Təhsil işçiləri
ölkə Prezidentinə
minnətdarlıqlarını
bildirirlər
Azərbaycan təhsilinə, təhsil işçilərinə daim böyük diqqət və qayğı göstərən dövlət başçısı ənənəyə uyğun olaraq, builki peşə bayramları ərəfəsində də bir qrup təhsil işçisinin təhsilin inkişafındakı xidmətlərinə görə "Əməkdar müəllim" fəxri adı və "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncamlar imzalayıb. Təltif olunanlar əməklərinə verilən qiyməti yüksək dəyərləndirir, ölkə başçısına minnətdarlıq edirlər. Onların bir qrupunun bu barədə redaksiyamıza ünvanladıqları yazıları oxuculara təqdim edirik.
Halal zəhmətin bəhrəsi
Bu
günlər sevinc içindəyəm. Çünki ölkə
başçısı tərəfindən zəhməti
yüksək qiymətləndirilərək fəxri ad və "Tərəqqi" medalı ilə
təltif olunan təhsil işçiləri
sırasında mən də varam. Bu il
5 oktyabr - Beynəlxalq Müəllimlər
Günü ilə əlaqədar
Sumqayıtdan iki müəllim təltif olunub. Mən "Əməkdar müəllim"
fəxri adına, həmkarım Həqiqət Abbasova
isə "Tərəqqi" medalına layiq
görülüb. Hər ikimiz
bu mükafatı təkcə bizə deyil, Sumqayıtın bütün
təhsil işçilərinin əməyinə verilən
yüksək qiymət hesab edirik.
Biologiya müəllimiyəm. 1959-cu ildə Zəngəzur
mahalının Qafan şəhərində
ziyalı ailəsində anadan olmuşam. Ailəmizin Abşeron rayonunun Mehdiabad qəsəbəsinə köçməsi
ilə əlaqədar 1966-cı ildə buradakı məktəbdə
birinci sinfə getmişəm. 1976-cı
ildə orta təhsilimi başa
vurmuş, 1984-cü ildə Bakı
Dövlət Universitetini bitirib
kimya-biologiya müəllimi ixtisası
almışam. 1990-cı ildə Sumqayıtdakı Gənc
Turistlər Mərkəzində diyarşünaslıq dərnəyinin rəhbəri kimi əmək fəaliyyətinə
başlamışam. 1994-cü ildə Sumqayıtdakı 31
nömrəli tam orta
məktəbə müəllim kimi işə
qəbul olunmuş və 8 il
burada çalışmışam.
2006-cı ildən isə fəaliyyətimi Sumqayıtın ən
yaxşı ümumtəhsil müəssisələrindən biri kimi tanınan texniki və
təbiət elmləri liseyində davam
etdirirəm. 2010-2011-ci tədris ilində keçirilmiş
"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olaraq möhtərəm
Prezidentimizin sərəncamı ilə 5 min manat pul
mükafatı ilə mükafatlandırılmışam.
Dərs dediyim şagirdlərin göstəriciləri
2010-2011-ci tədris ilində 77%, 2011-2012-ci tədris ilində
85%, 2013-cü ildə isə 88% olub. Son 3 ildə yetirmələrimin 7 nəfəri
fənn olimpiadalarının respublika turunun, 4 nəfəri isə respublika
və beynəlxalq müsabiqə və yarışların qalibi olub.
Son illər ölkəmizdə böyük inkişaf gedir. Bu inkişaf
fonunda təhsilimiz də öz
uğurlarını ildən-ilə artırır.
Möhtərəm
Prezidentimizin təhsil işçilərinə
göstərdiyi qayğı biz müəllimləri daha
yaxşı işləməyə ruhlandırır. Əməyimi
yüksək qiymətləndirdiyinə, peşə
bayramımız ərəfəsində mənə böyük sevinc bəxş
etdiyinə görə dövlət başçısına dərin minnətdarlığımı
bildirirəm.
