Üçcildlik Azərbaycan
dilçiliyi müntəxəbatı
Hər bir elm öz tarixini yaratmaq, özünü təsdiq etmək üçün müəyyən inkişaf yolu keçməlidir. Dünya dilçiliyindən, türkolojidən heç də geri qalmayan Azərbaycan dilçiliyi yüksələn xətt üzrə inkişaf etməkdədir. Orta yüzilliklərdə təməli qoyulmuş Azərbaycan dilçiliyi çox sürətlə inkişaf edərək öz nüfuzunu daha da artırdı. Sonrakı dövrlərdə elmi qrammatikamız formalaşdı, güclü potensialı olan Azərbaycan dilçi kadrları yetişdi, dilçiliyimizin yeni sahələri meydana gəldi, dilçiliyimizin nəzəri səviyyəsi yüksəldi, tətbiqi genişləndi.
Dilçilik tariximiz görkəmli
alimlərimiz-dilçilərimiz tərəfindən də
yüksək qiymətləndirilmişdir: "Dilçiliyimizin cəmi 60 il
müddətində keçdiyi inkişaf yolu keçmişin bir
neçə əsrindən qat-qat
artıq olmuşdur" (akademik
A.A. Axundov); "Azərbaycan dilçiliyi
oktyabr meyvəsidir" (Ə.Dəmirçizadə).
Beləliklə, bu dövrlərdə Azərbaycan dilçiliyi bir elm kimi tam
formalaşa bildi. Dilçiliyimizin eninə və dərininə
inkişafı həmin dövrləri səciyyələndirən
ən başlıca amillərdəndir.
Azərbaycan
dilinin qloballaşma
şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında Azərbaycan
Respublikası Prezidentinin sərəncamında
deyildiyi kimi, "1945-ci
ildə Azərbaycan Elmlər Akademiyası təşkil olunduqdan sonra Azərbaycan dilçiliyi yeni mərhələyə qədəm qoydu.
1969-cu ildə müstəqil Dilçilik İnstitutunun fəaliyyətə
başlaması ilə dilşünaslıq elmimizin
sürətli inkişaf yolu
tutaraq ardıcıl şəkildə
müvəffəqiyyətlər qazanması üçün
möhkəm zəmin yarandı".
Bununla belə, Azərbaycan dilçiliyinin
həllini tapmamış problemləri də mövcuddur.
Bu problemlərdən biri
də Azərbaycan dilçiliyi tarixindən
ayrılmaz olan dilçilik
müntəxəbatının hazırlanması və nəşri
məsələsidir. Müntəxəbatın indiyə kimi olmaması ancaq təəssüf
doğura bilərdi.
Artıq üçcildlik "Azərbaycan dilçiliyi müntəxəbatı" Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevin 29 may
2012-ci il tarixli sərəncamına
əsasən nəşr olunmuşdur.
Müntəxəbatlar Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin anadan olmasının 90 illiyinə
həsr edilmişdir. Qeyd
edək ki, müntəxəbatlar akademik A.A.Axundovun və
AMEA-nın müxbir üzvü
K.M.Abdullayevin rəhbərliyi altında, filologiya elmləri doktoru, professor F.Y.Veysəllinin ümumi
redaktəsi ilə nəşr edilmişdir.
I cildin tərtibçisi, izah və şərhlərin müəllifi, filologiya elmləri üzrə fəlsəfə
doktoru T.Quliyev, II cildin tərtibçisi, izah
və şərhlərin müəllifləri filologiya
elmləri doktorları, professorlar S.Mehdiyeva, S.Sadıqova və İ.Tahirovdur,
III cildin tərtibçisi, izah və şərhlərin müəllifi filologiya elmləri doktoru,
professor İ.Kazımovdur. Nəşrin
hazırlanmasında redaktə işlərini filologiya
elmləri doktoru professor
M.Mahmudov, filologiya elmləri
üzrə fəlsəfə doktoru, dosent E.İnanç, professor S.Sadıqova və İ.Tahirov
yerinə yetirmişlər. Mətnlərin toplanmasında filologiya elmləri doktoru, professor İ.Məmmədlinin də əməyini
qiymətləndirmək olar.
