"Təhsil
Nazirliyinin təbrik məktubu
mənim üçün gözlənilməz
oldu"
Rubrikamızın
ilk qonağı Respublika Təhsil Şurasının sədri,
professor Əjdər Ağayevdir
Cəmiyyətdə
böyük nüfuz sahibi olan tanınmış dövlət,
elm, təhsil, mədəniyyət, idman xadimlərini biz həmişə
rəsmi şəraitdə, iş yerlərində, tədbirlərdə
görməyə alışmışıq. Çox vaxt fərqinə
varmırıq ki, hər kəs kimi onların da ömrünün çox hissəsi, necə
deyərlər, qeyri-rəsmi şəraitdə, ailədə, dostları, qohumları,
yaxınları arasında keçir. Belə məqamlarda onlar
necə görünürlər, iş qayğılarından
kənarda onları nələr düşündürür,
hobbiləri nədir, həyat mənbəyi olan zövqlərini
nələrdən alırlar və s. Bunu nəzərə
alaraq redaksiyamız qəzetimizin bu nömrəsindən yeni -
"Qeyri rəsmi" rubrikası açır. Bu rubrika
altında tanınmışların rəsmilikdən kənar
həyatları və fəaliyyətləri, maraq dairələri,
həyat olayları haqqındakı qənaətləri barədə
yazılar verməyi nəzərdə tuturuq. Bu rubrikada ilk həmsöhbətimiz
tanınmış pedaqoq-alim Əjdər Ağayevdir.
- Əjdər müəllim, redaksiyamıza gəldiyiniz üçün sizə təşəkkür edirik. Bu günlərdə 76 yaşınız tamam olub. Ad gününüz münasibəti ilə sizi təbrik edir, uzun ömür, cansağlığı arzulayırıq. Ömrün 76-cı pilləsində özünüzə hesabat verəndə "həyatda nələri etmisiniz, nələri edə bilərdiniz" barədə düşünürsünüzmü?
- Çox sağ olun.
Düz deyirsiniz, hər bir insan yaşa dolandan sonra
özü-özünə hesabat vermək məcburiyyətində
qalır. Özü-özünə sual verir ki, sən neynəmisən,
hansı xeyirxahlıqları etmisən, hansı yaxşı əməllərin
sahibisən? Səndən sonra hansı izin qalacaq? Daha nələri
edə bilərdin? Hansı səhvlərin olub? Mən də
bu sualları özümə verirəm və təbii ki, ilk
növbədə ən faydalı olan əməllərimi
xatırlayıram.
Həyatımı
bütünlüklə təhsilə həsr etmişəm.
İstər təhsil almaq, istər təhsil vermək - hər
iki sahədə əmək sərf etməkdən zövq
almışam. Çox gərgin zəhmətlə,
yaradıcılıqla, elmi araşdırmalarla məşğul
olmuşam. Tədqiqatlar
aparmışam, dövlət televiziyasında 30 ildən artıq təlim-tərbiyə,
təhsil məsələlərindən
bəhs edən verilişlərin
müəllifi və aparıcısı, ekranda pedaqogika
jurnalistikasının yaradıcısı olmuşam.
Xeyli kitablarım, qəzet
məqalələrim, müsahibələrim çap olunub. Hələ
arxivimdə nə qədər materiallarım var. Qırx nəfərdən
artıq aspirantın elmi rəhbəri olmuşam. Müdafiə ediblər, elmi dərəcə
alıblar. "Azərbaycan məktəbi"
jurnalının yeddi il baş redaktoru
işləmişəm.
Respublikada keçirilən bir çox tədbirlərdə,
plenumlarda, bir sıra rəsmi toplantılarda iştirak
etmişəm. İctimai vəzifələr
aparmışam. Hər zaman özümə deyil,
başqalarına daha çox faydalı olmağa
çalışmışam. Harada işləmişəmsə
hamıya ehtiram göstərmişəm, hamıdan da ehtiram
görmüşəm.
