Formativ qiymətləndirmə ilə
bağlı
yeniliklər müəllimləri qane edirmi?
Formativ
qiymətləndirmə jurnalının ləğvini müəllimlər
müsbət qiymətləndirirlər
Formativ
qiymətləndirmə nədir?
"Ümumi təhsil məktəblərində
məktəbdaxili qiymətləndirmənin
aparılmasına
dair müvəqqəti təlimat"dan
çıxarış
3.1.
Formativ qiymətləndirmənin məqsədi təhsilalanın
təlim prosesində məzmun standartlarından irəli gələn
bilik və bacarıqların mənimsənilməsinə
yönəlmiş fəaliyyətini izləməkdən, bu
zaman qarşıya çıxan problemləri müəyyən
etməkdən və onları aradan qaldırmaqdan ibarətdir.
3.2. Formativ qiymətləndirmə rəsmi qiymətləndirmə deyil.
3.3. Formativ qiymətləndirmə fənnin məzmun standartları üzrə təlim məqsədləri əsasında müəyyənləşdirilmiş qiymətləndirmə meyarlarına görə aparılır.
3.4. Müəllim qiymətləndirmə meyarlarına uyğun dörd səviyyəli rubriklər (I-IV səviyyə) hazırlayır. Zəruri hallarda rubriklər 3 və ya 5 səviyyədə tərtib oluna bilər.
3.5. Müəllim təhsilalanın fəaliyyətinin nəticəsini "Müəllimin formativ qiymətləndirmə dəftəri"ndə rubrikə uyğun olaraq rum rəqəmləri (I, II, III və IV) ilə, "Məktəbli kitabçası"nda isə sözlərlə yazır.
3.6. "Müəllimin formativ qiymətləndirmə dəftəri"ndə rubriklərin məzmunu və şagirdin formativ qiymətləndirilməsinə dair məlumatlar sərbəst formada aparılır.
3.7. Müəllim yarımillərin sonunda "Müəllimin formativ
qiymətləndirmə dəftəri" əsasında şagirdin yarımil ərzində fəaliyyətinin
qısa təsvirini hazırlayır və portfolioda
saxlayır.
2013-cü il sentyabrın 2-də təhsil nazirinin əmri ilə "Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti Təlimat" təsdiq edilib. Artıq iki aya yaxındır ki, müəllimlər yeni Təlimatla qiymətləndirmə aparırlar. Bəs görəsən yeni təlimat müəllimləri qane edirmi? Formativ qiymətləndirmə sahəsində əvvəllər mövcud olan problemlər aradan qaldırılıbmı?
Təhsil nazirinin müvafiq əmri ilə, eyni zamanda ümumi təhsil müəssisələrində formativ qiymətləndirmə jurnalının istifadəsi dayandırılıb. Bu məsələlərə münasibət bildirilməsi üçün paytaxt məktəblərində çalışan, formativ qiymətləndirmə sahəsində təcrübəsi olan bir neçə müəllimlə söhbət etdik. Onların fikirlərini oxucuların nəzərinə çatdırırıq.
Xanım MURADOVA,
Bakıdakı 132-134 nömrəli təhsil kompleksinin
biologiya
müəllimi, "Ən yaxşı müəllim"
müsabiqəsinin qalibi
- İlk növbədə qeyd etmək istərdim
ki, bizim məktəbin yeni fənn kurikulumları tətbiq
olunan siniflərində
çalışan bütün müəllimlər
"Ümumi təhsil məktəblərində məktəbdaxili
qiymətləndirmənin aparılmasına dair müvəqqəti
Təlimat"ın təsdiq edilməsini bu sahədə
atılan mühüm addım kimi dəyərləndirdilər.
Çünki əvvəlki formativ
qiymətləndirmə jurnalı ilə işləmək tədris
prosesində müəyyən çətinliklər törədirdi.
Dərs zamanı qiymətləndirmə aparıldıqda buna bir neçə dəqiqə
vaxt gedirdi. Bu zaman həm
də sinifdə boşluq
yaranır və digər şagirdlər sərbəst
qalırdı.
Dərslər
arasında verilən 5 dəqiqə tənəffüs müddətində
də bu işi yerinə
yetirmək - həm jurnalda, həm də məktəbli
kitabçasında qeydiyyat aparmaq olmurdu. Sonra müəllim özünü
tələsik növbəti dərsi keçəcəyi digər
sinfə çatdırmağa çalışırdı. İndi isə işimiz çox asanlaşıb. Mənim formativ qiymətləndirməni həyata
keçirmək üçün
ayırdığım dəftərçədə
şagirdlərin siyahısı verilib.
Onların dərsdəki fəaliyyətinin nəticəsini qarşısındakı qrafada yalnız rubrikə uyğun
olaraq səviyyələr üzrə rum rəqəmləri ilə qeyd
edirəm. Məktəbli kitabçasında isə qiymətləndirməni
sözlərlə yazıram. Yeri gəlmişkən,
qeyd edim ki, bizim kompleksdə Kurikulum
Mərkəzi yaradılıb. Həmin mərkəzdə
çalışan mütəxəssislər formativ
qiymətləndirmənin həyata keçirilməsinə,
gündəlik tədris prosesində bu
qiymətləndirmənin düzgün
aparılmasına daim xüsusi
diqqət yetirirlər.
