Əziz Əfəndizadə məktəbinin layiqli davamçısı

 

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vaqif Tapdıq oğlu Qurbanov professor Əziz Əfəndizadənin metodika məktəbinin layiqli davamçısı kimi tanınır. O, Azərbaycan Müəllimlər İnstitutunda "Azərbaycan dili tədrisinin aktual problemləri", "Azərbaycan dilinin tədrisi metodikası" və "Nitq mədəniyyəti" fənlərini tədris edir. Onun  çox maraqlı bir həyat yolu və zəngin elmi-pedaqoji bioqrafiyası var. Vaqif Tapdıq oğlu Qurbanov 18 may 1943-cü ildə Əli Bayramlı (indiki Şirvan) rayonunun Qarabağlı kəndində anadan olmuş, 1957-ci ildə yeddiillik məktəbi bitirmiş, təhsilini Kərimbəyli kənd orta məktəbində davam etdirmiş, 1961-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna (indiki ADPU) daxil olmuşdur. 3 il ordu sıralarında qulluq etmiş və 1969-cu ildə ali təhsilini başa vurmuşdur. Bakı şəhəri 179 nömrəli məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyətə başlamışdır. İşlədiyi müddətdə məktəbin, rayonun və şəhərin fəal müəllimləri sırasına daxil olmuş, konfranslarda və seminar-müşavirələrdə çıxışları ilə fərqlənmişdir.

 

Dövrün görkəmli metodist alimləri Əziz Əfəndizadə və İbrahim Zülfüqarovun diqqət və qayğısı nəticəsində dilin tədrisi məsələlərinə dərindən yiyələnmişdir. Bakı şəhər Müəllimləri Təkmilləşdirmə İnstitutunda intensiv dərslər qurmaq bacarığını nümayiş etdirmiş, konfranslarda məruzələr etmişdir. V.Qurbanovun bu fəaliyyəti onun Təhsil Nazirliyinin fəal müəllimlər qrupuna daxil edilməsinə əsas vermişdir.

1971-1975-ci illərdə İ.Zülfüqarov Vaqif müəllimin işlədiyi məktəblə daim əlaqə saxlamış, onun qazandığı uğurlara, xüsusən də 5 illik pedaqoji təcrübəsinə verilən yüksək qiymətə - "Respublikanın qabaqcıl maarif xadimi" döş nişanı ilə təltif edilməsinə görə çox sevinmişdir. İbrahim müəllim onu Maarif Nazirliyinin tədbirlərinə cəlb etmiş, nazir, akademik Mehdi Mehdizadə ilə və eləcə də Əbdüləzzəl Dəmirçizadə, Səlim Cəfərov, Əli Fərəcov, Əhəd Əhmədov kimi alimlərlə tanış etmişdir...

1975-ci ildə V.Qurbanov respublika səviyyəli elmi-pedaqoji konfransda 4 ən yaxşı müəllimlərdən biri kimi təriflənmiş, dərslərindən fraqmentlər çəkilmiş, 12 dəqiqəlik tədris materialı hazırlanmış, habelə Bakı şəhər Müəllimləri Təkmilləşdirmə İnstitutunda foto-sərgisi yaradılmışdır.

Ümumiyyətlə, 1970-1975-ci illər V.Qurbanovun qabaqcıl müəllim kimi formalaşması üçün ən uğurlu dövr olmuşdur.

1975-ci ildə onun ETPEİ-yə elmi işçi qəbul olunması üçün Ə.Əfəndizadə institut rəhbərliyi qarşısında vəsatət qaldırır.

1975-87-ci illərdə o, Əziz Əfəndizadə kimi tanınmış bir alim və insanın rəhbərliyi altında işləməyə başlayır.

Etirafları: 2 il ərzində həmin institut alimlərindən, xüsusilə də Əziz müəllimdən çox şeylər öyrəndim. Sərrast danışmaq və yazmaq, nizamlı-səliqəli cümlələr qurmaq, daima elmi-metodik axtarışlar aparmaq və s. xeyirxah əməllər, əvəzini gözləmədən yaxşılıqlar etmək, yiyəsizə sahib çıxmaq, "özününkü-özgə" anlayışından uzaq olmaq, gənclərə inanmaq, əsl elmi rəhbər, əsl yoldaş, əsl insanlığı zinətləndirmək o dövr alimlərinin həyat kredosu idi.

İlk gündən, 12 il ərzində o, şöbəyə daxil oldumu, ayağa durmuşam. Mənə baxıb başqaları da qalxmışlar. Mən bu jesti özüm üçün etmişəm. Yoldaşlar da mənə baxıb ediblər. Sağ olsunlar! Həmişə Əziz müəllimin sözlərini qanun kimi qəbul etmişəm. Ziyanını görməmişəm. Haqqımda çox yüksək fikirlər deyərdi. Onların bəziləri indi də yadımdadır: "Vaqif müəllim iki ildən gec olmayaraq müdafiə etməlidir. Dərslərini çox bəyənmişik, yaxşı metodist alim olacaq". İndi o sözləri həyəcansız dilimə gətirə, yaza bilmirəm.