Bu dediklərim mənim üçün mənəvi
qazancdır. Ona görə də tutduğum
doğru yoldan heç vaxt dönmürəm. Hər zaman haqqı müdafiə edirəm. Haqsıza da doğru yolu göstərirəm. Əqidəmə sadiqəm. Əqidəm
hara göndərsə, o yola gedirəm. Öz etdiyim xeyirxahlıqlardan hər
zaman zövq alıram.
Ulu öndər Heydər Əliyevin
bilavasitə iştirakı ilə 1998-ci ildə keçirilən
Azərbaycan müəllimlərinin qurultayında onun
proqram-göstərişi əsasında yaranan təhsil
şurasına mənim sədrliyim o böyük şəxsiyyətin
özü tərəfindən verilmişdir. Bu da məni çox ruhlandırmışdır.
-
Yetmiş altı yaşınızı Təhsil Nazirliyi mətbuatda
açıq təbrik elədi. Bu əslində
yüksək bir qurumun sizə, sizin əməyinizə olan
münasibəti deməkdir.
- Ötən il 75 yaşım tamam
olanda dost-tanışdan saysız-hesabsız telefon zəngləri
gəldi. Qafqaz Universiteti də 75 illik yubileyimlə əlaqədar
geniş tədbir keçirmişdi.
76 yaşımın təbriki isə, doğrudan da, mənim
üçün gözlənilməz oldu. Çünki
özümü 80-ə kökləmişdim. Ancaq bir
neçə gün əvvəl Təhsil Nazirliyindən mənə
zəng edib deyəndə ki, nazirlik sizi mətbuat vasitəsilə
təbrik edir, "Azərbaycan müəllimi"nin növbəti sayında oxuyarsınız,
düzü, bu mənim üçün sürpriz oldu. "Facebook"da da tələbələrim xeyli təbriklər
yazıblar.
- Əjdər müəllim, yaşın müdrik
çağındasınız. "Gənclik bilsəydi, qocalıq
bacarsaydı..." belə bir deyim var. Bu yaşda təhsil sahəsində
bildiyiniz, amma yaşınız imkan vermədiyi
üçün həyata keçirməyi
bacarmadığınız nəsə varmı?
- Tədris işindəki fəaliyyətimi
hələ ki, layiqincə davam etdirə bilirəm,
bacarıram. Qaldı ki həmişə Rusiyada, Türkiyədə,
Amerikada keçirilən beynəlxalq elmi-praktik
konfranslarda olmuşam, indi səhhətimə görə elə
tədbirlərə gedə bilmirəm. Ürəyimdəki
əməliyyatdan sonra təyyarə ilə uçmağı
həkimlər məsləhət bilmirlər.
Beynəlxalq elmi konfranslar insana çox
şey verir. Yeni insanlar, yeni əlaqələr, yeni elmi əməkdaşlıq...
Türkiyədə
keçirilən elmi konfranslarda, qurultaylarda
azından 4-5 dəfə iştirak etmişəm. Ona görə də Türkiyənin İnternet
saytlarında mənim adım, kitablarım, məruzələrim
haqqında məlumatlar var. Türkiyədə də, Rusiyada
da, Orta Asiyada da məni tanıyırlar. İndiki
yaşımda özümü daha püxtələşmiş
hesab edirəm. İnsan yaşa dolduqca
püxtələşir, hər şeyə məsuliyyəti
artır. Əvvəllər bir
yazını yazan kimi çapa verirdimsə, indi
yazdığıma on gündən sonra bir də yenidən
baxmasam, onu çapa vermirəm. Çalışıram
ki, yazdığımda bir söz də təkrar olunmasın.
Yazılarımı hər şeydən əvvəl
oxucu gözü ilə oxuyub dəyərləndirirəm.
Hər bir məqalənin özünün ahəngi var. Poeziya
ahəngi kimi... Hərdən də otuz il əvvəl
yazdıqlarıma tənqidi bir nəzər salıram.
- Əjdər
müəllim, iş gününüz necə başlayır?
