Xarici dilin mətnin
komponentləri
əsasında tədrisi
təcrübəsindən
Xarici dilin öyrənmə vasitəsi kimi dərk olunması onun
ən mühüm ünsiyyət vasitəsi
kimi zəruriliyini şərtləndirir,
yazılı və şifahi dil formalarına yiyələnməyin vacibliyini meydana
çıxarır. Şagirdlər öz
fəaliyyətlərində tədris olunan
xarici dilə yeni bilik və bacarıqlara yiyələnmə
vasitəsi kimi yanaşır, onun funksional imkanlarından istifadə edirlər.
Xarici dilin təlimində
əsas məqsədə nail olmaq üçün
şagirdlərin nitq inkişafının
təmin olunması vacib hesab
edilir. Ona görə də təlim prosesində şagirdlərin
lüğət ehtiyatının zənginləşdirilməsi,
cümlə qurmaq vərdişlərinin
formalaşdırılması, rabitəli nitq
nümunələrinin hazırlanması mühüm
istiqamətlər kimi diqqət mərkəzində
saxlanılır.
Dilin düşünmə vasitəsinə
çevrilməsi prosesi nitq
fəaliyyətinin əsasını təşkil edən
sözlərin, eləcə də digər nitq
vahidlərinin öyrənilməsindən başlayır.
Danışıq səsləri, heca, söz, söz birləşməsi,
cümlə, nəhayət, mətn üzrə bilik, bacarıq və vərdişlər mənimsənilir.
Onlar qeyri-iradi keyfiyyətlər
kimi təfəkkür tərzinə,
düşüncə vahidlərinə çevrilir.
İdraki fəaliyyətin bütün
mərhələlərində fəaliyyətlər mənimsənilmiş
dil vahidlərinə, nitq
modellərinə əsasən qurulur.
İstər nitq fəaliyyətinin növləri, istərsə
də dil qaydaları üzrə
bacarıqların mənimsənilməsi ümumi
nitq inkişafını təmin edir. Burada dil,
nitq və mətn özünün
kommunikativ funksiyasını yerinə yetirir. Lakin dilin, nitqin və mətnin
yerinə yetirdiyi kommunikativ
funksiyalarda müəyyən fərqlər
meydana çıxır. Belə fərqlərin
daha geniş planda araşdırılması bəzi məsələlərə
aydınlıq gətirilməsini tələb edir.
Həmin məsələlər mətnin kateqoriya
və vahidlərini, mətnin funksiyalarını, dil-nitq münasibətlərini əhatə edir. Nitq aktları və mətn
dilçiliyi müstəvisindən də
bu məsələyə baxılarsa bütöv kommunikativ aktda istifadə olunun nitq aktlarının özlərinin də fərqli
funksiya və xüsusiyyətləri
üzə çıxır.
Ümumiyyətlə,
dilin funksiyaları geniş
anlayışdır və dilin cəmiyyətdə,
insanlar arasında, eləcə də tarixi inkişaf prosesində
oynadığı rolla səciyyələnir.
Dilin kommunikativ
funksiyası öz növbəsində kommunikasiya prosesinin amilləri
fonunda nitq və mətnin
kommunikativ funksiyaları kimi
öyrənilməlidir. Bu isə qeyd olunduğu kimi, bir sıra məsələləri
aydınlaşdırmağı, onlara
münasibət bildirilməsini tələb edir.
Mətn və qrammatik kateqoriyaları
müqayisə edib onların fərqli cəhətlərini
aşkara çıxarmaq mümkündür.
Pedaqoji ədəbiyyatda bu
kateqoriyalar arasında müəyyən fərqlər
qeyd edilir.
Mətnin semantika və quruluşunda
bu və ya digər
kateqoriyanın üzə çıxması funksional-semantik
sahə ilə əlaqədardır.
Belə sahə leksik-qrammatik sahə
ilə müqayisədə məzmunca daha
genişdir və daha çox konseptual səciyyə
daşıyır. Mətn kateqoriyasının gerçəkləşməsi
qrammatik kateqoriyadan fərqli
olaraq tənzimlənən deyil,
ehtimallı səciyyə daşıyır. Mətn üçün onun formalaşma xarakteri müəyyən
qaydalarla və ya qrammatika ilə məhdudlaşmır.
Formalaşma qrammatik, semantik, praqmatik
qaydaların geniş spektrindən bəhrələnmə
imkanları ilə seçilir. Mətnin
xassələri morfoloji və sintaktik qrammatik
kateqoriyaların funksional potensialın
reallaşmasında üzə çıxır. Mətnin belə
quruluşu mətn kateqoriyasının sərhədlərini
genişləndirməyə imkan verir.
Deyilənləri belə
ümumiləşdirmək mümkündür
ki, mətnin kateqoriyası onun
əlamətlərinin məcmusudur. Tam əsər,
eləcə də onun hissələri
müəyyən kateqorial əlamətlərə
malikdir. Bu əlamətlərin
qarşılıqlı münasibəti mətni yaradır. Mətn
isə bir bütöv
kimi ayrı-ayrı cümlələrdən
ibarətdir. Mətn - müxtəlif tipli
cümlələrin məcmusudur.
Cümlə əsas kommunikativ vahiddir. Kommunikativlik cümləyə xas
olan predikativlikdən irəli gəlir.
Cümlə elementlərinin kombinator
imkanları bu elementlərin hansı nitq hissəsi olması və bu
nitq hissəsinin hansı leksik-semantik
və qrammatik yarımqrupuna məxsus olması
ilə əlaqədardır.
Cümlə modellərinin
təsnifatının əsasında morfoloji,
semantik və sintaktik əlamətləri
qoyduqda cümlənin əsas tiplərini
aşağıdakı qaydada müəyyən
etmək olar:
1. Fel
cümlələri - bu, konkret
fiziki fəaliyyət olub
obyektə istiqamətlənir, fakültativ
şəkildə alət və vasitəni göstərir.
2. Adyektiv
cümlələr.
3. Şəxsin, predmetin xassələri, keyfiyyətləri
haqqında xəbər verən cümlələr.
4. Substantiv
cümlələr. Bu tip
üç yerə bölünür.
Təsnifedici xəbər verən cümlələr,
şəxs və ya predmetin
əlamətlərini bildirən cümlələr; burada əlamət predmetin
materialı, mənbəyi, mənşəyi ola
bilər; adlandırılmış əlamət əsasında
verilmiş zamanı və məkanı səciyyələndirə
bilər.
5. Zərflik cümlələr:
a) predmetin müxtəlif
əlamətlərindən xəbər verənlər; b) şəxsin vəziyyətindən xəbər
verənlər; c) mühitin
halını bildirənlər.
6. Kvantitativ cümlələr
- say və kəmiyyət bildirən başqa sözlərin predikatla
işlənməsi; haqqında söhbət gedən predmetin kəmiyyət xarakteristikalarını
bildirir, cümlənin adyektiv-komparativ
modelində iki predmetin
müqayisəsi haqqında məlumat öz
ifadəsini tapır.
Bu baxımdan, peşəkar xarici dil müəllimi tədris
prosesində cümlə və mətnin xarakteristik
xüsusiyyətlərini mütləq şəkildə nəzərə
almalı, şagirdləri kontekstə uyğun
seçilmiş mətn nümunələri
əsasında istiqamətləndirməlidir.
Səadət ZEYNALOVA,
Bakıdakı 250 nömrəli tam orta məktəbin ingilis dili müəllimi
Azərbaycan müəllimi.-
2013.- 15 noyabr.- S.6.