İmtahan sessiyasının təşkili və keçirilməsi barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Ali və orta ixtisas təhsili müəssisələrində 2012/2013-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasını (bundan sonra imtahan sessiyası) mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri:

- imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər;

- rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahını yaratsınlar və qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə operativ şəkildə araşdırılmasını təmin etsinlər;

- imtahan sessiyasında şəffaflığı təmin etmək üçün imtahanlarda geniş ictimaiyyətin və valideynlərin iştirakına şərait yaratsınlar;

- imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görsünlər;

- nəzərə alsınlar ki, rəhbərlik etdikləri təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar;

- imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 15 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat versinlər.

2. Təhsil Nazirliyinin Aparatının rəhbərinə (İ.Pirməmmədov), Ali və orta ixtisas təhsili şöbəsinə (İ.Mustafayev) tapşırılsın:

- imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdırsınlar və onların yol verilməsində günahı olan şəxslər barədə tədbir görmək üçün təkliflər hazırlasınlar;

- ali və orta ixtisas təhsili müəssisələrində yaz semestrinin imtahan sessiyalarının nəticələrini təhlil edib müvafiq arayışları müzakirəyə təqdim etsinlər.

3. Nazirliyin İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinin fəaliyyəti və imtahan sessiyasının gedişi barədə kütləvi informasiya vasitələrinə müntəzəm olaraq məlumat verilməsini təmin etsin.

4. Əmr "Azərbaycan müəllimi" qəzetində dərc edilsin və nazirliyin İnternet saytında yerləşdirilsin.

5. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

23 may 2013-cü il

 

Azərbaycan müəllimi.- 2013.- 31 may.- S.2.