Vətənpərvərlik
mövzusunda interaktiv
dərs
Ümumi təhsilin məqsədi dövlət və cəmiyyətimiz üçün vətəndaş formalaşdırmaqdır. Yeni təlim metodları müəllimə şagirdlərlə daha səmərəli işləməyə, onların intellektual potensialını aşkara çıxarmağa imkan verir. İnteraktiv dərsin təşkilində əsas məqsəd mövzunu hərtərəfli, geniş şərh etmək və yeri gəldikcə fənlərarası əlaqəyə nail olmaqdır. Şagirdlərdə müstəqil düşünmək, sərbəst rəy söyləmək, təhlil etmək və müasir həyatla əlaqələndirmək qabiliyyətini formalaşdırmaq interaktiv dərsin əsas tələblərindəndir. Mən də digər həmkarlarım kimi, son illər təcrübəmdə interaktiv dərslərin təşkilinə xüsusi fikir verirəm. VII sinifdə ədəbiyyat fənnindən vətənpərvərlik mövzusunda keçdiyim dərs nümunəsini bu baxımdan gənc həmkarlarım üçün maraqlı olacağını nəzərə alıb təqdim edirəm.
Mövzu: M.Arazın "Ayağa
dur, Azərbaycan" şeirinin
təhlili.
Standartlar: 1.1.3; 2.1.2; 3.1.2.
Məqsəd:
Şagirdlərə şeiri təhlil etmək,
nəticə çıxarmaq bacarığı
aşılamaq, onlarda vətəndaşlıq
hisslərini yüksəltmək.
İnteqrasiya: Azərbaycan dili, ədəbiyyat,
tarix, coğrafiya, insan və cəmiyyət.
İş forması: fərdi, yarımqrup
Üsul: "Beyin həmləsi",
təqdimat, müsahibə
Resurslar: Ədəbiyyat dərsliyi, M.Arazın seçilmiş əsərləri, portreti, iş vərəqləri,
krossvordlar, testlər, qiymətləndirmə
vərəqi, kompüter, proyektor.
I. Dərsin gedişi.
1. Motivasiya.
M.Arazın
"Məndən ötdü..."
şeirindən kiçik bir
parça söyləyir və əlavə
edirəm ki, sevimli şairimiz M.Arazın təbirincə, əsl vətəndaş
xalqını odlu məhəbbətlə
sevməli və dövlətin müstəqilliyi uğrunda mübarizə aparmalıdır. Siz necə fikirləşirsiniz?
Əsl vətəndaş nə etməlidir? Kimlər əsl vətəndaşlıq
nümunəsidir?
Tədqiqat sualı:
Əsl vətəndaş necə olmalıdır?
Şagirdlərin
cavabları göstərir ki, onlar vətən və xalq
yolunda xidmətləri olan
insanları əsl vətəndaşlıq nümunəsi hesab edirlər. Cavablar belədir:
"Mən müstəqil dövlətimizin qurucusu və memarı ulu
öndərimiz Heydər Əliyevi əsl vətəndaşlıq
nümunəsi sanıram", "Mənim fikrimcə, əsl
vətəndaş Milli Qəhrəmanımız
Mübariz İbrahimov
kimi olmalıdır",
"Düşünürəm ki, xarici ölkələrdə 8 dəfə
bayrağımızı dalğalandıran, dəfələrlə
himnimizi səsləndirən, idmanın kik-boksinq növü
üzrə səkkizqat dünya çempionu Araz Musayev əsl vətəndaşlıq nümunəsidir".
Proyektorla 1992-1993-cü illərin siyasi
hadisələrindən hazırladığım fraqmentə
baxıldıqdan sonra şagirdlərə
müraciət edirəm ki, "Əsl vətəndaş
necə olmalıdır" sualına daha
ətraflı cavab tapmaq
üçün bizim
qarşımızda mötəbər bir
mənbə, gözəl bir vasitə
vardır. Bu, mayası vətənpərvərliklə
yoğrulmuş Məmməd Arazın
"Ayağa dur, Azərbaycan!"
şeiridir. Biz bu gün bu
şeirin təhlili üzərində
işləyəcək və müasir
dünyamızla əlaqələndirəcəyik.
II. Tədqiqatın
aparılması.
Tədqiqat aparmaq üçün
şagirdlər qruplara bölünür
və qruplar "Qarabağ",
"Təbriz" və "Vətən"
adlandırılır.
İş vərəqlərini qruplara
paylayıram. Suallar proyektorla
da işıqlandırılır.
İş vərəqi 1.
"Qarabağ"
qrupu:
1) "Ayağa dur, Azərbaycan!"
şeirinin məzmununu yazın.
2) Əgər M.Araz yaşasaydı, tale sizi onunla
görüşdürsəydi, siz ona hansı şeirini
söyləyər və nəyi müjdə verərdiniz?
