Valideynləri rus dilində danışa bilməyən
uşaqların
bu dildə təhsil alması hansı çətinliklər
yaradır?
Övladının yüksək biliyə sahib olması, geniş dünyagörüşü, bacarığı ilə fərqlənməsi hər bir valideynin arzusudur. Bu arzunu reallaşdırmaq üçün valideynlər uşaqlarının məktəb yaşı çatdıqda, hətta 1-2 il daha erkəndən tanış-bilişindən, qohumlarından yaxşı məktəb kimi tanınan, özünün yüksək təlim-tərbiyə prosesi ilə seçilən təhsil ocaqlarını soruşur, qabaqcadan uşaqlarını qoymaq istədikləri təhsil müəssisəsinə gedərək onunla yaxından tanış olurlar. Əlbəttə ki, bu, təbii bir prosesdir və valideyn öz övladı üçün həyatda hər bir şeyin mükəmməlini, yaxşısını istəyir. Ailələrdə məktəbin seçimi ilə yanaşı, ata-ana tərəfindən uşağının hansı dildə təhsil alması məsələsi də gündəmdə durur. Elə valideynlər var ki, nəinki öz ailəsində, eləcə də onu tanıyanlar, əhatə edən insanlar, qohumları ilə yalnız Azərbaycan dilində danışmasına baxmayaraq, uşaqlarının məktəbdə təhsilini rus dilində almasını istəyirlər. Valideynlərdən bəziləri bunu uşaqları rus dilində təhsil alarsa onların daha intellektli, həyatda özünü təsdiqləməsində daha sərbəst olmaları ilə, həmçinin bu dildə tədris vəsaitlərinin çox olması və yaxud digər amillərlə izah etsələr də, bəziləri "şan-şöhrət" xatirinə və ya atalar misalında deyildiyi kimi, "qonşudan geri qalmamaq" üçün edirlər. Öz övladı ilə doğulduğu gündən məktəb yaşına qədər yalnız Azərbaycan dilində danışan, rus dilində tək bir kəlmə belə bilməyən və həmin dildə danışılan ən sadə sözləri başa düşməyən valideynlərin əslində, uşağının bu dildə təhsil alması ilə bağlı seçimini nə dərəcədə düzgün saymaq olar? Doğrudanmı, belə ailələrin uşaqları onların ata-analarının dediyi kimi, təkcə məktəbdə təhsillərini rus dilində almaqla nəinki bu dili çox rahat şəkildə, asanlıqla öyrənər, hətta fikirlərini sərbəst şəkildə bildirə bilərlər? Bu məsələ ilə bağlı pedaqoq və psixoloq fikrini bilmək düşünürük ki, valideynlərimizlə yanaşı, oxucularımız üçün də maraqlıdır.
Belə şagirdlərlə
məşğul olarkən çoxlu
problemlərlə üzləşirik
Nailə ŞÜKÜROVA,
Bakı Avropa Liseyinin rus bölməsinin ibtidai sinif müəllimi
- Əslində ailəsində
hər zaman Azərbaycan dilində
danışan, rus dilini
bilməyən valideynlərin övladlarının məhz rus dilində təhsil almaq
istəməsi rus bölməsində dərs
deyən müəllimləri də düşündürür. Biz müəllimlər
tədris prosesində valideynləri rus
dilində danışa bilməyən ailələrdən olan şagirdlərlə məşğul olarkən
bir çox çətinliklərlə
üzləşirik. Mən bunlardan bir neçəsini qeyd etmək
istərdim. Məsələn, tapşırıqları icra edərkən evdə uşağa
yardım olunmur; uşaq
çalışmanın və verilən
tapşırığın, dərsliyin mənasını anlamır; mətnin
yazılı, şifahi nəqlində və
mənasında çətinlik çəkir; isim
və sifətlərin sonluqlarında orfoqrafik
və üslub səhvləri buraxır;
imlaların yazılışı zamanı səsləri eşitdiyi kimi
yazdığı üçün tez-tez səhvlər edir.
Beləliklə, həmyaşıdları ilə müqayisədə
rusdilli olmayan
uşaqların nitqinin inkişafı ləng
gedir. Uşaq proqramdan geri qalmağa başlayır və təlimə
marağı itir. Nəticədə o, proqramı mənimsəmir.