Xalidə NƏZƏROVA,
Sumqayıt şəhər texniki və təbiət elmləri liseyinin biologiya müəllimi, əməkdar müəllim
"Əməkdar müəllim" adına layiq görülməyim
bayram sevincimi daha da artırdı
Bütün peşə sahibləri kimi
müəllimlər də hər il
oktyabrın 5-də öz peşə
bayramlarını təntənəli surətdə qeyd edirlər. YUNESKO-nun qərarı ilə 1994-cü ildən
dünyanın əksər ölkələrində
keçirilən 5 oktyabr - Beynəlxalq
Müəllimlər Gününü hər
il ölkəmizdə bir
hadisə xüsusilə əlamətdar
və yaddaqalan edir: bu gün ərəfəsində
ölkə başçısı təhsilin
inkişafında xüsusi xidmətləri
olan müəllimlərdən böyük bir qrupunu fəxri adlarla, orden və medallarla mükafatlandırır. Artıq ənənə halını almış bu hadisə
ölkəmizdə çox haqlı
olaraq müəllim əməyinə yüksək dəyər
verilməsinin, təhsilə və
təhsil işçilərinə göstərilən diqqət
və qayğının ən bariz təzahürü kimi
qiymətləndirilir. Bu il də ənənəyə uyğun
təltiflər oldu. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 oktyabr 2013-cü il tarixli sərəncamları ilə bir qrup təhsil işçisi "Əməkdar müəllim"
fəxri adına və "Tərəqqi" medalına layiq görüldü. Pedaqoji ictimaiyyətimizin böyük rəğbətlə
qarşıladığı bu təltiflər
çoxlu sayda
müəllimin - ən müqəddəs və şərəfli
peşə sahiblərinin bayram sevincini daha da artırdı. Onlardan biri də mənəm. Belə ki, mən də möhtərəm Prezidentimizin sərəncamı ilə
"Əməkdar müəllim" fəxri adı
almışam.
1975-ci ildə Azərbaycan
Dövlət Pedaqoji Universitetini
bitirdikdən sonra əmək fəaliyyətinə
başlamışam. Uzun illərdir ki, təhsil sahəsində
çalışıram. Binəqədi rayonunun
tam orta məktəblərində müəllim işləmişəm.
2000-ci ildə isə bu rayondakı 135
nömrəli tam orta
məktəbə direktor təyin olunmuşam.
Pedaqoji sahədə səmərəli fəaliyyətimə,
dövlətçiliyimizə sədaqətlə xidmətimə
görə müxtəlif təşkilatlar, dövlət
qurumları tərəfindən
mükafatlandırılmışam. Lakin
"Əməkdar müəllim" fəxri adı bunların hamısından yüksəkdir.
Mən müəllim üçün ən
uca ada layiq
görüldüyümə, eləcə də daim təhsilimizə,
müəllimlərimizə göstərdiyi böyük
qayğı və diqqətə görə möhtərəm Prezidentimiz
İlham Əliyevə dərin minnətdarlığımı
bildirirəm. Belə yüksək
mükafatları biz məktəb rəhbərləri
və müəllimlər həm də dövlətin bizə
etimadı kimi qəbul edir
və daha yaxşı
çalışmaq üçün stimul sayırıq.
Əlbəttə,
aldığım fəxri adı
həm də bir kollektiv
rəhbəri kimi məktəbimizin fəaliyyətinə,
son illər qazandığımız uğurlara verilən yüksək qiymət hesab edirəm. Belə
uğurlarımız isə az deyil. Əvvələn onu
qeyd edim ki, son illər
respublikamızda gedən vüsətli və geniş
quruculuq işləri məktəbimizə
də təsirsiz ötüşməyib. 1970-ci ildən istifadəyə
verilmiş, lakin bu vaxta qədər təmir
olunmamış məktəbimizin binasında bu il əsaslı təmir
işləri aparılıb. Qış idman
zalımız olsa da əlavə
yeni idman meydançası tikilib.
