Yeniyetməlik dövründə uşaqlarla necə davranmalı?

  

Yeniyetməlik dövrü hər  bir şəxsiyyətin həyatında mühüm rol oynayan bir dövrdür. Bir çox hallarda bu dövrü necə  başa vurması şəxsiyyətin gələcək həyatında həlledici rol oynayır. Şəxsiyyətin  onu əhatə edən yaxınların bu dövrdən dərəcədə müvəffəqiyyətlə çıxacaqları hər birisi üçün çox önəmlidir. Nədir bəzən belə bizi vahiməyə salan bu yeniyetməlik dövrü? Yeniyetməlik dövrü 11(12) -16(17) yaşları əhatə  edir.  Müasir zamanda bir sıra ölkələrdə bu yaş dövrü alimlər tərəfindən hətta 25 yaşa qədər uzadılıb. Müxtəlif mədəniyyətlərin özünəməxsus xüsusiyyətlərindən asılı olaraq bu yaş dövrləri yenə fərqlənir. Yeniyetmədə hansı psixoloji xüsusiyyətlər müşahidə olunur?

Bu yaş dövründə yeniyetmə artıq böyük olmağa, tam müstəqil, sərbəst olmağa, "öz mənini" təsdiq etməyə çalışır. "Yeniyetmələr" valideynlərin qoyduğu qadağaları qəbul etmir, onların əksinə hərəkət etməyə çalışırlar. Valideynlərlə uşaqlar arasında  tez-tez ən sadə məsələlərə görə böyük konfliktlər (münaqişələr) baş verir. Yeniyetmə bəzən özündən asılı olmadan özünün belə gözləmədiyi hərəkətlər edir. Həmin hərəkətin, hadisənin  səbəbdən baş verdiyini ondan soruşduqda belə o onu izah edə bilmir.

Bildiyimiz  kimi yeniyetməlik dövründə uşaqlarda dərin fizioloji  dəyişikliklərin baş verdiyi bir dövrdür. Yeniyetmənin orqanizmində köklü dəyişikliklər, xüsusən hormonal dəyişikliklər  baş verir. Bütün bunlar yeniyetmənin  daha  impulsiv  olmasına, hadisələrə bəzən qeyri-adekvat reaksiya verməsinə səbəb olur. Bunlardan yeniyetmə özü əziyyət çəkir. Bu dövrdə ətrafdakıların ona qarşı olan hər hansı bir münasibətinə, verdikləri qiymətə çox həssaslıqla yanaşır.

Yeniyetməlik  dövründə bir çox yeniyetmələrdə  təlimə maraq azalır. Onlar daha çox vaxtlarını öz  həmyaşıdları ilə keçirməyə, kompüterdə sosial şəbəkələrdə əlaqələr  qurmağa, oyunlar oynamağa səy göstərirlər. Belə halların baş verməməsi  valideynlər tərəfindən qarşısını almaq cəhdləri təzyiqlə müşahidə edildikdə yeniyetmələrdə daha çox iki davranış halı müşahidə olunur- o ya kəskin, aqressiv reaksiya ilə valideynlərinə qarşı çıxış edir ya tədricən özünə qapanır, inamsızlıq, ümidsizlik hissləri onu bürüyür.  Hər iki hal valideynin diqqətinə səbəb olmalıdır. Mən deyərdim, ikinci hal daha çox narahatçılığa səbəb ola bilən haldır. Çünki məhz belə hallarda olan yeniyetmələrdə daha çox özünəqəsd, evi tərk etmə (evdən qaçma)  s. kimi hallar müşahidə olunur. Belə yeniyetmələr ilk baxışda sakit, sözə qulaq asan, valideynlərinə tam tabe olan şəxs təsəvvürü yarada  bilər. Lakin yadda saxlamaq lazımdır ki, o bütün hisslərini daxilə qapayır daxili özünütəhlil ilə məşğuldur. Valideynlər belə övladlarına qarşı daha diqqətli  olmalıdırlar. Bunu valideyn vaxt   necə etməlidir? Çox təəssüflə qeyd etməliyəm ki, yeniyetməlik dövründə uşaqda qabarıq   üzə çıxan bir çox xüsusiyyətlər heç o dövrdə formalaşan xüsusiyyətlər deyil. Bu dövrdə yeniyetmədə müşahidə etdiyimiz  bir çox xüsusiyyətlərin kökü  körpəlik dövründən başlayır. Belə ki, körpəlik dövründə valideynin uşağa yanaşması, onlar arasında olan münasibət gələcəkdə həm yeniyetmənin, həm valideynin bu dövrü daha uğurla, "ağrısız" keçməyinə zəmin yaradır. Əgər körpəlik yaşlarından valideyn öz övladı ilə səmimi, səmərəli münasibətlər qura bilməyibsə, övladına bir şəxsiyyət kimi yanaşmayıbsa, onda müstəqil olaraq düzgün qərarlar qəbul etmək, nəticə çıxarmaq   kimi bacarıqlar, obyektiv özünüqiymətləndirmə  formalaşdırmayıbsa, sözsüz ki, gələcəkdə yeniyetməlik dövründə valideynlə yeniyetmə arasında anlaşılmazlıqların olması bu  dövrün daha çətin keçirilməsi labüddür.