Hər üç cilddə "Ön
söz" verilmiş,
burada Azərbaycan dilçiliyinin
dünəni, bu günü
izah olunmuş və
sabahı proqnozlaşdırılmışdır. Eyni zamanda Kamal
Abdullayev və Fəxrəddin Veysəllinin
yazdıqları "ön söz"də
dilimizə və dilçiliyimizə dövlət
qayğısı əsaslandırılmışdır. Burada deyilir: "Hazırda dilimizin müxtəlif
aspektləri, Azərbaycan dilçiliyinin
nəzəri və tətbiqi əhəmiyyət
daşıyan məsələləri müasir
tədqiqat metodlarının köməyilə az və ya çox
dərəcədə işlənib hazırlanıb, fonetika və fonologiya, morfologiya və morfonologiya,
leksikoqrafiya və leksikologiya,
sintaqmatika, praqmatika və
semantika sahələrində müəyyən
tədqiqatlarımız və uğurlarımız
danılmazdır. Azərbaycanda son
20 il ərzində ümumdünya
dilçiliyinin tərkib hissələri olan semiotika, transliterasiya, terminologiya, neyrolinqvistika, etnolinqvistika,
psixolinqvistika və uşaq
dilçiliyi kimi yeni elm sahələri formalaşmağa başlamışdır. İndi bizdə rusistika, germanistika, romanistika, mətn
dilçiliyi, funksional
dilçilik və koqnitiv
dilçilik sahəsində yeni istiqamətlər
formalaşmaqdadır, bu aspektlər
üzrə ciddi elmi
araşdırmalar aparılır" (s.6).
Qeyd edək ki, Azərbaycan
dilçiliyinin inkişaf
konsepsiyasına müvafiq olaraq
aparılan tədqiqatlar təkcə şəxsi karyera üçün
aparılmamış, dövlətin, cəmiyyətin maraq və ehtiyaclarına xidmət etmişdir (akademik R.Mehdiyev).
Bu gün yüksək
səviyyədə hazırlanmış müntəxəbat da dünya elm
məkanına inteqrasiya kimi
qiymətləndirilməlidir.
Müntəxəbatın
I cildi Mahmud
Kaşğarlıdan I Türkoloji Qurultaya qədərki dövrü
əhatə edir. Bu cild vaxtı ilə Azərbaycan dili haqqında söylənmiş fikir və mülahizələri özündə
inikas etdirir. Həmin
cilddə Mahmud Kaşğarlı, Mirzə
Kazımbəy, Bəkir Çobanzadə, Ə.Cəfəroğlu
kimi görkəmli türkoloqların elmi əsərlərindən müəyyən
hissələr və fraqmentlər verilmişdir.
I cilddə eləcə də I Türkoloji
Qurultayın materiallarından-məruzələrdən
seçmələr və onlar barədə
dilçilərimizin verdikləri dəyərli fikirlər,
qiymət əksini tapmışdır.
I Türkoloji
Qurultayın tarixi əhəmiyyəti bəllidir.
1926-cı ildən sonra orada
deyilmiş fikirlər, oxunmuş
məruzələr arxivlərin künc-bucağında
qalmış, məlumatsızlıq xeyli
müddət davam etmişdir.
Azərbaycan öz müstəqilliyini
qazanandan sonra
F.Ağazadənin, Aşmarin Nikolayın,
B.Çobanzadənin, F.Köprülüzadənin, Şerba Levin, Nikolay Yakovlevin, Hənəfi
Zeynallının məruzələri əldə edildi və bu müntəxəbatda
da çap həllini
tapdı. Birinci Türkoloji
Qurultayın məruzələrindən seçmələrdə
Türk dilində imla
qaydaları (F.Ağazadə), türkologiyanın keçmişi və onun
hazırkı vəziyyəti haqqında (Aşmarin
Nikolay), türk ləhcələrinin
yaxın qohumluğu haqqında; elmi terminologiya sistemi
haqqında (B.Çobanzadə), türk
xalqlarında ədəbi dilin
inkişafı (F.Köprülüzadə), doğma
dilin tədrisi metodikasında ən yeni cərəyanlar (Şerba
Lev), orfoqrafiyanın əsas prinsipləri
və onların sosial əhəmiyyəti
(Şerba Lev), türk millətlərinin sosial
və mədəni şəraiti ilə əlaqədə
əlifba sisteminin qurulması proqramı (N.Yakovlev), türk dilləri
üzrə elmi terminologiya
sistemi haqqında (H.Zeynallı) maraqlı tarixi məlumatlara yiyələnmək mümkündür.
Müstəqillik illərində
respublikamızda Birinci Türkoloji
Qurultayın 80 illiyi təntənəli
şəkildə keçirildi.
