İlk peşə-ixtisas təhsili müəssisələrinin
fəaliyyətinin dəstəklənməsi barədə
ikitərəfli əməkdaşlıq
memorandumları imzalanıb
Oktyabrın
25-də Azərbaycan Respublikası Təhsil Nazirliyi
ilə Dövlət Neft Şirkəti və
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti
arasında ilk peşə-ixtisas təhsili
müəssisələrinin fəaliyyətinin dəstəklənməsi
barədə ikitərəfli əməkdaşlıq
memorandumlarının imzalanması mərasimi keçirilmişdir.
Müvafiq memorandumların imzalanması Azərbaycan
iqtisadiyyatının yüksək templə davam
edən inkişafına töhfə vermək, regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramına müvafiq olaraq
əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr
hazırlığı sisteminin təkmilləşdirilməsini,
işəgötürən
təşkilatlarla əlaqələrin möhkəmləndirilməsini
təmin etmək məqsədlərinə xidmət edir. Həmçinin, memorandumlarda peşə təhsili üzrə
təhsilverənlərin və təhsilalanların bilik və bacarıqlarının
artırılması, onların elmi-texniki
yeniliklərə yiyələnməsi istiqamətində birgə
tədbirlərin həyata keçirilməsi və peşə
təhsili sisteminin ictimai
statusunun yüksəldilməsi məsələləri
əksini tapmışdır.
Tədbiri giriş sözü ilə
açan Azərbaycan Respublikasının
təhsil naziri Mikayıl Cabbarov
mərasim iştirakçılarını
salamlamışdır. Nazir Təhsil Nazirliyi ilə Dövlət
Neft Şirkəti və "Azərsu"
Açıq Səhmdar Cəmiyyəti arasında ilk peşə-ixtisas təhsili müəssisələrinin
fəaliyyətinin dəstəklənməsi barədə ikitərəfli
əməkdaşlıq memorandumlarının
imzalanmasının əhəmiyyətindən bəhs etmişdir. Təhsil Nazirliyi tərəfindən ilk
peşə-ixtisas təhsili müəssisələrinə qəbul
planı müəyyənləşdirilərkən Dövlət
Neft Şirkəti və "Azərsu"
Açıq Səhmdar Cəmiyyətinin ehtiyaclarının nəzərə
alınacağını vurğulayan təhsil
naziri əməkdaşlıq çərçivəsində
müvafiq ixtisaslar
üzrə tələb olunan peşə
təhsili standartlarının, fənn kurikulumlarının birgə
hazırlanmasının nəzərdə tutulduğunu
bildirmişdir.
Nazir ilk peşə-ixtisas təhsili
müəssisələrinin şagirdləri üçün
istehsalat təcrübəsinin təşkili,
onların ödənişli yay təcrübəsi
proqramına qəbul edilməsi, ilk
peşə-ixtisas təhsili müəssisələrində
çalışan mühəndis-pedaqoji heyət üçün müvafiq
treninqlərin keçirilməsi məsələlərinin də nəzərə
alındığını söyləmişdir. İlk peşə-ixtisas təhsilinin nüfuzunun yüksəldilməsi, yeniyetmələrin
texniki peşələrə yiyələnməyə
həvəsləndirilməsinin zəruriliyini bildirən təhsil
naziri birgə proqramların
hazırlanması, həyata keçirilməsi, birgə
araşdırmaların, müzakirələrin və
debatların təşkili baxımından qarşıda duran vəzifələr barədə məlumat
vermişdir.
Dövlət
Neft Şirkətinin prezidenti
Rövnəq Abdullayev ilk
peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətinin
dəstəklənməsi və ehtiyac duyulan ixtisaslar üzrə
kadrların hazırlanması istiqamətində Təhsil Nazirliyi ilə əməkdaşlığın
uğurlu nəticələr verəcəyinə
əmin olduğunu bildirmişdir. Dövlət Neft Şirkətinin prezidenti
qeyd etmişdir ki, Azərbaycan iqtisadiyyatının sürətli
inkişafı nəticəsində ölkəmizin əmək
bazarında daha yüksək səviyyəli
və ixtisaslaşmış işçi
qüvvəsinə yaranmış ehtiyacın ödənilməsində
müvafiq əməkdaşlıq
münasibətlərinin mühüm
rolu vardır.
"Azərsu"
Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov ölkəmizin
əksər yaşayış məntəqələrini
içməli su ilə təmin etmək üçün hazırlanmış layihələrin
uğurla həyata keçirildiyini
nəzərə çatdırmışdır. Təhsil Nazirliyi
ilə qarşılıqlı əməkdaşlığın
peşəkar kompetensiyalara malik müvafiq mütəxəssislərin
hazırlanması işinə sistemli yanaşmağa imkan verdiyini vurğulayan
"Azərsu" ASC-nin sədri birgə
səylərlə qarşıya qoyulmuş
vəzifələrin uğurla yerinə
yetiriləcəyinə əminliyini ifadə etmişdir.
Sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi
ilə Dövlət Neft Şirkəti və
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti
arasında ilk peşə-ixtisas təhsili
müəssisələrinin fəaliyyətinin dəstəklənməsi
barədə ikitərəfli əməkdaşlıq
memorandumları imzalanmışdır.
Azərbaycan
müəllimi.- 2013.- 1 noyabr.- S.3.