Ensiklopedik təfəkkürə malik böyük alim

 

Görkəmli elm xadimi, akademik Azad Xəlil oğlu Mirzəcanzadə 29 sentyabr 1928-ci ildə Bakıda anadan olub. 1944-1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində ali təhsil alaraq dağ mühəndisi ixtisasına yiyələnib. 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1959-cu ildə  professor adı alıb. 1962-ci ildə  Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilib. 

 

Azad Mirzəcanzadənin aldığı mükafatlar

1.Azərbaycan SSR əməkdar elm və texnika xadimi (1970);

2.SSRİ-nin fəxri neftçisi (1971);

3.SSRİ EA-nın Qubkin adına mükafatçısı (1977 və 1982);

4.SSRİ qaz sənayesinin fəxri işçisi (1978);

5.Azərbaycan SSR Dövlət mükafatı laureatı (1980);

6. İki dəfə "Qırmızı Əmək Bayrağı" ordeni;

7.Azərbaycan Respublikasının "İstiqlal" ordeni.

 

Akademikin elmi və pedaqoji fəaliyyəti

 

Azad Mirzəcanzadə pedaqoji fəaliyyətlə də məşğul olmuş,  ixtisaslı kadrların yüksək səviyyədə hazırlanmasında, Azərbaycan iqtisadiyyatının inkişafı üçün güclü elmi potensialın yaradılmasında əvəzsiz xidmətlər göstərmişdir.

O, müəllim kimi  pedaqoji fəaliyyətə  Bakı şəhərindəki  44 nömrəli orta məktəbdə, 1944-cü ildə başlayıb. 1951-1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin nəzəri mexanika kafedrasının dosenti,  1957-1959-cu illərdə professoru, 1959-cu ildən ömrünün sonunadək  Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri işləyib.

Pedaqoji fəaliyyəti ilə yanaşı, Azad müəllimin elmi fəaliyyəti də müstəsna əhəmiyyət kəsb edir.  O, 1948-1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutunda və Neft Ekspedisiyasında baş laborant, kiçik elmi işçi, böyük elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb.  1958-1968-ci illərdə Azərbaycan Neft Sənayesi Nazirliyi nəzdində Elmi-Tədqiqat Neftçıxarma İnstitutunda, həmçinin 1966-1969-cu illərdə SSRİ Elmlər Akademiyasının Mexanika Problemləri İnstitutunda laboratoriya müdiri, 1969-1973-cü illərdə SSRİ Elmlər Akademiyası və Neft Sənayesi Nazirliyinin müştərək laboratoriyasının, 1973-1989-cu illərdə keçmiş Ümumittifaq Elmi-Tədqiqat Neft İnstitutunun neft-qaz dinamikası laboratoriyasının müdiri işləyib. 1992-ci ildən isə Azərbaycan Neft Akademiyası nəzdində Neft-Qaz Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışıb.

Akademik Azad Mirzəcanzadə 1992-2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının sədri olub,  1993-2001-ci illərdə isə Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik edib.

Azad Xəlil oğlu Mirzəcanzadə 2006-cı il iyulun 17-də 78 yaşında vəfat edib.

 

Elm sahəsindəki xidmətləri

 

Akademik Azad Mirzəcanzadənin Azərbaycan elminin inkişafında  müstəsna xidmətləri var. O, elm xadimləri arasında tətbiqi mexanika və neft-mədən işləri sahəsindəki  qiymətli araşdırmaları ilə məşhurlaşmışdı. Neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının neft sahəsində tətbiqi ilə bağlı problemlər məhz Azad Mirzəcanzadə  tərəfindən fundamental elmin nəzəri məsələləri səviyyəsində araşdırılırdı.

Alimin neft və qaz-kondensat yataqlarının mənimsənilməsinin və istismarının əsaslarına həsr olunmuş elmi  tədqiqatlarında neft sənayesinin qazma, istehsal və neft maşınqayırması kimi sahələrinin aktual problemləri öz həllini tapmışdı.

Azad Mirzəcanzadə 400-ə yaxın elmi əsərin, 50-dən artıq ixtira və patentin müəllifidir. O, özünün elmi fəaliyyətində neft və qaz çıxarılması proseslərinin qlobal optimallaşdırılmasına xüsusi diqqət yetirirdi. Dəniz neft yataqlarının işlənilməsi sahəsində dinamik metodların hazırlanması və tətbiq edilməsi Azad Mirzəcanzadənin başlıca elmi nailiyyətlərindəndir.