Körpə yaşlarında uşaq daim öz valideynləri ilə ünsiyyətdə olmağa can atır, onların diqqətini özünə cəlb etməyə, rəğbətini, tərifini qazanmağa çalışır. Valideynlərlə keçirdiyi zaman bu zaman etdikləri ümumi fəaliyyətlər, misal üçün birlikdə konstruktor yığmaq, rəsm çəkmək onlar üçün  ən əziz, ən çox istədikləri bir məqam olur. Hər birimizin həyatında belə anlar olub uşaqlıqdan bu anları yada salıb onların həyatımızda necə dərin iz buraxdığını yaxşı bilirik. Lakin çox təəssüf ki, bir çox valideynlər bu məsələlərə  bir o qədər önəm vermirlər bununla da övladlarının həyatında  vacib olan proseslərin formalaşmasına mənfi təsir etmiş olurlar. Bu dövrdən fərqli olaraq yeniyetmə artıq valideynləri ilə yox, öz həmyaşıdları ilə daha çox ünsiyyətdə olmağa, sirlərini bölüşməyə, onların rəğbətini qazanmağa  çalışırlar.  Məhz bu səbəbdən valideynlərin körpəlik dövründən övladlarına daha diqqətlə yanaşaraq dost münasibətlərini qura bilməsi hər ikisi üçün gələcəkdə bir sıra problemlərin qarşısını almağa böyük təsir göstərə bilər. Valideyn bu dövrdə artıq uşağının hörmətini, etibarını qazanmalıdır. Bunu xüsusilə ataların diqqətinə çatdırmağı vacib hesab edirəm. Atalar övladlarının tərbiyəsində, inkişafında mütləq yaxından iştirak etməlidirlər. Çox təəssüf ki, bizim ailələrdə bu məsələyə yanaşma bir qədər fərqlidir. Ailələrlə təcrübəmdə uşaqların ailədə tərbiyəsi ilə ananın məşğul olmasının vacibliyi  bir çox atalar tərəfindən  qeyd  olunur. Lakin bu düzgün olmayan yanaşmadır.  Gələcəkdə oğlan yeniyetmələrlə daha çox problemlər yaşana bilir. Ata ilə yeniyetmənin  səmimi ünsiyyəti  onun üçün çox vacibdir.  Bir məsələni burada vurğulamağı vacib hesab edirəm. Belə ki, körpəlikdən həddindən artıq  hər bir şeyin təsirindən qorunan uşaqlar məhz yeniyetməlik dövründə hər hansı mühitə düşdükdə onun təsirinə daha tez məruz qalırlar, onun qoyduğu qaydaları  qəbul edirlər. Buna görə uşaqları daim müxtəlif təsirlərdən sadəcə olaraq qorumaq yox, onları bu təsirləri görməyi, yaxşını pisdən ayırmağı, nəticə çıxarmağı, mənfi təsirlərə qarşı çıxış etmək bacarığını  formalaşdırmaq vacibdir. Valideynlər körpəlik yaşlarından övladlarında dəyərlər sistemi formalaşdırmalı, qarşılarına məqsəd qoyub ona necə nail olmaq yollarını göstərməlidirlər.  Bütün bunları valideyn təzyiqlə yox, daim övladına dəstək, istiqamət verərək etməlidir.

Hər hansı bir sahəyə maraq, öyüd-nəsihətlə deyil, valideynin şəxsi nümunəsi ilə, fəaliyyət və davranışı ilə formalaşdırılmalıdır. Qeyd olunanlarla bağlı bəzi valideynlər deyə bilərlər: o qədər ailə tanıyıram ki, ata alim, ana alim, yüksək mədəniyyətli, ancaq uşaq tam onların əksidir. Bəli, təəssüf ki, belə hallar da az deyil. Ancaq  belə ailələrlə işlədikdə çox zaman məlum olur ki, həmin uşaq heç də körpəlikdə valideynlərin özləri ilə yaşamayıb və ya valideyn mütəmadi olaraq ezamiyyələrdə olub, işdən mütəmadi olaraq çox gec gəlib, evdə övladı ilə söhbət etməyə, emosional ünsiyyət saxlamağa, bir-birilə öz hisslərini, fikirlərini bölüşməyə heç vaxtları belə olmayıb. Belə bir halda həmin uşaq kimdən və nədən nümunə götürüb inkişaf etməlidir? Bu zaman artıq valideyn diqqətinə, qayğısına  ehtiyac   sözsüz ki, uşaqda  müəyyən psixoloji keyfiyyətlərin formalaşmasında  öz təsirini  göstərəcək. Uşaq körpəlikdən valideyninin mütəmadi olaraq müxtəlif situasiyalarda necə hərəkət etməsini, qərar verməsini görmək imkanına malik olmalıdır. Əgər uşaq körpəlikdən demək olar ki, bunları görmürsə, müşahidə etmirsə onun valideyni kim olursa-olsun, o məhz valideynində olan yüksək mədəniyyətə, bacarıqlara necə yiyələnə bilər? Burada bir vacib məqamı bir daha vurğulamaq istərdim. Hər bir valideyn əgər gələcəkdə yeniyetməlik dövründə övladının onunla səmimi olmasını, hissləri ilə bölüşməsini istəyirsə, övladı ilə öz hisslərini paylaşmağı, bölüşməyi bacarmalıdır və bunu mütləq etməlidir. Gəlin düşünək: övladlarımızla  həqiqətən bunları  edirikmi?