Dilarə ƏSGƏROVA,
Bakıdakı Xarici dillər
təmayüllü
gimnaziyanın ibtidai sinif müəllimi
Təhsil naziri Mikayıl Cabbarovun
"Təlimatın təsdiq edilməsi barədə" 2 sentyabr 2013-cü il tarixli əmri müəllimləri gərəksiz,
əlavə yükdən azad etdi. Formativ qiymətləndirmə
jurnalı tədris prosesində çox
çətinliklər yaradır, dərsin vaxtını
alırdı. Fərdi olaraq real qiymətləndirmə aparmaq
olmurdu. Ona görə
də müəllimlər məcburiyyət
qarşısında qalaraq jurnalda
formal qeydiyyat
aparırdılar. Çünki o qrafalarda ancaq
birinci səviyyəni yazmağa
yer çatırdı.
İndi hər bir müəllimin
formativ qiymətləndirilmə
apardığı ayrıca qeyd dəftəri
var. Mən hər gün
həmin qeyd dəftərində qiymətləndirmə
aparıram. Qeyd etdiyim səviyyələrə
görə şagirdin nəyi bildiyini, nədə çətinlik çəkdiyini
təyin edirəm. Əvvəllər eyni fikri həm formativ qiymətləndirmə
jurnalına, həm də məktəbli kitabçasına
yazmalı olurduq. İndi
həmin vaxtı tədrisin keyfiyyətinin yüksəlməsinə
xidmət edən digər məşğuliyyətlərə
sərf edirik.
Mənim fikrimcə, şagirdin fəaliyyətinin nəticəsinin
məktəbli kitabçasına sözlərlə
yazılması çox düzgün
yanaşmadır. Bu vaxt
aparsa da müntəzəm
məktəbə gəlmək imkanı olmayan
valideynlərlə ünsiyyət saxlamaq
baxımından çox əlverişlidir.
Onlar övladlarının təlim nailiyyətlərindən
xəbərdar olur, çətinlik
çəkdikləri sahələrdə köməklik
göstərirlər. Beləliklə, şagirdlər qiymətə
alışmır, verilən biliyi dərindən
mənimsəyirlər. Lakin bir məsələni qeyd
etmək istərdim ki, məktəbli
kitabçasında qiymətləndirmə meyarlarına uyğun bütün səviyyələr
üzrə rubrikləri yazmağa yer
çatmır. İxtisarla yazanda isə valideynlər oxuya
bilmirlər. Gələcəkdə bunun nəzərə
alınması müəllimlərin ürəyindən
olardı.
Afət ALLAHVERDİYEVA,
Bakıdakı 164 nömrəli tam
orta məktəbin ibtidai
sinif müəllimi,
"Ən
yaxşı müəllim" müsabiqəsinin qalibi, əməkdar
müəllim
- Bildiyimiz
kimi, formativ qiymətləndirmənin
məqsədi şagirdin təhsildə irəliləyişlərini
izləmək, bu zaman
qarşıya çıxan problemləri müəyyən etmək
və onları aradan qaldırmaqdan ibarətdir.
Formativ qiymətləndirmə rəsmi
qiymətləndirmə olmadığı üçün
hər hansı bir dövlət sənədinə
əsasən aparılmasına da heç bir ehtiyac yoxdur. Hər bir müəllimin bu məsələyə
fərdi yanaşması olmalıdır. Bu
baxımdan mən təhsil naziri
Mikayıl Cabbarovun əmri ilə formativ qiymətləndirmə jurnalının
istifadəsinin dayandırılmasını normal
hal hesab edirəm.
2013-2014-cü dərs ilində formativ qiymətləndirməni biz artıq "Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti Təlimat"a əsasən həyata keçiririk.
Təlimata əsasən
müəllim formativ qiymətləndirməni
özünün ayırdığı hər
hansı bir qeyd dəftərində
apara bilər. Mən hər bir fənnin məzmun xətlərinə uyğun müşahidə vərəqləri
hazırlamışam. Həmin müşahidə vərəqləri
ilə hər gün şagirdlərin təlim
bacarıqlarının hansı səviyyədə
olmasının xüsusi işarələrlə
qeydiyyatını aparıram. Həftə sonunda
valideynlərlə görüş keçirir və hər bir
uşaq haqqında məlumatı
çatdırıram. Geriləmə müşahidə olunan şagirdlər üçün
köməkçi tapşırıqlar hazırlanır. Bu eyni zamanda
müəllim-şagird-valideyn əməkdaşlığının
yaranmasına və vaxt keçdikcə daha da möhkəmlənməsinə
gətirib çıxarır.