Alimin yaradıcılığında elmi tədqiqatlarının son dövrünün  əsas  istiqamətlərini neft-qaz yataqlarının sinergetik analizi təşkil edir.

 

"Azad müəllim elə bir fenomen idi ki..."

 

Həlimə MEHDİYEVA,

respublikanın əməkdar müəllimi, 147 nömrəli texniki- humanitar liseyin direktoru: 

 

- Azad  müəllim haqqında  hələ respublika mərkəzi komitəsində şöbə müdiri işləyərkən eşitmişdim. Bir dəfə də Neft Daşlarına gedərkən orada görmüşdüm. Bu böyük şəxsiyyətlə tanışlıq mənim üçün nağıl kimi bir şeydi. Lisey ideyasını respublikamıza, Bakı şəhərinə gətirən  Azad müəllim olub. İlk dəfə Səbail rayonu 2 nömrəli məktəbdə riyaziyyat təmayüllü məktəb açıldıqdan sonra mən həmin məktəbdə direktor müavini işlədim. Azad müəllim ən azı həftədə iki dəfə  məktəbimizə gələrdi. Birinci dəfə müəllimlər üçün, ikinci dəfə şagirdlər üçün mühazirə oxuyar, seminarlar təşkil edərdi.

Günlərin bir günündə Azad müəllim  evimizə zəng vurdu. Onda Ali Attestasiya Komissiyasının (AAK) sədri idi. Mənə dedi ki, siz gəlirsiniz AAK-a. Mənim sizinlə söhbətim var. Durdum getdim. Azad müəllim dedi ki, Xətai Rayon İcra Hakimiyyətindən xahiş etmişəm. Neft rayonu olduğu  üçün mən bu rayonda  bir lisey açıram. Siz də bu liseyin müdiri olursunuz. Dedim Azad müəllim, əvvəla, mən şəhərin mərkəzində yaşayıram. Oradan Xətaiyə gedib-gələ bilmərəm. Üstəlik, uşaqlarım da tələbədir. Onları nəzarətimdən kənar qoya bilmərəm. Azad müəllim mənim gətirdiyim dəlillərlə razılaşmadı. Dediyinin üstündə dayandı.

Beləliklə, akademik, dünya şöhrətli alim Azad Mirzəcanzadənin təkidini və təklifini qəbul etdim. 1998-ci ildə bu liseyin  direktoru işləməyə razılıq verdim. O vaxt bu məktəb qüsurlu uşaqların təhsil alması üçün nəzərdə tutulmuşdu. Yarım ildən sonra,  yeni dərs ilində biz qüsurlu uşaqları 55 nömrəli məktəbə köçürtdük. Bina boşalan kimi Azad müəllim binanı götürdü. Qum adasından, Neft daşlarından, hətta xarici təşkilatlardan bizə humanitar kömək göstərdilər. Beləliklə, liseyi dirçəldə bildik. İlk dəfə 1999-cu ildə liseyi açmağa nail olduq.

Azad müəllimin keçdiyi dərslərdə riyaziyyat, ədəbiyyat, tarix, coğrafiya, həkimlik,  musiqi harmoniyası  vardı. O, auditoriyalarda 10-11-ci sinif şagirdlərinə əlavə dərslər keçər, onlara texniki, fiziki təfəkkür  düşüncəsi aşılayardı.

Azad Mirzəcanzadə liseyimizi həm səviyyə, həm   təchizat baxımından  tədricən inkişaf etdirdi.  Moskvanın, Ufanın, eyni zamanda xarici dövlətlərin liseylərindən proqramlar gətirtdi. Biz bu proqramları özümüzünküləşdirdik. Yəni həmin proqramları əsas götürərək, özümüzün yurdumuza, şəraitimizə uyğun başqa bir proqram tərtib edib onun əsasında dərs keçməyə başladıq.

