Bakı Dövlət Universitetinin

yeni tələbə şəhərciyi tikiləcək

 

Yeni layihənin eksklüziv görüntüləri ilk dəfə qəzetimizdə

 

Son illər respublikamızda aparılan abadlıq-quruculuq işləri, müxtəlif sahələrdə infrastrukturların yaxşılaşdırılması istiqamətində atılan addımlar ictimaiyyət tərəfindən müsbət qarşılanır. Ölkə Prezidenti cənab İlham Əliyevin  xüsusi diqqət və qayğısı nəticəsində təhsil müəssisələrinin maddi-texniki bazası müasir tələblərə uyğun olaraq gücləndirilir. Bu sahədə atılan addımlardan biri də respublikamızda öz təhsil ənənələri ilə tanınan Bakı Dövlət Universitetinin yeni tələbə şəhərciyinin yaradılmasıdır. Qeyd edək ki, BDU-nun 100 illik yubileyinə hazırlıq məqsədilə həyata keçiriləcək tədbirlər planı çərçivəsində universitetin tələbə şəhərciyi innovativ üsulla tamamilə yenidən qurulacaq.

Nəzərə çatdıraq ki, ötən əsrin 60-cı illərində inşa olunan tələbə şəhərciyi artıq istifadəyə yararsız vəziyyətdədir və müasir tələblərə cavab vermir. BDU-nun inzibati-təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlıdan aldığımız məlumatda bildirilir ki, bu məqsədlə ərazidə 5 yeni yataqxana binasının tikilməsi nəzərdə tutulur. Binaların layihəsi yüksək ixtisaslı mütəxəssislər tərəfindən universitetin xüsusi arzu və istəkləri səviyyəsində hazırlanıb. Təxminən 200 milyon manat dəyərində ehtimal edilən layihədə tələbələrin rahatlığını təmin edən hər bir şey nəzərdə tutulub. Layihəyə görə, şəhərcikdə binaların hündürlüyü həmin ərazinin relyefindən asılı olaraq dəyişəcək. Yerin relyefi yüksəldikcə mərtəbələrin sayı azalacaq. Məsələn, Mətbuat prospekti tərəfdən olan ərazidə 16-17, daha yuxarı qalxdıqca yerin hündürlüyündən asılı olaraq 14, 13, 12 və s. mərtəbəli binalar inşa olunacaq. Ən son hündürlükdə tikiləcək bina 6 mərtəbəli olacaq. Binalarda Avropa və dünyanın ən qabaqcıl universitetlərinin tələbə şəhərcikləri (kampusları) səviyyəsində müasir standartlara cavab verən bütün şərait yaradılacaq. Hər bir binada tələbələr üçün yeməkxana, kitabxana, İnternet şəbəkəsi, mağazalars. təşkil olunacaq. Burada bütün infrastruktur, o cümlədən ən müasir informasiyakommunikasiya texnologiyaları ilə təchizat məsələləri yüksək səviyyədə olacaq. Şəhərcikdə  müasir universal multimedia taksofonları, genişzolaqlı İnternet xidmətləri tələbələrin ixtiyarına veriləcək. Təxminən 6 minə yaxın tələbənin yerləşə biləcəyi şəhərcikdə xarici tələbələr üçün xüsusi bina nəzərdə tutulub.

 

Niyazi RƏHİMOV 

 

Azərbaycan müəllimi.- 2013.- 1 noyabr.- S.4.