Eyni zamanda məktəbimiz yeni, müasir tədris avadanlıqları və vəsaitləri
ilə, kimya,
fizika və biologiya laboratoriyaları
lazımi avadanlıq və cihazlarla təmin
edilib. Məktəbimizdə mövcud olan 3 kompüter otağı İKT-nin
tədrisdə tətbiqinə tam imkan verir.
Son 2-3 il ərzində
məktəbimizin müəllimləri də bir
sıra diqqətəlayiq uğurlara imza atıblar. Belə ki, coğrafiya müəllimi Rafiq İslam oğlu Məmmədov möhtərəm Prezidentimizin
sərəncamına əsasən keçirilən "Ən
yaxşı müəllim" müsabiqəsinin iki dəfə qalibi olub. O, 2009-cu ildə ölkə Prezidentinin sərəncamı ilə "Tərəqqi"
medalı ilə təltif edilib. Məktəbimizin
fizika müəllimi Aybəniz Zahid qızı Tağıyeva, kimya müəllimi Sədaqət Qnyaz qızı Əbdürəhimova cənab
Prezidentin sərəncamları
ilə "Əməkdar müəllim"
fəxri adına layiq görülüblər.
Tarix müəllimimiz Leyla Əhliman
qızı Hüseynova da
"Ən yaxşı müəllim" müsabiqəsinin qalibidir.
Məzunlarımızın ali məktəblərə
qəbulu üzrə məktəbimizin göstəriciləri kifayət qədər yüksəkdir.
Belə ki, bu il məktəbimizi bitirmiş
43 gəncdən 34-ü ali məktəblərə qəbul üçün sənəd vermiş,
onlardan 26-sı tələbə
adını qazanmışdır. 5 məzunumuz 500-dən
yüksək bal toplamışdır. Builki məzunlarımızdan biri
- Nərmin Bayramlı isə ali məktəblərə
qəbul imtahanında 687 bal toplayaraq Bakı
Dövlət Universitetinin hüquq
fakültəsinə qəbul olunmuşdur.
Fikrimcə, digər təhsil müəssisələri
kimi bizim də qazandığımız
uğurların əsasında
dövlətimizin, möhtərəm Prezidentimizin
təhsilə və təhsil işçilərinə diqqət
və qayğısı, kollektivimizin gərgin
əməyi durur. Məktəbimizin kollektivi bu diqqət və qayğını yüksək
qiymətləndirir, bütün qüvvəsini təhsil ocağımızın nəticələrini
yüksəltməyə səfərbər edir.
Sadəgül HƏSƏNOVA,
Bakı şəhəri, Binəqədi rayonu 135 nömrəli tam orta məktəbin direktoru, əməkdar müəllim
Fəxri ad qarşımda böyük məsuliyyət qoyur
Ulu öndərimiz Heydər Əliyev fəxrlə
deyirdi: "Mən həyatda
qazandığım bütün uğurlara görə müəllimimə borcluyam! Müəllim şəxsiyyət
yetişdirən peşə sahibidir". Ulu öndər həmçinin deyirdi: "Mən yer
üzündə müəllimdən yüksək ad tanımıram!". Çünki
bəşəriyyət uşaqların tərbiyəsini ona etibar edir.
Müəllim yeganə peşə sahibidir
ki, cəmiyyəti idarə edən
insanı idarə edir, onlara
elm, bilik öyrədir.
25 sentyabr
1956-cı ildə Bərdə
rayonu Qaradəmirçi kəndində anadan olmuşam. 1973-cü
ildə həmin kənddəki orta məktəbi
əla qiymətlərlə bitirib H.Zərdabi
adına Gəncə Dövlət Pedaqoji İnstitutunun fizika - riyaziyyat
fakültəsinə daxil olmuşam.