Azad müəllim heç bir elm sahəsini riyaziyyatdan  ayırmırdı. O, deyirdi ki, ədəbiyyatın özündə də riyaziyyat var. Yer üzündə elə bir sahə yoxdur  ki, orada riyaziyyat olmasın. Riyaziyyat bütün elmlərin açarıdır. İnformatika riyaziyyatdır, fizika riyaziyyatdır, ədəbiyyat, tarix, kimya, coğrafiya, biologiya  riyaziyyatdır.  Riyaziyyatsız nə var? Heç nə! Ona görə də şagirdə birinci riyaziyyatı sevdirmək lazımdır. Azad müəllim özü riyaziyyatçı Kolmoqorovun   bütün elmi işləri haqqında şagirdlərə geniş məlumat verirdi. O, biz müəllimlərə də qeyd dəftəri tutdurmuşdu. İndi də qarşıma bir problem çıxanda mən mütləq  o dəftərdən istifadə edirəm.

Öz mütərəqqi ideyaları ilə Azad müəllim özü yaratdığı bu liseyə düz 9 il gəlib getdi. Onuncu ili Azad Mirzəcanzadə dünyasını dəyişdi. Doqquz il ərzində Azad müəllim bütün ali məktəb müəllimlərinin yolunu  bizim liseydən saldırdı. Rəhmətlik Yaşar Qarayev də Azad müəllimin təşəbbüsü ilə burada uşaqlara mühazirələr oxuyub. Azad müəllim  son aylarda deyirdi ki, mən daha çox gələ bilmirəm, ədəbiyyat üzrə  Nizami Cəfərovu dəvət eləyin. Yeri gəlmişkən, hazırda Nizamı Cəfərov məktəbimizin fəxri direktorudur. Həftədə bir dəfə gəlir, mühazirələr oxuyur, gedir.

Azad müəllim bir sıra mötəbər elm ocaqlarında işləyib: Kazan Dövlət Universitetində, Qubkin adına Neft-Kimya və Qaz İnstitutunda, Novosibirskdə. Onun Tümenlə   əlaqələri vardı.

Bizim 147 nömrəli liseyin bünövrəsindən başlamış bugünkü səviyyəyə gəlib çatmasınadək Azad müəllimin zəhməti ölçüyəgəlməzdir. Onun söylədiyi hər bir mühazirə  şagirdlərin intellektual səviyyəsinin  artmasında müstəsna rol oynayırdı. Bizim lisey Azad müəllimin sayəsində sanki bir mini-instituta çevrilmişdi.

Azad müəllim elə bir fenomen idi ki, onun dediyi hər bir kəlmə zaman keçdikcə aforizmə çevrilirdi. O deyirdi:

"İstedadlılara kömək edin, yol göstərin. İstedadsızlar özləri özlərinə onsuz da yol tapacaqlar. 

Öz ideyalarınıza hər zaman sadiq qalın. Heç kimlə lazımsız konfliktə  girməyin. Öz işinizə məsuliyyətlə  yanaşın".

Bir məktəb direktoru kimi mənə etdiyi tövsiyələr də hələ yadımdadır:

"Məktəb direktorunun xüsusi qəbul saatı olmalı deyil. Məktəb direktorunun qapısı hər zaman hamının üzünə açıq olmalıdır. Şagird valideyninə  deyə bilmədiyini öz müəlliminə deməlidir. Şagird birinci müəllimini sevir, sonra onun fənnini sevir".

Azad müəllimin ən çox əsəbləşdiyi hal hansısa dərsin boş keçməsi idi. O deyərdi ki, dərs hissə müdirinin həmişə ehtiyat müəllimi olmalıdır ki, hər hansı bir fənn müəlliminin qarşısına nəsə problem çıxanda, onu başqa müəllimlə əvəz edə bilsin. O, şuluqluq salan şagirdi sinifdən eşiyə çıxarmağın da əleyhinə idi. Deyirdi ki, bu yaxşı üsul deyil. Şagirdi sinifdən çölə çıxarıb ondan  "xilas" olmaq yox, onu maraqlandırmaq, tərbiyə etmək lazımdır. Azad müəllimin ideyaları bu gün də yaşayır.

 

"Azad Mirzəcanzadəni ustadım hesab edirəm" 

 

Eldar ŞAHBAZOV,

texnika elmləri doktoru, professor, ARDNŞ-ın Nanotexnologiyalar Departamentinin rəisi: 

 

- Akademik Azad Mirzəcanzadə ilə 22 il bundan qabaq Moskvada tanış olmuşuq. O, beynəlxalq konfransın rəhbəri idi. Sonra həyat elə gətirdi ki, mən üzərində işlədiyim elmi mövzularımı onun rəhbərliyi altında davam etdirib elmlər namizədliyimi, doktorluq dissertasiyamı müdafiə elədim. 

