Beynəlxalq konfransda pedaqoji təhsilin

müasir problemləri müzakirə olunub

 

Bu günlərdə Rusiyanın Sankt-Peterburq şəhərində Rusiya Təhsil Akademiyasının Pedaqoji Təhsil və Yaşlıların Təhsili İnstitutunun təşkil etdiyi VI Beynəlxalq elmi-praktik konfrans müasir dövrün təhsil sahəsini əhatə edən ən mühüm problemlərə həsr olunmusdu. Konfransda 300-dən artıq təhsil işçisi iştirak edirdi. Onların arasında Azərbaycan, Belarus, Qırğızıstan, Moldova, Tacikistan, Ukrayna, Rusiyanın qabaqcıl pedaqoqları, gənc pedaqoji təhsil işçiləri, müxtəlif institutların, aliorta təhsil müəssisələrinin nümayəndələri də təmsil olunurdu.

Konfransın başlıca məqsədi müasir dövrün ən aktual elmi problemlərinin və fasiləsiz pedaqoji təhsilin inkişafının ən səmərəli yollarının araşdırılması,gənc müəllimlərin statuslarının müasir dövrün tələblərinə uyğunlaşdırmanın yollarının müəyyən edilməsi, RTA  PTYTİ-nin 50 illik yubileyinin təntənəli qeyd edilməsi, 50 ildə görülən işlərin hesabatı və qarşıda duran problemlərin həlli yollarının tapılması,  Beynəlxalq İctimai Şuranın IV iclasında müzakirə olunan məsələlərə münasibət bildirilməsi və növbəti il üçün müzakirə mövzularının müəyyənləşdirilməsi idi.

Konfransı giriş sözü ilə PTA Pedaqoji Təhsil və Yaşlıların Təhsili İnstitutunun direktoru İrina İvanovna Sokolova açdı. O, institutun 50 ildə gördüyü işlərdən danışdı. İnstitutun fəaliyyəti barədə film nümayiş olundu. İnstitutun əməkdaşları mükafatlandırıldı. İrina Sokolovaya da institutun həyatında oynadığı rola, fəaliyyətə görə qızıl medal təqdim edildi.

Konfransda təbrik üçün söz Rusiya Təhsil Akademiyasının vitse-prezidenti, pedaqoji elmlər doktoru, professor Bolotov Viktor Aleksandroviçə, Pedaqoji Təhsil və Yaşlıların Təhsili İnstitutunun direktor müavini Sopin Viktor İvanoviçə, Peşəkar Təhsil Şöbəsinin akademik-katibi, pedaqoji elmlər doktoru, professor Çistyakova Svetlana Nikolayevnaya,Veteranlar İnstitutunun pedaqoji elmlər doktoru, professor Şapkin Viktor Vasileviçə  verildi.

Konfransa dəvət olunan nümayəndələr sırasında mən də konfrans iştirakçılarını Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlının adından təbrik və 50 illik yubiley münasibətilə institutun adından göndərilmiş hədiyyələri RTA PTYTİ-nin direktoru Sokolova İrina İvanovnaya təqdim etdim.

Konfransın plenar iclasında müxtəlif mövzularda məruzələrlə Respublika Peşəkar Təhsil İnstitutunun rektoru Şklyar Arkadiy Xononoviç, Ukrayna Pedaqoji İnstitutunun şöbə müdiri Lukyanova Larisa Borisovna, Pedaqoqikapsixologiya İnstitutunun direktoru Skovorodkina İrina Zosimovna çıxış etdilər.

"Azərbaycanda təhsilin inkişafı" mövzusunda məruzəmdə mən respublikamızda təhsilin müasir vəziyyəti ilə əlaqədar slaydlar nümayiş etdirdim, təhsil islahatları barədə konfrans iştirakçılarına məlumat verdim. Azərbaycan Müəllimlər İnstitutunda müəllim hazırlığı ilə bağlı görülən işlərdən, yaşlıların təhsili, inklüziv təhsil, gənc müəllimlərin hazırlığı ilə bağlı həyata keçirilən məsələlərdən, qloballaşmanın təhsilə gətirdiyi yeniliklər və qarşıya çıxan çətinliklərdən, onların həlli yollarından və təhsilə olan dövlət dəstəyindən söz açdım.

Konfransda belə bir fikir də səsləndirildi ki, pedaqoji təhsil sistemi innovativ təcrübənin MDB ölkələrinin aparıcı universitetlərinin təklif etdikləri layihələrə, pedaqoqların akademik mobilliyinə, beynəlxalq forumların, konfrans və simpoziumların qəbul edilməsinə və ötürülməsinə açıq olmalıdır.

Konfrans dünyada gedən demoqrafik  dəyişikliklərə də diqqəti cəlb etdi. Bu dəyişikliklər Rusiyada təhsilalanların sayının artmasına səbəb olubbu "demoqrafik dalğa" öz növbəsində xüsusi pedaqoji müşayiət tələb edir. Digər tərəfdən, təhsilin quruluşu və tələblərində də dəyişikliklər muşahidə olunur. Ömür boyu təhsil problemi  öz həllini axtarır, yaşlıların təhsili ilə əlaqədar üçüncü nəsil nümayəndələrinin maraqlarına uyğun strategiya hazırlamaq tələbi meydana çıxır ki, bu da fasiləsiz təhsildə pedaqoq-androloqların hazırlanmasına prioritet məsələ kimi önə çəkərək, androloq sənətinin pedaqoji mütəxəssislər siyahısına daxil edilməsini vacib sayır.

Konfransda pedaqoqların nüfuzunun qaldırılması probleminə də toxunuldu. Bu məsələnin də vacibliyi vurğulandı və müasir dünyada müəllimlərin dəyərləndirilməsi və nüfuzunun artırılmasının ən səmərəli yolları qeyd edildi.

Tələbələrin - gələcək pedaqoqunyeni cəmiyyətin yeni, kreativ vətəndaşın formalaşdırılmasının vacibliyi konfransın diqqət mərkəzində olan məsələlərdən idi. Konfransda yeniləşən, informatlaşan cəmiyyətin tələbi ilə yeni dövrün müzakirə olunan bütün məsələləri: fasiləsiz təhsil, inklüziv təhsil, yaşlıların təhsili, gənc pedaqoqların  statusu, demoqrafik dəyişikliklərin təhsildə yaratdığı "demoqrafik dalğa", tələbələrin - gələcək pedaqoqların hazırlanması və s. nəzərə alaraq onların həlli üçün vacib sayılan müddəalar qəbul edildi. 

 Konfrans MDB-nin iştirakçı-dövlətlərinə birgə əməkdaşlıq və hər sahədə səmərəli yardım təklifi ilə öz işini yekunlaşdırdı.

 

Dilguşə SÜLEYMANOVA,

AMİ-nin Təhsildə innovasiya kabinetinin direktoru

 

Azərbaycan müəllimi.- 2013.- 8 noyabr.- S.3.