Azərbaycan müəllimlərinin
qurultayları
XX əsrin əvvəllərində təhsil, müəllim kadrları ilə bağlı məsələlər kəskin bir durumda olarkən bunların həllinə milli birlik kontekstində nail olmaq zərurəti meydana çıxıb. Azərbaycanda maarifçilik cəmiyyət həyatında bir hərəkat olmaqdan çıxaraq siyasi-ictimai və mədəni-sosial bir prosesə çevrilib. Xalqın inkişafını təmin edən dünyəvi təhsil, xalq müəllimi hazırlığı, qadın təhsili, ali təhsil məktəblərinin açılması, təhsilin ana dilində aparılması, dərslik və dərs proqramlarının hazırlanması və sair məsələlər bir qrup ziyalının deyil, bütövlükdə Azərbaycan məkanının (çar Rusiyası tərkibində) müzakirə etməli olduğu milli- tarixi problemə çevrilib. Dövrün müdrik və uzaqgörən ziyalıları, müəllimləri bu problemləri geniş müzakirə edib daha yaxşı yol tapmaq məqsədilə Zaqafqaziya müsəlman müəllimlərinin (Zaqafqaziya miqyasında ) qurultayını keçirmək təşəbbüsünü ortaya atıblar.
1906-cı ilin 15 avqustunda
başlanıb 30 avqustda başa
çatan Azərbaycan müəllimlərinin I qurultayı ilə bağlı geniş
hazırlıq işləri görülüb.
Qurultayda
Azərbaycan dilində mövcud proqramlar müzakirə olunub
yenisinin tərtib edilməsi, müvafiq dərsliklərin
hazırlanması, təlimin ana dilində
aparılması, kənd müəllimlərinin vəziyyətinin
yaxşılaşdırılması kimi
məsələlər müzakirə olunub.
İlk qurultay Azərbaycan
təhsili tarixində mühüm rol oynayıb. Bu
qurultayın təşkili və keçirilməsində H.B.Zərdabi, N.Nərimanov, A.Şaiq, S.S.Axundov,
F.Ağazadə, F.B.Köçərli böyük fəallıq
göstəriblər.
İkinci qurultay 1907-ci il avqustun 25-də öz işinə başlayıb. Qurultayda 1906-cı ildə
çağırılan qurultayın tərtib etdiyi
proqramlara, Azərbaycan dili
və hesab kitablarına, Azərbaycan
dilində tədris üsulunun işlənilməsinə
və s. məsələlərə
baxılıb.
Əvvəlki qurultaylardan fərqli olaraq
1919-cu ilin avqustunda (20 avqust-1 sentyabr)
başlayan III qurultay
artıq dövlət səviyyəsində keçirilib,
Azərbaycan Xalq Cümhuriyyəti
qurultayın təşkilinə xüsusi
vəsait ayırıb.
Sayca IV qurultay 1925-ci il
mayın 25-də öz işinə başlayıb. 250 nəfər
nümayəndənin iştirak etdiyi bu ali
məclis Şuralar İttifaqının
beynəlxalq vəziyyəti, Şura quruluşunda maarif məsələləri,
müəllimlərin cəmiyyətdə rolu məsələlərini
müzakirə edərək
müvafiq qərarlar qəbul edib.
V qurultay 1931-ci il yanvarın 25-də keçirilib. Azərbaycan Mərkəzi
İcraiyyə Komitəsinin sədri Q.Musabəyov giriş sözü ilə çıxış edib.
ASSR Xalq Komissarları
Sovetinin sədri D.Bünyadzadənin məruzəsi
dinlənilib, kənd müəllimləri üçün əlavə
güzəştləri əks
etdirən qətnamə
qəbul edilib. Qurultay ümumi icbari təhsilin həyata keçirilməsi, savadsızlığın
ləğvi barədə
məsələlərə xüsusi əhəmiyyət
verib.
1946-cı ilin 26 avqustunda
başlayan VI qurultay ağır
və dəhşətli
müharibədən sonra
respublika məktəblərində təlim və tərbiyə işlərinin yüksəldilməsi;
müəllim hazırlığı
və ixtisasının
artırılması məsələlərini
müzakirə etməyi
gündəliyə salıb.
Birinci mövzuda Azərbaycan SSR maarif naziri, akademik M.İbrahimov məruzə
edib, ümumi icbari təhsil qanununun yerinə yetirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi,
müəllimlərin ixtisasının
təkmilləşdirilməsi, pedaqoji elmin öyrənilməsi, məktəbə
rəhbərlik və
s. haqqında real vəziyyət
təhlil olunub.
