"Bir ayağımı əsir torpaqlarda

qoyub gəlsəm də, başım ucadır"

 

Azərbaycanın Milli Qəhrəmanı Sahil Məmmədovla söhbət 

 

İlk dəfə Sahil Məmmədovdan 20 il əvvəl "Əsgər poçtu" verilişində müsahibə götürmüşdüm. Onda hələ yaraları təzə olsa da, qüruru, nikbinliyi diqqətimi çəkmişdi. Bu gün- ilk müsahibəmizdən iki on il ötdükdən sonra da döyüşçü qardaşımızı eynilə ondakı kimi nikbin, qətiyyətli, dönməz gördüm.  Əziz məktəblilərimiz! Onu siz də tanıyın: Azərbaycanın Milli Qəhrəmanı Məmmədov Sahil Ələmdar oğlu.

 

- Fevralın 25-də, 1964-cü ildə  Qərbi Azərbaycanda, Eçmiədzin rayonunun Yuxarı Necili kəndində (indiki Ermənistanın Masis rayonu)  dünyaya göz açmışam. Eçmiədzinin əsl adı Uluxanlıdır. Necilinin də adını sonralar ermənilər dəyişdirib Nizami qoyublar. Hazırda da Nizamidir, dəyişməyə  "ehtiyac" bilməyiblər.

 

- Maraqlıdır, Nizami ki, bizim klassik şairimizdir!?

 

- Elə məsələ burasındadır ki, onlar Nizamini hər zaman fars şairi kimi "seviblər", indi də bununla demək istəyirlər ki, dahi Nizaminin  azərbaycanlılara dəxli yoxdur.

 

- Neçə yaşına qədər doğma yurdda yaşamısınız?

 

- Yeddi yaşımadək - 1971-ci ilə qədər doğma kəndimizdə yaşamışam. Ata-anam da, bacı-qardaşım da 1988-ci ildə ermənilər tərəfindən deportasiya edilənə kimi Necilidə yaşayıblar.

Biz ailədə üç uşaqdıq. Böyük qardaşım, bacım və mən. Bir əmim o vaxt Ucarın Alpoud kəndində  müəllim işləyirdi. Sonralar onu Bakıdakı məktəblərdən birinə dəyişdirdilər.  Məni də atam 1971-ci ildə  Bakıya - nənəmlə əmimin yanına göndərdi.

Həmin il  paytaxtın Bakıxanov qəsəbəsindəki 96 nömrəli məktəbdə birinci sinfə getdim. 1981-ci ildə həmin məktəbi bitirdim.

 

- Orta məktəbdə oxuduğunuz illər necə keçdi?

 

- Mən  ailənin sonbeşiyi idim, bir az da təbiətən şuluq uşaqdım... Zəhra nənəm o qədər zabitəli qadın idi ki... Şuluq olsam da, dərslərimə çox ciddi yanaşırdım. Odur ki, məktəbi yüksək qiymətlərlə başa vurdum.

Hərdən məktəb illərim üçün qəribsəyirəm. İbtidai sinif müəllimlərim daha tez-tez düşür yadıma. Məlahət, Solmaz, Fəxriyyə,  Zakir müəllim... hamısını ehtiramla xatırlayıram. Həyatda olan müəllimlərimə cansağlığı, dünyadan köçənlərə rəhmət diləyirəm.

Çoxlu məktəb dostlarım var. Hər zaman vaxt tapıb görüşürük. O vaxt evimiz  Bakıxanov qəsəbəsində yerləşirdi. Məktəb dostlarımın əksəriyyəti elə indi də həmin  qəsəbədə yaşayır.

 

- Orta məktəb illərində hobbiniz nə olub?

 

- O illərdə boksla, bir qədər sonra  isə güləşlə  yaxından məşğul olurdum.                                                                          

 

- Əcnəbi dillərdən hansıları bilirsiniz?