- Erkən qalxmaq və vaxtında yatmaq insan
üçün çox faydalıdır. Həmişə səhər
saat 7-də yuxudan
qalxıram. Səhhətimə
görə ən azı 8-9 saat yatmalıyam. Saat 9-a qədər
təmiz hava alıram, arada balla
qarışdırılmış su içirəm, vacib həblərimi
qəbul edirəm. Çox yüngül səhər
yeməyindən sonra isə planlaşdırdığım hər
hansı bir işimin arxasınca gedirəm.
Axşam saat 8-də bütün işlərimi
bitirib bir qədər təmiz havada piyada gəzirəm, sonra
da evə qayıdıram. Hər
günümün öz konkret planı var. Dərslər, elmi
məsləhətlər, elmi tədbirlər... bunlar mənim
iş günümün əsasını təşkil edirlər.
Vaxt qıtlığı hər zaman yol
yoldaşımdır. İnsan axtaranda iş tapır,
çörək tapır, paltar tapır, bircə
vaxtı tapa bilmir. Vaxt yeganə bir
şansdır ki, onu lazım olan yerə sərf etməlisən.
Vaxtı itirdinsə, onu nə tapmaq olur, nə də
geri qaytarmaq. Ən çox kasadlıq
çəkməyim vaxt sarıdan olub. Hərdən
yaxınlarım deyir ki, yazırsan, pozursan, işləyirsən.
A balam, bir istirahət
elə də! Urəyimi əməliyyat
etdirəndən sonra bir müddət heç hara getmədim,
guya özümə dinclik verdim. Sonra
gördüm yox, belə "dinclik" mənə xoş gəlmir.
Dedim, bilirsiz, nə var? Mən ayaq üstə
ömrümü başa vuracam, özü də iş
başında. Mənə işləyib yorulmaq daha xoşdur,
nəinki bekarçılıqdan darıxmaq.
-
Vaxtınızı necə bölürsünüz?
- Kimsə mənə zəng edəndə
ki, sabah
görüşək, üzr istəyib deyirəm
ki, gələ bilməyəcəm. Çünki
mənə ən azı bir həftə əvvəl demək
lazımdır. Mən gələn həftəmin
bütün günlərini, hətta saatlarını necə,
harada keçirəcəyimi əvvəldən müəyyənləşdirmiş
oluram. Ona görə də vaxt
qıtlığı olmasın deyə hər işimi irəlicədən
planlaşdırıram. Nazirliyin tədbirləri, ali məktəblərin,
qeyri-hökumət təşkilatlarının tədbirləri,
yazıçılarla, jurnalistlərlə, bəstəkarlarla,
telekanallarla görüşlər, müzakirələr, əlaqələr
və s. Öncədən planlaşdırmasam, bütün
bunlara necə vaxt çatdıraram?
- Bəzən
adamların
hansısa bir işi alınmayanda deyirlər ki,
günah altmışda və ya yetmişdədir. Belə bir hal sizdə də olurmu?
- Yox, mənim yaşla bağlı heç bir problemim
yoxdur. Əslində yaş adama heç nə
etmir. Çalışasan ki, yaxanı xəstəliyə
tanıtmayasan. Həmişə
yaddaşım da, diqqətim də yerindədir. Sadəcə yaşa görə hərəkət
etmək, öz sambalını gözləmək vacibdir.
Dünyada elə adamlar var ki, yaşlandıqca müdrikliyi
artır, ipək kimi mülayim, qayğıkeş olur... Mən
bax, belə
yaşlanmağın tərəfdarıyam.
-
Övladlarınız haqqında nə deyə bilərsiniz?
- Üç qızım var. Böyük qızım
tarixçidir, BDU-nu bitirib. Tarix elmləri namizədidir.
Ailəlidir, bir qızı, bir oğlu var.
Ortancıl qızım bioloqdur, bio-psixologiya ilə məşğuldur.
Onun da ailəsi, bir qızı, bir oğlu var.
Sonbeşik qızım həkim-stomatoloqdur. Uşaq stomatologiyası sahəsində işləyir.
Ailəlidir, iki qızı var. Kiçik
qızımgil bizimlə birlikdə yaşayırlar. Mən öz imkanlarım daxilində qızlarıma
əlimdən gələni əsirgəmirəm.
