"Məktəbli
avtobusları" orta
təhsil müəssisələrinə
niyə lazımdır?
Mütəxəssislərin fikrincə bu, tədrisin keyfiyyətinə müsbət təsir edə bilər.
Məktəbin xüsusi nəqliyyatının mövcud olmasının təhsilin keyfiyyətinə müsbət təsir göstərən amillər sırasında əsas yerlərdən birini tutduğu və belə bir mövzunun ictimai müzakirələrdən kənarda qaldığını nəzərə alaraq problemə toxunulmasını vacib hesab etdik. Məktəb həyatı uşağa təsir edən ən mühüm sosiallaşdırma institutlarından biridir və bu təsir ailənin, məktəbdənkənar mühitin və digər sosial mühitlərin təsiri ilə tamamlanır.
Sosiallaşma prosesini pozan amillər əsasən məktəbin
qeyri-müvəffəq faktorlarının təsiri və
şəraiti ilə bağlı olur ki, bunun da
əsasında rahatlıq və komfort tələbatı
dayanır. Müasir avadanlıq, ən yeni informasiya texnologiyaları və yüksək
ixtisaslı kadrlarla təmin olunmuş müasir Azərbaycan
məktəblərində bu tələbatı
tamamlayacaq yenilik məktəbli
nəqliyyatına ehtiyac olan
orta təhsil müəssisələrinə
bu işdə lazımi köməyin
göstərilməsidir. Ölkəmizdə bəzi
özəl məktəblərin avtobusları var,
lakin bu geniş vüsət almayıb. "Məktəbli
avtobusları"nı bələdiyyələrin imkanları
hesabına təşkil etmək məqsədəuyğun
olardı. Bu ideya yeni deyil, bir
çox dövlətlər artıq bu imkandan geniş
istifadə edirlər və bu cür tətbiqolunmalar təhsil sahəsində
kompleks islahatlar həyata
keçirilərkən sosial sifarişin bir hissəsi hesab edilir.
Məktəbli
nəqliyyatının yaradılması ideyası mühərrikin
ixtirası və avtomobil sənayesinin
inkişafı ilə eyni dövrə təsadüf
etdiyindən bunu inkişaf
etmiş ölkələr üçün
yenilik hesab etmək olmaz, baxmayaraq ki, Hindistan, Banqladeş, Kolumbiya, Estoniya və s. kimi inkişaf etməkdə
olan dövlətlər artıq çoxdan bu praktikadan istifadə
edirlər. Məsələn, belə avtobuslar Avstraliyanın bəzi əyalətləri
üçün yararlı deyil. Çünki burada dərslər distant formada keçilir ki, bu da
şagirdlərə və valideynlərə olduqca
böyük torpaq sahələri
olan fermer ailələrinin
evləri də bir-birindən kifayət dərəcədə
uzaqda yerləşdiyindən bu gün əlverişlidir.
Məktəbli
nəqliyyatının tarixinə gəldikdə isə "Ford" konsernində çalışan A.L.Lusi ilk dəfə belə
bir ideya irəli sürüb ki, nə üçün zavodlar
uşaqları məktəbə aparıb gətirən xüsusi təyinatlı avtobuslar
("school bus") istehsal etməsinlər. Beləliklə, 1927-ci ildə ilk dəfə uşaqların
daşınması üçün xüsusi nəqliyyat növü
meydana gəlir. Hazırda bu
cür "school bus"lar ABŞ-da,
Kanadada, Böyük Britaniyada, Fransada, Almaniyada, Yaponiyada və Avstraliyada geniş
yayılıb. Rusiyada 1999-cu ildən etibarən
"məktəb avtobusları" istifadədir. Xüsusi təyinatlı belə nəqliyyatlar
təhlükəsizlik baxımından da olduqca əlverişlidir. Təhlükəsizlik
kəmərləri, aşağı sürət, xüsusi xəbərdarlıq siqnalları ilə
təchiz olunma bu cür avtobuslar nəqliyyatın
ən sürətli hərəkəti müşahidə olunan yollarda da üstünlüklər yaradır. Məsələn,
bir çox ölkələrin
müvafiq qanunvericiliyində göstərilir
ki, "məktəb avtobusları"na
yaxınlaşanda və ya yanından
keçəndə sürət həddi mütləq
aşağı salınmalıdır. Məhz buna
görə də "məktəbli avtobusları" ən az qəzaya uğrayan nəqliyyat
hesab edilir. Qeyd edək ki, biz heç də məktəb
üçün nəzərdə tutulmuş xüsusi təyinatlı
avtobusların istifadəyə verilməsinin vacibliyini
vurğulamırıq. İstənilən iritutumlu
bir nəqliyyat vasitəsinin məktəbin
istifadəsinə verilməsi mümkündür.
Bu nəqliyyatın maliyyələşdirməsinə
şərait yaradılmasını və bunun
üçün müvafiq
strukturların xidmətindən faydalanmağa
nail olmaq
lazımdır.