 

- Rus dilini lazımi səviyyədə bilirəm. Türk dilini də bilirəm. Hər zaman arzum olub ki, ingilis dilində danışmağı bacarım. Buna cəhd də etmişəm. Amma alınmayıb. Nədənsə alman dilini daha yaxşı qavramışam, nəinki ingilis dilini...

 

- Azərbaycan incəsənətində sizi cəlb edən sahə hansıdır?

 

- Milli musiqimizin şah zirvəsi muğamlarımız! Muğamı heç bir musiqiyə dəyişmərəm.             

 

- Sevimli məşğuliyyətiniz?

 

- Mütaliə. Ancaq düzü son vaxtlar  mütaliəyə çox vaxt ayıra bilmirəm.

 

- Sosial şəbəkələrə müraciət edirsiniz?

 

- Əslində ağıllı yanaşanda, bu, çox mütərəqqi bir nailiyyətdir. Keçən il Sankt-Peterburqa getmişdim. Ali məktəbi bitirməyimizin 25 illiyi idi. Orada tələbə yoldaşlarımla, müəllimlərimlə görüşdüm. Bu gün İnternet vasitəsilə bir-birimizlə əlaqələrimiz var, vaxtaşırı  hal-əhval tuturuq, söhbət edirik. Bu yaxşı şeydir. Amma gənc nəslin, daha çox da məktəblilərin lüzumsuz yerə İnternetdə vaxt öldürməsinə təəssüf hissilə yanaşıram.

 

- Sənət yolunuzu  müəyyənləşdirərkən kimsə sizə istiqamət verdi?

 

- Qətiyyən. Hərbiçi peşəsini öz istəyimlə seçdim. 1982-ci ildə Moskvanın Krasnoqorsk şəhərinə hərbi xidmətə çağırıldım. Bir ildən sonra, yəni 1983-cü ildə öz arzumla  SSRİ  Daxili İşlər Nazirliyinin Leninqrad şəhərindəki (indiki Sankt- Peterburq) Ali Siyasi Məktəbinə qəbul olundum. 1987-ci ildə həmin məktəbi bitirdikdən sonra Ukraynanın Kiyev şəhərinə gəldim və 1992-ci ilin yanvar ayına kimi orada qulluq elədim. 1992-ci ilin yanvarında Vətənə döndüm.

1988-ci ildə valideynlərim bütün qərbi azərbaycanlılar kimi dədə-baba yurdlarından artıq deportasiya olunmuşdular. Rusiyadakı işimi-gücümü atıb vətənə qayıtmağımın başlıca iki səbəbi vardı: birincisi, düşünürdüm ki, vətənimin dar günüdür, mən də hərbiçi adamam, vətənin harayına yetişməliyəm, ikincisi də, yaşlanmış valideynlərimi tək qoymamaq, onların yanına qayıtmaq  övlad olaraq borcumdu.

O zaman hərbi qulluqçu kimi SSRİ Daxili Qoşunlarında rota komandirinin müavini işləyirdim, özüm də baş leytenant rütbəsində idim. Azərbaycana gəlib Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmətə başladım. Bir-iki aydan sonra könüllü olaraq cəbhə bölgəsinə yollandım. İlk getdiyim rayon Zəngilan oldu. Onda 1992-ci ilin mart ayı idi.

O vaxt nəinki Qarabağ, həm də Qarabağətrafı rayonların hamısında artıq sabitlik pozulmuşdu. Həmin dövrdə gördüklərimdən heç nə yadımdan çıxmayıb. Ezam olundum Zəngilana... Sərhəd bölgəsi olan rayonun Ağkənd, Dərəli, Qazançı kəndlərində zastava rəisi təyin olundum.

Qazançı kəndində bizim yüksəkliyimiz vardı,  ermənilərin 12 kəndinə gedən yol oradan keçirdi. Sakinlərimiz, maşınlarımız sərbəst gediş-gəliş edə bilsin deyə, biz o yüksəkliyi son gücümüzə qədər qoruyub saxladıq. Yeri gəlmişkən, indi o yüksəklik  bizdə deyil...