- Ailə
büdcəniz sizi qane edirmi?
- Allahımdan həmişə razı olmuşam ki,
bütün zamanlarda yüksək əməkhaqqı
almışam. Həyat
yoldaşım
biologiya müəllimidi. Kollecdə dərs deyirdi, bir
neçə il əvvəl təqaüdə
çıxıb. İndi hər ikimiz təqaüd
alırıq. Üstəlik də
2006-cı ildən Prezidentin fərdi təqaüdçüsüyəm.
Ən gənc fərdi Prezident təqaüdü alan adamlardan biri mənəm.
- Ürəyinizdən
harada əməliyyat olunmusunuz?
- Türkiyənin Bursa şəhərində
əməliyyat olundum. Bursalıların
danışığı bizimkindən bir elə də fərqlənmir.
Yeri gəlmişkən, mən həm də
Qafqaz Universitetində çalışıram. Ürəyim əməliyyat olunanda, gediş-gəliş
haqqımı Qafqaz Universiteti ödədi. Universitetin
rektoru əməliyyat olunacağım xəstəxananın
baş həkiminə telefonoqramma göndərib xahiş etdi
ki, mənim əməliyyatımı 20 faiz ödəniş etməklə
həyata keçirsinlər. Əməliyyatdan bir gün əvvəl məni
fizioloji, psixoloji hazırlayandan sonra, əməliyyatı
həyata keçirəcək cərrah
palatama gəlib dedi ki, hocam, mən sizi para almadan əməliyyat
edəcəm. Türkiyədə müəllimə, alimə,
jurnalistə çox
ehtiram göstərirlər.
Mən maddi cəhətdən yüksək iddiaları
olmayan bir insan
kimi ailəmi normal dolandıra bilirəm. Dahi Üzeyir
Hacıbəyli deyirdi ki, "müəllimin istirahəti uşaqların dəftərlərini
yoxlamaqdı, mükəlləfiyyəti partalardı,
qazandığı da elin, "sağ ol"u, məhəbbəti".
Mən də bunlara sahib olduğum
üçün həyatıma şükürlər edirəm.
Nəinki işləyəndə, dərs deyəndə,
hətta yemək yeyəndə də istəyirəm ki, ondan
zövq alım.
- Əjdər
müəllim, 76 yaşın ucalığından geriyə boylananda ən
çox yadınızda nə qalıb?
- Həyatımda maraqlı günlərim çox olub. Yaradana ilahi bir bağlılığım var.
Atamı çox erkən - 12 yaşımda itirmişəm.
Böyük qardaşımın himayəsində
böyümüşəm. Orta məktəbdə
oxuyanda son üç ili - 8, 9, 10-cu sinifləri
çox çətinliklə məktəbə getmişəm.
Çünki kəndimizdə orta məktəb
yox idi deyə, Salyan məktəbinə getməyə məcburdum.
Həftənin əvvəlində gecə qatara
minib Salyana gedir, gecəyarısı saat 3-də internatın
yataqxanasına çatırdım. Həftənin
sonunda evimizə qayıdanda yenə eyni məşəqqəti
çəkirdim. Salyandan Şorsuluya qədər
yol maşınlarından biri ilə gedirdim. Şorsulu ilə
kəndimiz arasındakı 12 km yolu isə hər həftə piyada gedib-gəlirdim.
Ali məktəb illərimdə evdən daha o qədər
də kömək istəmirdim. Böyük
qardaşım ayda 20 manat göndərə bilirdi.
Şair dostum Əhəd Muxtarla (Əhədulla Qəmbərov) tələbə
yoldaşı idik. Onunla birlikdə dərsdən
sonra işləyirdik. Məsələn,
Rus Dram Teatrında kütləvi səhnələrdə gedib
iştirak edəndə bizə üç manat ödəyirdilər.
Bədii yaradıcılıqla məşğul
olurduq. Respublika qəzetlərində çap ediləndə qonorar
alırdıq. Bəzən şeirlərimi ruscaya tərcümə
edib "Molodyoj Azerbaydjana" qəzetində çap edirdilər.
