Türkiyə
universitetlərində kompüter elmləri
bölümünü ilk dəfə mən
qurmuşam
Dokuz
Eylül Universitetində çalışan azərbaycanlı
müəllimin təəssüratları
Əfəndi Nəsibov 1962-ci ildə iyunun 26-da Gürcüstanda Borçalı mahalının İmirhəsən kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsinə qəbul olunaraq Bakıda təhsilini davam etdirib. 1983-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Milli Elmlər Akademiyası Kibernetika İnstitutunda əyani aspiranturaya qəbul olunub. Elmi axtarışlarını davam etdirmək üçün Moskvaya gedib və 1987-ci ildə dissertasiya müdafiə edərək riyazi kibernetika` üzrə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb. Elmi fəaliyyətini Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunda davam etdirib. Azərbaycan Dövlət Neft Akademiyasında, sonra Azərbaycan Respublikası Təhsil Nazirliyində şöbə müdiri vəzifələrində çalışıb. 2001-ci ildə elmi çalışmalar üçün Ege Universitetinə dəvət edilərək Türkiyənin İzmir şəhərində professor olaraq çalışmağa başlayıb. 2007-ci ildə dəvət üzrə Dokuz Eylül Universitetinin Statistika bölümünə keçib.
Türkiyənin Ege Universitetinə dəvət aldım
2009-cu ildə
Türkiyə universitetlərində kompüter
elmləri bölümünü ilk dəfə mən qurmuşam.
İki ildir ki, bu bölümə tələbə
qəbul edirik. Yeni bir bölümün, xüsusilə də
Türkiyədə ilk dəfə olan bir bölümün
qurulmasına icazə verilməsi Azərbaycandan gəlmiş bir professora və
dolayısıyla Azərbaycan elmi məktəbinə
verilən qiymətin və göstərilən etimadın təzahürüdür.
Qeyd edim ki,
Türkiyədə universitetlərin quruluşu
bir qədər fərqlidir. Burada bölümlər tələbə qəbulundan
tutmuş təhsil prosesinə qədər
hər şeyi müstəqil olaraq planlaşdırırlar, Azərbaycan
universitetlərindəki fakültələrə bənzərdirlər.
Məsələn, bizim universitetin
fənn fakültəsində riyaziyyat, fizika, kompüter elmləri,
biologiya, statistika, kimya kimi bölümlər
mövcuddur. Kompüter
elmləri bölümü hər il təxminən 50 tələbə qəbul edir.
Dokuz Eylül Universiteti Türkiyədəki ən böyük və qabaqcıl universitetlərdən
biridir. Universitetimizdə 60 mindən çox tələbə təhsil
almaqdadır, 5 mindən çox işçi heyəti vardır.
Türkiyədə çox sayda master və doktor səviyyəsində
tələbələr yetişdirmişəm. Bununla
birlikdə Azərbaycan, İran və Malayziyadan olan tələbələrə
doktorluq dissertasiyalarında rəhbərlik
etmişəm. Elmi
çalışmalarımız süni intellekt, intellektual verilənlər
analizi, beyin
siqnallarının və genetik
informasiyanın analizi, ağıllı
şəhər transport sistemləri kimi son dərəcə müasir sahələrdədir.
Türkiyədə çox sayda universitetlə
yanaşı, beynəlxalq elmi əlaqələr
mənasında da bölümümüzün
fəaliyyət sahələri genişdir.
Amerika, Kanada, Almaniya, İspaniya, Rusiya, İran, Malayziya kimi ölkələrlə
elmi əlaqələrimiz mövcuddur.
Avropa və Amerika
universitetləri ilə tələbə mübadiləsi edirik. Bauman adına Moskva Dövlət Texniki
Universitetindən professor Valeriy
Tarasovun qrupu ilə
ağıllı sistemlər sahəsində elmi
əlaqələrimiz vardır.
Azərbaycanla sıx elmi əlaqələrim var
Azərbaycanla elmi əlaqəm isə daimidir.
Türkiyəyə getməmişdən əvvəl laboratoriya müdiri olduğum AMEA-nın Kibernetika
İnstitutunda indi də
elmi mövzulara rəhbərlik
edirəm və illik hesabatlarda
yer alıram. Bu
günlərdə zəlzələlərin yerini
və zamanını əvvəlcədən müəyyənləşdirə
bilmək üçün Dokuz
Eylül Universiteti ilə
AMEA-nın Kibernetika İnstitutu
arasında işbirliyi layihəsi
hazırlayırıq. Bu layihədə
Ankaradakı Təbii Fəlakətlər və Fövqəladə
Hallar Başkanlığı (AFAD) da iştirak edir. Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyevin təklif
etdiyi yeni elmi nəzəriyyədən istifadə olunaraq bu sahədə ciddi nəticələrin əldə edilməsini
düşünürük.