Dünyanın əksər ölkəsindən dəvət olunmuş alimlər bu qurultayda yaxından iştirak
etdilər. Tarixi məruzələrə
müxtəlif baxışlar formalaşdı. Müntəxəbatın
I cildində qurultaydakı məruzələrə verilmiş dəyərləndirmələr də
bu baxımdan xüsusilə seçilir. A.Axundovun "Birinci Türkoloji
Qurultay və müasir
türk dünyası", T.Hacıyevin
"Birinci Türkoloji
Qurultayın ədəbi dil məsələləri",
S.Mehdiyevanın "Azərbaycan dili tarixi Türkoloji Qurultay işığında",
Əbülfəz Quliyevin "80 ildə qədim
türk etnonimlərinin öyrənilməsi
məsələləri", M.Musaoğlunun
"Türkoloji dilçilik
Birinci Türkoloji Qurultaydan öncə və sonra",
F.Veysəllinin "I Türkoloji Qurultay - 80 il əvvəl,
sonra və əlifbamızın həll
olunmamış problemləri". Bu qiymətləndirmə
meyarları da sözügedən müntəxəbatda
görünür və bu
vəsaitin dəyərini bir daha artırır.
Müntəxəbatın
II cildi I Türkoloji Qurultaydan XX əsrin 60-cı illərinə qədərki
dövrü əhatə edir.
Bu mərhələni
N.Ağazadə, Q.Bağırov, C.Cəfərov, S.Cəfərov,
M.Cahangirov, Ə.Dəmirçizadə,
Ə.Əfəndizadə, F.Kazımov, A.Qarayev,
Ə.Mahmudov, H.Mirzəzadə, R.Məhərrəmova,
Ə.Orucov, M.Hüseynzadə, Ə.Şükürlü, M.Şirəliyev,
M.Tağıyev, Z.Tağızadə, A.Vəliyev, F.Zeynalov kimi görkəmli
dilçilər təmsil etmişlər. Həmin dilçilər
haqqında da müəyyən biblioqrafik məlumat verilir,
onların ən lazımlı əsərlərindən parçalar müntəxəbatın
sözügedən cildində verilmişdir.
Həmin parçalardan məlum
olur ki, N.Ağazadə
müasir Azərbaycan ədəbi dilində
şəkil kateqoriyasını ilk dəfə
modallıq kateqoriyası ilə müqayisədə öyrənmiş,
Q.Bağırov dilimizdə fellərin leksik-semantik
inkişafını xalqımızın tarixi
inkişafı ilə bağlı araşdırmış, C.Cəfərov
tədqiqatlarını üç
istiqamətdə- metodiki, tərcüməçilik
və leksikoqrafik, elmi-nəzəri
yönlərdə qurmuş, S.Cəfərov
dilimizin lüğət tərkibini, söz yaradıcılığı prosesini hərtərəfli
araşdırmış, M.Cahangirov Azərbaycan
milli ədəbi dilinin
təşəkkülü, təkamülü, aparıcı
üslubları haqqında öz sözünü
demiş, Ə.Dəmirçizadə Azərbaycan
ədəbi dilinin tarixini
dövrləşdirmiş, müasir dilimizin fonetikası, üslubiyyatı, tarixi qrammatikası barədə tutarlı
fikirlər demiş, Ə.Əfəndizadə
Azərbaycan dili orfoqrafiyasının
prinsipləri, qaydaları və tədrisinin elmi
əsaslarını müəyyənləşdirmiş, düzgün yazı təliminin əsas
problemlərini tədqiq etmiş,
F.Kazımov dilimizdə fonemi müəyyənləşdirmək
üsullarını aydınlaşdırarkən dilimizin sait fonemləri üçün güclü
mövqe söz kökünü hesab etmiş, məsələyə saitlərin fonematik mənası baxımından
yanaşmış, ingilis dili
ilə müqayisələr aparmış, A.Qarayev
müasir Azərbaycan dilində Avropa mənşəli
sözlərin semantik-statistik təhlilini vermiş, həmin sözlərin izahlı
lüğətini yaratmış, Ə.Mahmudov
Azərbaycan dilinin fonetik
sisteminin və onunla əlaqədar
olan fonetik hadisə və
qanunların dəqiq və hərtərəfli təhlilini
aparmış, H.Mirzəzadə nəsr dili,
tarixi fonetika, tarixi morfologiya haqqında əsaslı təhlillər vermiş, R.Məhərrəmova ədəbi dil tariximiz, funksional üslublar, tarixi qrammatika, leksika məsələlərinə dair çoxsaylı kitablar
yazmış, Ə.Orucovun ən böyük xidməti Azərbaycan dilinin izahlı lüğətinin nəzəri
əsaslarının hazırlaması və həmin
lüğətin dörd cilddə nəşr etməsi olmuş,
M.Hüseynzadə Dövlət mükafatına layiq görülmüş
morfologiya yazmış, Ə.Şükürlü qədim türk
yazılı abidələrinin dilini tədqiq
etmiş, dilimizə məxsus köməkçi
nitq hissələrinin fonomorfoloji
inkişaf tarixini nəzərdən
keçirmiş, M.Şirəliyev Azərbaycan dialektologiyasının, Bakı dialektinin əsaslarını
hazırlamış, M.Tağıyev rusca-azərbaycanca frazeoloji lüğətlərin nəzəri
və praktik məsələləri ilə
məşğul olmuş, Z.Tağızadə
eksperimental fonetika,
mürəkkəb cümlə məsələlərinə
aydınlıq gətirmiş, A.Vəliyev Azərbaycan dilində
keçid şivələrini xüsusi tədqiqat obyekti
seçmiş, F.Zeynalov
türk dillərində nitq
hissələrini təsnif etmiş, əsas
və köməkçi nitq hissələrinin
müqayisəli qrammatikasını yaratmışdır.