Mən o vaxtkı APİ-nin tarix-filologiya
fakültəsini bitirmişəm. Tələbəlik
illərim çətin zamana düşmüşdü.
Birinci kursu paltosuz yola verdik. İkinci
kursda artıq saatımız, paltomuz vardı. Öz zəhmətimiz bahasına almışdıq.
Əsas yeməyimiz Gədəbəy kartofu, bir
də marqarin idi.
- O
dövrün görkəmli şəxsiyyətlərindən,
sizə dərs demiş müəllimlərdən kimlər
daha çox yadınızda qalıb?
- Tələbəlik illərində
görkəmli şəxsiyyətlərlə - Mir Cəlal
Paşayev, Abdulla Şaiq, Nazim Hikmətlə görüşlərimiz
olub. Mən o tədbirlərin hamısında
yaxından iştirak etmiş, məruzə ilə
çıxış eləmişəm. Sonralar həmin
məruzələrimin üzərində işləyib çap etdirdim. Müəllimlərim İsmayıl
Şıxlını, Mikayıl Rəfilini, Şıxəli
Qurbanovu, Əzəl Dəmirçizadəni həmişə
hörmətlə xatırlayıram.
- Həm
öyrənmisiniz, həm öyrətmisiniz. Elmdə
razılaşmadığınız hansı sahə sizi
narahat edir?
- Böyük qardaşım müəllim idi deyə, evimizdə
həmişə çoxlu kitablarımız olub. Bəlkə elə
mütaliəni bu qədər sevməyimin də səbəbi
o kitablar olub. Mən bir filoloq-tarixçi kimi,
Nizami irsi ilə bağlı aparılan tədqiqatlardan
razı qalmamışam. Çünki Nizamini sovet dövrünün
alimləri birtərəfli tədqiq ediblər. Mənə
elə gəlir ki, dahi Nizamini alimlərimiz yenidən tədqiq etməlidirlər
ki, gənc nəsil onu olduğu kimi tanısın.
- Sizə
edilən tövsiyələr?
- Müəllimimiz Mikayıl Rəfilinin bir fikri
həmişə yadımdadı: "İkinci kursda
yazdığım məqaləyə görə vaxt olub ki, məni
tənqid ediblər. Tövsiyəm odur ki,
mükəmməlləşməyincə imzanı elmi məqalələrin
altına qoymağa tələsmə". İndi hərdən arxivimə baxanda çap etdirmədiyim
nə qədər əlyazmama rast gəlirəm.
Bir vaxtlar təhsil naziri işləmiş Mehdi Mehdizadə də
xatirəmdə dərin iz buraxıb. O da deyərdi ki, hər
yazının altında imzanı qoyma.
- Əjdər
müəllim, həyat yoldaşınızla tanışlığınız necə olub? Xahiş edərdik,
bu barədə də danışardınız.
- Bu çox maraqlı sual oldu. Aspiranturanı
bitirəndən sonra elmi işimi müdafiə etmək ərəfəsində
ailə qurmuşam. Yəni çox gənc
yaşımda evlənməmişəm. İnstitutu bitirəndən
sonra bir müddət kəndimizdən 60 km, Salyandan isə 6 km
aralıda yerləşən Çuxanlı kəndində həm dərs hissə
müdiri, həm də ədəbiyyat müəllimi işlədim.
Üstündən 8 il ötəndən
sonra vaxtı ilə həmin kənddə dərs dediyim
şagirdlərimdən biri ilə Bakıda bir toplantıda
rastlaşdıq. O qız artıq rayonda pioner baş dəstə
rəhbəri işləyirdi, həm də rayon komsomol komitəsinin
büro üzvü idi. Qızın
bacısı da müəllim idi. Mən əvvəl bacısına
dedim ürəyimdən keçəni. O da dedi ki, ay Əjdər
müəllim, mənim bacım çox ərköyün
qızdı. Dedim, eybi yoxdu. Mən
gənclərin psixologiyasını yaxşı bilirəm.