Yuxarıda qeyd olunanları nəzərə alaraq valideynlərə aşağıdakıları məsləhət görmək istərdim:

* Hər hansı bir hadisə baş verdikdə, ilk növbədə, övladınızı axıradək dinləyin,  həmin situasiya ilə bağlı onun hansı hisslər keçirdiyini hiss etdiyinizi və anladığınızı ona çatdırın.

* Övladınız daim onun həyatı ilə maraqlandığınızı (nəzarəti yox),  emosional dəstəyinizi hiss etməlidir.

* Yeniyetmə ilə ünsiyyət  dialoq  şəklində olmalıdır. Valideyn övladı ilə bərabər mövqedə danışmalıdır.

* Yadda saxlayın, yeniyetmə artıq öz  hüquqlarını, bərabər münasibətləri tələb edən bir şəxsiyyətdir. Onun hüquqlarına hörmətlə yanaşın.

* Yeniyetmənin  hər bir probleminə qarşı diqqətli olun. Sizin nöqteyi-nəzərinizdən kiçik görünə bilən hər hansı bir problem yeniyetmə  üçün tam əksinə ola bilər.

* Övladınızla öz hisslərinizi, narahatçılıqlarınızı bölüşün. Bəzən uşaqlar öz hisslərini verballaşdırmaqda (sözlə ifadə etməkdə) çətinlik çəkirlər. Valideynlərin bu cür yanaşması həm övladı ilə səmimi, yaxın münasibət qurmağa, həm də yeniyetməyə öz daxili hisslərini ifadə etməyə köməklik edəcək.

* Yeniyetməyə müstəqil qərarlar qəbul etməkdə yardımçı olun.

* Yeniyetməyə qarşı irəli sürdüyünüz tələblər onun imkanlarını aşmamalıdır. Əks halda onda aqressivlik, inamsızlıq artacaq.

* Övladınızı yeniyetməlik  dövründən daha erkən vaxtlarda müxtəlif dərnəklərə aparın, müxtəlif sahələrə maraq yaradın (idman bölmələri-basketbol, şahmat, üzgüçülük və s., rəqs, musiqi dərnəkləri). Belə etdikdə yeniyetməlik dövründə övladınızın daha pozitiv qruplarda həmyaşıdları ilə birləşmək imkanı artır.

* Yeniyetməni ətrafınızda olan daha çox uğur qazananlarla müqayisə etməyin. Belə etdikdə valideyn özünə qarşı aqressiya yaradır, yeniyetmənin "məni"ni  zəiflətmiş olur, inamsızlıq, digərinə qarşı nifrət hissi yaratmış olur.

* Övladınızla hər hansı problemi müzakirə etdikdə yaranmış situasiyada yeniyetmənin bütövlükdə şəxsiyyətinin deyil, məhz hansısa davranışının sizin xoşunuza gəlmədiyini söyləyin, hansı ki, düzəldilə bilər.   Bunu valideyn uşağa çatdırmalıdır.

* Övladınıza hər hansı qadağa qoyduqda onlar çox olmamalıdır, eyni zamanda çox sərt olmamalı və dəyişilə bilən olmalıdır.

* Hər bir valideyn bilməlidir ki, o və övladı fərqli zamanlarda yaşayırlar.

* Övladınız bilməlidir ki, siz onu onun özünə görə sevirsiniz, yalnız əldə etdiyi nailiyyətlərə görə yox.

* Valideyn yadda saxlamalıdır ki, hər bir insan istər uşaq, istərsə   böyük, həyatda səhv edə bilər. Lakin ən əsası bu səhvi görmək, müəyyən etmək, aradan qaldırmaq inkişaf etməkdir.Yeniyetməlik dövründə isə uşağın orqanizmində baş verən dərin fizioloji dəyişiklikləri nəzərə alsaq, onlara qarşı daha səbirli, çevik, diqqətli olmağımız onlara daha çox fayda verə bilər.

 

Bahar KƏRİMOVA,

Bakı Avropa Liseyinin psixoloqu

 

Azərbaycan müəllimi.- 2013.- 1 noyabr.- S.8.