Necə yaşayırsan, tələbə?

 

Azərbaycan Memarlıq və İnşaat

Universitetinin tələbələri ilə söhbət

 

Tələbəlik insan ömrünün ən yaddaqalan, tez-tez xatırlanan bir  dövrüdür. Acılı-şirinli bu həyat insana həm də müstəqil yaşamağı, enişli-yoxuşlu yollarda öz ayaqları üstə necə durmağı öyrədən bir dövrdür. Tələbəlikdən söz açanda isə ağlımıza ilk öncə yataqxana həyatı gəlir. Bu baxımdan da tələbəlik dövrü yataqxana həyatı ilə daha çox yadda qalır. Axı yataqxanasız tələbəlik illərinin nə dadı-duzu var ki? Yataqxana insanın bir şəxsiyyət kimi təkmilləşməsində, mükəmməlləşməsində əvəzsiz vasitədir. Buna görə də ali təhsil illərini yataqxanada keçirən tələbə ilə digərlərinin arasında fərq ictimai həyatda seçilir. Yataqxanada tələbəlik həyatı sürənlər digər tələbələrdən  daha tez ünsiyyət qurur, öhdələrinə düşən vəzifələri və məsuliyyətləri dərk edərək onların həllinə yol tapırlar. Çünki yataqxana müstəqil həyat, yeni dostlar, tanışlar deməkdir. Bəs görəsən, müasir dövrdə necə? Sualı cavablandırmaq üçün tələbəlik illərini yataqxanada keçirən gənclərin gündəlik həyatlarını öyrənmək məqsədilə paytaxtın Yasamal rayonu ərazisində yerləşən Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə yataqxanasına yollandım. Öncə yataqxananın komendantına yaxınlaşaraq gəlişimin məqsədini bildirdimondan yataqxanaya daxil olmaq üçün icazə aldım. İçəri daxil olan kimi liftin qarşısında dayanmış iki tələbəyə yaxınlaşdım. Onlarla tanış oldum. Gəlişimin məqsədini biləndə məni mehribanlıqla öz otaqlarına dəvət etdilər və biz çay süfrəsi ətrafında şirin söhbətə başladıq.

Həmsöhbətimin biri Orxan Pənahov AMİU-nun III kurs tələbəsidir. Sabirabad rayonunun Xəlfəli kəndində doğulub. Artıq 3 ildir ki, yataqxanada yaşayır.  Orxanın otaq yoldaşı, ikinci həmsöhbətim isə İsmayıl Şıxəliyevdir. Sabirabad rayonunun Abdulabad kəndindəndir. O da AMİU-nun III kursunda təhsil alır. Həmyerlisi kimi İsmayıl da tələbəliyin ilk illərindən bu yataqxanada məskunlaşıb.

Yataqxananın yeni təmir olunması nəzərimdən qaçmadı. Geniş, işıqlı otaqda 4 çarpayı var idi. Lakin Orxanla İsmayıl bildirdilər ki, hazırda bu otaqda 3 nəfər yaşayır və yoldaşlarından biri dərsdədir. 

- Tələbə həyatı çətindirmi?

Orxan (gülümsəyir): Həm çətindir, həm də maraqlı. Çətindir ona görə ki, evdən, ailəmizdən uzaqdayıq. Orta məktəbdə oxuyanda, evə gələn kimi isti yeməyimiz hazır olurdu. Hətta şıltaqlıq edib onu yemirəm, bunu yeyirəm deyə evdəkilərə əziyyət verirdik. Tələbə olduqdanuşaqlarla birgə yataqxanada yaşadıqdan sonra isə burada tələbə həyatının çətinliyini hiss etməyə başladım. Artıq yeməyi də özüm bişirməli, paltarımı da özüm yumalıyam. Bütün bunlarla yanaşı, təbii ki, dərslərimi də hazırlamalıyam. Lakin buna baxmayaraq tələbəlik dövründə üzləşdiyim problemlər qarşısında heç vaxt əyilməmişəm. Əksinə, bu çətinliklər bizə mətin olmağı öyrədib. Biz tələbələr gələcəyə ümidlə baxmalıyıq. İndi çəkdiyimiz əziyyətin gələcəkdə bəhrəsini görəcəyimizə inanmalıyıq. Maraqlı tərəfinə gəldikdə isə yeni mühit, yeni şərait, dostlar və sairə.

- Əsasən hansı yeməklərə üstünlük verirsiniz?

