"Azərbaycan dilini
auditoriyada öyrəndim"
Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova ilə söhbət
13 noyabr 1958-ci ildə Bakı şəhərində doğulub. Moskva Dövlət Universitetinin psixologiya fakültəsinin məzunu, psixologiya elmləri üzrə fəlsəfə doktorudur. 1980-1990-cı illərdə Bakı Dövlət Universitetində psixologiya və pedaqogika kafedrasında, 1989-cu ildən BDU-nun nəzdində "İnkişaf" Elmi-Praktik Mərkəzində aparıcı elmi işçi, 1993-cü ildən Bakı Avropa Liseyinin elmi rəhbəri, 2005-ci ildən direktorudur. 2005-ci ildə "Tərəqqi" medalı ilə təltif olunub. 2008-ci ildə Azərbaycan Respublikasının "Əməkdar müəllimi" adına layiq görülub. Ailəlidir, 2 qızı var.
* Hərdən mənə deyirlər ki, nə yaxşı cavan qalmısan. Deyirəm ona görə ki, mən uşaqlarla işləyirəm. Təhsil sahəsində görmək istədiyim layihələrə köklənəndə özümü 30 yaşında təsəvvür edirəm.
* Bizim bir məzunumuz var. Mən onun adını həmişə qürurla çəkirəm və ümid edirəm ki, o, gələcəkdə yəqin ki, Nobel mükafatı alacaq.
* Arzuladığım modeli təhsil sahəsində həyata keçirməyə nail olmuşam.
* Təhsil sistemi psixoloji yanaşma üzərində qurulmalıdır.
* Süfrəmin yeməyini hər gün özüm bişirirəm.
- Zülfiyyə
xanım, Bakı Avropa Liseyi hansı zərurətdən
yarandı?
- 1989-cu ildə bizim təşəbbüsümüzlə
universitetdə "yaradıcı istedad" respublika
elmi-praktik mərkəz yarandı. Məqsəd istedadlı
uşaqların seçilməsi, onların səviyyəsinə
uyğun müvafiq təhsil modellərinin yaradılması
idi. Bu mövzu məni çox maraqlandırdığından
həmin yeni yaradılmış mərkəzə
aparıcı elmi işçi kimi getdim. Bir il sonra, 1990-cı
ildə Azərbaycan İstedadlar Assosiasiyası yarandı. Biz
başladıq tədqiqatlar aparmağa. Bütün respublika
üzrə istedadları axtarırdıq, qəzet vasitəsilə
respublikada olimpiadalar təşkil edirdik. Mərdəkanda
xüsusi düşərgələrimiz var idi. Uşaqları
oraya aparıb iki ay ərzində xüsusi təhsilə
hazırlayırdıq. Avropa Şurası ölkələrinin xüsusi məktəbləri
vardı. Avropa təhsili modeli onun əsasında Azərbaycanda ilk dəfə
1990-cı ildə yaranıb. Liseyimiz
1991-ci ildə artıq fəaliyyətə
başladı. İstedadlı uşaqlar üçün
ayrı-ayrı məktəblərdə siniflər təşkil
olundu. Biz uşaqları psixoloji testlərin əsasında
seçirdik. Məqsədimiz xüsusi istedadlıları
tapıb üzə çıxarmaq idi. Biz Avropa Liseyində cəmi
yarım il onlarla məşğul olduqdan sonra o uşaqlar
artıq əlaçı olurdu. Onlar Avropa Liseyindəki
mühitə bağlanır, bütün günü liseydə
qalmaq, nə isə bir yenilik etmək istəyirdilər.
Əvvəl biz 43 nömrəli məktəbdə, sonra isə
18 nömrəli məktəbdə yerləşdik.
- Liseydə tətbiq
edilən yeni təhsil modelləri barədə...
- Əslində
sualınızın cavabının da öz tarixçəsi
var. Mən o zaman analıq məzuniyyətində idim.
Qızımın bir yaşı olan günün səhəri
Moskvaya çox maraqlı bir seminara getdim. Ora Sandra Kaplan da gəlmişdi.
O, istedadlı uşaqların təhsili ilə bağlı
dünyada ən məşhur alimlərdən biridir. Deyirlər
ki, dünyada 8 nəfər qadın var ki, onlar müasir təhsilin
üzünü dəyişiblər. Yəni, ən
böyük yenilikləri onlar ediblər. Sandra Kaplan onlardan biridir. Çox
istedadlı, çox maraqlı bir alimdir. Fənlərarası
Təlim Proqramı ilə ilk dəfə Moskvada keçirilən
seminarda tanış oldum. Başa
düşdüm ki, bu, bizim istedadlı uşaqlarımız
üçün lazım və vacib olan bir proqramdır,
üstəlik də biz
istedadlı uşaqların təlimini gərək birinci sinifdən başlayaq. Avropa Liseyində tədrisi yuxarı siniflərdən
başlamışdıq, aşağı siniflər yox idi.