Azad müəllim özünə çoxkriteriyalı insanları yaxınlaşdırardı. İnsanları daha çox professionallıq və səmimilik nöqteyi-nəzərdən qiymətləndirərdi. Operativlik, yəni, qarşıya qoyulan problemləri tez bir zamanda həll etməyə nail olmaq Azad müəllimin ilkin şərtlərindən idi.

2004-cü ildə ilk dəfə olaraq mərhum akademikimizin icazəsi altında nanotexnologiyalar innovasiya silsiləsindən ideyası irəli sürüldü və başladıq Azad müəllimin rəhbərliyi altında eksperimentlər aparmağa. İlk növbədə bu eksperimentləri laboratoriya daxilində, daha sonra mədənlər şəraitində apardıq. Nəticə etibarı ilə yeni-yeni nailiyyətlər əldə olundu. Daha doğrusu, neftin karbohidrogen mühitində nanotexnologiyaların öyrənilməsi, tətbiqi, əsasən də neft hasilatının artmasına və xərclərin azalmasına nail olmaq -bax, bu iki istiqamətdə araşdırmalar apardıq və nəticə əldə etdik. Akademik Azad Mirzəcanzadənin və Xoşbəxt Yusifzadənin rəhbərliyi altında işlədik. Nəhayət, departament yaradıldı və məni bu departamentə rəis təyin etdilər.

Hazırda  nanotexnologiyalar çərçivəsində müəyyən layihələr  aparırıq. 2010-2015-ci illəri əhatə edən neft proqramını işləmişik. Bunun əsasında hazırda Almaniyada "Socar nanotexnologiyaları çərçivəsində" elmi-tədqiqat mərkəzi işləyir. Almaniyanın bir neçə möhtəşəm universitetlərində nanotexnologiyaları çərçivəsində həm tədqiqatların aparılması, həm bu sahədə işlərin görülməsi, həm də layihələrimizin neft sahəsində geniş tətbiq edilməsində nailiyyətlər əldə etmək məqsədilə biz də lazımi işləri görmüşük. Nano layihəsinin mahiyyəti ondan ibarətdir ki, bütün bu məmulatlar, maddələr hamısı atom və molekullardan ibarətdir. Nanotexnologiyaları deyəndə, "nano" yunanca "karlik" deməkdir. Yəni, ən kiçik hissəcik.

Bu saat bütün dünya bununla məşğuldu. Son altı ildə yüz milyarddan səkkiz yüz milyard avroya kimi nanotexnologiyalarının inkişafına vəsait qoyulubdur. Biz fəxarətlə deyə bilərik ki, nanotexnologiyaları ilə məşğul olan çox az kompaniyalar var. Azərbaycan bu sahədə lider ölkələr sırasındadır. İlk yerdə Amerika Birləşmiş Ştatlarıdır, sonra bizik. Mən əldə etdiyim bütün uğurlarımda hörmətli akademik Azad Mirzəcanzadəni öz ustadım hesab edirəm.

 

"Elm xadimləri sırasında gözlərim Azad müəllimi axtarır" 

 

Alçın ŞİRİNZADƏ,

texnika elmləri doktoru, professor, əməkdar mühəndis, Milli Aerokosmik Agentliyinin baş direktoru:

 

