Uşaqların
(şagirdlərin) ümumi təhsil
müəssisələrinə
qəbulu və yerdəyişməsi
QAYDALARI
Azərbaycan Respublikasının təhsil nazirinin
27 sentyabr 2013-cü il tarixli 827 nömrəli
əmri ilə təsdiq edilib
"Uşaqların
(şagirdlərin) ümumi təhsil müəssisələrinə
qəbulu və yerdəyişməsi Qaydaları" (bundan
sonra - Qaydalar) Azərbaycan Respublikasının ümumi təhsil
müəssisələrinə (bundan sonra - məktəblərə)
şagirdlərin qəbulu və təhsil müddətində
şagirdlərin ölkə daxilində, habelə ölkədən
xaricə və ya xarici
ölkələrdən Azərbaycan Respublikasının məktəblərinə
yerdəyişməsi ilə bağlı məsələləri
tənzimləyir.
I. Şagirdlərin məktəblərə qəbulu
1.1. Məktəblərə
şagirdlərin qəbulu I və X siniflər üzrə
aparılır.
1.2. Şagirdlərin
I sinfə qəbulu məktəb direktorunun əmri ilə təşkil
olunmuş komissiya tərəfindən həyata keçirilir.
Komissiyanın tərkibinə təlim-tərbiyə işləri
üzrə direktor müavini, təcrübəli ibtidai sinif
müəllimləri, məktəbin psixoloqu, həkimi və
valideyn özünüidarə orqanlarının
(şuraların) nümayəndəsi daxil edilir. Komissiyaya məktəbin
direktoru rəhbərlik edir.
1.3. Komissiya müvafiq
dərs ilinin ikinci yarımilindən etibarən fəaliyyətə
başlayır və bu barədə valideynlərə (digər
qanuni nümayəndələrə) əvvəlcədən məlumat
verilir.
1.4. Məktəbin I
sinfinə hər il sentyabrın 15-dək (15-i daxil olmaqla) 6
(altı) yaşı tamam olan, əqli və fizioloji cəhətdən
normal inkişaf etmiş uşaqlar qəbul edilir. Məktəbin direktoru yerli icra hakimiyyətinin
nümayəndələri ilə birgə müəyyən
edilən ərazi üzrə məktəb yaşına
çatmış bütün uşaqların təhsilə cəlb
olunması ilə bağlı zəruri tədbirləri həyata
keçirir. Məktəbin I sinfinə, ilk növbədə,
məktəbin xidmət ərazisində yaşayan uşaqlar qəbul
edilirlər.
1.5. Sentyabr ayından
sonra I sinfə Təhsil Nazirliyinin icazəsi olmadan şagird qəbulu
aparılmır.
1.6. Uşaqların
I sinfə qəbulu barədə valideynin (digər qanuni
nümayəndənin) ərizəsi müvafiq dərs ilinin
ikinci yarımilindən etibarən növbəti dərs ili
başlananadək məktəbdə qeydiyyata alınır.
Ərizəyə aşağıdakı sənədlər əlavə
olunur:
- valideynlərin
yaşayış yeri haqqında arayış
(yaşayış ünvanı qeydiyyat ünvanı ilə
eyni olduqda arayış əvəzinə valideynin şəxsiyyət
vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surəti);
- doğum haqqında
şəhadətnamənin notariat qaydasında təsdiq
olunmuş surəti;
- uşağın
sağlamlığı haqqında tibbi arayış (forma
26U);
- uşaq məktəbə
hazırlıq mərhələsini keçdiyi halda bu barədə
arayış;
- 2 (iki) ədəd
3x4 ölçüdə fotoşəkil.
Ərizədə
uşağın təhsil alacağı tədris dili və
öyrənəcəyi xarici dil (məktəbdə bir
neçə xarici dil tədris edilirsə) qeyd edilir.