İşə qəbul olunmağından 2 ay keçməmiş Əziz müəllim "Orta məktəbdə Azərbaycan dili tədrisi" adlı vəsaitin II hissəsində fel bəhsinin tədrisini yazmağı V.Qurbanova həvalə edir. Təklif çox gözəl bir insandan - Əhməd Kəlbəliyevdən gəlmişdi. O, öz yazacağı hissədən müəyyən bölmə ayırmağı təklif etmiş, Əziz müəllim də razılaşmışdır.

Vaqif müəllim bu təklifə çox sevinir, ancaq necə yazacağını da düşünür. Yenə də köməyə Əziz müəllim çatır. O hiss edir ki, Vaqif müəllim linqvistikanı dərindən və hərtərəfli öyrənməkdə israrlıdır. Rus dilçi-metodistlərini müntəzəm oxuyur, öyrənir. Bu vəsaitdə felin hibrid kateqoriyalarının linqvistik xüsusiyyətlərinin metodik əsasa çıxarması Əziz müəllimi təmin edirdi və Vaqif müəllimə: - "Düzgün yol tapmısan, yaz, mən redaktə zamanı "ətə-qana" dolduraram, əsas odur ki, səndə yeni metodik ideya var" - deyir.

...Əziz müəllimin rəhbərliyi ilə o, böyük məktəb keçmişdir. O məktəbdən kimlər çıxmayıb? Yəhya Kərimov, Bəşir Əhmədov, Şəmistan Mikayılov, Məmməd Həsənov, Camal Əhmədov, Kənan Mikayılov, Yasin Əfəndiyev, Nazim Əhmədov kimi professorlar, Əhməd Kəlbəliyev, Sabir Vahidov, Fərrux Həsənov, Ənvər Abbasov, Haşım Qafarov, Hava Abdullayeva, Asif Hacıyev, Sevda Abbasova kimi tanınmış metodist alimlər...

Vaqif müəllimin fikrincə, Ə.Əfəndizadə xeyirxah insan kimi ömürlərdə yaşadı, tarixlərə çevrildi. Onun etirafına inansaq, deməliyik, Ə.Əfəndizadə  oğlu Münislə yanaşı, şöbə əməkdaşlarına da atalıq qayğısı göstərmişdir.

V.Qurbanov 1986-cı ildə professor Ə.Əfəndizadənin rəhbərliyi altında "Azərbaycan dilinin sistematik kursunda söz birləşmələri tədrisinin linqvodidaktik əsasları" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Çox keçməmiş baş elmi işçi adı almışdır.

1987-ci ildən "Azərbaycan məktəbi" jurnalına elmi redaktor vəzifəsinə irəli çəkilmişdir. Çox xeyirxah bir insanın - Zahid Qaralovun məsləhəti, baş redaktor Zəhra Əliyevanın istəyi ilə 1990-cı ildə bu vəzifədən "Ana sözü" jurnalına baş redaktor müavini vəzifəsinə keçmiş və əziz müəlliminə "Arzularımın qanadlarında" adlı esse yazmış, onu şərh etməyə çalışmışdır. Burada Əziz müəllimin elmi sanbalını, mənəvi keyfiyyətlərini bəyan etmişdir. Əziz müəllim ona zəng etmiş: - "Mirzə, qələmin məni kövrəltdi, sən mənim haqqımda belə düşünürsənmiş? Halal olsun sənə!" - demişdir.

V.Qurbanovun elmi-metodik yaradıcılığının üç əsas dövrünü qeyd etmək olar; bunlardan birincisi ETPEİ-də işlədiyi 1975-1987-ci illəri əhatə edir. Buraya "Azərbaycan dili və ədəbiyyat tədrisi"ndə dərc olunan 6-7 məqalə, 3 tövsiyə, habelə namizədlik dissertasiyası aid edilir.

1987-1992-ci illərdə onun elmi-metodik və elmi-pedaqoji məqalələri "Azərbaycan məktəbi", "Azərbaycan dili və ədəbiyyat tədrisi" və "Ana sözü" jurnallarında dərc olunmuşdur.

V.Qurbanov 1992-1996-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında AAK-da humanitar və ictimai elmlər üzrə şöbə müdirinin müavini vəzifəsində işləmiş, bu illərdə o, respublika alimlərinin elmi potensialı ilə yaxından tanış olmaq imkanı qazanmışdır. Sonralar dərsliklərində ən şöhrətli Azərbaycan alimləri haqqında mətnlər tərtib etməsi və yazması bununla əlaqədardır. Lütfü Ələsgərzadə, Azad Mirzəcanzadə, Əziz Əfəndizadə, Xudu Məmmədov, Rafiq Əliyev və b. onlarca alimi şagirdlər, gənclər və pedaqoji ictimaiyyət arasında təbliğ etmək Vaqif müəllimin daima fikrini məşğul etmişdir. V.Qurbanov az, lakin mənalı yazan tədqiqatçıdır. Bu vaxta kimi 160-dan çox elmi yazı dərc etdirmişdir. Qəzet məqalələri də ki, öz yerində.