Relyef baxımından düşməndən  xeyli yuxarıda mövqe tutmuşduq. Ona görə də üstünlük  təbii ki, bizdəydi. Hər dəfə döyüşü düşmən tərəf başlayırdı, itkini də daha çox onlar verirdi. Əksər vaxtda da ölmüş əsgərlərinin cənazəsini döyüş meydanlarında  qoyub qaçırdılar.

Dərəli kəndinin üstündə ermənilər bir mağarada mövqe tutmuşdular. Bir gün  bir neçə nəfər əsgərimlə oraya kəşfiyyata getdik. Gördük həmin mağarada yığışıb  öz dillərində nəyisə müzakirə edirlər. Bizim uşaqlar əvvəlcə mağaraya sarı qumbara atdılar, sonra silahları işə saldıq. Düşmən bir qədər silahlı müqavimət göstərdikdən sonra digər tərəfdən zirehli texnika ilə üstümüzə gəlməyə başladı. Biz həm sayca az idik, həm də zirehli texnikaya qarşı əlimizdə elə bir texnikamız yox idi. Atəş aça-aça çox çətinliklə yenidən  Qazançıya çəkildik. Ancaq nəticə etibarilə düşmən də mağaranı tərk etdi.

1992-ci il iyunun 2-də Qazançı kəndinə düşmən tərəf yenə də qəflətən hücuma keçdi. Biz onları güclü müqavimətimizlə geri oturda bildik. Elə yenicə Qazançıya qayıtmışdıq ki, bir də gördük təpədən dırnağa silahlanmış çoxlu sayda düşmən qüvvəsi  bu dəfə zirehli texnika ilə üstümüzə gəlir.

Qazançı kəndi oval vəziyyətdə, yəni qıyqacı dayanıb dağların başında. Ona görə də düşmənlərin atdığı silahların çoxu hədəfdən yan keçir, kəndin içinə düşmürdü. Qəflətən düşmən tərəfdən atılan top mərmisinin biri elektrik dirəyinə dəydi   oradan ətrafa saçılan qəlpələr sağ qolumu, sağ tərəfdən qarın nahiyəmi, sağ ayağımı ağır yaraladı...

Məni sutka yarım  Zəngilan rayon xəstəxanasında saxladılar. Düzü orada əməlli- başlı bir tibbi kömək də olmadı, nəticədə mən sağ ayağımı itirəsi oldum. Bakıya - hərbi hospitala gətiriləndə burada mənim yaramdan nələr kənarlaşdırılmadı!? Ot-əncər, saman və s. Hərdən düşünürəm ki, bəlkə də yaralanandan sonra sutka yarım Zəngilanda saxlanmasaydım, o qədər qan itirməsəydim, vaxtında yaram təmizlənsəydi, düzgün tibbi yardım göstərilsəydi, ayağımı itirməzdim. Sonra da deyirəm ki, yox, bu mənim alın yazımmış. O dövrdə çoxumuz vətən yolunda  canımızı fəda etməyə hazır ruhda atılmışdıq döyüşə...

Yaralandığım ilk dəqiqədən, sonrakı müalicə dövrlərində, əməliyyat proseslərində heç zaman huşumu itirmədim. Baş verənləri eşidir və dərk edirdim. Çoxlu qan itirdiyimdən canımda üşütmə  dolaşırdı, amma huşum başımdaydı. Baş verənləri xatırlaya bilirdim...

 

- Ayağa qalxa bilməyiniz neçə müddətdən sonra  mümkün oldu?

 

- Hospitalda qalmağım iki ay yarıma qədər çəkdi. Məni bu vəziyyətə gətirən düşmənə  nifrətim sonsuz idi. Təbii, kim arzulayar ki, 28 yaşında bədəninin bir hissəsini itirib qoltuq ağaclarına möhtac olsun. Amma millətimizin qanında, o cümlədən mənim də qanımda  dolaşan  milli ruh var ha... sonda o hər şeyə qalib gəldi. Öz-özümə düşünürdüm ki, mən kadr üzrə zabitəm. Vaxtında zəhmət çəkib oxumuşam, qulluq etmişəm və bilirəm ki, məni hara göndərsələr, getməliyəm. Bu mənum vəzifə borcumdur.