Bakıya qayıdandan sonra yeni təlim modelini
hazırlamağa başladım.
1992-ci ildə bu modeli yaradandan sonra 160 nömrəli məktəbin
nəzdində bir il o proqramın
pilotajını apardım. 1993-cü ildə
artıq Təhsil Nazirliyi tərəfindən bizim model təsdiq
edildi. Liseyə uşaqları birinci sinifdən
seçib yeni proqramla öyrətməyə başladıq.
Çalışırdıq ki, tətbiq
etdiyimiz yeni model həm də Azərbaycana uyğun olsun.
Cəmi iki il ərzində bizim
yaradıcı istedadlar mərkəzi çox böyük bir
iş gördü.
Bu il liseyimizdə Fənlərarası
Təlim Proqramının tətbiqinin 20 illiyini keçirəcəyik.
Bu, çox nadir bir proqramdır. Baxmayaraq
ki, bu, XX əsrin
sonlarında yaranan bir proqramdır, ancaq alimlər bu
proqramı XXI əsrin proqramı adlandırırlar. Çünki orada nəzərdə tutulan
konsepsiyaların hamısı məhz bu günün tələblərinə
cavab verir. Biz bu gün artıq deyə bilərik
ki, bu proqram nəinki XXI əsrin birinci yarısının, həm
də ikinci yarısının proqramıdır. Çünki ümumilikdə bugünkü təhsil
bu proqramın tələblərinə cavab vermək
üçün hələ çox addımlamalıdır.
Mən fəxr edirəm ki, biz bu proqramı tətbiq
etməyi bacardıq. Dünyada cəmi üç
ölkə Fənlərarası Təlim Proqramını həyata
keçirə bilib: Amerika, Rusiya və Azərbaycan. Bu, böyük bir nailiyyətdir.
- Bakı Avropa
Liseyini digər təhsil ocaqlarından fərqləndirən
cəhətlər?
- Əslində bizdə hər şey fərqlidir. Tədris ili iki semestrdən ibarətdir. Qiymətləndirmədə
100 ballıq sistem tətbiq edilir. Sonradan mən
bir bonus sistemi də icad etmişəm. Fənlər
üzrə testlər ilk dəfə bizim liseydə
başlanıb. Şagirdlərin, həmçinin müəllimlərin
psixoloji testlərlə seçimi...
Əslində bütün təhsil sistemi psixoloji
yanaşma üzərində qurulmalıdır. Mən fəal
təlim metodlarını fənlərarası təlim
metodları ilə birlikdə 1993-cü ildən Bakı Avropa Liseyində tətbiq
etməyə başlamışam. Artıq iyirmi
ildir ki, biz bu metodlarla işləyirik. Biz yalnız tədris
prosesini yox, həm də məktəbdənkənar fəaliyyətləri də tədrisin
tərkib hissəsi hesab edirik. Azərbaycanda heç bir vaxt
istifadə olunmayan bir iş usullarından istifadə edirik. Demokratik idarəetmə prinsipləri ilk dəfə
bizdə tətbiq olunub. Liseyimiz dövlətin
tədris ocağıdır və bizdə təhsil ödənişsizdir.
Liseyin bugünkü səviyyəyə
çatması heç də yalnız mənim zəhmətimin
nəticəsi deyil, bu, bütün kollektivimizin gərgin əməyinin
nəticəsidir. Həmçinin bizim
işimizə dövlət səviyyəsində də dəstək
göstərilir.
- Liseyin məzunlarından
ali təhsildən kənarda
qalan olmayıb ki?
- Müstəsna hallarda belə faktlar da olub ki, məsələn,
hüquq fakültəsinə, ödənişliyə
düşən məzun deyib ki, mən ödənişsizdə
oxumaq istəyirəm. O məzun həmin il
qəbul olunsa da, dərsə getməyib, növbəti il yenidən
imtahan verib və istədiyinə nail olub. Bizim məzunlarımızı
digərlərindən fərqləndirən əsas cəhətlər
dünyagörüşlərinin zənginliyi, öz məqsədlərinə
çatmaq uğrunda çox iddialı olmalarıdır.