V.Qurbanovun metodik ideyaları bugünkü təhsil sisteminin tələbləri baxımından çox orijinal və qiymətlidir.

V.Qurbanovun yaradıcı fəaliyyətinin üçüncü dövrü 1999-cu ildən bu günə kimi Azərbaycan Müəllimlər İnstitutunda işlədiyi illəri əhatə edir.  AMİ-yə onu çoxdan gətirmək istəmişlər. Hələ 1980-ci illərdə Mircəfər Həsənov və Rəfiqə Mustafayeva kimi xeyirxah insanlar ETPEİ-yə gələrkən onu Azərbaycan Respublikası Müəllimləri Təkmilləşdirmə İnstitutuna aparmaq təklifini Ə.Əfəndizadəyə bildirmişlər, o da "Vaqif hələ burada işləməlidir" - demişdir.

V.Qurbanov hazırda AMİ-də dosent vəzifəsini tutur. Ali təhsil müəssisələri müdavimləri, orta ixtisas təhsili və dil-ədəbiyyat müəllimləri, bakalavr, magistr tələbələr qarşısında nümunəvi dərslər keçir, rəhbərlik tərəfindən daim qiymətləndirilir. Onu hamı heç bir vəzifədə gözü olmayan, əmr etməyi xoşlamayan bir əməkdaş kimi qəbul edir. Yalnız öyrənənə yol göstərməyi bacaran, gəncləri təhsilə və tədqiqat aparmağa ruhlandırmağı qarşısına məqsəd qoyan bir müəllim kimi nüfuz sahibidir.

Əsl müəllim haqqında Vaqif Qurbanovun orijinal fikirləri var. O göstərir ki, təhsil müəssisəsinə şöhrət gətirən müəllimlərdir. Əsl müəllim dərs qurmağın mahir memarı olmalıdır. Dərs orkestr kimi xəyalqurucu ahənglə səslənməlidir. Tələbə də dərsdən doymamalıdır, zəngin necə vurulduğunu hiss etməməlidir...

V.Qurbanov pedaqoji elmlər doktoru alimlik dərəcəsi almaq üçün "Azərbaycan dili təlimində fəndaxili əlaqələrdən istifadə üzrə işin sistemi" mövzusunda doktorluq dissertasiya işini bitirmiş, monoqrafiya, tədris vəsaiti və bu mövzuda 60-dan çox məqalə nəşr etdirmiş və Azərbaycan Prezidenti yanında AAK-ya təqdim etmişdir.

Bu illər V.Qurbanovun həyatında ən məhsuldar illər sayılır. "Azərbaycan dili tədrisinin aktual problemləri", "Azərbaycan dili dərslərində fəndaxili əlaqələr", "Nitq mədəniyyəti və üslubiyyat" adlı kitablar yazmış və həmin fənlərdən dərs deyir. Hazırda "Azərbaycan dilinin tədrisi metodikası" kitabını nəşrə hazırlayır. Əvvəlkindən də artıq şövqlə dərslərini deməkdə davam edir. AMİ-də son 10 ildə ona göstərilən qayğıdan ruhlanır və şükranlıq edərək deyir: "İnsanın hər çiynində bir mələk oturmuşdur; sol çiynindəki xoş əməllərini yazır. Mən hamının çiyninə belə mələk qonmasını arzu edərdim!".

V.Qurbanov xeyirxahları unutmayır, Əziz müəllimi - elmi rəhbərini daim xatırlayır, onun ruhu qarşısında özünü borclu hesab edir: "Mən bu yaşda özümü mərhum professor Ə.Əfəndizadə məktəbinin davamçısı hesab edirəm. Ömrüm boyu bu məktəbi zinətləndirməyə çalışmışam. Çalışmışam ki, Əziz Əfəndizadənin layiqli davamçısı adını doğruldum".

Yubilyarın bu sözləri onu tanıyan insanlara daha inandırıcı  görünür. Mən belə hesab edirəm ki, V.Qurbanov hər bir işdə özünü yox, dostlarını, işlədiyi tədris müəssisəsini düşünən və 70 illik ömrünü şərəflə yaşayan bir insandır. O, taleyindən də razıdır. Onu sevən kollektivdən də və rəhbərlikdən də. Kafedramızda səmimilik və mehribanlıq havasını yaradan da odur.

Əziz dostumuzun 70 yaşını ürəkdən təbrik edir və ona daha neçə-neçə illər yaşamaq üçün möhkəm cansağlığı  arzulayırıq.

 

Fikrət XALIQOV,

filologiya elmləri doktoru, professor,

AMİ-nin Azərbaycan dili və onun  tədrisi metodikası kafedrasının müdiri

 

Azərbaycan müəllimi.- 2013.- 31 may.- S.7.