İbtidai təhsil müstəqillik illərində
Azərbaycanın öz müstəqilliyini bərpa etdiyi ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq müəyyən bir dövr ərzində digər sahələrdə olduğu kimi pedaqoji elmlərdə də tədqiqat işlərinin aparılmasında, sürətlə dəyişən, yeniləşən təhsilin inkişaf meyillərinin ümumiləşdirilməsində bir durğunluq hiss olunurdu.
Lakin son illər bu durğunluq öz yerini inkişafa vermiş, nəticədə təhsilimizin bir sıra aktual problemlərinin
araşdırılmasına, yeni yanaşmalardan səmərəli şəkildə
bəhrələnərək zənginləşən
təcrübənin elmi-nəzəri cəhətdən əsaslandırılmasına, bütövlükdə təhsilimizin
və onun ayrı-ayrı pillələrinin
inkişaf tarixinə həsr olumuş
xeyli elmi tədqiqatlar
aparılıb, təhsildə baş verən yeniləşmənin mahiyyətini
başa düşməkdə, səmərəli
fəaliyyət yollarını müəyyən etməkdə müəllimlərə, təhsil
işçilərinə yaxından kömək göstərən əsərlər yazılaraq çap etdirilib. Belə əsərlərdən biri də tədqiqatçı-pedaqoq Nigar İsmayılovanın
bu yaxınlarda "Mütərcim" nəşriyyatı
tərəfindən çapdan
buraxılmış "Müstəqillik illərində Azərbaycanda
ibtidai təhsilin inkişafı"
monoqrafiyasıdır.
Elmi redaktoru pedaqoji
elmlər doktoru, professor
Əjdər Ağayev, rəyçiləri
pedaqoji elmlər doktoru,
professor Rüfət Hüseynzadə və pedaqogika üzrə
fəlsəfə doktoru E.Mollayeva
olan bu tədqiqat
işində müstəqillik illərində Azərbaycanda ibtidai təhsilin
inkişafı (1918-1920-ci illər və müasir
dövr)
məsələləri elmi
araşdırma nəticəsində təqdim olunub.
Giriş, iki fəsil və nəticədən
ibarət olan kitabın ilk
səhifələrində müstəqillik uğrunda
xalqımızın apardığı mücadilənin
qısa salnaməsi, ulu öndər Heydər
Əliyevin tariximizin obyektiv
araşdırılması ilə bağlı tövsiyələri
öz əksini tapıb, ibtidai təhsilin tarixinə qısa ekskurs edilib, tədqiqata cəlb
edilmiş problemin
aktuallığı əsaslandırılıb.
Kitabın
"Azərbaycan Demokratik Respublikasında
ibtidai təhsil məsələləri"
adlı birinci fəslində Azərbaycanın
maarifpərvər ziyalılarının son
iki yüzillikdə, eləcə də ötən əsrin əvvəllərində
milli təhsilin inkişafı uğrunda apardıqları mübarizə, Azərbaycanın
1918-1920-ci illərdə qazandığı müstəqilliyin nailiyyətləri,
ADR-də təhsilin milliləşdirilməsi, ibtidai
təhsilin və müəllim kadrları
hazırlığının təşkili, təhsilin məzmunu
məsələləri, ADR dövründə müəllim
kadrları hazırlığında Qazax
Müəllimlər Seminariyasının rolu
işıqlandırılıb.
İkinci fəsil "Azərbaycan Respublikası
davamlı müstəqillik qazandıqdan sonra
ibtidai təhsilin
milli və ümumbəşəri dəyərlər
əsasında inkişafı"na həsr olunub.
Müəllif burada öncə
sovet hakimiyyətinin ilk
illərində ibtidai təhsilin məzmunu
və təşkilinə qısa nəzər salıb, sonra Azərbaycan Respublikasında 1991-ci ildən
başlanan milli təhsil
siyasətindən 1918-1920-ci illərdəki müstəqilliyin məntiqi davamı kimi
söz açıb. Bu fəsildə habelə
ölkədə aparılan təhsil islahatları, təhsilin
məzmununda və metodlarında tətbiq olunan
yeniliklər ümumiləşdirilib. İbtidai
təhsilin milli kurikulumunu
pedaqoji prosesə tam və
sistemli yanaşma kimi dəyərləndirən
N.İsmayılova kurikulumun tətbiqi sahəsində
görülmüş işlərə də
toxunub, ayrı-ayrı müəllimlərin
yeni kurikulumlarla iş təcrübəsindən nümunələr
verib.
Monoqrafiya əsasən elmi tədqiqat
işçiləri, magistr və doktorantlar üçün
nəzərdə tutulsa da
ondan digər maraqlananlar
da qiymətli mənbə kimi
istifadə edə bilərlər.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2013.- 1 noyabr.- S.12.