Piter Xiqqsin 50 il əmək sərf etdiyi kəşfi

 

84 yaşlı alim bozon nəzəriyyəsinə görə 2013-cü ildə Nobel mükafatına layiq görülüb

 

 2013-cü ilin elm sahəsində Nobel mükafatı laureatlarından söz düşəndə,  ilk növbədə, müasir fizikanın inkişafında yeni mərhələnin banisi kimi britaniyalı fizik, 84 yaşlı nəzəriyyəçi alim Piter Xiqqsin adı çəkilir. O, zəif elektromaqnit sahəsinin simmetriyasının spontan pozulma mexanizminə  dair 1960-cı illərdə irəli sürdüyü nəzəriyyəyə görə tanınıb. Bu nəzəriyyə elementar hissəciklərin, xüsusən də w- və z- bozon vektorlarının kütləsinin mənşəyini izah edir. Hazırda alimin adını daşıyan mexanizm yeni hissəciyin, "Xiqqs bozonu"nun mövcudluğunu irəli sürür.   Piter Xiqqs belçikalı Fransua Enqlerlə birlikdə  maddədə kütlənin əmələ gəlmə mexanizmini izah edən nəzəriyyənin kəşfinə görə tam 50 ildən sonra 2013-cü il oktyabrın 8-də fizika sahəsində   Nobel mükafatına layiq görülüb.

 

Uşaqlıq və tələbəlik illəri 

 

Piter Ueyr Xiqqs (Peter Ware Higgs) 1929-cu il mayın 29-da Böyük Britaniyanın Nyukasl şəhərində anadan olub. Birinci Dünya müharibəsi başlayanda Piter atasının yolu ilə getməyə qərar verib. Orta məktəbdə oxuyarkən  xarici dilləri öyrənməyi çox sevirdi. Lakin onu daha çox riyaziyyat və kimya maraqlandırırdı. Fizika dərslərini o maraqsız hesab edirdi. Bu, ilk növbədə, onunla izah olunur ki, daha gənc və perspektivli müəllimlər orduya yollanmışdı, Piter və onun yaşıdlarına isə yaşlı, təqaüddə olan müəllimlər dərs deyirdi. Attestat imtahanlarının vaxtı yetişdikdə Piter  Xiqqs ingilis, fransız, latın dilləri, riyaziyyat və kimya üzrə fəxri fərmana layiq görülüb. O, orta məktəb illərində yalnız fizika fənnindən uğur qazana bilməyib. Lakin bütün bunlar ona nəzəri fizikanın ən tanınmış simaları ilə bir sırada olmasına əngəl olmayıb. Piter Xiqqs orta məktəbi bitirdikdən sonra  London Kral Kollecində oxuyub.  Kollecdə təhsil aldığı illərdə isə onun elmlərə olan marağında köklü dəyişiklik baş verib. O,  daha çox fizika elmində baş verən yeniliklərlə maraqlanmağa başlayıb. 

Dahi fiziklərin tədqiqat işləri onu daha çox cəzb edirdi. O, Albert Eynşteyn, Artur Eddinqton, Ceyms Cinsin populyar kitablarını birnəfəsə, acgözlüklə oxuyurdu. Bu kitablar onun təxəyyülünü, fizikaya dair biliklərini zənginləşdirirdi. Onun məktəbdə öyrəndiyi fizika kursu isə, öz sözləri ilə desək, çox darıxdırıcı idi. Xiqqs düşünürdü ki, kaş  oxuduğu maraqlı kitablar  məktəb proqramına  da daxil  ediləydi.  Xiqqs tələbəlik illərində kvant mexanikasının görkəmli banilərindən Pol Diraka (Nobel mükafatı laureatı) heyranlığını gizlədə bilmirdi. Fizika elminə olan dərin marağına görə Xiqqs, ilk növbədə, Pol Diraka minnətdar idi. Hələ orta məktəb illərində müəllimləri Xiqqsə Pol  Dirak və digər fiziklərin populyar məqalələrini  oxumağı məsləhət görüb. Bir fakt da məlumdur ki, Pol Dirak da Piter Xiqqsin oxuduğu məktəbdə təhsil alıb.

 

 "Xiqqs bozonu"

 

Piter Xiqqs fizika üzrə doktorluq dissertasiyasını London Kral Kollecində müdafiə edib.  Daha sonra isə  alim öz fəaliyyətini Edinburq Universitetində davam etdirib.

