Mərkəzin yetirmələri
uğurlarını
artırır
Bakı şəhəri Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi nümunəvi məktəbdənkənar tərbiyə müəssisəsidir. Burada uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli və faydalı təşkili üçün hər cür şərait yaradılıb.
Mərkəzin başlıca vəzifəsi hərtərəfli biliyə,
bacarığa, yüksək mədəniyyətə və
intellektə malik olan və
onu daim inkişaf etdirən, müstəqil və
yaradıcı düşünən, yüksək əxlaqi və
mənəvi keyfiyyətlərə malik olan gənclər yetişdirməkdir.
Uşaq-Gənclər
Yaradıcılıq Mərkəzində
28 adda - "Milli rəqs", "Bal rəqsləri",
"Rəsm", "Şahmat",
"Gənc aktyorlar",
"Çiçəyim" uşaq teatr studiyası, "Saz çalanlar ansamblı", "Nağaraçalanlar ansamblı" və sair kimi dərnəklər fəaliyyət göstərir.
Mərkəzdə uşaqların
dünyagörüşlərinin
formalaşdırılması, məlumat dairələrinin
genişləndirilməsi, asudə vaxtlarının səmərəli
və maraqlı təşkili, istedad və
qabiliyyətlərinin üzə çıxarılması məqsədilə
müxtəlif mədəni-kütləvi tədbirlər həyata keçirilir.
Yaradıcılıq mərkəzi 40 illik
fəaliyyəti ərzində rayon, şəhər,
respublika səviyyəli uşaq
tədbirlərində həmişə fəal iştirak edib. Hətta beynəlxalq miqyaslı uşaq
tədbirlərində bu tərbiyə
müəssisəsinin yetirmələri Türkiyə, Amerika, Çexiya, Polşa, Rusiya, Ukrayna, Belarus, Yaponiya, İngiltərə, Yunanıstan, Finlandiya, İordaniya, Norveç, Hindistan, Sloveniya və sair ölkələrdə keçirilən müsabiqə və
sərgilərdə, festival və bayramlarda çox böyük nailiyyətlər qazanaraq qızıl, gümüş,
bürünc medallar, diplom və fəxri fərmanlar əldə
ediblər. Növbəti uğurlarından biri
də Çexiya
Respublikasında "Mənim
ölkəmin adət və ənənələri" mövzusunda keçirilən "Liditse
2013" 41-ci Beynəlxalq uşaq rəsm
müsabiqəsində qazanılıb. Bu uğura gənc rəssamımız Elvina Nəbiyeva imza
atıb. Həmin müsabiqəyə rəsm dərnəyinin
46 üzvü milli adət
və ənənələrimizi əks etdirən rəsm işlərini göndərib.
Mərkəzin direktoru Lalə Qətinin sözlərinə
görə, bu günlərdə Çexiya Respublikasının Azərbaycandakı
səfirliyi tərəfindən mərkəzə məktub daxil olub. Məktubda
bildirilib ki, rəsm, rəngarlıq
və qrafika nominasiyası üzrə 4-16
yaş həddində olan
uşaqlar arasında keçirilən həmin müsabiqədə iştirak edən 16 yaşlı dərnək üzvümüz
Elvina Nəbiyeva qalib
adını qazanıb. İstedadlı dərnək rəhbəri
Nərmin Abdullayevanın yetirməsi olan
Elvinanın adət və ənənələrimizə həsr
etdiyi rəsm əsəri milli koloriti, məzmunu, orijinallığı və
rəng çalarlarına görə müsabiqənin təşkilat
komitəsinin diqqətini özünə cəlb edib. Qaliblər sırasına daxil
olub və gənc rəssamı səfirlik
təntənəli mükafatlandırma mərasiminə dəvət
edib.
Çexiyanın Azərbaycandakı
səfirliyində qaliblərin
mükafatlandırılma mərasimi keçirilib.
Beş azərbaycanlı qalib tədbirdə iştirak
edib. Səfir Radek Matula qalibləri
müsabiqədə qazandıqları uğurlara
görə təbrik edərək
Elvina Nəbiyevaya fəxri fərman və hədiyyə
verib.
Qeyd edək ki, yaradıcılıq mərkəzinin
yeni bir uğuru da 9 noyabr-Dövlət
Bayrağı Günü
münasibətilə respublika məktəbliləri arasında
"Bayrağımız qürur mənbəyimizdir"
mövzusunda keçirilən rəsm
müsabiqəsində əldə
olunub və "Rəsm" dərnəyinin on üzvü həmin
müsabiqənin qalibi seçilib.
Qaliblərə sertifikat və hədiyyələr
təqdim olunub.
Sifai SƏFƏROVA
Azərbaycan müəllimi.- 2013.- 15 noyabr.- S.5.