Təhsil müəssisələrində Dövlət

Bayrağı Günü qeyd olunub

  

Azərbaycan Müəllimlər İnstitutunda  Dövlət Bayrağı Günü münasibətilə tədbirlər keçirilib. İnstitutda Dövlət Bayrağı Gününə həsr olunmuş "dəyirmi masa" təşkil olunub. Dövlət himni səsləndirildikdən sonra institutun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı tədbiri giriş sözü ilə açaraq hamını bayram münasibətilə təbrik edib. Rektor A.Naxçıvanlı qeyd edib ki, Azərbaycan Respublikasının Dövlət bayrağı onun dövlətçilik rəmzlərindən biridir. Bildirilib ki, ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" 17 noyabr 2009-cu il tarixli Sərəncam bu bayramın əsasını qoyub.

İnstitutun təhsilin idarə edilməsi və peşə təhsili kafedrasının müdiri, professor Ramiz Məmmədzadə, ixtisasartırma və yenidənhazırlanma fakültəsinin dekanı, dosent Telman Haqverdiyev bu bayramın əhəmiyyətindən, onun geniş təbliğinin gənclərdə vətənpərvərlik duyğularının dərinləşməsinə müsbət təsirindən danışıb, onlara öz tövsiyələrini veriblər. Vurğulanıb ki, dövlət başçısının müvafiq sərəncamına əsasən Bakıda dünyanın ən hündür bayraq dirəyinin inşa edilməsi və Dövlət Bayrağı Meydanının yaradılması ölkəmizdə Dövlət bayrağına yüksək qiymət verilməsinin göstəricisidir.

II kurs tələbələrindən Afət Allahverdiyeva Bəxtiyar Vahabzadənin "Bayraq" şeirini söyləyib, Şahzadə Əsgərova Dövlət bayrağı mövzusunda təqdimatla çıxış edib. Tədbirin sonunda Azərbaycan Bayrağı Meydanının tikintisindən və onun açılış mərasimindən bəhs edən videoçarx nümayiş olunub.

Bununla yanaşı, institutun Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə "Hərəyə bir bayraq" aksiyası təşkil edilib. Belə ki, noyabrın 7-də dərsə gələn tələbələrə Dövlət himninin və vətənpərvərlik mövzusunda olan mahnıların sədası altında Azərbaycan bayrağı paylanılıb. Dövlət Bayrağı Günü ərəfəsində institutun tələbələrinin Azərbaycan bayrağına həsr olunmuş rəsm, şeir və əl işlərindən ibarət stendxüsusi ayrılmış yerdə sərgilənib. Qeyd edək ki, AMİ-də əlamətdar günlərin xüsusi keçirilməsində əsas məqsəd tələbələrin maarifləndirilməsi, onların dövlət atributlarına hörmət və məhəbbət, vətənpərvərlik ruhunda tərbiyə edilməsindən ibarətdir.

 

***

 

Bakı Slavyan Universitetində Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.

Universitetin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, tədbirdə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenkobu ali məktəbdə istehsalat təcrübəsini başa çatdırmış ukraynalı tələbələr də iştirak ediblər.

BSU-nun rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev toplaşanları Dövlət Bayrağı Günü münasibətilə təbrik edib, bu dövlət bayramının universitetlə sıx əməkdaşlıq edən Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universitetinin nümayəndələrinin iştirakı ilə keçirilməsindən məmnunluğunu bildirib. Rektor ukraynalı tələbələrin BSU-da artıq üçüncü ildir ki, turizmmenecment ixtisasları ilə bağlı təcrübə keçdiklərini diqqətə çatdırıb.

Universitetin yaxın dostu, səfir A.Mişşenko tədbir iştirakçılarını salamlayıb, belə gözəl gündə həmvətənləri və azərbaycanlı gənclərlə birlikdə olduğundan şərəf duyduğunu bildirib. Diplomat ukraynalı tələbələrin Azərbaycanda təhsil almaları ilə yanaşı, azərbaycanlı gənclərin də Ukraynada yüksək səviyyədə təhsil aldıqlarını vurğulayıb. A.Mişşenko Poltava İqtisadiyyat və Ticarət Universiteti tələbələrinin BSU-da artıq ənənəyə çevrilmiş təcrübələrini çox səmərəli başa vurmalarından məmnunluğunu bildirib, universitetlərarası əməkdaşlığın daha da möhkəmlənəcəyinə əminliyini vurğulayıb.

Daha sonra səfir və rektor ukraynalı tələbələrə təcrübənin uğurlu keçdiyini təsdiqləyən sertifikatlar təqdim ediblər.

BSU-da fəaliyyət göstərən Ukrayna Tədris-Mədəniyyət Mərkəzinin "Slavyanoçka" ifaçılar qrupunun Ukrayna dilində, ukraynalı tələbələrin Azərbaycan dilində ifa etdikləri musiqi nömrələri, milli rəqslər böyük marağa səbəb olub. Ukraynalı gənclərin Azərbaycan dilində oxuduqları "Azərbaycan" mahnısı alqışlarla qarşılanıb.

 

***

 

Laçın Rayon Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Zəravənd Quliyevdən aldığımız məlumata görə mərkəzdə Dövlət Bayrağı Gününə həsr olunmuş rəsm müsabiqəsi keçirilib. Müsabiqədə 25 şagird iştirak edib. Onlardan Fatma Ağaməmmədova, Nicat Cəfərov və Səma Əliyevanın əl işləri fərqləndirilərək Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi Təşkilat Komitəsi tərəfindən keçirilən Dövlət Bayrağı Gününə həsr olunan "Bayrağımız qürur mənbəyimizdir" adlı rəsm müsabiqəsinə təqdim edilib.