1977-ci ildə univetsiteti bitirib təyinatla doğma
məktəbimizdə riyaziyyat müəllimi kimi
əmək fəaliyyətinə başlamışam. İnformatika və elektron hesablama maşınlarının əsasları
fənninin tədrisi ilə əlaqədar
qabaqcıl iş təcrübəm müəllimlər
arasında yayılmışdır. Buna
görə rayon təhsil şöbəsinin
fəxri fərmanı ilə təltif edilmişəm.
2003-cü ildə Bərdə rayonu
F.Sadıqov adına Qaradəmirçi kənd tam
orta məktəbinə direktor
təyin olunmuşam. Direktor təyin olunduğum gündən məktəbdə güclü nizam-intizam
yaradılması, şagirdlərin dərsə davamiyyətinin
yaxşılaşdırılması, onlara
hərtərəfli biliklərin verilməsi, müəllimlərin
öz işlərini günün tələbləri
səviyyəsində qurmalarını həmişə diqqət
mərkəzində saxlamışam. Bunun nəticəsidir ki, 2002-2003-cü tədris ilində məktəbin 1 nəfər
məzunu belə ali məktəbə qəbul
olmamışdırsa, 2012-ci ildə məktəb üzrə
45 məzundan 24 nəfəri, 2013-cü ildə isə 30 məzundan
18 nəfəri ali məktəblərə
qəbul olunmuşdur ki, bu da məktəbi bitirən məzunların 60 faizini təşkil edir.
2008-ci ildə Azərbaycan müəllimlərinin XIII
qurultayının nümayəndəsi olmuşam,
2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl təhsil
işçisi" döş
nişanına layiq görülmüşəm.
2010-2011-ci tədris ilində məktəbimiz "Ən
yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində
uğurla iştirak etmiş və qalib olmuşdur.
Rayon təhsil işçilərinin builki sentyabr konfransında
Azərbaycan müəllimlərinin XIV qurultayına nümayəndə
seçilmişəm.
Ölkəmizdə təhsilə,
müəllimə verilən böyük
qiymət, göstərilən qayğı hər kəsə
yaxşı məlumdur. Bu sahədə ulu öndərin yeritdiyi
siyasət bu
gün Azərbaycan dövləti tərəfindən
uğurla davam etdirilir.
Məktəb
tikintisi, məktəblərin əsaslı
təmiri və maddi-texniki bazasının
möhkəmləndirilməsi, "Ən yaxşı
ümumtəhsil məktəbi" və "Ən
yaxşı müəllim" müsabiqələrinin
keçirilməsi, hər il müəllimlərin
əməyinin qiymətləndirilməsi, onlara
fəxri adların verilməsi fikrimizin əyani təsdiqidir.
3 oktyabr
2013-cü il tarixdə Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə
"Əməkdar müəllim" adına layiq
görülmüşəm. Mən bu təltifi Bərdə rayon
müəllimlərinin əməyinə verilən yüksək
qiymət kimi dəyərləndirirəm
və bu işdə rolu
olan bütün insanlara, xüsusilə müəllim əməyinə
daim yüksək qiymət verən ümummilli lider Heydər
Əliyev siyasi kursunun
layiqli davamçısı İlham Əliyev cənablarına dərin təşəkkürümü
bildirirəm. Əməyimə verilən yüksək qiymət
mənim üçün sevindirici
olduğu kimi həm də
gözlənilməz oldu. Belə ki axşam saatlarında həmkarlarımın təbrik
zəngindən sonra bildim
ki mənə "Əməkdar müəllim"
fəxri adı verilib. Bu
təltif mənim qarşımda böyük
məsuliyyət qoyur. Bundan
sonra da təhsilimizin
səviyyəsinin yüksəlməsində bütün
qüvvə və bacarığımı səfərbər
edəcəyəm.
Hakim ƏLƏKBƏROV,
Bərdə rayon
F.Sadıqov adına Qaradəmirçi kənd tam
orta məktəbinin direktoru
"Tərəqqi" medalı almağımı həmkarımdan eşitdim
Həmkarım zəng
edib dedi ki, "Tərəqqi" medalı ilə təltif
olunmusan, adın təltif olunanların
siyahısındadır. Bu xəbəri
eşidəndə sevincimdən nə edəcəyimi bilmədim. Sevinirdim
ki, ölkə rəhbərinin imzası
ilə bu mükafata layiq
görülmüşəm.