3) "Mən vahid Azərbaycan haqqında nəyi
düşünürəm?" mövzusunda
esse yazın.
İş vərəqi 2.
"Təbriz" qrupu:
1) "Ayağa dur, Azərbaycan!"
şeirinin ideya və
dil xüsusiyyətlərini
araşdırın.
2) Əgər sizə
"Necəsiniz, problemləriniz varmı" sualı ilə
müraciət edilsəydi, siz onda necə cavab verərdiniz?
3) Vətənpərvərlik
mövzusunda yazılmış şeirlərdən
bir parça söyləyin.
İş vərəqi 3.
"Vətən"
qrupu:
1) "Ayağa dur, Azərbaycan!"
şeirinin müasir əhəmiyyəti
haqqında danışın.
2) Şəhidlər
xiyabanında uyuyan şəhidlərə
sözünüz?
3) 1992-1993-cü illərdə
erməni təcavüzkarları tərəfindən işğal olunmuş vətən
torpaqlarını xəritədə göstərin.
III. Məlumat
mübadiləsi.
Verilmiş vaxt tamam
olduqdan sonra
ayrı-ayrı qruplar öz
işlərini təqdim edirlər. Yeni informasiya mübadiləsi baş
verir.
IV. Məlumatın
müzakirəsi və təşkili.
Bu mərhələdə digər qruplar da sualların
cavablarına əlavələr edir,
yanlış cavabları araya gətirir və
düzgün variantları qeyd
edirlər.
V. Ümumiləşdirmə.
Qrupların təqdimatlarından
sonra dərsi belə ümumiləşdirirəm.
Beləliklə, qrupların təqdimatlarını dinlədikdən
sonra hesab edirəm ki, "Qarabağ" və
"Vətən" qruplarının araşdırmaları
dəqiq, təqdimatları isə rabitəli, obrazlı və
emosionaldır. "Təbriz" qrupunun
araşdırmalarından bəzi məqamlara aydınlıq gətirmək
istəyirəm. Yaxşı olardı ki, şeirin məzmunundan nümunələr
söyləməklə əsərin ideyasını
açaydınız. Bu qrup əsərin dil xüsusiyyətlərini də
araşdırarkən bəzi yanlışlıqlara yol vermişdir. Şeirdə
yanlış olaraq "nər oğlu nər" vulqar söz kimi qeyd
olunmuşdur. Əslində isə nər sözü igid mənasında
işlənmişdir. Qeyd etməliydiniz
ki, M.Araz
yaradıcılığının sevilməsinin bir sirri də şairin xalqla xalqın
dilində, vətənlə vətənin dilində
danışmasıdır. "Nə yatmısan?" deyir. Demir "Nə üçün yatmısan?". Şair vətənlə danışanda demir "səndən ayrı biz
hər şeyi bölə bilərik".
Deyir ki, "bölə
billik" və s. bu kimi qaranlıq məqamlara
aydınlıq gətirəndən sonra nəticə
çıxarıram.
Şagirdlərə
müraciətlə deyirəm ki, sizin cavablarınız təsdiq edir ki, siz
tədqiqat sualını düzgün
araşdırıb doğru nəticə
çıxarmısınız. Sizin
meyarınıza görə, əsl vətəndaş dövlət
müstəqilliyi uğrunda, işğal olunmuş vətən
torpaqları uğrunda mübarizə
aparmalıdır.
X.R.Ulutürkün təbiri ilə desək:
Vətəndaş olmasa boş şeydir vətən,
Beş günlük, on günlük güney qarıdır.
Vətən məfhumunun
arxasındakı
Vətənin layiqli övladlarıdır.
İnanırıq ki, siz Vətənin layiqli övladları olacaqsınız.
VI. Yaradıcı tətbiqetmə.
Şagirdlər krossvord və testlər üzərində
işləyirlər. Slaydda Azərbaycan
Respublikasının xəritəsində Azərbaycanın sərhədlərini
göstərirlər.
VII. Qiymətləndirmə.
Qrupların
çıxışlarını dinlədikdən sonra şagirdlərlə birgə qiymətləndirmə
cədvəlində meyarlar üzrə
qiymətləndirmə aparılır.
Ev tapşırığı: "Təki
sən yaşa, Vətən" mövzusunda inşa yazmaq.
Dərsi şagirdlərin
ifasında Əhməd Cavadın
"Çırpınırdı, Qara dəniz"
mahnısı ilə bitiririk.
Gülnaz TALIBOVA,
Masallı rayonu, F.Şükürov adına Lürən kənd tam orta məktəbinin
Azərbaycan dilivə ədəbiyyat
müəllimi
Azərbaycan müəllimi.-
2013.- 1 noyabr.- S.9.