1960-cı ilin 14 noyabrında Azərbaycan SSR
EA-nın binasında işə başlamış VII qurultayda respublika maarif naziri, professor M.Mehdizadə məktəblərin
yenidən qurulmasının
ilk yekunlarını təhlil
edən məruzəsində
"Məktəbin həyatla
əlaqəsini möhkəmlətmək
və ölkədə
xalq maarifi sistemini daha da inkişaf etdirmək haqqında" qərarla bağlı Azərbaycan müəllimlərinin qarşısında duran vəzifələri şərh
edib.
1967-ci ilin 26 yanvarında öz işinə başlayan
VIII qurultayda
Azərbaycan SSR maarif
naziri M. Mehdizadənin
"Sov.İKP-nin XXIII qurultayının
qərarları
ilə əlaqədar
olaraq Azərbaycan SSR-də ümumtəhsil məktəblərinin
işinin daha da yaxşılaşdırılması
haqqında"
geniş məruzəsi
dinlənilib müzakirə
olunub.
Azərbaycan SSR müəllimlərinin
18-19 may 1978-ci il tarixlərində
Bakıda keçirilən
IX qurultayı Sov.İKP MK-nın Siyasi Bürosu üzvlüyünə
namizəd, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin geniş nitqi ilə açılıb. Azərbaycanda müvafiq qərarla bağlı görülən
işlər və vəzifələr nitqdə
şərhini tapıb.
"Ümumtəhsil məktəbləri şagirdlərinin
təlimini, tərbiyəsini
və əməyə
hazırlanmasını daha
da təkmilləşdirmək
haqqında"
partiya və hökumət qərarında əksini tapmış vəzifələrlə
bağlı geniş məruzə dinlənilib.
1987-ci ilin iyununda indiki Heydər Əliyev sarayında keçirilmiş
X qurultayda Azərbaycan
SSR maarif naziri,
professor K.Rəhimov və
Respublika Texniki Peşə Təhsili Komitəsinin sədri H.İsayev məruzə edib, geniş və əhatəli çıxışlarda
1984-cü il təhsil
islahatı istiqamətləri
ilə bağlı görülən işlərə
aydınlıq gətirilib.
Azərbaycan müəllimlərinin
XI və XII qurultayları müstəqillik
dövründə keçirilən ali məclislər kimi səciyyəvidir.
XI qurultay 1998-ci il
sentyabrın 25-də Heydər Əliyev sarayında keçirilib.
1995 nəfər nümayəndə qeydiyyatdan
keçib, ilk dəfə
olaraq Azərbaycan müəllimlərinin himni
məhz həmin qurultayda səsləndirilib.
Müəllimlərin 2003-cü ilin 4 oktyabrında Heydər
Əliyev sarayında keçirilən
XII qurultayı
ulu öndər Heydər Əliyevin təbrik məktubu ilə açılıb.
Qurultayda
milli təhsilimizin problemlərindən, qarşıda
duran vəzifələrdən
söz açılıb.
Vurğulanıb ki, böyük
siyasətçi, ümummilli
lider Heydər Əliyevin rəhbərliyi
altında Azərbaycan
məktəbi, milli təhsilimiz çox böyük uğurlar qazanıb.
2008-ci il sentyabrın
22-də Azərbaycan müəllimlərinin XIII qurultayı
keçirilib. Qurultaydakı çıxışlarda
qeyd olunub ki, Azərbaycan təhsili bütün parametrlərdə uğurları
ilə dünya miqyaslı təşkilatların
diqqətini cəlb edir. Təhsil sistemində qazanılan nailiyyətlərdə ölkə
rəhbəri İlham
Əliyevin misilsiz xidmətləri olduğu çıxışlarda
öz əksini tapıb.
Milli
təhsilimizin inkişaf
dinamikasını nümayiş
etdirən növbəti
qurultay ərəfəsindəyik. Ötən bu
illər ərzində həyata keçirilən bir çox layihələr
nəticəsində istər ümumi orta, istər
peşə, istər orta ixtisas,
istərsə də ali təhsil sistemində nəzərə çarpacaq irəliləyişlər barədə bu ilin dekabrında keçiriləcək XIV qurultayda ətraflı
məlumat verilməsi nəzərdə tutulub.
Hazırladı: Sifai SƏFƏROVA
Azərbaycan müəllimi.- 2013.- 4 oktyabr.- S.8.