- 1970-ci ildə institutun ikinci kursunda oxuduğum zaman elmə həvəsi olan tələbələri dərsdən sonra laboratoriya işlərinə cəlb edirdilər. Belə tələbələrin sırasında mən də var idim. Mərhum akademik Azad Mirzəcanzadəni həmin o dövrdən tanıyıram. O, bizə suallar, tapşırıqlar verir, biz də o tapşırıqların üzərində işləyirdik. Mən dərsdən sonra laboratoriyalara gedib əvvəlcə köməkçi kimi işlədim. İnstitutu bitirdikdən sonra təyinatla getdim Neft Daşlarına. Azad müəllim istehsalatda çalışan tələbələrə çox böyük diqqət ayırırdı. O, biləndə ki, mən işləmək üçün Neft Daşlarını seçmişəm, bu faktı çox yaxşı qəbul elədi. Dörd ildən sonra mənə təklif etdi ki, aspirantura təhsili alım. Əvvəlcə soruşdu ki, işləriniz necə gedir, neçə ildi ki, işləyirsiniz? Cavab verdim ki, dörd ildi. Sonra dedi ki, aspiranturada oxumaq istəmirsiniz? Mən cavabında dedim ki, necə məsləhətdir (Yeri gəlmişkən o, bütün tələbələri ilə ancaq "Siz" müraciət formasında danışardı). Mən ayın 16-17 gününü Neft Daşlarında  sex rəisinin müavini işləyir, yerdə qalan günlərimi AZİ-dəki (indiki ADNA) laboratoriyada işləməyə sərf edirdim. Azad müəllim tələbələrinin hamısının işlərindən xəbərdar idi, o cümlədən mənim də. Xülasə, qısa söhbətdən sonra getdik onun kabinetinə, Azad müəllim telefonu götürüb zəng etdi aspirantura şöbəsinə, dedi ki, Şirinzadə Alçının sənədlərini qəbul edin. Beləliklə, mən aspiranturada Azad müəllimin tələbəsi oldum.

Azad müəllim  bilirdi ki, mən iqlim baxımından çətin şəraitdə çalışıram, ona görə də mənimlə olan bütün söhbətlərində, tapşırıqlarında hər zaman bunu nəzərə alırdı.  Mən elmi işimi uğurla müdafiə etdikdən sonra Azad müəllim dedi ki, sizə hansısa bir vəzifə veriblər? Dedim bir-iki təklif ediblər, ancaq razılaşmamışam. Dedi, onda gəlin AZİ-yə (indiki ADNA). Orada belə bir fakültə vardı: istehsalat sənayesinin təşkilatçıları fakültəsi. Bu fakültə SSRİ  miqyasında yeganə olaraq Azərbaycanda-AZİ-də idi. Mən Azad müəllimin məsləhəti ilə həmin fakültənin  dosenti oldum.

Hər il sentyabrın 29-da  onun ad gününə toplaşardıq. Təbii ki, seçimi özü edər, deyərdi ki, Siz, siz, siz... axşam bizə gələrsiz. Üç dəfə özünün dəvətilə onun ad günündə iştirak etmişəm. Stolun üstü çox sadə olardı. Tort, çay, şirniyyat... Yəqin ki, onları da yeganə bacısı İradə xanım hazırlayırdı. Tibb Universitetində çalışan İradə xanımın öz evi olsa da, Azad müəllimi tək qoymurdu, onunla bir mənzildə qalırdı. O da ailə qurmamışdı, sevimli qardaşından əvvəl dəyişdi dünyasını.

Ad günlərində bir də görürdük Azad müəllim keçdi pianonun arxasına. Onun çox şirin çalmağı, gözəl ifaçılıq məharəti vardı.

Azad müəllimin evinin dörd divarı kitabla dolu şkaflardan ibarət idi. Ortalıqda divan və stol-stul vardı.

Azad müəllim anasının xatirəsini çox uca tuturdu. Deyirdi ki, üzdən anama bənzədiyim üçün özümü hər zaman xoşbəxt sayıram. Atası Xəlil kişi Cənubi Azərbaycanın Sərab şəhərindən, anası Asiya xanım isə xan nəslindən idi.

Azad müəllim əcnəbi dillərdən rus dilindən başqa alman dilini də mükəmməl bilirdi. Amma o, özü haqqında heç vaxt məlumat verməyi xoşlamazdı.

Azad müəllimin bizim ailə yaddaşımızda da mühüm yeri var. Mənim qardaşım Siyavuş Şirinzadə 1965-ci ildə SSRİ Neft Sənayesi Nazirliyini yaradanlardan biri olub. Elmlər doktoru, professor idi. İki dəfə Qubkin mükafatı laureatı olmuşdu, uzun müddət-11 il Vyetnamda işləmişdi. Vyetnam prezidenti ona "Xalqlar dostluğu" ordeni vermişdi. Siyavuşla Azad müəllimin arasında cəmi 5-6 yaş fərq olsa da qardaşım Azad müəllimi özünün  ustadı hesab edirdi. Hər ikisi nur içində yatsın!