İsmayıl: Evdə nə tapsaq, onu da bişiririk. Amma ənənəvi tələbə yeməyi olan kartof soyutması və qızartmasından daha çox istifadə edirik. Dərsdən gəlirik, yorğun oluruq. Ona görə çalışırıq ki, tez başa gələn yemək bişirək. Kartof qızartması, sosiskas. gündəlik yediyimiz yeməklərdir. Nadir hallarda digər yeməklər bişiririk. Ev yeməklərini isə yalnız rayondan sovqat gələndə görürük.

- Ayda təxminən nə qədər pul xərcləyirsiniz?

Orxan: Aylıq xərclərimiz təxminən 150-200 manat həcmində olur. Bəzən bu artıq da ola bilər. Ancaq çalışırıq ki, həmin məbləğlə ötüşək. Hər ikimiz özəl mühafizə xidmətində çalışırıq və valideynlərimizi xərcə salmamağı düşünürük. Ayda 180 manat əməkhaqqı alırıq və bu məbləğ bizi tələbə kimi qane edir. Evdən də tez-tez kənd məhsulları göndərirlər və bu da bizə çox kömək olur. Amma bundan başqa bəzən nəzərdə tutmadığımız xərclər də olur. Dostlarla şəhərə gəzməyə çıxırıq, hərdən kafedə oturub çörək yeyirik. Onda məcbur olub 5-10 manat artıq xərcləyirik.

Onu da qeyd edim ki, yataqxanada yaşayan tələbələr arasında birlik və bərabərlik var. Problemlərimizi və çatışmamazlıqları birgə aradan qaldırmağa çalışırıq. Demək olar ki, bir ailə şəraitində yaşayırıq. Əlamətdar günləri, ad günü və bayramları birgə qeyd edirik.

- Otaqda səliqə-sahman işi və ya xörək bişirmək kimin öhdəsindədir?

İsmayıl (hər ikisi gülür):

-Bu işləri növbələşdiririk. Amma hərdən olur ki, növbəmizə düşənləri də bəzi səbəblərdən edə bilmirik. Belə olan hallarda bir-birimizi yola verməyi bacarırıq. Xörək bişirmək işinə əsasən Orxan baxır. Mən isə səliqə-sahman işini görürəm. Paltarlarımıza gəldikdə isə hərə öz paltarını yuyur və ütüləyir. Bəzən paltarlarımızı yuyulması üçün rayona da göndəririk. Şükrlər olsun ki, yataqxana təmirdən yeni çıxıb, şəraiti yaxşıdı. Otaqlarımız istidir və daim isti-soyuq suyumuz var. İstənilən zaman hamamdan istifadə edə bilirik. Bunun üçün rəhbərliyə xüsusi minnətdarlığımızı bildiririk.

- Asudə vaxtlarınızı necə keçirirsiniz?

İsmayıl: Demək olar ki, boş vaxtlarımız çox az olur. Həm işləmək, həm oxumaq çox çətindir. Düzdür, işə 3 gündən bir gecə növbəsində gedirik, ancaq buna baxmayaraq, dərslərimizi yaxşı oxumaq üçün çox çalışırıq. Nəzərinizə çatdıraq ki, biz həm universitetin Tələbə Gənclər Təşkilatının fəal üzvlərindənik. Bu təşkilatla bağlı müxtəlif tədbirlərdə yaxından iştirak etdiyimizə görə demək olar ki,  boş vaxtımız olmur. Ancaq çox az hallarda da olsa,  boş vaxtlarımız olur. Həmin anlarda gəzməyə ya idmanla məşgul olmağa, İnternetdən istifadə etməyə daha çox üstünlük veririk.

- Gələcək planlarınız haqqında deyə bilərsiniz?

Orxan: Universiteti bitirdikdən sonra  hərbi xidmətə gedəcəm. İnşallah qayıtdıqdan sonra ixtisasım üzrə yaxşı bir mütəxəssis kimi dövlətimizə layiqli vətəndaş olmağı düşünürəm.

İsmayıl: Mən cəmiyyətə yararlı ziyalı bir şəxs olmağı, pillə-pillə hədəflərimə doğru addımlamağı düşünürəm.

Biz Orxanla İsmayıla maraqlı söhbət etdiklərinə görə təşəkkürümüzü bildirir,  onlara gələcək həyatlarında uğurlar arzulayırıq.

 

Niyazi RƏHİMOV,

"Azərbaycan müəllimi"

 

Azərbaycan müəllimi.- 2013.- 22 noyabr.- S.4.