Göründüyü kimi, tərtibçilər
sözügedən müəlliflərin çox
dəyərli və bir-birindən fərqli
konsepsiyalarını əks etdirən mətnlərə
müraciət etmişlər.
Həcmcə ən böyük cild III cilddir. Müntəxəbatın III cildi XX əsrin 60-cı illərindən
günümüzə qədərki dövrü
əhatə edir. Bu mərhələni
müntəxəbatda görkəmli və tanınmış
dilçilər - Ə.Abdullayev, M.Adilov, V.Aslanov, A.Axundov, H.Bayramov, Z.Budaqova, T.Hacıyev, Ə.Cavadov,
A.Ələkbərov, T.Hacıyev, M.Qasımov, M.Qarayeva,
A.Qurbanov, A.Məmmədov, V.Məmmədəliyev,
Y.Seyidov təmsil etmişlər. Müəllif-tərtibçi Ə.Abdullayevin
"Azərbaycan dilində r-n nisbəti"
məqaləsini, həmçinin onun
"Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr"
monoqrafiyasından "Müasir Azərbaycan
dilində mürəkkəb cümlənin təkamül
meyilləri" adlı parçanı, M.Adilovun
M.Füzulinin poetik
dili və
üslubunu əks etdirən "Semantik-üslubi xüsusiyyətlər"
adlı hissəni, V.Aslanovun Azərbaycan dilinin tarixi
leksikologiyasına dair tədqiqlərindən
rekonstruksiya (bərpa) problemi
kimi maraqlı parçanı, A.Axundovun "Ümumi dilçilik" kitabından "Dilin daxili quruluşu
məsələləri", eləcə də "Seçilmiş əsərləri"ndən "Felin
zamanlarının qrammatik və məna
xüsusiyyətləri", H.Bayramovun "Azərbaycan dili
frazeologiyasının nəzəri əsasları"
kitabından "Frazeoloji cümlələr",
"Azərbaycan frazeologiyasının məna quruluşu",
Z.Budaqovanın "Müasir Azərbaycan
dilində sadə cümlə" monoqrafiyasından
"Cümlənin əlamətləri",
Ə.Cavadovun "Müasir
Azərbaycan ədəbi dilində sintaktik
vahidlərin sırası" monoqrafiyasından "Dil vahidlərinin sıralanması sistemi", A.Ələkbərovun "Müasir Azərbaycan dilinin
semasiologiyası" (kollektiv) kitabında
verilmiş "Leksik
semantikanın bəzi metodoloji məsələləri",
həmçinin də onun "Müasir Azərbaycan dili"
əsərində verilmiş "Söz nəzəriyyəsinə giriş",
T.Hacıyevin "Azərbaycan ədəbi dili
tarixi" fundamental
cildlərindən "Azərbaycan ədəbi dilinin dövrləri", M.Qasımovun "Azərbaycan
dili terminologiyasının əsasları"
kitabından "Terminin
spesifikası", M.Qarayevanın "Sintaksariy
i modelirovanie
yazıkovıx universaliy" əsərindən
"İerarxiçeskaya svyaz
strukturı yazıka", A.Qurbanovun
"Azərbaycan dilinin
onomalogiyası" kitabından "Giriş",
A.Məmmədovun "Tyurkskiye
soqlasnıye: anlaut i kombinatorika" kitabından "Teoretiçeskiye voprosı sravnitelno-istoriçeskoqo
izuçeniya soqlasnıx tyurkskix
yazıkov: anlaut i kombinatorika", V.Məmmədəliyevin
"Ərəb dilçiliyi"
kitabından "Misir qrammatika
məktəbi", "Misir ərəb dilçiliyi" və Y.Seyidovun "Azərbaycan dilində söz birləşmələri" adlı monoqrafik tədqiqatının mühüm
hissələrini seçmişdir.