Türkiyədəki Kompüter mühəndisləri bölüm rəhbərləri hər il, hətta bəzən ildə bir neçə dəfə Türkiyənin
müxtəlif universitetlərində toplanaraq
gələcək planlarımızı müzakirə edirik. Bu toplantılar
Türkiyədə kompüter sahəsinin
inkişafına istiqamət verməsi mənasında çox vacibdir. Bu günlərdə növbəti 27-ci
toplantımızı Qafqaz Universitetinin dəvəti ilə Bakı şəhərində
keçirdik. 50-dən çox
bölüm rəhbəri bu
toplantıda iştirak etmək üçün Bakı şəhərinə
gəldi. Qafqaz Universitetindən başqa, Bakı Dövlət Universitetində,
Azərbaycan Texniki Universitetində,
AMEA-nın İnformasitya Texnologiyaları İnstitutunda toplantılarda olduq.
Bu universitetlərin müvafiq
sahədəki çalışanları ilə də
müzakirələr aparıldı və əməkdaşlığımızın
artırılması yolları müəyyənləşdirildi.
Xüsusilə qeyd etmək istəyirəm ki,
Bakı şəhərindəki bu
toplantılar çox yüksək təşkilatçılıq
və qonaqpərvərlik şəraitində keçirildi.
Bu səbəblə Qafqaz
Universitetinin rektoru, professor Ahmet Saniçə
təşəkkür etməyi özümə bir borc bilirəm.
Toplantıdan sonra Bakı şəhərini
və ətrafını gəzmək fürsətimiz də oldu. Qubadakı Soyqırımı abidəsini
ziyarət edə bildik. Bu abidə, gəzintidə iştirak edən hər kəsə indiyə
qədər oxuduqlarımızdan və televizor
ekranlarında gördüklərimizdən müqayisəolunmaz
dərəcədə daha çox
təsir bağışladı. Tariximizə sahib
çıxaraq, gələcək nəsillərə
ötürülməsi ücün əmək
sərf edən hər kəsə dərin minnətdarlığımı
bildirirəm.
Azərbaycanın
müstəqilliyini qazandığı ilk
illərdə həyat şəraitlərinin çətin
olması nəticəsində bir çox elm xadimi xarici ölkələrə
getmək məcburiyyətində qalmışdı. İndi düşünürəm ki, belə olması bəlkə də Azərbaycanın
dünyaya açılması mənasında
faydalı olmuşdur...
Azərbaycanda həyata keçirilən böyük
dəyişikliklər məni heyran etdi
Son zamanlar Türkiyədəki
işlərimin çox olmasına görə
Bakıya az-az gələ bilirəm. Son dəfə keçən il
Bakıda bir beynəlxalq konfransda
oldum. Son illərdə
Azərbaycanda həyata keçirilən böyük
dəyişikliklər məni heyran etdi. Bütün nümayəndə heyətimiz də Bakı şəhərinə
valeh oldu. Şəhərin
bu gözəlliyi, toplantıların keçirildiyi məkanlar və təşkilatçılıq
səviyyəsi bir azərbaycanlı olaraq məni çox
qürurlandırdı. Artıq istər gözəlliyi və
istərsə də beynəlxalq səviyyədə
keçirilən tədbirlərə görə Bakı
dünyanın ən gözəl şəhərlərindən
biridir.
Son illərdə Azərbaycanın güclənməsinin
dəyərini, yəqin ki, qürbətdə
olan soydaşlarımız daha
dərindən hiss etməkdədirlər.
Çünki Azərbaycanın
inkişafındakı hər addım olduğumuz
yerlərdə başımızın daha
uca, sözümüzün
daha kəsərli
olmasına səbəb olmaqdadır. Harada
olursa olaq, özümüzü Azərbaycan müəllimlərinin
bir nümayəndəsi hiss
edirik. Bu hisslərimizi
ölməz şairimiz Səməd Vurğunun unudulmaz sətirləri
daha yaxşı ifadə edir:
Hanki səmtə, hanki yana
Hey uçsam da
yuvam sənsən,
Elim, günüm, obam sənsən!
Azərbaycan, Azərbaycan...
Əfəndi NƏSİBOV,
professor,
fizika-riyaziyyat elmləri
doktoru,
Türkiyədəki Dokuz Eylül Universiteti fənn fakültəsi
kompüter elmləri
bölümünün rəhbəri
Azərbaycan müəllimi.-
2013.- 15 noyabr.- S.6.