Bizim bir məzunumuz
var: Dayaq Şahkərimli. Mən onun
adını həmişə qürurla çəkirəm və
ümid edirəm ki, o, gələcəkdə yəqin ki, Nobel
mükafatı alacaq. Hazırda Toronto
Universitetinin tələbəsidir. Dayaq xarici ölkədə o qədər
uğurlu göstəricilərlə təhsil alır ki,
artıq oradakı alimlərdən biri onu öz komandasına
götürüb. Biz liseydə şagirdlərimizə təlqin edirik
ki, hansı sahədə işləsəniz də, siz lider
olmalısınız. Azərbaycanı
bütün dünyada yüksək səviyyədə təmsil
etməlisiniz. Bizim liseyin şagirdi gərək
mütəmadi oxusun, öz üzərində
çalışsın.
- Xaricdə təhsil alan məzunlarınız
bilik səviyyəsi cəhətdən digər ölkələrdən
olan tələbə yoldaşları ilə ayaqlaşa bilirlərmi?
- Nəinki ayaqlaşırlar, əminliklə deyirəm
ki, hətta onlardan irəlidə getməyi bacarırlar. 2005-ci ildə məzunumuz Mikayıl Qasımov bir ildə
bir neçə universitetə qəbul edilmişdi. Seçim etdi və Harvard Universitetinə getdi.
Təhsil aldığı universitet elmi göstəricilərinə
görə onu tam təqaüdə layiq gördü.
2008-ci ildə iki məzunumuz eyni sinifdən
xarici ölkədəki eyni universitetə qəbul olundu və
hər ikisi də seçdikləri universitetin tam təqaüdünə
layiq görüldülər. Həmin universitetin rəhbərliyi
özü mat qalmışdı ki, universitetin
tarixində hələ elə bir fakt olmayıb ki, eyni ölkədən,
eyni məktəbdən, hətta eyni sinifdən olan iki məzunun
ikisi də bilik səviyyəsinə görə tam təqaüdə
layiq görülsün.
Məlumat üçün deyim ki, xarici
ölkədə tam təqaüdün məbləği ildə
50 mindir.
- Bəzən deyirlər ki, istedadlı uşaqlar
qeyri-adi xarakterə malik olur.
- Doğrudur. İstedadlı uşaqların o qədər
psixoloji problemləri olur ki... Müəllim gərək
şagirdinin ən incə problemlərini də duysun. Müəllim həm də psixoloq olmalıdır.
- Dərslik problemindən çox
danışılır. Bu baxımdan liseydə
vəziyyət necədir?
- Dərslik məsələsi çoxdan bizim lisey
üçün problem deyil. Çünki
müasir təhsil sistemində dərslik sözü heç
istifadə olunmur. Təlim materialları
deyilir. Biz tədris prosesində müxtəlif
təlim materiallarından, vəsaitlərdən istifadə
edirik. Bu da bir innovasiyadır ki, biz təkcə
dərsliklə kifayətlənmirik. Əsas
məsələ odur ki, biz şagirdlərimizi hansı məqsədə
yönəltmək istəyirik.
- Elmə bu qədər həvəs...
- Bakıda, ziyalı ailəsində
böyümüşəm. Anam həkim, atam isə
çox məşhur bir geoloq-alim idi, akademiyada işləyirdi.
Hələ sovet hökumətinin vaxtında
heç kəs xarici ölkələrin yolunu tanımayanda
atamı bütün ölkələr elmi tədbirlərə
dəvət edirdilər. Atam o konfranslara
tez-tez gedirdi.
Biz ailədə üç bacı idik.
Üçümüz də ali təhsil
aldıq. Amma çox təəssüf ki,
böyük bacımı qəza nəticəsində erkən
itirdik. Onda mən çox böyük
stres keçirdim.
Həyat yoldaşım qaz sənayesində
tanınan mütəxəssisdir. Böyük
qızım Bakı Dövlət Universitetini
qırmızı diplomla bitirib. Hazırda Avstriyada Ziqmund Freyd Universitetində
magistratura təhsili alır.
- Bakı Avropa Liseyinin həyatınızda
yeri?
- Mən liseyin həm direktoru, həm də elmi rəhbəriyəm.
Onu da deyim ki, elmi rəhbər olmaq mənim
üçün direktor olmaqdan daha məsuliyyətlidir. Amma düzünə qalsa, mən özümü bu
liseydə nə direktor, nə də menecer sayıram. Sadəcə aliməm. Bəlkə
də alimliyi atamdan öyrənmişəm. Həmişə çalışıram ki, elm təcrübəyə
bağlansın. Liseydə istifadə
etdiyimiz təlim modelini hər zaman təkmilləşdirməyə
çalışıram.
- Növbəti ad gününüz lap
qapınızın astanasındadır...
- Mən builki ad günümü Küveytdə
keçirəcəyəm. Ümumiyyətlə,
ad günlərimi ancaq öz ailəmlə qeyd edirəm.