1.7. Məktəbə
hazırlıq mərhələsini keçmiş
uşaqların sayı imkan verdiyi halda onlar ayrı sinifdə
(siniflərdə) komplektləşdirilirlər.
1.8. I sinfə qəbul
olunmuş, lakin uzun surən xəstəlik və digər
üzrlü səbəblərdən dərslərə gəlmədiyi
üçün biliyi qiymətləndirilməmiş
şagird təkrar I sinfə qəbul olunur.
1.9. I sinfi bitirmiş şagirdin təkrar I sinifdə
oxumasına yol verilmir.
1.10. Bu və ya digər səbəbdən müəyyən
olunmuş müddətdə I sinfə qəbul edilməyən
8 və daha artıq yaş həddinə çatmış
uşaqların təhsilə cəlb olunması məsələsinə
fərdi qaydada Təhsil Nazirliyində baxılır.
1.11. Xüsusi istedada malik uşaqların vaxtından əvvəl
I sinfə qəbulu Təhsil Nazirliyinin qəbul etdiyi
müvafiq qaydalara uyğun aparılır.
1.12. Məktəbin X sinfinə qəbul şagirdin ərizəsi
və ümumi orta təhsil haqqında şəhadətnaməsi
əsasında həyata keçirilir.
1.13. Övladının bu və ya digər sinfə qəbulu
barədə valideynin ərizəsi ÜM-1 hesabat formasının təsdiqindən
sonra verilərsə, həmin şagird məktəbə yeni gələn
şagird kimi rəsmiləşdirilir.
1.14. Digər məktəbdən gələn şagirdin
X sinfə qəbulu zamanı əvvəl oxuduğu məktəbdə
öyrəndiyi xarici dil mütləq nəzərə
alınır. Şagird digər xarici dil tədris
olunan məktəbin X sinfinə bu ərazidə əvvəl
öyrəndiyi xarici dil tədris edilən başqa bir tam orta
məktəb olmadığı halda qəbul edilə bilər.
1.15. Ümumi orta təhsil səviyyəsini bitirdikdən
sonra ilk peşə və ya orta ixtisas təhsili müəssisəsinə
sənəd verib daxil ola bilməyən
şagirdlərin X sinfə qəbulu yalnız sentyabr ayı ərzində
aparılır.
1.16. Məcburi köçkün olmayan şagirdlərin
məcburi köçkün məktəblərinə qəbuluna
yalnız həmin ərazidə yerli məktəb
olmadığı halda, Təhsil Nazirliyinin icazəsi ilə
yol verilir.
1.17. Xüsusi tədris proqramları tətbiq edilən
məktəb, gimnaziya və liseylərə, özəl məktəblərə
uşaqların qəbulu həmin təhsil müəssisələrinin
nizamnamələrinə uyğun aparılır.
II. Şagirdlərin yerdəyişməsi
2.1. Ölkə daxilində I-IX sinif şagirdlərinin
bir məktəbdən digərinə yerdəyişməsi
aşağıdakı qaydada həyata keçirilir:
2.1.1. Övladını digər məktəbə dəyişmək
istəyən valideyn (digər qanuni nümayəndə) həmin
məktəbin direktoruna yerdəyişmənin səbəbi
göstərilməklə ərizə ilə müraciət
edir. Ərizəyə şagirdin qiymət cədvəli
(təhsil aldığı fənlər üzrə cari qiymətlər
barədə oxuduğu məktəbin direktoru tərəfindən
verilmiş arayış) əlavə olunur.
2.1.2. Məktəbin direktoru nəzərdə tutulan
sinifdə şagird sayı və sinif otağının
ölçüsü şagird qəbuluna imkan verdiyi halda,
onun bu məktəbdə müvafiq sinfə qəbul
olunduğu və bununla əlaqədar şəxsi işinin
göndərilməsi haqqında valideynə (digər qanuni
nümayəndəyə) şagirdin indiyədək təhsil
aldığı məktəbin direktoruna təqdim etmək
üçün arayış verir.