Hər şeydən əvvəl,
məktəbli avtobuslarının istifadəyə verilməsi
valideynlərin vaxtına və puluna qənaət
etmək deməkdir. Müəllifin şəxsi müşahidələrinin
və valideynlərlə olan söhbətlərin
ümumi nəticəsinə əsaslanaraq
qeyd edə bilərik ki,
müxtəlif sosial statuslara
malik valideynlər birmənalı olaraq bu sistemin
tətbiqinin tərəfdarıdır. Nəqliyyatda
sərnişin sıxlığını nəzərə alaraq, məktəblilərin, xüsusilə ibtidai sinif şagirdlərinin
müasir məktəbdə əldə etdiyi bilik və
bacarıqlara çevik reaksiyası və
bundan doğan zehni gərginliyə, üstəlik uzun yol qət etmək məcburiyyəti
səbəbindən fiziki yorğunluq
da əlavə olunur ki, bu da
dərslərdə geriləməyə və mövzuların
istənilən səviyyədə mənimsənilməməsinə
gətirib çıxaran səbəblərdəndir. Rayon, şəhər
və qəsəbə məktəblərində isə vəziyyət
daha fərqlidir. Çünki
bir inzibati vahidin ərazisində bir
və ya iki məktəbin
fəaliyyət göstərməsi yaxın və uzaq məsafədən asılı olmayaraq ətraf yaşayış məntəqələrində
yaşayan əhaliyə övladlarını
nisbətən yaxın məktəb axtarmağa
seçim imkanı vermir.
Qış aylarında isə vəziyyət daha
acınacaqlı olur. Bütün sadalanan
səbəblərə görə, övladını istər
şəxsi nəqliyyat vasitəsində aparıb-gətirən
imkanlı valideynlər, istərsə də buna
imkanı çatmadığı üçün
ictimai nəqliyyatdan istifadə edən
imkansız valideynlər də "məktəbli
avtobusları"nın istifadəyə verilməsini ailə
büdcələri üçün
olduqca əlverişli hesab
edirlər. Digər tərəfdən, vahid məktəbli formasına keçidlə
əlaqədar olaraq sosial
statusundan asılı olmadan
təhsil müəssisələrində ibtidai
və yuxarı sinif şagirdlərinin sosial-iqtisadi fərqlərinin məktəbin
xaricində qalmasını təqdir ediriksə, şübhəsiz
ki, sinifdən kənarda da
bir qism valideynlərin
öz uşaqlarını xüsusi sürücülərin idarə etdiyi bahalı avtomobillərdə
aparılıb-gətirməsini məqbul hesab
etməməliyik.
Məsələnin psixoloji tərəfini də nəzərdən
qaçırmamaq gərəkdir ki, bu da kiçik
yaşlardan etibarən məktəbdənkənar
ünsiyyətin formalaşması ilə bağlıdır. Məlumdur ki, məktəblilərin
daim birlikdə məktəbə gəlib-getmələri
qarşılıqlı səmimiyyət və kollektiv
əhvali-ruhiyyənin yaranmasına və davamlı olmasına
güclü təsir göstərir ki, bu da
dərs zamanı məktəblilərdə psixoloji
üstünlük yaradır, xüsusilə
ona görə ki, bəzi məktəblilər
dərs danışarkən, məsələ həll edərkən,
yaxud interaktiv təlim
zamanı müstəqil fikir yürüdərkən
yoldaşlarının gülüş
obyektinə çevrilə bilmək fobiyası onlarda çəkingənlik yaradır ki, bu da
gələcəkdə özünəqapanma ilə
müşahidə olunur və hətta daha ağır psixoloji zədələrə
gətirib çıxarır. Bu fakt təcrübəli pedaqoqlara
çoxdan məlumdur. Yəqin
ki, hər kəs məktəb illərindən
xatırlayar ki, siniflərində mütləq
bir (neçə) şagird
dərslərə mütəmadi olaraq
gecikməklə tanınsın, müəllimin
danlağına məruz qalsın, bəzən hətta tənəffüs
zənginə qədər sinfə daxil
olmağa utansın. Bu
qayda ilə davam edərsə,
həmin şagird haqqında "tənbəldir",
"gecikir, bu tədbirə
gələ bilməyəcək", "o
çatdıra bilməyəcək, dəvət etməyək"
kimi ittihamlarla üzləşəcək.
Sözsüz ki, bu cür hallar
gələcəkdə şagirdin xatirələrində
xoş olmayan izlər
buraxır və bir şəxsiyyət kimi formalaşma prosesində
özünəinam hissini zəiflədən
amilə çevrilir. Başqa sözlə, məktəbdənkənar
ünsiyyətin sürətlə yox, əksinə,
ilbəil tədricən yuxarı siniflərdə inkişaf etməsi şagirdlərin əksəriyyətində
müşahidə olunan
"yovuşmazlıq" hallarının ifrat
artmasına və komplekslərin yaranmasına təsirsiz ötüşmür. Bu da cəmiyyətdə
birliyin, kollektiv
münasibətlərin zəifləməsinə,
"yıxılan dostum deyilsə, mənim
nə işimə", "bizdən biri
deyil, nə işimə", "hər
kəs özü üçün"
kimi eqoist
düşüncə tərzinin yaranmasına gətirib
çıxarır ki, bu
da birbaşa vətənpərvərlik
tərbiyəsini zəiflədən və əzmkarlıq ruhunu boğan stereotiplərin
inkişafına təkan verir.
Fikrimizcə,
bu təşəbbüs həyata
keçirilsə, tədrisin keyfiyyətindən başqa, eyni zamanda şagirdlərin dərsə davamiyyətinə,
ən əsası dünyagörüşünə,
psixologiyasına və sağlam
düşüncə, kollektiv şəraitində
mehriban ünsiyyət tərzinin kök atmasına mütləq öz
müsbət təsirini göstərər.
Nurlan
MƏMMƏDOV,
Bakı
Slavyan Universitetinin doktorantı
Azərbaycan müəllimi.-
2013.- 11 oktyabr.- S.8.