1950-ci ilin mayında Piter Xiqqs London Kral Kollecində Maksvell tələbə Cəmiyyətinin iclasında məruzə oxuyub. İclasdan sora gərgin diskussiyalar başlayıb. Bu diskussiyalar heç vaxt bitməyib. O zaman Piter Xiqqsin 20 yaşı vardı. Lakin o, artıq tələbə cəmiyyətinin prezidenti idi. P.Xiqqs tələbə yoldaşlarına belə bir sualla müraciət edirdi: alimlər gələcəkdə təbiətin qanunlarını başa düşə, onun sirlərindən baş çıxara  biləcəklərmi? O özü də bu suala müsbət cavab verməkdə gücsüz idi. Lakin Piter Xiqqs həyatının 50 ilini bu sualın cavabının tapılmasına həsr edib. 

1952-ci ildə Piter Xiqqs Nyu-Yorka gedərək Kornell Universitetində işə düzəlib.  P.Xiqqs 1960-cı illərdən başlayaraq yapon fiziki Eitiru Nambunun (2008-ci ildə Nobel mükafatı alıb) simmetriyanın spontan pozulması konsepsiyasını inkişaf etdirib. O bu konsepsiyanı ifrat keçiricilərə tətbiq edib. Elementar hissəciklərdə kütlənin yaranması mexanizmini əsaslandıran Xiqqsin nəzəriyyəsi dünyanın ən nüfuzlu jurnallarından olan  "Physics Letters" tərəfindən  əvvəlcə rədd olunub. Jurnal bu konsepsiyanın fizika ilə heç bir əlaqəsinin olmadığını bildirib. Lakin Piter Xiqqs və Fransua  Enqler öz nəzəriyyələrinə cəmi bir abzas əlavə etdikdən sonra "Physical Review Letters" jurnalı tərəfindən qəbul olunub. Məhz bu məqalədə bozon hissəciyinin varlığı ilk dəfə nəzəriyyə kimi elmi ictimaiyyətə təqdim olunub. Alim öz mexanizmini Edinburqda dağlarda gəzinti zamanı düşünüb. Gəzintidən sonra laboratoriyasına qayıdan alim bəyan edib ki, onun çox   möhtəşəm  ideyası var.

Piter Xiqqs Cenevrədə yerləşən Avropa Nüvə Tədqiqatları Mərkəzindən  (Conseil Europeen pour la Recherche Nucleaire və ya sadəcə CERN) olan həmkarları ilə birlikdə 50 il onun adını daşıyan "bozon" hissəciyinin öyrənilməsinə həsr edib. Məsələ ondadır ki,  Albert Eynşteyn dönəmindən elmə məlum olan  bütün digər hissəciklərin öz başlanğıcını "Xiqqs bozonu"ndan  götürdüyü bildirilir. Məhz Xiqqsin adı ilə bağlı olan "bozon" digər elementar hissəciklərin kütləsini təyin edir. Xiqqs öz nəzəriyyəsini 1964-cü ildən işləyib hazırlamağa başlayıb.   O, iki elmi məqalə dərc etdirməklə "Xiqqs bozonu"nun Standart modelinin mövcudluğunu əsaslandırıb.  

 

"Mən bunu çox gözlədim"

 

2012-ci il iyulun 4-də "Xiqqs bozonu"nun varlığı Avropa Nüvə Tədqiqatları Mərkəzində eksperimental yolla  təsdiq olunub. Piter Xiqqs bu xəbəri böyük səbirsizliklə gözləyib. Bir qədər sonra isə o,  sağlığında onun adını daşıyan hissəciyin mövcudluğunun sübut olunacağını o qədər də gözləmədiyini deyib.  "Əvvəlcə mən heç təsəvvür belə etməzdim ki, kəşf mənim sağlığımda baş verəcək, çünki biz bu hissəciyin kütləyə necə təsir etməsinə dair ən kiçicik təsəvvürə belə malik deyildik. Mən bunu çox gözlədim". Qeyd edək ki, Avropa Nüvə Tədqiqatları Mərkəzində yaradılmış iki ayrı qrup "Xiqqs bozonu"nun tədqiqini aparıb. Bir-birindən ayrı-ayrı işləyən qrupların əldə etdiyi nəticələr üst-üstə düşüb. Hər iki qrup Piter Xiqqsin 50 il əvvəl irəli sürdüyü nəzəriyyəni təsdiq edib.