Mən ömrümün 21 ilini müəllimlik peşəsinə
həsr etmişəm. 1987-ci ildə
Ucar şəhər 2 nömrəli tam orta məktəbini
bitirmişəm. Həmin il
Azərbaycan Pedaqoji Rus
dili və Ədəbiyyatı İnstitutuna daxil olmuşam. 1992-ci ildə
institutu müvəffəqiyyətlə bitirib Ucar şəhər
2 nömrəli orta məktəbə
müəllim təyin olunmuşam. İlk dəfə əlimə jurnal alıb
sinfə daxil olanda özümü dünyanın ən xoşbəxt adamı hiss etmişəm.
Çünki
artıq tələbə deyil,
hamının hörmətlə yanaşdığı müəllim
idim. İxtisasımı çox
sevirəm. Dərslərim o qədər
maraqlı keçir ki,
zəngin nə vaxt vurulduğunu
hiss etmirəm. Bütün
dərslərimdə interaktiv təlim metodlarından həvəslə istifadə edirəm.
Bunun nəticəsidir ki,
şagirdlərim özləri də
keçdiyim dərslərdən razı qalırlar.
1999-cu ildən Azərbaycan
Milli Konservatoriyasının nəzdində
olan İncəsənət
Gimnaziyasında çalışıram. Həyatımda təhsillə bağlı yaddaqalan hadisələr çoxdur.
Keçdiyim "açıq dərs"lər,
qatıldığım müsabiqələr,
aldığım fəxri fərmanlar əməyimə verilən qiymətlər olub.
2011-2012-ci tədris ilində keçirilmiş "Ən yaxşı müəllim"
müsabiqəsinin qalibi olmuşam.
Təhsildə qazandığım uğurlar,
tədris illərində əldə
etdiyim nailiyyətlər məni daha da yaxşı işləməyə ruhlandırır.
Yeri gəlmişkən onu
da qeyd edim
ki, uşaqlarla işləmək
əslində o qədər də asan məsələ deyil.
Gərək onların hər birinin dilini biləsən. Çalışıram
onların hər birinin müəllimi olmaqla
bərabər, həm də dostu olum. Həm elmi biliklər öyrədim,
həm də vətənpərvərlik
tərbiyəsinin düzgün təşkil
olunmasına nail olum,
xalqımızın tarixi, incəsənəti,
mədəniyyəti haqqında onlara ətraflı
məlumat verim,
milli dəyərlərimizi
aşılayım. Yeri gəlmişkən,
milli vətənpərvərlik tərbiyəsi
məsələsi bu gün
biz müəllimlər
qarşısında qoyulan ən vacib məsələdir.
Bizim ən ümdə borcumuz
ondan ibarətdir ki, uşaqlara bilik verməklə
yanaşı, onların vətənə layiqli
övladlar kimi
böyüməsinə də nail olaq.
Peşə
bayramımız hamı kimi mənə də əzizdir. Çünki bu bayram ərəfəsində mənə də "Tərəqqi"
medalı almaq
nəsib oldu. Ümummilli
lider Heydər Əliyevin və onun layiqli
davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin təhsilimizə göstərdiyi diqqət və qayğı pedaqoji kollektivimizi, bizim hər
birimizi daha da yaxşı
çalışmağa ruhlandırır. Sevincimi
bütün həmkarlarımla
bölüşürəm və
hamısını təbrik edirəm. Bu sevinci mənə bəxş edən möhtərəm
cənab Prezidentimiz İlham
Əliyevə öz
dərin təşəkkürümü bildirirəm.
Etimadı gələcək fəaliyyətimdə doğrultmağa çalışacağam.