2.1.3. Həmin arayış əsasında valideyn (digər
qanuni nümayəndə) övladının indiyədək təhsil
aldığı məktəbdən şəxsi işini
götürüb təhsilini davam etdirəcəyi məktəbin
direktoruna təqdim edir və bunun əsasında şagirdin
kontingentə daxil olması barədə əmr verilir. Əmrin surəti şagirdin əvvəl təhsil
aldığı məktəbə göndərilir və
burada onun kontingentdən xaric edilməsi barədə əmr
verilir.
2.2. Xüsusi tədris proqramları tətbiq edilən məktəb,
lisey və gimnaziyalara, məktəb-liseylərdəki lisey
siniflərinə, özəl məktəblərə, habelə
həmin təhsil müəssisələrindən ümumtəhsil
məktəblərinə şagirdlərin yerdəyişməsi
bu Qaydalar əsas tutulmaqla həmin müəssisələrin
nizamnamələrinə uyğun həyata keçirilir.
2.3. Vaxtilə məcburi köçkün məktəblərinə
qəbul edilmiş məcburi köçkün olmayan
şagirdlər yalnız yerli məktəblərə
keçirilə bilər.
2.4. Yerli məktəblərdə təhsil alan məcburi köçkün şagirdlərin
məcburi köçkün məktəblərinə yerdəyişməsinə
icazə verilir.
2.5. Məcburi köçkün məktəblərində
təhsil alan məcburi köçkün
şagirdlərin digər məcburi köçkün məktəblərinə
və ya yerli məktəblərə yerdəyişməsinə
yol verilir.
2.6. Tam orta təhsil səviyyəsində (X - XI siniflər)
təhsil alan şagirdlərin yerdəyişməsinə
valideynin (digər qanuni nümayəndənin) ərizəsi əsasında
dəyişmək istədiyi məktəbin yerləşdiyi
rayon (şəhər) üzrə yerli təhsili idarəetmə
orqanında baxılıb aşağıdakı hallarda
razılıq verilir:
- yaşayış yeri ərazisində
(kənd, qəsəbə, rayon, şəhər) yerləşən
digər məktəbə keçdikdə;
- ailəsi ilə birlikdə
yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsi
rəsmi sənədlərlə təsdiqləndikdə;
- valideynlərin (digər qanuni
nümayəndələrin) xaricə uzun müddətə
getməsi və ya digər səbəblərdən
şagirdin valideyn nəzarətindən kənarda qalması rəsmi
sənədlərlə təsdiq edildikdə;
- müxtəlif səbəblərdən
xüsusi tədris proqramları tətbiq edilən lisey və
gimnaziyalarda, özəl ümumi təhsil müəssisələrində
təhsilini davam etdirməsi mümkün olmadıqda.
2.7. Yerli təhsili idarəetmə orqanlarının rəhbərləri
digər rayon və şəhərlərdən ərazilərindəki
məktəblərə keçirilmiş X-XI sinif şagirdlərinin
dərsə davamiyyətinə görə həmin məktəblərin
direktorları ilə birlikdə şəxsən məsuliyyət
daşıyırlar.
2.8. Tabeliyindən asılı olmayaraq,
ixtisaslaşdırılmış (hərbi, idman, musiqi və
s.) məktəblərdən şagirdlərin ümumtəhsil
məktəblərinə və ya əksinə yerdəyişməsinə
valideynin müraciətinə əsasən, Təhsil Nazirliyində
baxılıb müvafiq qərar qəbul edilir.
2.9. Ümumi orta təhsil icbari hesab edildiyindən bu təhsil
səviyyəsindən ilk peşə və orta ixtisas təhsili
müəssisələrinə qəbul olunmuş şagirdlərin
ümumtəhsil məktəblərinin tam orta təhsil səviyyəsinə
yerdəyişməsinə icazə verilmir*.
