Təbiət fənləri üzrə innovativ təcrübə texnologiyalarının

tətbiqi ilə bağlı təlimlərə yekun vurulub

 

 "Demokratik İnkişaf Platforması" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Təbiət fənləri üzrə Avropanın innovativ təcrübə texnologiyalarının Azərbaycan ümumtəhsil məktəblərində tətbiqinə dəstək" layihəsini həyata keçirir.

 

Bu ilin aprelindən  başlayan layihə çərçivəsində sentyabr-oktyabr aylarında paytaxtın təbiət fənlərindən  dərs deyən müəllimləri üçün 30 saatlıq təlimlər təşkil edilib. İctimai birliyin ofisində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin texniki yardımı ilə  keçirilmiş 6 təlimdə hər qrupda 15 nəfər olmaqla  ümumilikdə 80-dən çox müəllim iştirak edib.

Məlumdur ki, ölkəmizdə fizika, kimya və biologiya üzrə müasir tələblərə cavab verən, tam təchiz olunmuş laboratoriyası olan ümumtəhsil məktəblərinin sayı çox deyil. Ona görə də  dərslər, əsasən, biliklərin ancaq nəzəri olaraq mənimsənilməsi üzərində qurulur ki, bu da təhsilin keyfiyyət səviyyəsinin aşağı düşməsinə, mənimsənilmiş biliklərin uzunmüddətliliyinin təmin edilə bilməməsinə səbəb olur. Bəs alternativ variantlar varmı və hansı alternativ üsullardan istifadə etməklə problemin  böyük bir hissəsini həll etmək olar?

Təlimlər bu suala cavab tapılması üzərində qurulub və müəllimlərə qeyd olunan  problemin həllinə yardım etmək üçün təbiət fənlərinin (fizika, kimya və biologiya) tədrisi zamanı keçirilən elmi təcrübələrə aid Polşa Respublikasının "Kopernik" Elmi Mərkəzində işlənib hazırlanmış texnologiyadan istifadə etmək yolları barədə istiqamət və ətraflı məlumat verilib.

Qeyd edək ki, bu texnologiyadan istifadə etməklə laboratoriya şəraiti olmayan  məktəbdə də elmi təcrübə işlərinin böyük bir hissəsini yüksək səviyyədə və keyfiyyətlə həyata keçirmək mümkündür. "Kopernik" Elmi Mərkəzində işlənib hazırlanmış elmi təcrübələr spesifik xüsusiyyətlərə malikdir: təhlükəsizdir, xüsusi laboratoriya avadanlıqlarından istifadəyə ehtiyac yoxdur, daha çox məişətdə gündəlik istifadə olunan əşya və məmulatlardan istifadə edilməklə həyata keçirilir, çox az miqdarda vəsait tələb edir, qazanılmış nəzəri bilikləri təcrübədə sınaqdan keçirməyə imkan verir, tam olaraq interaktiv təlim texnologiyaları prinsipləri əsasında hazırlanıb, təlimin keyfiyyətinin yüksəldilməsini təmin edir və ən intizamsız şagirddə də dərsə, müəllimə və elmi tədqiqat işlərinə maraq oyadır, onu yaxşı oxuyan şagirdlər sırasına qata bilir.

Boloniya prosesinin tələbinə uyğun olan bu texnologiyadan hazırda Avropa ölkələrinin təhsil sistemi geniş şəkildə yararlanır və 2009-cu ildən etibarən bu texnologiya Gürcüstan Respublikasında da geniş  tətbiq olunur.

Bu təcrübə texnologiyasına əsaslanan layihələr Azərbaycanda da həyata keçirilməyə başlanıb və birinci mərhələdə "Partners" Fondu (Polşa) ilə  "Demokratik İnkişaf Platforması" İctimai Birliyinin birgə layihəsi çərçivəsində  "Kopernik" Elmi Mərkəzinin (Polşa) mütəxəssisləri 11 Azərbaycan müəllimini "Təbii maraqlı dərs" proqramı daxilində təlimçi qismində hazırlayıb. Eyni zamanda layihə çərçivəsində fizika, kimya, biologiya müəllimləri üçün "Fizika, kimyabiologiyadan dərslərin daha maraqlı qurulmasını, dərs məşğələlərinə və elmi tədqiqat işlərinə şagird marağının artırılmasını necə təmin etməli?" adlı metodiki vəsait 1000 nüsxədə çap etdirilərək təhsil ictimaiyyətinə çatdırılıb, www.lesson.org.pl İnternet səhifəsinin Azərbaycan dilli bölməsi fəaliyyətə başlayıb.

Təhsil Problemləri İnstitutu  təhsil ictimaiyyəti nümayəndələrinin iştirakı ilə nəşr edilmiş metodiki vəsaitin təqdimatını keçiribbu texnologiyanın ölkənin bütün ümumtəhsil məktəblərində yayılmasının məqsədəuyğunluğu barədə  müsbət rəy və tövsiyələr verib.

"Demokratik İnkişaf Platforması" İctimai Birliyi təklif edilən təcrübə texnologiyası əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Avropanın innovativ təlim texnologiyalarının Azərbaycan ümumtəhsil məktəblərində tətbiqi perspektivləri və yeni fənn kurikulumlarının hazırlanması haqqında regional ictimai müzakirələrin və teledebatların təşkili" adlı layihə çərçivəsində GoranboyTovuz rayonlarının təhsil ictimaiyyəti ilə müzakirələr və bu istiqamətdə   Türkel TV-də teledebat keçirib. Həmin rayonların  təhsil müəssisələri və təhsil işçiləri elmi-metodiki vəsaitlə təmin edilib.

"Təbiət fənləri üzrə Avropanın innovativ təcrübə texnologiyalarının Azərbaycan ümumtəhsil məktəblərində tətbiqinə dəstək" layihəsi çərçivəsində isə  Bakı şəhərinin ümumtəhsil məktəblərinin  təlimlərdə iştirak edən müəllimləri və müvafiq məktəblər metodiki vəsaitlə təmin ediliblər.

Təlimlərə oktyabrın  28-də yekun vurulub. 80   müəllimə müvafiq sertifikatlar təqdim  edilib.

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2013.- 1 noyabr.- S.5.