Leyla ƏSGƏROVA,
Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının müəllimi
Bu şad
xəbəri mənə vaxtilə şagirdim
olmuş müəllim yoldaşım çatdırdı
1987-ci ildə ADPU-nin filologiya fakültəsini fərqlənmə diplomu ilə
bitirmişəm. Müəllim olmaq
uşaqlıq arzum olub.
Çalışqanlığım sayəsində arzuma qovuşdum. Bütün varlığımla şagirdlərimi
öyrətməkdən yorulmuram, bilik və bacarığımdan səmərəli
istifadə edirəm. Mütaliəni
çox sevirəm. Hər gün təzə
fikir, təzə söz,
təzə şeir oxumasam
narahat oluram. 1988-ci ildən 190 nömrəli tam
orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edirəm. Azərbaycan dili
və ədəbiyyatı metodbirləşməsinin sədriyəm.
Məktəbin ictimai işlərində,
müəllim yaradıcılığı ilə, fəaliyyəti
ilə bağlı keçirilən
tədbirlərdə, yarışlarda, müsabiqələrdə
daim iştirak edirəm.
2001-2002-ci tədris ilində "Təhsildə keyfiyyət ili" çərçivəsində
keçirilən "İlin ən
yaxşı müəllimi", "Pedaqoji
mühazirələr",
"Müasir təlim
metodlarının tətbiqinə dair ən
yaxşı metodik tövsiyə"
müsabiqələrində I yerə layiq
görülmüşəm. "Abdulla Şaiq" mükafatı ilə təltif olunmuşam. Dəfələrlə
əmək kitabçama yazılmaqla rəhbərlik
tərəfindən təşəkkürlər
almışam. 2005-2006-cı tədris ilindən ümumtəhsil
məktəblərinin 5-ci və
6-7-ci sinifləri üçün
"Azərbaycan dili" dərsliklərinin, "Ədəbiyyat dərsləri interaktiv təlim metodlarında" adlı dərs
vəsaitinin müəlliflərindən biriyəm.
2007-2008-ci tədris ilində keçirilmiş
"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuşam. Onlarla məqalənin müəllifiyəm.
Yenicə fəaliyyətə başlayan
"İşıq qadın" jurnalının redaktoruyam və
s.
İş masamın arxasında əyləşəndə
özümü xoşbəxt hiss edirəm. Şagirdlərim iç
dünyalarını mənə açanda
ruhən sakitləşirəm, yaşamaq
istəyirəm. Hər gün özümə
haqq-hesab verirəm. Bir
sözlə, müəllimlik peşəsinin vurğunuyam.
Yetişdirdiyim şagirdlərimlə fəxr
edirəm. Vaxtilə dərs dediyim
şagirdlərdən hazırda mənimlə
çiyin-çiyinə çalışanlar da
var. Onlardan biri mənimlə bir məktəbdə
işləyən ibtidai sinif müəllimi Nərgiz Məmmədovadır. Zəng
edib
"Əməkdar müəllim" fəxri adını aldığım barədə şad xəbəri də mənə o bildirdi. Uğurum
barədə şagirdim mənə xəbər
verdiyinə görə ikiqat sevindim. Fəxri ad alan bütün təhsil
işçilərini təbrik edirəm. Əməyimə, fəaliyyətimə
verilən böyük qiymətə
görə möhtərəm cənab Prezidentimiz
İlham Əliyevə minnətdarlığımı
bildirirəm.
Qənirə ƏMİRCANOVA,
O.Mirzəyev adına 190 nömrəli tam orta məktəbin təlim-tərbiyə
işləri üzrə direktor müavini, pedaqogika üzrə
fəlsəfə doktoru
Müəllimlik sənətini seçdiyimə
görə taleyimdən razıyam
Orta məktəbdə oxuyarkən həkim olmaq arzusu ilə
yaşayırdım. Ancaq
tale məni Bakı Dövlət Universitetinə
yönləndirdi. Bioloq oldum.