III. Şagirdlərin ölkədən
xaricə və ya xarici ölkələrdən
Azərbaycan
Respublikasının məktəblərinə yerdəyişməsi
3.1. Xarici ölkəyə gedən şagirdin şəxsi
işi valideynin (digər qanuni nümayəndənin) ərizəsi
əsasında verilir.
3.2. Məktəbin rəhbərliyinə rəsmi qaydada
xəbərdarlıq etmədən şagirdin ölkədən
xaricə getməsi məktəb direktorunun, sinif rəhbərinin
və yerli icra hakimiyyətinin nümayəndəsinin
iştirakı ilə tərtib edilən müvafiq aktla rəsmiləşdirilir,
şagirdin şəxsi işi məktəbdə
saxlanılmaqla onun kontingentdən xaric edilməsi barədə
əmr verilir.
3.4.2. Azərbaycan Respublikasına gələnədək
ümumi orta təhsil səviyyəsini bitirib müvafiq təhsil
sənədi almış şagird həmin sənəd və
valideynin ərizəsi əsasında nəzərdə tutulan
sinifdə şagird sayı və sinif otağının
ölçüsü şagirdin qəbuluna imkan verdiyi halda məktəbin
X sinfinə qəbul edilir.
3.4.3. Təhsil sənədləri olmadıqda və ya təqdim
olunmuş sənədlərdən şagirdin qəbul olunmalı
sinfi müəyyən etmək mümkün olmadıqda:
3.4.3.1. I-IV siniflərdə oxuduğu iddia edilən
şagirdin həmin siniflərin təhsil proqramlarına
(kurikulumlarına) uyğun hazırlıq səviyyəsi yerli
təhsili idarəetmə orqanları tərəfindən
yaradılmış komissiya vasitəsilə yoxlanılır.
Komissiyanın rəyi əsasında şagirdin müvafiq sinfə
qəbulu məktəbdə rəsmiləşdirilir və ona
şəxsi iş açılır;
3.4.3.2. V-XI siniflərdə oxuduğu iddia edilən
şagirdin hazırlıq səviyyəsi yerli təhsili idarəetmə
orqanlarının təqdimatı (yaxud valideynin ərizəsi)
əsasında Təhsil Nazirliyində xüsusi
tapşırıq və testlər vasitəsilə
yoxlanılır və yazılı rəy yerli təhsili idarəetmə
orqanına göndərilir. Həmin rəy şagirdin
müvafiq sinfə qəbulu və ona yeni şəxsi iş
açılması üçün əsas sayılır.
3.5. Azərbaycan dilini tədris dili səviyyəsində
bildikləri halda, I-V sinif şagirdləri tədris Azərbaycan
dilində olan siniflərə qəbul edilə bilərlər.
Həmin şagirdlərin təlim dilini dəyişməsinə
valideynin ərizəsinə əsasən məktəbdə
baxılır.
3.6. Tədris rus və ya gürcü dilində olan məktəblərə
qəbul edilmiş şagirdlərə əvvəl
oxuduqları məktəbdə tədris olunmayan fənlərdən
(Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan
coğrafiyası və s.) əlavə məşğələlər
təşkil edilir.
3.7. Xarici ölkələrdə Azərbaycan
Respublikasının məktəblərindəki tədris dillərindən
fərqli dildə təhsil almış uşaqların Azərbaycan
Respublikasının dövlət məktəblərinə qəbuluna
valideynlərin (digər qanuni nümayəndələrin) və
şagirdlərin arzularına əsasən, yalnız uyğun
təlim dillərindən biri üzrə xüsusi
hazırlıq keçib həmin dili mənimsədikləri təsdiq
olunduğu halda, Təhsil Nazirliyi tərəfindən fərdi
qaydada baxılıb razılıq verilir.
* Bu bənd
ölkə üzrə icbari ümumi orta təhsilə tam
keçdikdən sonra tətbiq olunacaqdır.
Azərbaycan müəllimi.- 2013.- 4 oktyabr.- S.11.