş etdirmişdir. Fərid
Məmmədovun şousunda xüsusi şüşədə qızılgül ləçəklərinin
yayılması diqqəti cəlb edən məqamlardan
olmuşdur.
Həzin səsi, gözəl ifa tərzi
ilə seçilən Fərid Məmmədov
"Eurovision-2013" mahnı
müsabiqəsinin favoritlərindən hesab olunurdu.
Jurnalistlər və bu müsabiqəni izləmək
üçün Avropanın müxtəlif ölkələrindən gəlmiş
fanatlar təmsilçimizin şansını finalda yüksək qiymətləndirirdilər.
2009-cu ildən Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin
tələbəsi olan Fərid Məmmədov estrada və
populyar musiqi kafedrasının müəllimi, əməkdar
artist Cavan Zeynallının sinfində təhsil alır. Bu
günə qədər C.Zeynallı bir çox Azərbaycan gəncini
ecazkar musiqi dünyasının səmasına pərvazlandırmışdır.
Doğma universitetin divarları Fəridin gərgin əməyinin
şahididir. Cavan Zeynallının böyük musiqi təcrübəsi
və istedadlı Fəridin seçdiyi sənət
qarşısındakı məsuliyyəti bu gün öz səmərəli
bəhrəsini verir.
Fərid
Məmmədov 30 avqust 1991-ci ildə
Bakıda anadan olmuşdur.
İlk musiqi təhsilini
Rəşid Behbudov adına 2 nömrəli
musiqi məktəbində fortepiano
şöbəsində alan Fərid
artıq uşaq yaşlarından musiqiyə
bağlanmış, məktəbdə keçirilən bütün tədbirlərdə həm pianoçu,
həm də estrada mahnılarının
ifaçısı kimi iştirak
etmişdir. Hər zaman
öz üzərində böyük
məsuliyyətlə çalışan Fərid hələ uşaq yaşlarından respublikamızda
keçirilən bir çox
müsabiqələrin, o cümlədən
"Şərq ulduzları" müsabiqəsinin
iştirakçısı olmuşdur. Bu müsabiqə onun həyatında
dönüş yaratmışdır. Belə ki, həmin gündən
o, musiqi aləmində
fəaliyyətini pianoçu kimi yox, estrada
müğənnisi kimi davam
etmək qərarına gəlir. 2000-ci ildən Aybəniz
Haşımovanın rəhbərlik etdiyi
"Bülbüllər" qrupunun solisti olan Fərid bu qrupun tərkibində dünyanın bir
çox ölkəsində festivallarda iştirak etmiş, dəfələrlə Azərbaycana gümüş medalla
qayıtmışdır. O, Ukrayna, Yalta, Türkiyədə Azərbaycan musiqisini layiqincə təmsil etmişdir.
Fərid
Məmmədov 2003-cü ildə Ukraynada
keçirilən "Slavyan bazarı"
müsabiqəsinin qalibi olaraq,
qızıl medalla ölkəmizə dönmüşdür. Dəfələrlə
bir çox dövlət
tədbirlərində Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetini
təmsil edən Fərid ölməz sənətkarımız
Şövkət Ələkbərovanın, Azərbaycanın
görkəmli bəstəkarı Rauf
Hacıyevin yubileyinə həsr olunmuş
tədbirlərdə, Bakı-Tbilisi-Ceyhan kəmərinin
açılışında üstün
ifa nümayiş etdirmişdir. Bu tədbirlərdə Fəridin yaddaqalan
çıxışı gənc ifaçının böyük potensialından xəbər verirdi, onun uğurlu
gələcəyinə inanan müəllimləri
Fəridi daha çox
çalışmağa, öz üzərində
daha məsuliyyətlə işləməyə
sövq edirdilər.
2012-ci
ildə Gənclər və İdman Nazirliyinin dəvəti
ilə Azərbaycana gələn dünya
şöhrətli müğənni Robertino
Loretti İctimai kanal tərəfindən təşkil edilmiş bir proqramda Fərid Məmmədovu dinləyərək bu sözləri
demişdi: "Mən Fəridi Çarls
Avazoriyə bənzədirəm. Amma yox, mən düşünürəm ki, o, Çarls
Avazoridən də istedadlıdır. Mən dünyada
çox müsabiqələr gəzmişəm,
çox səslər eşitmişəm.
Amma Fərid Məmmədov kimi ifaçı görməmişəm".
Fərid bir çox
beynəlxalq festivalların
diplomantıdır.
1997-ci ildən bu günə qədər bir neçə ölkədə
keçirilən konsertlərdə
solo ifa göstərmişdir.
2012-ci il dekabr ayında Azərbaycan Gənclər
və İdman Nazirliyinin Bişkekdə təşkil etdiyi tədbirdə ADMİU-nu uğurla
təmsil etmişdir. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri
Orkestri ilə "Bülbüllər" qrupunun
tərkibində ifa etdiyi mahnılar Azərbaycan Dövlət Radiosunun qızıl fonduna keçmişdir.
Fərid Məmmədov pop formatında
musiqilərin, həmçinin
soul, ballada janrlarında mahnıların
mahir ifaçısıdır.
Fərid Məmmədov "Böyük
səhnə" müsabiqəsindən
sonra daha da məşhurlaşmışdır.
Təmsilçimiz bir
sıra mötəbər
yarışlarda ölkəmizi
layiqincə təmsil
etmiş, mükafatlara
layiq görülmüşdür.
"Eurovision-2013" mahnı
müsabiqəsi milli seçim turunun qalibi olmuş Fərid Məmmədov ölkəmizi bu mötəbər
yarışmada təmsil
etmək hüququ qazanmışdır.
"Eurovision-2013" müsabiqəsində
Fərid Məmmədovun
möhtəşəm şousu
milyonlarla avropalının
ürəyini fəth
etmişdir. Zahirən sadə görünsə də, əslində mürəkkəb quruluşda
təqdim edilən bu şouda təmsilçimizi
səhnədə iki rəqqas müşayiət
edirdi. Rəqqaslardan biri
şəklində şəffaf
qurğunun içində
çox çətin
akrobatik elementlər nümayiş etdirirdi. Azərbaycanın finalda çıxışı zamanı
Malmö arenanın səhnəsində
düz üç dəqiqə ərzində
sevginin, ehtirasın və istedadın harmoniyası hökm sürdü. Quruluşun ideyası məşhur
rejissor Fokas Evangelinosa məxsusdur.
Bir faktı da deyək ki, Fərid
Məmmədov
ilk kişi
solo təmsilçimiz oldu. Final mərhələsində
mahnı müsabiqəsinin qalibi adını qazanmaq uğrunda 26 ölkənin
təmsilçisi yarışırdı.
Qalibi isə 39 ölkənin münsiflər heyəti və tamaşaçılar
müəyyən etdi.
Son nəticə isə möhtəşəm
oldu. Fəridin uğuru bizim
bir daha qürurlanmağımıza səbəb
oldu. Bu gün
universitetimizin tələbəsi
dünyanın diqqət
mərkəzindədir. Bu da zəngin
tarixi olan mədəniyyət məbədinin
90 illik yubileyinə əvəzsiz ərməğandır.
Qoy hər zaman adımız ucalardan gəlsin.
Gülşən ƏLİYEVA-KƏNGƏRLİ,
filologiya elmləri doktoru, professor
Azərbaycan müəllimi.- 2013.- 24 may.- S.8.