 

***

 

Bülbül adına  Orta İxtisas Musiqi Məktəbində I "a" sinif şagirdlərinin rəhbəri Könül Təhməzovanın təşkilatçılığı ilə Dövlət Bayrağı Gününə həsr olunan tədbirə Azərbaycan bayrağı gətirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri məktəbin direktoru Teymur Göyçayev  açaraq hamını əlamətdar  gün münasibətilə təbrik edib. O, çıxışında ölkə başçısı İlham Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsi sahəsində misilsiz xidmətlərindən, dövlət atributlarımıza olan xüsusi diqqət və qayğısından danışıb.

Məktəbin direktor müavinləri Aytən Əhmədova, Nigar Baxşəliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsi metodmərkəzinin direktor  müavini Sitarə Məmmədova və başqaları çıxış edərək şagirdlərə  milli və dövlət kimi varlığımızın sübutu, atalarımızın əmanəti olan, uğrunda minlərlə Vətən övladının canından keçdiyi bayrağımızı uca tutmağı tövsiyə ediblər.  Azərbaycan bayrağının tezliklə Qarabağda dalğalanacağına inandıqlarını əminliklə söyləyiblər.

Sonra   I "a" sinif şagirdləri Dövlət bayrağına aid şeirlər söyləyib və mahnılar ifa ediblər.

Tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dövlət Bayrağı Meydanının açılışındakı çıxışından hazırlanmış videoçarxın nümayişi ilə  başa çatıb.

 

***

 

Bakıdakı 114  nömrəli tam orta məktəbdə Dövlət Bayrağı Günü ilə bağlı  tədbir keçirilib. Dövlət himni və "Koroğlu" operasından uvertüra ilə başlanan tədbirə təntənəli şəkildə Dövlət bayrağı gətirilib. 

Tədbiri giriş sözü ilə açan təhsil ocağının direktoru Ceyran Novruzova  tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək Dövlət bayrağı haqqında  geniş məlumat verib. Bildirilib ki, Dövlət bayrağımız millətimizin, xalqımızın azadlıq və istiqlal ideyalarının, milli varlığının, bəşər sivilizasiyasında özünəməxsus qədim və çağdaş mədəniyyətə sahib olduğunun təcəssümüdür. Dövlət bayrağımız möhtəşəmliyi ilə "Ginnesin rekordları" kitabına düşüb. Hər bir azərbaycanlının borcudur ki, ümummilli liderimizin azərbaycançılıq - vətənpərvərlik  ideyalarına sadiq qalsın, bayrağımızın şərəfini hər yerdə qorusun, dünya arenalarında onun ən yüksək zirvələrdə dalğalanmasına nail olsun.

Şagirdlər çıxışlarında bildiriblər ki, Azərbaycan dövlət müstəqilliyinin müqəddəs simvolu olan Dövlət bayrağına hörmət və ehtiram, ümumxalq sevgisi və vətəndaş qayğısı hər bir azərbaycanlının, hər bir uşağın, məktəblinin və gəncin idealına və fəxarət məramına çevrilməlidir.

Aşağı sinif şagirdləri "Heydər babamız"  mahnısını həvəslə qonaqlara təqdim ediblər.

Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Barxudar Barxudarov çıxış edərək belə tədbirlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib.

Tədbir şagirdlərin ifasında maraqlı vətənpərvərlik mahnıları və şeirlər ilə unudulmaz xatirəyə çevrilib.

 

***

 

Dövlət Bayrağı Günü Bakıdakı 28 nömrəli tam orta məktəbdə təntənəli  şəkildə qeyd edilib. "Daima zirvədə ol, dalğalan, ey Bayrağım" adlı tədbiri məktəbin direktoru Mehriban Əlizadə açaraq qonaqları salamlayıb. Tədbirdə  Dövlət  Bayrağı Meydanında yerləşən Bayraq muzeyinin direktor müavini Aynurə Hüseynova, baş elmi işçisi Gültan Əliyeva, ekspozisiya müdiri Samir Hüseynov, muzeyin fotoqrafı Azər İbrahimov, Nəsimi rayonu Gənclər və İdman İdarəsinin rəis müavini Şahmar Tağıyev iştirak ediblər. Tədbir açıq elan olunduqdan sonra  Azərbaycan Respublikasının Dövlət himni oxunub.

XI sinif şagirdləri  Leyla Əlizadə  Ülvi Ramazanov  Dövlət bayrağı haqqında geniş, ətraflı məlumat veriblər. VI "a" sinif şagirdləri bu mövzuya həsr olunan şeirlər söyləyiblər. Tədbirin bədii hissəsi  Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin sərəncamı əsasında yaradılmış Dövlət Bayrağı Meydanı ilə bağlı hazırlanmış videoçarxla başlanılıb.

Sonra məktəbin şagirdlərindən ibarət iki komanda - "Aypara" və "Ulduz" arasında bu əlamətdar günlə əlaqədar breyn-rinq keçirilib. Yarışı məktəbin müəllimi Aqil Quliyev aparıb. Məktəbin rəqs kollektivinin ifasında  "Naz eləmə", "Azəri", "Yallı" rəqsləri nümayiş olunub. XI sinif şagirdləri - Nigar Qəmbərlinin, Rasim Əsgərəliyevin, Fərid Tağızadənin, Əli Əlizadənin ifasında  "Bakı", "Azərbaycan", "Ey vətən" mahnıları səslənib.

Tədbir VI sinif şagirdi Elmira Tağızadənin ifasında  "Sən bütün bayraqlardan gözəlsən" adlı monoloqu ilə sona çatıb.

 

Azərbaycan müəllimi.- 2013.- 8 noyabr.- S.1.