Qeyd edək ki, "Xiqqs bozonu"nun kəşf olunması barədə ilk məlumatlar hələ 2010-cu ilin sonlarında yayılıb. O vaxt hələ bu informasiyalar ilkin xarakter daşıyıb. 2012-ci ildə bozon barədə daha əminliklə danışılmağa başlanılıb,  2013-cü ilin martında isə onun kəşf olunması tam təsdiqlənib. Məlumdur ki, Nobel Mükafatları Komitəsi yalnız eksperiment olaraq təsdiqlənmiş işlərə görə ali mükafatı təsis edir. Buna görə də Piter Xiqqs və Fransua Enqler öz kəşflərinə görə layiq olduqları Nobel mükafatını tam 50 il gözləyiblər. Onların digər bir həmkarı - Robert Braut da fizika üzrə üçüncü namizəd ola bilərdi, lakin onun vəfatı buna imkan verməyib.    Beləliklə də Piter Xiqqs və Fransua Enqlerin uzunillik axtarışlarının nəticəsi Standart modelinin təsdiqi və onların Nobel mükafatına layiq görülməsi ilə nəticələnib.

İsveç Kral Akademiyası bildirib ki, alimlər bəşəriyyətin kütlənin subatom hissəciklərinin yaranmasını daha yaxşı  başa düşməsinə kömək edən mexanizmi kəşf etdiklərinə görə ali elm mükafatına layiq görülüblər. İsveç Kral Akademiyasının icraçı katibi Staffan Normark qeyd edib ki, bu mükafat nəhəng nəticələr yaradan incə bir məsələyə həsr olunub.

2012-ci ildə nüfuzlu "Science" jurnalı "Xiqqs bozonu"nun kəşfini ilin ən başlıca elmi uğuru adlandırıb.   Fiziklər hesab edir ki, 13,7 milyard il öncə kainatın əsasını qoyan Böyük partlayışdan sonra  bu bozonun yaratdığı  enerji hesabına qalaktika, ulduz və planetlərin yaranmasının əsası qoyulub. 

 

Nobel mükafatına layiq görülməsi

xəbərini küçədə tanışından alıb

 

Piter Xiqqs ali elmi  mükafata layiq görülməsi barədə xəbəri Nobel Mükafatları Komitəsindən deyil, küçədə rastlaşdığı tanışından alıb. Məsələ ondadır ki, 84 yaşlı alimlə  əlaqə saxlamaq istəyəndə  məlum olub ki, britaniyalı professor mobil telefondan istifadə etmir. Oktyabrın 8-də Piter Xiqqs Edinburqda yerli restoranlardan birində rahatca nahar edib və evə qayıdarkən keçmiş qonşusuna rast gəlib. Məhz qonşusu professora xoş xəbəri - Nobel mükafatına layiq görülməsini xəbər verib.

Nobel Mükafatları Komitəsinin qərarından sonra keçirdiyi ilk mətbuat konfransında alim deyib: "Düşünürəm ki, yaxın gələcəkdə mən 2012-ci ildə CERN tərəfindən bozon hissəciyinin kəşfinə dair məlumat açıqlandıqda  olduğundan daha çox mətbuatın diqqətini cəlb edəcəyəm. Mən bir seyi xatırlatmaq istəyirəm. Ali mükafatı Enqlerlə biz almışıq, lakin bizimlə birlikdə uzun illər ərzində görkəmli alimlər işləyiblər ki, onların bəziləri bu gözəl günə qədər yaşaya bilməyiblər".

Piter Xiqqsin ali elmi mükafata namizədliyi 3 dəfə irəli sürülüb. Bu il də namizədliyi  irəli sürülən 84 yaşlı alim öz adı və yaratdığı elmi nəzəriyyənin ətrafında yaranan  qalmaqaldan yayınmaq üçün Şotlandiyaya yollanıb. Onun ali elmi mükafata layiq görülməsini  çoxları gözləyirdi.  2013-cü il üzrə ən real namizəd hesab olunurdu. Bir sıra elmi agentliklərin  proqnozlarında da Xiqqsin adı birinci çəkilirdi. Oktyabrın  8-də fizika üzrə namizədlərin adlarının elan olunduğu gün  Piter Xiqqs jurnalistlərə fəal surətdə müsahibələr verir, telekörpülərdə və çalışdığı universitetin tədbirlərində iştirak edirdi. Fizika üzrə namizədin adının açıqlanmasından cəmi bir neçə saat sonra Edinburq Universiteti P.Xiqqsin belə bir bəyanatını yayıb. "Mən mükafat  barədə xəbər aldıqdan sonra tam heyrət içindəym. İsveç Kral Akademiyasına minnətdaram. Mən eyni zamanda yeni hissəciyin kəşfində əməyi olan bütün insanları, ailəmi, dostlarımı və həmkarlarımı təbrik etmək istəyirəm.  Bu mənim üçün bütün həyatım boyu üzləşdiyim ən inanılmaz hadisədir", - deyə Xiqqs bildirib. 