Gənclərin elə bir yaş dövrü var
ki, onlar heyva çubuğu kimi olur, hansı tərəfə
istəsən əyə bilərsən. Ona
görə də o dövrdə gəncliklə ehtiyatlı
davranmaq, onları doğru yola istiqamətləndirmək
lazımdır.
Böyük qardaşım çox zabitəli adam idi. Onun bir sözünü
iki etməzdik. Bakıda idim. Bir də evdən xəbər aldım ki, məni
nişanlayırlar. Kimə? Həmin
o qıza... Getdim, nişanda iştirak etdim.
Sonra yollandım Kislovodska- sanatoriyaya. Bir neçə gündən sonra qardaşımdan
teleqram aldım ki, üç gündən sonra kənddə
ol, toyunu edirik. Teleqramı oxuduqdan sonra
poçta getdim, qardaşımla telefonla danışdım.
"Gələ bilmirəm" deyəndə qardaşım ilk dəfə olaraq mənə
əsəbiləşdi və dedi ki, təcili kəndə
qayıt. Heç demə, qızın yaxın
qohumu ölüm ayağındaymış. Ona görə tələsirlər
ki, toy bir il təxirə düşməsin. Həqiqətən
də toyumuzdan düz bir həftə sonra həmin şəxs
dünyasını dəyişdi.
- İnternetlə, "Facebook"la işləyirsinizmi?
- Əlbəttə. Müasir şəraitdə
hər bir elm adamı bunu bacarmalıdır. Bu mövzuda mənim bir çox məqalələrim
də dərc olunub. Elektron poçtum var, poçtu qəbul edirəm,
yola salıram. "Facebook" səhifəm
var. İnternet şəbəkəsi vasitəsilə mətbuatı
izləyirəm. Yaşıma uyğun səviyyədə
özümə lazım olan materialları İnternet vasitəsilə
tapıram.
-
Ömrün səkkizinci on ilini yarıdan keçmisiniz.
Hansı onillik üçün daha çox qəribsəyirsiniz?
- Atalar
deyib ki, keçən günə gün çatmaz, calasan
günü-günə. Həyatım ziddiyyətlər
içində, çabalarla
keçməyib. Həmişə düz yolla getmişəm, həmişə
dinc, rahat yaşamışam. Amma uğurluluqları ilə
daha çox yadımda qalan illər olub ki, onları bir də təzədən
yaşamaq istərdim. Niyə? Respublikada yeganə insanam ki, doktorluğumla
professorluğum eyni anda verilib. Mənim elmi işim problematik
mövzuda olan ilk elmi işdir. İl yarıma mən
bu mövzunun üzərində işləyib bitirdim. Ali Attestasiya Komitəsinin sədri o zaman Azad Mirzəcanzadə
idi. O da çox mürəkkəb, tələbkar bir
şəxs idi. Məni imzamdan
tanıdığına görə elmi işimi diqqətlə
oxumuşdu. Nəticədə doktorluq
işimdən razı qalmışdı. AAK-ın rəyasət
heyətində mənim doktorluq işimi və mənə professor adı
verilməsini təqdir etmişdi. Mən onun müəllimlik məharətini hələ də
xatırlayıram.
- Əjdər müəllim, gənc nazirimizin fəaliyyətinə
münasibətiniz?
- Qismətimə təhsil nazirlərinin çoxu ilə
işləmək düşüb. Yeni təhsil
nazirimiz gəncdi, savadlı insandı, bir neçə dil
bilir, təşəbbüskardır. Əgər dövlət
başçımız Mikayıl Cabbarova bu boyda etimad
göstəribsə, deməli, o bu mövqeyə layiqdir. Mən
Mikayıl Cabbarovun bu posta təyinatına nikbin
yanaşıram. Gənc nazirimizin fəaliyyətində məni
qane edən əsas odur ki, hər şeyə tələsmədən,
səbr və ağılla yanaşır, təmkinlə
iş görür.
- Əjdər
müəllim, maraqlı söhbət üçün
çox sağ olun. Sizə uzun ömür və
möhkəm cansağlığı arzulayırıq.
Söhbəti
yazdı: Ellada UMUDLU
Azərbaycan
müəllimi.- 2013.- 1 noyabr.- S.6.