Sağlığında çox müşahidə etmişəm ki, hətta Azad müəllimdən yaşda böyük olanlar da hörmətli akademikimizlə ünsiyyət qurmaqdan fəxarət duyurdular.

Mən də onun tələbələrindənəm. Həm də, təvazökarlıqdan uzaq sayılmasın, çox istədiyi, fərqləndirdiyi tələbələrdən biriyəm. Azad müəllimin diqqətini hər zaman üzərimdə hiss etmişəm. Bir dəfə də olsun Azad müəllim mənə acıqlanmadı, nəyəsə irad tutmadı. Məni qapı arxasında saxlamadı.

Onun ən yaxın dostu kim olub- hərdən fikirləşirəm, ancaq bu sualı dəqiq cavablandırmaqda çətinlik çəkirəm. Çünki ən müxtəlif sahənin adamları ilə münasibət saxlayırdı. Məsələn, Qara Qarayev, Fikrət Əmirov, Amerikada yaşayan Bakı yəhudisi Qriqori İssakoviç Barenblatt... Azad müəllimin  bəyəndiyi şəxslər hansı sahədə çalışmasından asılı olmayaraq bir insan kimi etalon idilər. Bir dəfə özü söhbət edirdi ki, Amerikadan kimsə Azad müəllimə zəng çalıb, ancaq susub, danışmayıb, telefonda Koroğlunun uvertürasını səsləndirib. Azad müəllim musiqini dinləyib dəstəyi asmaq istəyəndə görüb ki, həmin yəhudi dostudu.

Mən Azad müəllimi ilk dəfə görəndə 40-42 yaşı vardı. Hündürboylu, qıvrımsaçlı, çöhrəsi nurlu bir gəncdi. 40 yaşında bu insan artıq akademik olmuşdu.  O, Moskvada olanda hamının diqqət mərkəzinə çevrilərdi. Cavan oğlan, akademik, hamıynan öz sahəsində danışmağa söz tapan alim. Azad müəllim operaya, teatra getməyi, balet rəqslərinə tamaşa etməyi sevirdi.

İstedadlı uşaqlara hər zaman tövsiyə edərdi ki, elmi işinizi müdafiə etmək istəyirsinizsə, ailə qurmamışdan əvvəl bu işi görün.  Ailə qurandan sonra qarşıya o qədər problemləriniz çıxacaq ki, elmə sərf etməyə vaxtınız qalmayacaq.

Mən 31 yaşımda elmlər namizədi, 48 yaşımda isə elmlər doktoru olmuşam. Özümü elmi sahədə təsdiq etməyimdə ustadım olan Azad müəllimi bu gün də elm xadimləri sırasında gözlərim hər zaman axtarır. 

 

"Azad müəllimin yeri həmişə görünür"

 

Sədi NURİYEV,

 

filologiya elmləri doktoru, TQDK, "Abituriyent" jurnalı redaksiyasının məsul katibi

 

- Akademik Azad  Mirzəcanzadə ilə mənim ilk tanışlığım iyirmi il bundan əvvəl elə payız  fəslində  olub. 1993-cü il idi. O zaman Azad müəllim Dövlət Elm və Texnika Komitəsinin, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri idi. Bir gün Əziz müəllim məndən soruşdu: "Siz (O, məndən yaşca böyük olmasına baxmayaraq o, mənə həmişə belə müraciət edərdi) bizimlə komitədə işləmək istərdinizmi? O vaxt Bakı Slavyan Universitetində professor vəzifəsində çalışırdım. "Böyük məmnuniyyətlə" - dedim. Söhbətimiz bununla bitdi.

Bir gün sonra - həftənin  beşinci günü, axşam Əziz müəllim mənə zəng edib dedi ki, Azad müəllimin adına ərizə yazım və şənbə günü səhər saat 11-də komitədə olum.

Deyilən vaxtda komitəyə gəldim. Sədrin müavini Əziz Rəhimovla görüşdük. Hal-əhvaldan sonra Əziz müəllim otaqdan çıxdı və təxminən 5 dəqiqə keçməmiş geri döndü. Birlikdə Azad müəllimin yanına getdik. Oturmağa yer göstərdi.

