Günümün çox hissəsini tədqiqat
laboratoriyalarında
keçirirəm
1991-ci ildə Moskva şəhərində anadan olmuşam. 1998-2006-cı illərdə Bakı şəhəri Nizami rayonundakı E.Quliyev adına 15 nömrəli tam orta məktəbdə təhsil almışam. 2006-cı ildə Bakı Türk Anadolu Liseyinə qəbul olunmuşam. 2010-cu ildə TCS (Türkiyə Cümhuriyyəti Sınavı) imtahanında respublika üzrə yüksək nəticə göstərərək 45 şagirddən biri kimi Türkiyə Respublikası İstanbul Universitetinin genetika fakültəsinə daxil olmuşam. Hazırda bu təhsil ocağında "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsilimi davam etdirirəm. Dördüncü kurs tələbəsiyəm.
"2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət Proqramı"
çərçivəsində 2013-2014-cü tədris ili üçün tələbələrin
seçim prosesi çox yüksək səviyyədə və
ədalətli keçdi. Üç
mərhələdən ibarət seçim
prosesi ixtisaslı kadrlar
tərəfindən
aparıldı və bacarıqlarımız dəyərləndirildi.
Düşünürəm ki, Dövlət
Proqramı dünyanın ən güclü
və qabaqcıl elm və tədqiqat mərkəzlərində
təhsil almaq istəyən kreativ, ambisiyalı və potensiallı Azərbaycan
gənci üçün əla bir şansdır. Ayrılan təqaüdlər
və yaradılmış şərait heç
bir maddi və mənəvi
çətinlik yaratmadan keyfiyyətli təhsilin
alınması üçün gözəl
imkanlar yaradır. Seçdiyim ixtisas prioritet sahələr
arasındadır və düşünürəm ki, genetika elminin
ölkəmizdə inkişafına şərait
yaradılması müsbət haldır.
Tələbə həyatı
olduqca maraqlıdır, eyni
zamanda çətinliklər də
vardır. Günümün çox hissəsini universitetdə, tədqiqat
laboratoriyalarında və kitabxanada
keçirirəm. Təcrübə və tədqiqatlarımı
eyni zamanda İstanbul Universitetinin tibb fakültəsi, Uşaq
Sağlamlığı İnstitutunun tibbi genetika kafedrasında da
aparıram və mənə köməyini heç
vaxt əsirgəməyən professor, müəllimlərimə öz minnətdarlığımı bildirirəm.
Təhsil
aldığımız ölkələrdə biz eyni zamanda Azərbaycanın milli
dəyərləri və maraqlarını təmsil və təbliğ
edəcək bir diaspora
üzvüyük. Bizim
əsas məqsədlərimizdən biri də
Azərbaycanı dünyada
tanıtmaqdır. Ölkəmizin mədəni irsini
və dəyərlərini ən layiqli
şəkildə təmsil etmək bizim birinci və ən önəmli vəzifəmizdir.
Təhsillə yanaşı, mən ictimai
və akademik fəaliyyətlərdə də
yer almağa
çalışıram. Tələbə
yoldaşlarımızla birlikdə seminarlar
və konfranslar təşkil edirik. Hər il qış ayında İstanbul
Universitetinin genetika dərnəyinin
nəzdində "Qış məktəbi" təşkil
edir və xarici
ölkələrdən professorlar və
müəllimlər dəvət edirik. Yeni elmi işlərlə, metodlarla tanış olur,
əməkdaşlıq əlaqələrini möhkəmləndiririk.
Türkiyə
Respublikasında təxminən 3000-ə yaxın tələbəmiz
təhsil alır və bunun da böyük hissəsi İstanbul şəhərinin payına düşür. Biz Azərbaycan
diasporası və İstanbuldakı Baş
Konsulluğumuz ilə sıx əməkdaşlıq
edir, Azərbaycan həqiqətlərinin dünyaya yayılması məqsədilə
mütəmadi tədbirlər keçiririk.
Mən ASAİF təşkilatının (Xaricdə
Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq
Forumu) üzvüyəm və istər
ölkə daxilində, istərsə də ölkə
xaricində keçirilən konfranslarda fəal
iştirak edirəm. İstanbulda
təşkil olunan Azərbaycan mədəniyyəti
gecələrində, ölkəmizin mədəni-tarixi irsinin tanıdılması məqsədilə
təşkil edilən tədbirlərdə fəal iştirak etməyə
çalışıram.
İstanbul Universiteti Türkiyənin
ən qədim təhsil ocağıdır. Əsası 1453-cü il mayın 30-da Fateh Sultan Mehmet tərəfindən
qoyulmuşdur. Hazırda bu
universitetdə 55 min tələbə təhsil
alır və bu ali məktəb
dünyanın 500 ən yaxşı universitetinin
siyahısına (2006-cı il) daxil olmuş ilk Türkiyə universitetidir.
Eyni zamanda Asiyanın
100 ən yaxşı universiteti
sırasındadır.
Təhsilimi müvəffəqiyyətlə
başa vurduqdan sonra ölkəmə xidmət etməyi
özümə borc bilirəm. Xüsusilə də doğumdan
öncəki diaqnostika, genetik
irsi xəstəliklərin diaqnostikası
və genetik balansın qorunması, gen bankının yaradılması mənim üçün ən önəmli hədəflərdəndir.
Əminliklə söyləyə bilərəm ki, təhsilimi uğurlu
şəkildə başa vurduqdan
sonra Vətənə dönəcək,
əldə etdiyim bilikləri və
qazandığım təcrübələri vətəndaşlarımızın
sağlamlığına sərf edəcəyəm.
Ağarza AĞAYEV,
Türkiyənin İstanbul Universitetinin tələbəsi
Azərbaycan müəllimi.- 2013.- 22 noyabr.- S.4.