"Gənc istedadlar" liseyinin məzunlarının hamısı

dövlət ali məktəblərinə qəbul olunub

 

Noyabrın 19-da  Bakı Dövlət Universitetində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 6 avqust 2013-cü il tarixli sərəncamı ilə BDU-nun nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyinin  2012-2013-cü tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qaliblərindən biri olması münasibətilə tədbir keçirilib.

Tədbirdə Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov, Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov,  "Gənc istedadlar" liseyinin müəllim-şagird kollektivi, tanınmış alimlər, valideynlər, KİV nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə BDU-nun rektoru, akademik Abel Məhərrəmov çıxış edərək ümummilli lider Heydər Əliyevin təhsilə xüsusi diqqət və qayğı göstərməsindən, bu siyasətin bu  gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən  danışıb. Müasir dünyada elmin, təhsilin xüsusi rolunu vurğulayan rektor dövlət  başçısı İlham Əliyevin bu sahə ilə bağlı imzaladığı  sənədlərin əhəmiyyətini  qeyd  edib.  Fəaliyyəti dövründə  əldə  edilən uğurlardan bəhs  edən  rektor  indiyədək 5 buraxılışı olan liseyin məzunlarının  hamısının  dövlət  ali  məktəblərinə qəbul olduğunu, onlardan bir  çoxunun  Prezident təqaüdünə,  qızıl medala layiq görüldüklərini, xarici universitetlərə daxil olduqlarını diqqətə çatdırıb. Rektor eyni zamanda lisey şagirdlərinin respublika və beynəlxalq olimpiadalarda əldə etdiyi uğurlardan da söz açıb. Bildirilib ki, bütün bunların nəticəsidir ki, lisey Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "Ən yaxşı ümumtəhsil məktəbi" adına layiq görülüb.

Daha sonra "Gənc istedadlar" liseyinin direktoru, professor Qasım Hüseynov  "Lisey inkişaf və yüksəliş yollarında" mövzusunda təqdimatla çıxış edib. Liseyin başlıca vəzifəsinin gənc istedadları aşkar etmək, onların inkişafına hərtərəfli şərait yaratmaq, gələcək inkişaflarını düzgün istiqamətləndirmək, dərin biliyə, yüksək mənəvi keyfiyyətlərə malik, vətənpərvər gənclər yetişdirməkdən ibarət olduğunu deyən  Q.Hüseynov təhsil ocağına  marağın ildən-ilə artmasından, əldə olunan nailiyyətlərdən bəhs edib. Diqqətə çatdırılıb ki, 2007-2008-ci tədris ilində liseyin Azərbaycan və rus bölmələrinin 10 sinfində 200 şagird təhsil alırdısa, hazırda liseyin 26 sinfində 518 şagird oxuyur. Şagirdlərin təlim-tərbiyəsi ilə 75 nəfər müəllim məşğul olur ki, onların da 30 faizi elmi dərəcəsi olan təcrübəli müəllimlərdir. Fəaliyyəti dövründə liseyin kollektivi bir sıra uğurlar qazanıb.  Qəbul imtahanlarında liseyi bitirən 142 məzundan 76 nəfər 500-dən, o cümlədən 33 nəfər 600-dən çox bal toplayıb. Onların 44 nəfəri hazırda müvəffəqiyyətlə BDU-da oxuyur. Qəbul imtahanlarındakı nəticələrə dair TQDK-nın verdiyi statistik məlumata əsasən bütün buraxılış  illərində liseyimiz məzunlarının topladıqları orta bala və fənlər üzrə düzgün cavabların faizinə görə həmişə qabaqcıllar sırasında olub. O, çıxışının sonunda təhsil ocağının  qazandığı uğurları  qiymətləndirdiyinə görə ölkə başçısına minnətdarlıq edib.     

Tədbirdə Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov çıxış edərək ölkəmizdə istedadlı uşaqlara dövlət qayğısının yüksək səviyyədə olmasından, "Gənc istedadlar" liseyinin yaranması zərurətindən danışıb. Natiq XXI əsrin  BMT tərəfindən "Təhsil əsri" elan olunmasının dünya ölkələrinə bir mesaj olduğunu bildirib. Bu mesajın mahiyyəti  ondan ibarətdir  ki, inkişafın mənbəyində məhz təhsil durur.  Buna görə də bütün dünya dövlətləri təhsilə diqqət göstərməlidir. Bu mənada istedadlı uşaqlar üçün xüsusi təhsil müəssisələrinin yaradılması xüsusi önəm daşıyır. İstedadlı uşaqlar isə məhz bu cür liseylərdə yetişir, formalaşır. Natiq təhsil ocağının daha uğurlu fəaliyyət göstərəcəyinə əminliyini ifadə edərək gələcəkdə bəzi fənlərin ingilis dilində tədrisinin, uşaqların V sinifdən liseyə qəbulunun yaxşı hal olduğunu bildirib.

Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov "Gənc istedadlar" liseyini orta təhsil sahəsində nümunəvi statusa malik təhsil ocağı kimi xarakterizə edərək qloballaşan dünyada təhsil sahəsində gedən rəqabətin gücləndiyini qeyd edib. Q.Novruzov ali məktəblərin inkişaf səviyyəsinin həm də orta təhsil müəssisələrindən gələn məzunların bilik  səviyyəsindən asılı olduğunu deyib.

Natiq qeyd edib ki, müasir dünyanı dərk edən, onun problemlərini çiyinlərində daşıya bilən yeni nəslin yetişdirilməsi üçün orta təhsilin üzərinə böyük vəzifə düşür. Gələcək hədəflərdən danışan natiq qeyd edib ki, biz gəncləri innovasiyatexnologiyalara elə hazırlamalıyıq ki, Azərbaycan gələcəkdə elmi innovasiyalar tətbiq edən ölkələr sırasından çıxaraq elmi innovasiyalar yaradan ölkələr sırasına daxil olsun. Liseyə fəaliyyətində uğurlar arzulayan Q. Novruzov qeyd edib ki, qısa fəaliyyəti dövründə təhsil ocağı  həm təhsil ənənələri yaratmaqla, həm də ortaya uğurlu nəticələr qoymaqla məşğuldur.  

Daha sonra liseyin müəllimləri adından Kərəm Səfərov, valideynlər adından Murad Axundov çıxış edərək  təhsil ocağının uğurlu fəaliyyətindən danışıb, öz arzularını çatdırıblar. 

Tədbir lisey şagirdlərinin və incəsənət ustalarının maraqlı ifaları ilə başa çatıb. 

 

Oruc MUSTAFAYEV

 

Azərbaycan müəllimi.- 2013.- 22 noyabr.- S.2.