Ərizəmi  masanın üstünə qoydum. Təxminən yarım saata qədər  ümumi  mövzularda söhbət getdi. Arabir Azad müəllim məndən məişət səviyyəsində bir neçə söz soruşdu. Birdən "Nə ilə məşğul olmusunuz" - soruşdu. Cavab verdim ki, Dostoyevskinin yaradıcılığını öyrənməklə məşğul olmuşam, bu sahədə işləyirəm. O, bir söz demədi. Mən onun belə ünsiyyət manevrinin altında nə olduğunu, istiqamət və məqsədini başa düşsəm də, özümü o yerə qoymadım.

Azad müəllim qəflətən söhbətin mövzusuna qayıtdı: "Baxtini bilirsiniz?" Cavab verdim ki, bəli, Baxtini bilmədən Dostoyevskini öyrənmək olmaz. "Mənə Baxtinin nəzəriyyəsinin əsasını deyin, amma iki sözlə"- dedi. "Dərketmənin dialojiliyi" - dedim. 

Azad müəllim heç nə demədən ərizəmə dərkənar qoydu və məni Elmi və Elmi-Texniki Siyasət İdarəsinin rəisi vəzifəsinə işə qəbul etdi. Son cavabımdan sonra, deyəsən, ikimiz də bir nöqtənin üstünə gəldik. Azad müəllim  Baxtin nəzəriyyəsi ilə məni tanıdı və məncə, hiss etdi ki, bunu başa düşmüşəm.

Təxminən bir ilə qədər Elm və Texnika Komitəsində çalışdım. Sonra Azad müəllimin təklifi və istəyi ilə Ali Attestasiya Komissiyasına Dövlət Attestasiya Müfəttişliyi şöbəsinin rəisi vəzifəsinə gətirildim.

Azad müəllimin məndə oyatdığı ilk təəssürata görə, o, çox dərin düşüncəyə, erudisiya genişliyinə, görmə əhatəliliyinə, fikrini anlaşılanadək yeritmək məharətinə (O, fikrini pauzalarla ifadə edirdi və məncə,  pauzalarda fikrinin qəbul olunub-olunmamaq dərəcəsini yoxlayırdı),  yüksək dinləmək qabiliyyətinə malik genişmiqyaslı alim, böyük pedaqoq idi. Sonralar Azad müəllimlə bağlı ilk təəssüratlarımda yanılmadığım dəfələrlə təsdiqləndi. Mənim ən çox diqqətimi cəlb edən  məqamlardan biri də onunla elmi söhbətlər zamanı gözlərində gördüyüm işıq, parıltı idi. Ən acıqlı vaxtlarında belə, elmdən söhbət düşən kimi gözlərinə nur gələr, çöhrəsi tamam başqalaşardı. Elə bil ortalıqda  bir an əvvəl gərginlik-filan olmayıb.

Azad müəllimin işıqlı xatırəsi bu gün də gözümün qarşısındadır. Azad müəllim gövdəli kişi idi. Bəzən çoxlarına elə gəlirdi ki, onunla ünsiyyətdə olmaq çətindir, yaxud da heç mümkün deyil.

Bəli, Azad müəllim ciddi, tələbkar olduğu qədər də, son dərəcə ədalətli insan idi. Fenomenal yaddaşı vardı. Onun iç dünyası, daxili aləmi o qədər zəngin idi ki...

O, özündə elə böyük ideyalar gəzdirirdi ki, belə ölçüyəgəlməz bir yükün altında sanballı görünməmək sadəcə mümkün deyildi. Azad müəllim ağırtaxta kişilərdəndi. Onu başa düşmək lazım idi. Azad müəllimin xarakterindəki təbii ağırlığını, ləngərini zəhmə, köntöylüyə yozmaq dayazlıqdı.

Bir dəfə respublikada tanınmış professorlardan biri Azad müəllimin qəbuluna gəlmişdi ki, özünün sədrlik etdiyi müdafiə şurasının səlahiyyətinin niyə dayandırıldığının səbəblərinə aydınlıq gətirsin. Azad müəllim ona   səbəbləri dedi. O, yenə də eyni sualla müraciət elədi. Azad müəllim cavabını bir də təkrarladı. Üçüncü dəfə Azad müəllim dedi ki, daha onunla danışmaq istəmir. Professor yenə də mübahisəyə  cəhd edəndə Azad müəllim ona sualla müraciət elədi: "Sən professorsan? Bəs niyə başa düşmürsən?" və s. Professor Azad müəllimdən incik getdi və qəzetdə yazdı ki, akademik onu təhqir edib. Düzdür, həmin professor sonra mətbuatda Azad müəllimdən üzr istədi.