O dövrdə atam da, anam da sağ idi. İndi anam sağdır, yaşlanıb, atamı isə itirmişəm.

 

- Bütün anaların arzusudur ki, övladı sağ-salamat, həm də gözünün qabağında olsun.

 

- İndi mən özüm də valideynəm. Yaxşı başa  düşürəm ki, mən yaralananda valideynlərim nələr çəkiblər. Yaralandıqdan bir neçə il sonra ailə qurdum. 15 fevral 1996-cı ildə  oğlum dünyaya gəldi. Adını Rəvan qoydum. Oğlum bu il Türkiyə dövlət universitetlərindən birinə qəbul olunub, ali tibbi təhsil alır. İnşallah, stomatoloq olacaq. Bu, onun öz seçimidir.  

Mən də bir zamanlar seçimimi özüm etmişdim, peşman deyiləm. Hər halda, vücudumun  bir parçasını əsir torpaqlarda əmanət qoyub gəlsəm də, vətənimin və həmvətənlərimin qarşısında başım ucadır.

 

- Artıq Zəngilanın işğalından 20 il ötdü. Bu tarix sizə nələri xatırladır?

 

- Qərbi Azərbaycanda qalan  doğma Necili üçün nə qədər qəribsəyirəmsə, işğal altında inləyən Zəngilan üçün də, qanımla suvardığım Qazançı üçün də birə-beş artıq acı çəkirəm. Hər iki yer əsirlikdə qalan, hələlik əlimiz çatmayan yurd yerlərimizdir. Tez-tez zəngilanlılarla görüşlərimiz olur, vaxtaşırı məni Zəngilan məktəbinə dəvət edirlər, məktəblilərlə təbliğat xarakterli söhbətlərimiz olur.         

 

- Geriyə, üzü vətənə qayıdış...

 

- Mən o günü görürəm. Biz müharibə əlilləri, biz Vətən oğulları uğrunda əlimizdən, ayağımızdan, gözümüzdən keçdiyimiz Vətəndən keçmərik! Vətən keçilməz! 

Məktəblilərimizə də üzümü tutub həmişə deyirəm: Birinci, elm qazanmağa çox səy göstərsinlər, elmli olsunlar. Azərbaycanın da, gənc nəslimizin özünün  sabahı, gələcəyi naminə məktəblilərimizin yüksək səviyyədə elmli olması vacibdir. İkincisi, Azərbaycanın tarixini dərindən öyrənməyə səy göstərsinlər. Ayaq basdığın, üstündə boy atdığın torpağın tarixini bilmədən ona sahiblik etmək çətindir. Qeyri-dillərdən də nə qədər çox mənimsəsələr, o da xeyrimizədir.

Ermənilər və bir çox qeyri-millətlər həmişə münaqişəyə girdikləri ölkənin dilini, adət-ənənələrini dərindən mənimsəməyə can atıblar ki, bu da bir çox məqamlarda öz məkrli niyyətlərini həyata keçirməkdə onlara yardımçı amil olub. Təhsilin səviyyəsi millətin səviyyəsi deməkdir.

Respublikamız gəncdir. Mən onun sabahına inanıram. Azərbaycan dünya dövlətləri içərisində sayılan-seçilən yerdə dayanır. Respublikamız  regionun lider dövləti kimi qəbul edilir.

İnanıram ki, işğal altında qalan torpaqlarımızı da azad edəcəyik. O günlər lap yaxındadır. 

 

Hazırladı: Ellada UMUDLU

 

P.S. Üstünü ot basmış cığırlar, təkər səsini unutmuş yollar, səsimizi yaddaşında əmanət saxlayan dağlar! Üstünüzə çilənən qanımız çəkir bizi, vallah gələcəyik, bu yolun geci-tezi var...

 

Azərbaycan müəllimi.- 2013.- 1 noyabr.- S.9.