Deməli, formativ qiymətləndirməni həyata
keçirmək üçün hər
hansı bir sənədin təyin edilməsi
o qədər də vacib
deyil. Əsas odur ki, müəllim işinə məsuliyyətlə,
yaradıcı yanaşsın.
Xalidə RƏŞİDOVA,
Bakıdakı İlyas Əfəndiyev
adına "Elitar"
gimnaziyanın ingilis dili müəllimi
- Təbii ki, formativ qiymətləndirmə
jurnalının istifadəsinin dayandırılması təhsil
naziri Mikayıl Cabbarov
tərəfindən atılan çox
müsbət bir addımdır.
Nəticəsi olmayan bir işi
görmək mənasızdır. Bu
baxımdan eyni meyarı həm məktəbli
kitabçasına, həm iş vərəqinə,
həm də jurnala yazmağın heç bir əhəmiyyəti,
məntiqi əsası yox idi.
Jurnalın
özünə gəldikdə isə qrafalar
kiçik və sıx olduğundan
meyarlar yerləşmirdi. Uşaqların
adlarının qarşısında meyar əvəzinə
hər hansı bir işarə
yazılsaydı, daha ağlabatan
olardı. Digər tərəfdən, bir gün ərzində eyni
meyarı bir neçə şagirdin
qarşısında yazmaq nə dərəcədə
düzgündür?
Jurnalın
yazılması müəllimin vaxtını çox
alırdı. Müəllim məcburiyyət
qarşısında çox gərəksiz
bir işi yerinə
yetirməli olurdu. Mən hesab edirəm ki, məktəbdaxili
qiymətləndirmənin digər növləri - diaqnostik və summativ qiymətləndirmə
ilə müqayisədə formativ qiymətləndirmə
daha mühüm əhəmiyyət
kəsb edir. Çünki
formativ qiymətləndirmə dərsi
müşayiət edən prosesdir. Fənn
üzrə aparılan formativ qiymətləndirmə
şagirdin ehtiyaclarını öyrənmək,
uğur qazana bilməməsinin
səbəblərini araşdırmaq və onun
inkişafını təmin etmək məqsədilə
müntəzəm olaraq həyata keçirilir.
Formativ qiymətləndirmənin müsbət cəhətləri
kimi şagirddə fikrini
sərbəst ifadə etmək, xüsusi
qabiliyyətini nümayiş etdirə bilmək
bacarığını formalaşdırmasını göstərmək
olar.
Lakin onu da
etiraf etməliyik ki, yeni qiymətləndirmə sisteminin
tətbiqi sahəsində hələ də boşluqlar
mövcuddur. Bu sahədə
bir sıra dəyişikliklərin həyata
keçirilməsi zəruridir.
Aynur QURBANOVA,
Bakıdakı Məktəb-lisey kompleksinin
tarix müəllimi
- Əvvəllər formativ qiymətləndirmə jurnalında
qeydlərin aparılması
üçün keçən
vaxtı indi tədrisə sərf edirik. Bu da
tədrisin keyfiyyətinin yüksəlməsinə
xidmət edir.
Bu baxımdan formativ qiymətləndirmə
jurnalının istifadəsinin
dayandırılmasını müsbət hal kimi dəyərləndirirəm. Fikrimi əsaslandırmaq üçün
bəzi məqamlara toxunmaq istərdim.
Jurnalda
şagirdlərin adlarını
yazmaq üçün
cəmi 26 yer var idi. Sinifdə
5-10 uşaq artıq olanda qrafaları ortadan bölməyə məcbur olurduq. Jurnalda vərəqlərin
sayı az olduğundan tez-tez üzünü çıxartdırmaqdan
yorulmuşduq.
Artıq
keçən tədris
ilindən müəyyən
təcrübəmiz olduğundan
şagirdlərin nailiyyətlərini
qiymətləndirməkdə o qədər də çətinlik çəkmirik. Cari dərs ilində "Ümumi təhsil məktəblərində məktəbdaxili
qiymətləndirmənin aparılmasına
dair müvəqqəti
Təlimat"ın tətbiqi
isə bu işdə bizə çox böyük yardımçı olur.
İndi gərəksiz
işləri yerinə
yetirməkdən azad olan müəllimlər özlərini daha sərbəst hiss edir və formativ qiymətləndirmə sahəsində
işlərini Təlimata
əsasən düzgün
qura bilirlər. Bildiyimiz kimi, formativ qiymətləndirmə rəsmi
qiymətləndirmə deyil.
Buna görə də
mən ayırdığım
qeyd dəftərində
şagirdlərin formativ
qiymətləndirilməsinə dair məlumatları işlədiyim kimi apara bilirəm. Əksər müəllimlər kimi, mən də şagirdin fəaliyyətinin
nəticəsinin məktəbli
kitabçasında sözlərlə
yazılmasını vacib
sayıram. Çünki qiymətdə şagirdin təlim nailiyyəti əks olunmur.
Hazırladı: Hicran ƏKBƏROVA
Azərbaycan müəllimi.- 2013.- 22 noyabr.- S.3.