Təhsil Problemləri İnstitutunda "Fənn üzrə

məktəb kurikulumu" mövzusunda seminar keçirildi

 

Noyabrın 8-də Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzində "Fənn üzrə məktəb kurikulumu" mövzusunda seminar keçirildi. Tədbirdə Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov,  Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov, Kurikulum Mərkəzinin direktoru Ənvər Abbasov, beynəlxalq məsləhətçi Aleksandr Krisian, institutun professor-müəllim heyəti, pedaqoji kadr yetişdirən ali təhsil müəssisələrinin alimləri, qabaqcıl məktəb rəhbərləri və kurikulumların hazırlanmasında iştirak etmiş işçi qruplarının nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov respublikamızda gedən təhsil islahatından danışaraq bu sahədə çox böyük nailiyyətlər əldə olunduğunu bildirdi. Azərbaycan təhsilinin dünya təhsil sisteminə uğurla inteqrasiya etdiyini nəzərə çatdıran Q.Novruzov qeyd etdi ki, bir çox islahatlar kimi kurikulum islahatı da mərhələli şəkildə  həyata keçirilir. Kurikulumun yerlərdə səmərəli şəkildə tətbiq edilməsinin vacibliyi vurğulandı.        

Tədbirdə Kurikulum Mərkəzinin İbtidai təhsilin kurikulumu şöbəsinin müdiri Bibixanım İbadova "İbtidai təhsil səviyyəsində fənn üzrə məktəb kurikulumunun hazırlanması" mövzusunda təqdimat etdi. Təqdimatda fənn üzrə məktəb kurikulumunun hazırlanmasını zəruri edən səbəblərdən danışıldı. Məktəb kurikulumunun strukturu və məzmunu barədə məlumat verildi. Sonra bir fənn üzrə (həyat bilgisi, I sinif) məktəb kurikulumu nümayiş etdirildi.

Kurikulum Mərkəzinin Ümumi ortatam orta təhsilin kurikulumu şöbəsinin müdiri Akif Əliyev   təqdimatla çıxış etdi. "Ümumi ortatam orta təhsil səviyyəsində fənn üzrə məktəb kurikulumu" mövzusunda təqdimatda iştirakçılar ümumi orta təhsil səviyyəsində tədris edilən fənlərin kurikulumuonun xüsusiyyətləri ilə tanış oldular.

Beynəlxalq məsləhətçi Aleksandr Krisian seminarda çıxış edərək sənədin əhəmiyyəti və onun daha da təkmilləşdirilməsi ilə bağlı rəy və təkliflərini söylədi.

 Sonra Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov çıxış edərək kurikulum islahatının əhəmiyyətindən danışdı, tövsiyələrini bildirdi. Məktəb kurikulumunun mahiyyəti və məzmunu barədə geniş məlumat verdi.  

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2013.- 15 noyabr.- S.2.