Müəllimlik sənətini seçdim.
Peşman da deyiləm.
İxtisasımı, peşəmi, şagirdlərimi
ürəkdən sevirəm.
Bütün varlığımla onlara bağlıyam.
Qazancım dünyalar qədərdir.
Şagirdlərimə verə
bildiyim savadı, bilik və bacarıqları,
onların mənə
sonsuz sevgilərini, layiq görüldüyüm
mükafatları, dövlətin,
ölkə başçısının
diqqət və qayğısını nəzərdə
tuturam. Şagirdlərimə də deyirəm
ki, Allah eləsin, istədiyiniz peşəyə
sahib olasınız.
1961-ci ildə Sumqayıt şəhərində
dünyaya göz açmışam. Şəhərdəki 10 nömrəli tam orta məktəbin məzunu olmuşam. 1986-cı ildə
BDU-nun biologiya fakültəsini
bitirmişəm, pedaqoji
fəaliyyətə 1989-cu ildə
başlamışam. 2000-ci ildə yaxşı müəllim kimi nəinki gənclik şəhərinin, eyni zamanda respublikamızın ən
qabaqcıl təhsil ocaqlarından biri olan Təbiət elmləri təmayüllü
gimnaziyaya dəvət
edilmişəm. Şəhərin istedadlı və bacarıqlı müəllimlərini
arayıb-axtaran, dəvət
edən, onlara hər cür şərait yaradan bu məktəb mənim də peşəkar bir pedaqoq kimi yetişməyimdə
mühüm rol oynayıb.
Buradakı işgüzar mühit,
maddi-texniki təminat,
tələb və qayğının düzgün
uzlaşdırılması nəticəsiz qalmayıb.Uğur
dalınca uğur qazanmışam. Əvvəlcə məktəb və şəhər miqyaslı
yarış və müsabiqələrdəki qələbələrim
sonralar respublika miqyasına çıxmağa
başlayıb. Elə
son nailiyyətlərin nümunəsi
kimi 2012-ci ildə 43 ölkənin iştirakı
ilə keçirilən
"İnepo Auroasiya"
Beynəlxalq ekologiya müsabiqəsində şagirdlərim iki qızıl, bir bürünc medal qazanıblar.
Keçən il iki, bu
il bir şagirdim
orta məktəbi qızıl medalla bitirib. Bir şagirdim biologiya
üzrə fənn olimpiadasının respublika
turunda birinci yerə layiq görülüb. Şagirdlərim
2012-ci ildə ali məktəblərə qəbul
zamanı biologiya fənni üzrə abituriyentlərin düzgün
cavablarına görə
87,60 faizlə ikinci yerə yüksəlmişlər.
Sənətimə
vurğunluq, gərgin
zəhmət, müntəzəm
öyrənmək və
axtarışlar, yenilikləri
öyrənib işimə
tətbiqim hər zaman uğurlarımı təmin edib. Əməyim
həm şagirdlər,
həm işlədiyim
pedaqoji kollektiv, həm də dövlət tərəfindən
layiqincə qiymətləndirilib.
"Ən yaxşı müəllim"
müsabiqəsinin qalibi olmuşam. Bu
günlərdə təltif edildiyim "Tərəqqi"
medalını isə təhsilə, məktəbə, müəllimə
həmişə yüksək qiymət verən cənab
Prezidentimiz İlham Əliyevin xüsusi qayğısı kimi
qiymətləndirirəm. Bunu təkcə özümə
yox, bütün iş yoldaşlarımın əməyinə
verilən layiqli mükafat hesab edir və biz təhsil
işçilərinə göstərdiyi bu qayğıya
görə dövlətimizin başçısına təşəkkürlərimi
bildirirəm.
Həqiqət
ABBASOVA,
Sumqayıt
şəhər təbiət elmləri təmayüllü
gimnaziyanın müəllimi
Azərbaycan
müəllimi.- 2013.- 11 oktyabr.- S.6.