Bircə dəfə, o da 50 illiyimdə çox
yaxın çevrəmlə, yəni kollektivimizlə birlikdə
ad günümü qeyd etmişik. Ad günlərimi
təntənəyə çevirmirəm. Küveytə
də ad günümə görə getmirəm. 2008-ci ildən başlayaraq beynəlxalq məsləhətçi
kimi işləyirəm. Bu vəzifə
çox məsuliyyətli və mürəkkəb işdir.
Bir an belə unutmaq olmaz ki,
gördüyün işlə yanaşı, həm də Azərbaycanı
təmsil edirsən. Hər zaman işimlə
sübut etməyə çalışmışam ki, bizim
ölkəmizin vətəndaşları elmdə kimsədən
fərqli pillədə deyil. Şagirdlərimə
də bunu aşılamağa çalışıram.
Bir il bundan əvvəl bizim bir
şagirdimiz "Artek"in böyük bir uşaqlar
liqasına prezident seçilmişdi.
Özümü şagirdlərimin müəllimi
yox, onların vəkili hesab edirəm. Müəyyən
layihələrim olur. Avropa Komissiyası, Asiya Bankı,
Dünya İnkişaf Bankı ilə işləyirəm. Bəzən
elə olur ki, işimlə əlaqədar getdiyim ölkələrdə
beş ayacan qalmalı oluram. Amma liseydə o qədər gözəl komandamız
var ki, onlar mənsiz də məktəbi çox yüksək
səviyyədə idarə edirlər. Lisey
böyük bir ailədir.
- Hansı dilləri bilirsiniz?
- Azərbaycan, rus, ingilis dillərini sərbəst bilirəm.
Fəal təlim üzrə Azərbaycanda ilk
kitabı mən yazmışam. Orta məktəbi
və universiteti tamamilə rusdilli kimi bitirmişdim. İlk dəfə BDU-ya işə gələndə
məni Azərbaycan bölməsinə dərs deməyə
göndərdilər. Kafedra müdirimiz
vardı - Əkbər Bayramov. O mənə dedi ki, sən
dilimizi başqa cür sərbəst öyrənə bilməyəcəksən.
Get dərs de, öyrət, özün də öyrən. Mən
də auditoriyada tələbələrimə dedim ki,
psixologiyanı mən yaxşı bilirəm, Azərbaycan
dilini də siz. Mən sizə psixologiyanı
öyrədəcəm, siz də mənə Azərbaycan
dilini. Elə də oldu. Azərbaycan dilini, demək olar ki, auditoriyada öyrəndim.
Sonunda fəal təlim kitabımı Azərbaycan dilində ərsəyə
gətirdim.
- Öyrənənin uğuru öyrədənin fəxri
deməkdir. Bu baxımdan yanaşsaq, fəxr etdiyiniz neçə yetirməniz var?
- Bu günə kimi 600 nəfər ali təhsilli məzunumuz olub,
hazırda təhsil alanlarımızın da sayı 1000 nəfərdən
artıqdır.
Liseyimizin məzunlarından ali təhsilli
pedaqoq kimi bu gün bizimlə çiyin-çiyinə işləyənləri
də var. Mən bundan çox qürur duyuram.
- Bəziləri
yaşının üstünə yaş gəlməyini
ürəyinə salır...
- Hərdən mənə deyirlər ki, nə
yaxşı cavan qalmısan. Deyirəm ona
görə ki, mən uşaqlarla işləyirəm. Uşaqlar mənə elə enerji, elə ruh verir ki,
yaşımın hara çatdığını
düşünmürəm. Buna heç
vaxtım da yoxdur. Təhsil sahəsində
görmək istədiyim layihələrə köklənəndə
özümü 30 yaşında təsəvvür edirəm.
Hətta günü sabah dünyamı dəyişsəm
belə mən dünyadan rahat gedərəm. Çünki
istədiyim, arzuladığım modeli təhsil sahəsində
həyata keçirməyə nail olmuşam.
- Ev işlərinə vaxtınız çatırmı?
- Xörək bişirmək mənim xobbimdir. Süfrəmin yeməyini hər gün özüm
bişirirəm. Ev işlərini də
çox həvəslə görürəm. Əslində evə ayırdığım hər
bir an mənim istirahət vaxtım sayıla bilər. Çünki yorulmaq əvəzinə sanki dincəlir,
rahatlanıram.
- Zülfiyyə xanım, müsahibəyə görə
sağ olun. Sizin şərəfli işinizdəki
uğurlu nəticələrdən biz də hər zaman
qürur hissi keçiririk. Ad
gününü harada keçirmək önəmli deyil,
önəmli olan odur ki, yola saldığınız hər ad
günündə sevdiyiniz, seçdiyiniz işinizin
başındasınız.
Ellada
UMUDLU
Azərbaycan
müəllimi.- 2013.- 15 noyabr.- S.4.