Bilirsiniz, ailəsində rus
dilindən istifadə edilməyən, ata-anası, onu əhatə edənlərlə yalnız Azərbaycan dilində
danışan, ünsiyyət quran uşaq rus dili
üçün bir növ "xariciyə" çevrilir,
yəni heç nə başa
düşmür.
Fikrimcə,
uşağın rus dilində ünsiyyət
qurması üçün rusdilli mühitdə olması mütləq
şərtdir. Məktəbəqədər dövrdə dil vərdişləri
formalaşdığı üçün
uşağın inkişafında bu mühitin yaradılması xüsusilə vacibdir. Məhz bu dövrdə
uşaq onu əhatə
edən mühitlə tanış olur,
sözləri, söz birləşmələrini
və şeirləri asanlıqla yadda
saxlayır. Mən həmin uşaqlarla məşğul
olarkən müxtəlif forma və üsullardan istifadə edirəm. Məsələn,
şeirlərin əzbərlənməsi uşaqlarda
yaxşı danışıq və normal
intonasiya əldə etmək üçün ən yaxşı
üsullardandır. Söz
ehtiyatının çoxaldılması söz
düzəltmək üçün vacibdir. Uşaqlar yeni söz yaratmağı
sevir. Şagirdlər şifahi
xalq ədəbiyyatı - nağıllar, əfsanələr,
atalar sözləri ilə tanış
olmalıdırlar. Onlar kino
və cizgi filmlərinə tamaşa etməli, audio
diskləri dinləməli və öz
sözləri ilə öyrəndiklərini nəql etməlidirlər.
Rus dilində olan uşaq tamaşalarını izləmək də
uşaqların bu dili
öyrənməsində effektiv nəticə
verir. Belə ki, burada uşaq təkcə rus dilində düzgün
nitqi eşitmir, həm
söz ehtiyatını artırır, həm
də estetik inkişaf
əldə edir. Bu
uşağın inkişafında motivasiya
olur, rus dilini öyrənməsində əhəmiyyətli rol oynayır.
Yazı
bacarıqlarını formalaşdırmaq üçün isə mən tədris
prosesində izahedici, xəbərdaredici
imlalardan və yaddaş
üzrə məktubdan istifadə edirəm.
Valideynlərdən heç olmazsa biri uşaqla
rus dilində ünsiyyət qura
bilməlidir
Bahar
KƏRİMOVA,
Bakı
Avropa Liseyinin psixoloqu
- Doğrudan da bir
sıra ailələrdə
valideynlər övladlarının
orta məktəbin rus bölməsində təhsil almalarına üstünlük verirlər.
Bu hal hətta
valideynlərdən heç
birinin rus dilini bilmədikləri ailələrdə də müşahidə olunur.
Valideynlərlə bunun səbəbini
araşdırdıqda onlar
bir sıra arqumentlər gətirirlər.
Məsələn, rus
dilində resurslar daha genişdir; bu dildə vəsaitlər
daha mükəmməldir;
rus dilində təhsil alan
uşaqların dünyagörüşü
daha geniş olur; bu dildə
təhsil almaq daha prioritetlidir və s.
Əslində
hər bir valideyn övladının
orta məktəbdə
təhsilini hansı dildə alacağını
müəyyənləşdirərkən
birinci növbədə
bu barədə uşağın özü
ilə də söhbət etməlidir. Təəssüf ki, bir çox valideynlər belə hesab edirlər ki, uşaq çox balacadır və hələ onun bu məsələ ilə bağlı fikrini soruşmaq düzgün deyil. Ata-ana düşünür
ki, altı yaşında uşaq özünün hansı dildə təhsil almasını bilə bilməz, o hələ hər hansı bir qərarı verə biləcəyi yaşda deyil. Lakin hörmətli valideynlər,
unutmayın ki, hər uşaq körpə yaşlarından
bir şəxsiyyət
kimi formalaşmağa
başlayır. Hər bir
uşaq bu yaşda nəyin onun xoşuna gəlməsini və ya nəyin gəlməməsini
söyləyə bilər.
