Qafqaz Universitetində "Türkmənistan günü"

  

Noyabrın 2-də Qafqaz Universitetində  Türkmənistanın müstəqilliyinin 22-ci ildönümünə həsr olunmuş "Türkmənistan günü" keçirilib. Tədbirdə ölkəmizin bir sıra dövlət qurumlarının rəsmiləri, Milli Məclisin deputatları, Türkmənistanın  ölkəmizdəki səfirliyinin və xarici ölkələrin Azərbaycandakı diplomatik missiyalarının rəhbərləri, Türkmənistandan gəlmiş mədəniyyət, elm, təhsil işçiləri və tələbələrdən  ibarət geniş tərkibdə  nümayəndə heyəti, Qafqaz Universitetinin professor-müəllim və tələbə heyətlərinin təmsilçiləri iştirak ediblər. Məzmun baxımından zəngin olan tədbirin proqramı müxtəlif idman yarışlarını, sərgiləri, açılış mərasimini, Qafqaz Universiteti ilə tanışlığı əhatə edib.

İştirakçılar öncə  Qafqaz Universitetinin futbol meydançasında türkmənistanlı tələbələrlə Azərbaycanın müxtəlif ali məktəblərini  təmsil edən tələbələr arasında keçirilən mini-futbol yarışını izləyiblər. Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç, Türkmənistanın ölkəmizdəki səfiri cənab Toyli Komekov, Türkmənistan Dövlət Universitetinin rektoru,  professor Kurtniyaz  Xanmuradov komandaların üzvlərini salamlayıb onlara qələbə arzulayıblar.  Onlar habelə  Azərbaycanla Türkmənistan arasındakı mövcud dostluq əlaqələrinin inkişaf etməsindən məmnunluqlarını ifadə edib, humanitar sahədə əməkdaşlığın  daha da genişlənməsi üçün belə tədbirlərin əhəmiyyətini vurğulayıblar.

"Türkmənistan günü"nün idman proqramı çərçivəsində türkmənistanlı və azərbaycanlı tələbələr arasında voleybol, 100 və 400 metr məsafələrə qaçış, turnikdə dartınma, dama və şahmat üzrə yarışlar da keçirilib. Sonra türkmənistanlı qonaqlar Qafqaz Universitetini gəzib, burada yüksək tədris üçün yaradılmış şəraitlə tanış olub, kimya laboratoriyalarına baxıblar. Universitetin əsas korpusunun geniş foyesində Türkmənistanın  Azərbaycandakı səfirliyinin təşkil etdiyi türkmən xalqının  milli geyimlərindən, musiqi alətlərindən, Türkmənistan haqqında kitablardan, türkmən yazıçı və şairlərinin əsərlərindən ibarət sərgi nümayiş olunub. Tədbir iştirakçıları sərgiyə maraqla tamaşa ediblər.

Daha sonra universitetin  akt zalında "Türkmənistan günü"nün rəsmi açılışı olub. Mərasimi açan Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev səfiri və türkmənistanlı qonaqları səmimi salamlayıb və onları ölkəmizdə görməkdən məmnunluğunu bildirib. Nazir Azərbaycanla Türkmənistan arasında bütün sahələrdə, o cümlədən də təhsil və mədəniyyət sahələrində əlaqələrin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb. Tədbirdə çıxış edən Türkmənistanın Azərbaycandakı səfiri cənab Toyli Komekov, Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç, Türkmənistan Dövlət Universitetinin rektoru, professor Kurtniyaz Xanmuradov Azərbaycan və Türkmənistan respublikalarının  müstəqillik əldə etdikdən sonra keçdikləri inkişaf yolundan, Azərbaycan və türkmən xalqlarını tarixən birləşdirən oxşar dəyərlərdən, hər iki ölkənin  beynəlxalq qurumlarda və məclislərdə bir-birlərini dəstəkləməsindən, son illər ölkələrimiz arasında  getdikcə artan humanitar əlaqələrdən, Azərbaycanda Türkmənistan, Türkmənistanda isə Azərbaycan günlərinin  keçirilməsinin artıq ənənə halını almasından və bunun hər iki tərəf üçün faydasından, təhsil və mədəniyyət sahələrində  əməkdaşlığın son illər daha da genişlənməsindən, tələbə və müəllim mübadiləsinin artmasından söz açıb, bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik ediblər.

"Türkmənistan günü" dost və  qardaş ölkədən gəlmiş incəsənət ustalarının təqdim etdikləri maraqlı konsert proqramı ilə yekunlaşıb. Konsertdə Tükmənistanın xalq və əməkdar artistləri, milli rəqs  qrupu iştirak ediblər. 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2013.- 8 noyabr.- S.2.