 

50 ildən sonra məlum olacaq həqiqət

 

2013-cü il fizika üzrə Nobel mükafatı laureatının adının açıqlanması tam 1 saat gecikib. Adətən laureatın adının elan olunmasında mümkün  ləngimələr 15-20 dəqiqə çəkir. Son 18 il ərzində ilk dəfə olaraq namizədin adının elan olunmasının 1 saat uzanması Nobel Mükafatları Komitəsi üzvlərinin səsvermə prosesindəki çıxışları ilə bağlıdır. Komitənin bəzi üzvləri mükafatın təkcə nəzəriyyəçi alimə deyil, həm də bu nəzəriyyəni təcrübədə sınaqdan keçirmiş, bozon hissəciyini kəşf etmiş alimə verilməsini tələb ediblər. "İsveç radiosu"nun elmi xəbərlər bölməsinin məlumatına görə, 2013-cü ilin fizika mükafatı laureatının adının açıqlanması prosesi tarixə düşəcək. Ləngimənin dəqiq səbəblərini isə biz, Nobel Fondunun daxili qaydalarına görə, tam 50 ildən sonra biləcəyik.

Zadəgan titulundan imtina edib

 

Piter Xiqqsin adı fizika elmi tarixinə Albert Eynşteyn, Mariya Skladovskaya Küri, Maks Plank və əməyi elmin gələcək inkişafını 100 il qabaqlamış digər görkəmli alimlərlə yanaşı çəkilir.  Piter  Xiqqs London Fizika İnstitutunun Pol Dirak medalına, Rezervord medalı və mükafatına (1984-cü il), Avropa Fizika Cəmiyyətinin hissəciklər fizikası və yüksək enerjilər fizikası sahəsində təsis etdiyi ali mükafata (1997-ci il), fizika üzrə Volf mükafatına (2004-cü il)  layiq görülüb.

Nobel mükafatına layiq görüldükdən sonra Piter Xiqqs uzunillik elmi tədqiqatlarını dayandıracağını, 2014-cü ildə təqaüdə çıxacağını deyib.   "Mən 85 yaşım tamam olan kimi, yəni gələn il təqaüdə çıxmağa hazırlaşıram",- deyə alim bildirib. Öz müsahibəsində alim zadəgan titulundan imtina etdiyini də bəyan edib. Alim belə bir titula ehtiyacı olmadığını vurğulayıb. Piter Xiqqs özünü Nobel laureatı qismində təsəvvür etməyin çətin olduğunu qeyd edib. Çünki 1964-cü ildə onun tədqiqatlarına  cəmi 2-3 həftə sərf olunub. "Əgər Albert Eynşteyni götürsək, onun uğurları bir neçə dəfə böyük olub".

Piter Xiqqs elmi tədqiqatları ilə yanaşı, çox fəal  ictimai fəaliyyət də göstərib. Nüvə tərksilahı hərəkatının üzvü olub, lakin hərəkat üzvləri atom energetikasından imtina olunması tələbləri ilə çıxış etdikdə  alim bu sahədə fəaliyyətini dayandırıb. O, eyni zamanda Greenpeace təşkilatının da üzvü olub. Lakin onun üzvləri  genetik-modifikasiyalı məhsulların əleyhinə çıxdıqda alim ekoloqlarla yolunu ayırıb. Nəzəriyyəçi alim Edinburq   London Kral cəmiyyətlərinin üzvüdür. 

 

Məqalədə Nobel Mükafatları Komitəsinin,

Britaniya Ensiklopediyasının materiallarından istifadə olunub

 

Azərbaycan müəllimi.-2013.- 1 noyabr.- S.10.