Övladını məhz
hərtərəfli inkişaf
etmiş, müstəqil
fikirli, özünəinamlı
və s. keyfiyyətlərə
malik bir şəxsiyyət kimi formalaşdırmaq hər
bir valideynin əsas məqsədi olmalıdır. Bu nəyə görə vacibdir? Təcrübə
göstərir ki, uşaq onun istəyinin əksinə olaraq rus bölməsində
təhsil almağa məcbur edildikdə bu, onlarda bir
sıra problemlərə
səbəb ola
bilər. Belə ki, uşaq tamamilə
məktəbə getməkdən
imtina edə bilər, sinif yoldaşları ilə ünsiyyətdə bir sıra problemlər yaranar, aqressiya halları
müşahidə olunar,
xüsusilə əgər
uşaqda emosional şəxsi sahədə artıq hər hansı problemlər mövcuddursa. Valideynlərdən heç birinin
rus dilini bilməməsi isə ailədə bu problemləri daha da dərinləşdirir.
Uşağın
hər hansı bir dili öyrənə
bilməsi, o dildə ünsiyyət qurması üçün birinci növbədə onun mühiti düzgün təşkil olunmalıdır. Valideynlərdən heç olmazsa
biri bu dildə
uşaqla ünsiyyət
qura bilməlidir.
Övladının təhsilini rus
dilində almasını
planlaşdıran valideynlər
yaxşı olar ki, tez-tez onu
teatra aparsınlar, rus dilində inkişafetdirici cizgi filmlərinə birlikdə
baxsınlar, müxtəlif
oyunlar oynasınlar, şəkilli nağıl
kitablarını müzakirə
etsinlər.
Sual
oluna bilər ki, bunları nəyə görə etmək vacibdir? Bilirsiniz, teatrda, cizgi filmlərində, oyunlarda emosionallıq var, onlar uşaq üçün maraqlı
olur. Bununla da onun şüuraltı sahəsinə
təsir olur, şagird dili asanlıqla öyrənir,
o dildə ünsiyyətdə
olmağı xoşlayır.
Əgər valideynlər uşağın
rus dilində təhsil almasını bir məqsəd kimi qarşılarına qoyublarsa yaxşı olar ki, bu
cür mühit uşaq məktəbə getməmişdən əvvəl
yaradılsın. Əks halda
həm uşaq, həm də valideyn bir sıra
çətinliklərlə rastlaşa bilər. Bu səbəbdən də hər bir valideyn övladının
hansı dildə təhsil alması üzərində düşündükdə
rus dilində tədrisin daha prioritetli olmasını və sair üstünlüklərə
malik olmasını deyil, ilk növbədə
övladının emosional,
intellektual, fiziki inkişafının və
hərtərəfli inkişaf
etmiş şəxsiyyət
kimi formalaşdırmağın
daha prioritetli bir məsələ olduğunu düşünməlidir.
Şagirdin idrak prosesləri
düzgün inkişaf
etdirildikdə, dərin,
çevik təfəkkür
formalaşdıqda hər
hansı bir dilə yiyələnməsi
və həmin dildə olan resurslardan faydalanmaq onun üçün
problem yaratmır.
Sonda
məni həm valideyn, həm də psixoloq kimi artıq neçə illərdir ki, narahat edən
bir mühüm məsələni də xüsusilə qeyd etmək istərdim. Bu nədir? Çox təəssüflə
qeyd etmək istərdim ki, cəmiyyətimizdə daha
çox uşağın
intellektual sahəsinin
inkişaf etdirilməsinə
diqqət verilir, lakin onun emosional
sahəsinin inkişafına
demək olar ki, diqqət yetirilmir. Əslində
şəxsiyyətin hərtərəfli formalaşması, öz bilik və
bacarıqlarını lazımi səviyyədə göstərə
bilməsi, özünü həyatda
xoşbəxt sanması üçün bu iki sahənin bərabər
səviyyədə inkişaf etdirilməsi
vacibdir.
Mən fikirlərimi bütün valideynlərə
ünvanladığım sualla
yekunlaşdırmaq istərdim: "Gəlin düşünək,
emosional, mənəvi sahəmizdə
problemlər olduqda həqiqətənmi biz həyatda yüksək nailiyyətlər əldə
edə bilmişik və özümüzü
xoşbəxt hesab etmişik?".
Məncə, bu barədə bir daha dərindən
fikirləşməyə dəyər.
Söhbəti qələmə aldı: Samirə KƏRİMOVA
Azərbaycan
müəllimi.- 2013.- 11 oktyabr.- S.5.