Azərbaycan dilçiliyi tarixində belə dövrləşmə
yenidir və həmçinin də həqiqi
inkişaf tarixini və
dilçilik mühitini
əks etdirir.
Bu müntəxəbatlar böyük
türkoloq alim Mahmud Kaşğaridən üzü
bəri görkəmli və tanınmış dilçilərin
seçilmiş əsərlərinin ən
yaxşı hissələrindən ibarətdir. Xrestomatiya materiyaları keçilən dövrü tam əks etdirir. Bunları seçilmiş
əsərlər məcmuəsi, eləcə də dərslik
də adlandırmaq olar. Həmin müntəxəbatlara
müəlliflərin, alimlərin seçilmiş
əsərlərindən və ya
onların hissələrindən ibarət dərs vəsaiti kimi də baxmaq olar. Seçilmiş materiallar, əlbəttə, digər materiallardan öz məziyyətləri,
dəyəri ilə seçilən, fərqlənən
parçalardır.
Mütəxəssislərin,
dissertant və doktorantların, tələbələrin
çox çətinliklə əldə
etmək istədikləri dilçilik mətnləri
bu toplularda öz əksini tapmış olduğu
üçün aparılacaq tədqiqat
işlərini də asanlaşdıra bilər. Bu baxımdan da müntəxəbatlar
dəyərini qoruyub saxlayır.
Çox yaxşı haldır ki,
tərtibçilər bəzi müəlliflərin əsərlərinin
bir çoxundan parçalar vermişlər, bu
da müntəxəbatın əhəmiyyətini
bir daha artırır.
Məsələn, Əhməd Cəfəroğlunun
"Azəri ləhcəsində bəzi monqol
ünsürləri", "Şərqdə və Qərbdə
Azəri ləhcəsi tədqiqləri", "Dil guşəsi", "Azəri sözlüyü" bu cür parçalardandır və ayrıca məqalə
təşkil edir.
Müntəxəbatda
izah və şərhlər öz yığcamlığı və
parçanın müəllifi barədə əsaslı məlumat
verməsi ilə fərqlənir. Mətnlər həm Azərbaycan,
həm də rus dillərindədir. Məsələn, M.Kazımbəyin məşhur
qrammatikasından ("Obşaya qrammatika turesko-tatarskoqo-yazıka" əsəri
həm rus, həm də Azərbaycan dillərində
verilmişdir. Həmin
parçanı dilimizə Dilçilik İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru A.Ələkbərova çevirmişdir.
Müntəxəbatın
başlıca məziyyətlərindən biri
də müəlliflərin digər əsərlərinin də
siyahısının sonda verilməsidir. Bu da oxucunu
həmin parça müəllifinin başqa əsərləri ilə də
tanış olmaq imkanı yaradır.
Müntəxəbatda
təqdim olunan bəzi mətn hissələrinin
dili sadələşdirilmişdir. Məsələn, Bəkir Çobanzadənin 1929-cu
ildə "Azərnəşr" tərəfindən çap edilmiş "Türk qrameri" əsərindən
verilmiş hissə tərtibçi T.Quliyev tərəfindən düzgün
olaraq anlaşmanı təmin etmək üçün sadələşdirilmişdir.
Müntəxəbatlarda
"Ad göstəricisi", "Özək
sözlər" də yerinə görə münasibdir,
vəsaitlə daha yaxından, intensiv tanış olmaq işini yüngülləşdirir.
Müntəxəbata
düşməyən dilçilərimiz də var. Bu layihə davamlı olduğu üçün
gələcək tədqiqatlarda həmin
çatışmazlıq da nəzərə
alınmalıdır. Belə dəyərli bir
işin bəzi səhifələrinin texniki tələblərə cavab
verməməsi təəssüf doğurur.
Buna baxmayaraq, müntəxəbatlar
milli dilçilik elmimizin inkişafına yeni
bir töhfə kimi dəyərləndirilə
bilər.
İsmayıl KAZIMOV,
filologiya elmləri
doktoru, professor
Azərbaycan müəllimi.- 2013.- 22 noyabr.- S.5.