Müəllim adımla fəxr edirəm

 

5 OKTYABR BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜDÜR

 

Artıq 18 ildir ki, pedaqoji fəaliyyətlə məşğulam. Nəsimi rayonu 42 nömrəli tam orta məktəbdə çalışmağım mənim həyatımda bir dönüşə çevrildi. Məktəbimizdə müəllimlər arasında sağlam rəqabət hökm sürməkdədir. Tez-tez "açıq dərs"lərin, müxtəlif ədəbi-bədii gecələrin təşkil olunması, müəllimlərin İKT bacarıqlarını möhkəmləndirməsi üçün kurslarda iştirak etməsi artıq ənənəyə çevrilmişdir. Bunun üçün bir müəllim kimi mən öz üzərimdə daim çalışaraq istər metodiki, istərsə də texnoloji cəhətdən hazırlığımı artırmağa başladım. 2011-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Mədəd" humanitar təşkilatı ictimai birliyi tərəfindən təşkil edilmiş İKT-nin təhsilə tətbiqi üzrə "İntel" "Gələcək üçün təhsil" təlim kursu, 2011-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Smart Technologies" şirkəti tərəfindən təşkil edilmiş məktəb müəllimləri və təhsil müəssisələrinin işçiləri üçün "Dymo/Mimio interaktiv texnologiyaları" ilə tədris təlim kursunu dinlədiyimə görə sertifikat almış, 2012-ci ildə "Mir predmetnika" saytında "Tvorçestvo A.Şaiqa" mövzusunda material təqdim etdiyim üçün, 2012-ci ildə "Flash dlya prodoljayuşix" kursunu distant yolla bitirdiyimə gürə sertifikatla təltif olunmuşam. "İnsan alveri: təhlükələr və qabaqlayıcı təşəbbüslər" üzrə təlim kursunu bitirmiş, 2012-ci ildə Yenilikçi Öyrətmənlər kursunu müvəffəqiyyətlə başa vurmuşam. 2012-ci ildə həm həyat bilgisi, həm də Azərbaycan dili və ədəbiyyat fənni üzrə "Öyrədənlərin öyrədəni" təlimçilər üçün təlim kursunu bitirərək hər iki fənn üzrə "təlimçi" statusu almışam. "İnkişaf" elmi mərkəzinin xətti ilə "Ümumi orta təhsil səviyyəsi üzrə yeni fənn kurikulumları ilə V-VI sinifdə dərs deyəcək müəllimlərin təlim kursunda"  təlimçi kimi fəaliyyət göstərirəm. Azərbaycan dili və ədəbiyyat fənləri aylığının rayon turunun "Açıq dərs"  nominasiyasının qalibi diplomu, pedaqoji sahədə səmərəli fəaliyyətimə, gənc nəslin təlim-tərbiyəsində qazandığım uğurlara görə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Fəxri fərmanı, Azərbaycan Jurnalist Həmkarlar İttifaqı və "Himmət" Xeyriyyəçiliyin Təbliği Mərkəzi rəhbərliyinin birgə qərarı ilə Azərbaycan dilinin, ədəbiyyatının qorunmasında və mükəmməl tədris olunmasında göstərdiyim fəaliyyətə görə "Xan  qızı Natəvan" mükafatı ilə təltif olunmuşam. Və bu uğurlarımdan sonra ötən il möhtərəm Prezidentimizin sərəncamı ilə keçirilən "Ən yaxşı müəllim" müsabiqəsində iştirak etmək qərarına gəldim. Birinci mərhələdə 2,1 balla qiymətləndirildim. İkinci mərhələ mənim üçün daha uğurlu oldu. "C.Məmmədquluzadənin "Qurbanəli bəy" hekayəsinin təhlili" mövzusunda keçdiyim "açıq dərs" 9,93 balla qiymətləndirildi. Həmin dərs "Fəal dərs nümunəsi kimi" kurikulum proqramını həyata keçirən bəzi təşkilatlara göndərildi. Nəhayət, üçüncü təqdimat mərhələsində 8,88 bala layiq görüldüm. Beləliklə, 20,91 balla "Ən yaxşı müəllim " müsabiqəsinin qaliblərindən biri oldum.

İnsan öz əməyinin qiymətləndirildiyini görəndə tutduğu işə məsuliyyəti daha da artır. Müsabiqənin təşkili, qiymətləndirilməsi, obyektivliyi biz müəllimlərə verilən ən böyük hədiyyədir, dəyərdir. Prezidentimiz tərəfindən təhsilimizə göstərilən qayğıdır. Bu bir faktdır ki, Prezidentimizin əsas məqsədi Azərbaycan gənclərini dünyanın ən inkişaf etmiş ölkələrinin gəncləri ilə eyni səviyyəyə çatdırmaqdır.  Mənim də müəllim kimi bir amalım var: günbəgün qüdrətlənən Azərbaycanımızın gələcəyi  üçün sağlam düşüncəli, vicdanlı vətəndaş yetişdirmək.

Qarşıdan 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü gəlir. Bu il bu bayramı müsabiqə qalibi kimi qeyd etmək mənim üçün çox sevinclidir. Əlbəttə,  mən bu sevinci tək yaşamıram. Mənim bütün bu uğurlarımda əməyi olan müəllimlərimi - məktəbimizin direktoru Firəngiz Həmidovanı, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri Aydın Paşayevi, baş müəllim Bəybala Abbaslını və bütün həmkarlarımı bayram münasibəti ilə ürəkdən təbrik edirəm.

Ən əsası təhsilə, Azərbaycan müəlliminə və gənc nəslə göstərdiyi qayğı və diqqətə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.

 

Natəvan HACIYEVA,

Bakıdakı 42 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

 

Azərbaycan müəllimi.- 2013.- 4 oktyabr.- S.6.