Azad müəllim tələbkarlığı və ciddiliyi qədər də həssas və kövrək insan idi. Əməkdaşları mükafatlandıranda ən az məvacib alana ən yüksək mükafat yazırdı. Mükafatlandırmanı qapıçıdan, xadimədən, gözətçi işləməyə məcbur qalan aspirantdan başlayırdı. Mən bunların hər birinə neçə-neçə misal gətirə bilərəm.

Azad müəllim bütün zamanların müəllimidir. O, dünya durduqca yaşayacaq bir alimdir. Onun müəllimliyi dərs otaqları ilə məhdudlaşmırdı. Ən sadə situasiyalarda, ən adi söhbətlərdə belə, Azad müəllimdən əhəmiyyətli  nəsə öyrənmək olurdu. O, gəncləri- şagird və tələbələri çox sevir, onlara hər zaman qayğı ilə yanaşırdı. Azad müəllim nəhənglikdə alimin, o istedadlı pedaqoqun yeri həmişə görünür və bütün  zamanlarda da həmişə görünəcək.

 

"Azad müəllimin xatirəsi yaddaşlarda təzə və canlıdır"

 

Nəsib MÜTƏLLİMZADƏ,

Qubkin adına Neft-Kimya, Qaz İnstitutunun məzunu, "Qazprom"un "Orqenerqoqaz" Birliyinin keçmiş idarə rəisi

 

- Əziz həmyerlimiz Azad Mirzəcanzadə ilə bir neçə dəfə tələbəlik illərimdə Qubkin adına Neft-Kimya, Qaz İnstitutunda (indi Akademiya adlanır) görüşmüşük. Aramızda qısa elmi söhbətlərimiz olub. O, Azərbaycan elminin əsl cəfakeşi, patriotu idi. Bu sözləri Azad Mirzəcanzadə haqqında ona görə ürəklə deyirəm ki, qısa sürən söhbətimiz böyunca, mən özüm-özümə etiraf etdim ki, Azad müəllim Vətənimiz Azərbaycan üçün, onun elmsevər övladları üçün necə yanar çırağa çevirmək istəyir özünü...

Təbii ki, onda sovet dövrü idi və ö dövrün əyintilərindən, təhsilimizdə olan çatışmazlıqlardan qarşılıqlı giley-güzar etdik. Azad müəllim mənə dedi ki, sizin oxumaq üçün niyə məhz Moskvanı - Qubkin adına institutu  seçməyinizi özüm üçün aydınlaşdırdım.

Azad müəllim bir eloğlumuz kimi çox ölçülü-biçili şəxsiyyət idi. Mən kafedrada, institutun koridorunda hər dəfə onunla rastlaşanda çox ehtiramla salamlaşardıq.

Azad müəllim ensiklopedik təfəkkürə malik bir alim idi. Daxili paklığı onun danışığına, nitqinə hopmuşdu. O, əsl riyaziyyatçı idi. Bu gün də mənə elə gəlir ki, yarım əsr bundan əvvəl bitirdiyim Qubkin adına Moskva Neft-Kimya, Qaz İnstitutunda  öz fənnini Azad Mirzəcanzadədən güclü bilən ikinci bir pedaqoq yox idi. Həddən ziyadə tələbkarlığına görə onun fənnini sevməyən bəzi zəif oxuyan tələbələr belə onun şəxsiyyətinə ehtiramla yanaşır, haqqında çox yüksək səviyyədə fikirlər söyləyirdilər.

Uzun illər Küveytdə, Liviyada, Polşada, Almaniyada, Fransada, Orta Asiya ölkələrində çalışdığımdan sonralar bir daha Azad müəllimlə qarşılaşmadım. Buna baxmayaraq, onun xatirəsi  hər zaman yaddaşımda təzə və canlıdır.

 

Hazırladı: Ellada UMUDLU

 

Azərbaycan müəllimi.- 2013.- 4 oktyabr.- S.9.