Azərbaycanda yeni təhsilalma forması –
distant (məsafədən) təhsil bizə nə
verəcək?
Azərbaycan
Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyi ilə
aparılmış tədqiqatların nəticələri
Tətbiqi
Tədqiqatlar Fondunun Azərbaycan
Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi
"Azərbaycanın ali və orta ixtisas təhsili
sistemində distant təhsilin perspektivləri:
problemin tədqiqi, müzakirəsi, təbliği" layihəsi başa
çatdırılmışdır. Layihə cəmiyyət üçün mühüm
əhəmiyyət daşıyan təhsil sahəsinin aktual problemlərindən birinə həsr edilmişdir.
Azərbaycan təhsil
sistemi zamanın tələblərinə uyğun olaraq böyük islahatlar və
yeni mühitə adaptasiya
dövrünü yaşayır. Təhsilin,
o cümlədən ali
və orta ixtisas təhsilinin
forma və məzmununda hazırkı ictimai-iqtisadi mühitin tələblərinə
uyğun olaraq
addımlar atılır. Avropanın və
dünyanın sosial-iqtisadi və mədəni məkanına inteqrasiya
edən Azərbaycan bu məkanın əmək
bazarının standartlarına cavab verən
kadrlar hazırlamaq, öz
böyüyən nəslinin rəqabətqabiliyyətliliyini təmin
etmək üçün məqsədyönlü
şəkildə iş aparır.
Təhsil sahəsində
yerinə yetirilən bu işlərin uğurla aparılması və arzu olunan nəticələrin
əldə edilməsi üçün cəmiyyətin
bütün qüvvələrinin gücünün birləşdirilməsinə
böyük ehtiyac
vardır. Bu
cəhətdən təhsil ictimaiyyətinin, təhsil problemləri
üzrə mütəxəssislərin, qeyri-hökumət təşkilatlarının
görə biləcəyi işlər kifayət qədər
çoxşaxəlidir. Cəmiyyətin özündən gələn
təşəbbüslərə böyük
ehtiyac vardır ki, bu işdə də qeyri-hökumət təşkilatlarının
rolu əvəzsizdir.
Layihə
çərçivəsində distant təhsil
üzrə dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinin
öyrənilməsi, bu təhsil
formasının tətbiqi baxımdan Azərbaycan təhsil mühitinin və perspektivlərinin
araşdırılması, distant təhsilin
maddi-texniki bazasının tələblərinin
dəqiqləşdirilməsi,
distant təhsilin informasiya texnologiyaları təminatı
imkanlarının analizi, elmi
metodik təminat problemlərinin
aşkarlanması, nəzarət və sertifikatlaşma,
akkreditasiya problemlərinin
araşdırılması və s. istiqamətində işlər görülmüşdür.
Aparılan tədqiqatlar
əsasında
çıxarılmış nəticə və təklifləri təqdim edirik:
* Distant
təhsil dünyanın inkişaf etmiş ölkələrində son onilliklər dövründə geniş yayılmış təhsil
formalarından biri olmaqla
böyük əhəmiyyət kəsb
etməyə başlamışdır. Texnika və
texnologiyaların müasir dövrdə inkişaf tempinin yüksəlməsi,
nəzəri elmi fikrin
və uyğun olaraq
praktikanın genişlənməsi sürəti təhsilin bütün mərhələlərinin,
xüsusən də ali, orta
ixtisas və peşə təhsilinin də
sürət templərini qəbul etməsini,
onlarla ayaqlaşmasını tələb edir. Əldə olunan
biliklər bu inkişaf
tempinə uyğun olaraq
sürətlə köhnəlir və onların təzələnməsinə,
yeniliklərin vaxtaşırı və fasiləsiz olaraq mütəxəssislərə
çatdırılmasına ehtiyac
yaranır. Belə bir şəraitdə
bütün yaş
kateqoriyasından olan insanları əhatə
etmək, onları elmin və
texnologiyanın son nailiyyətləri ilə
tanış etməyin ən sərfəli və əlverişli
formalarından biri distant
təhsildir.
* Müasir dövrün tələbi
olan "ömür boyu təhsil" ehtiyaclarını ödəməyin ən optimal forması distant təhsildir.
İnsanların öz işlərindən
ayrılmadan ixtisaslarını
artırmaq imkanı cəlbedicidir və bu
məsələ onların ixtisasını artırmaq və bunun hesabına gəlirlərini artırmaq imkanı verməsi distant təhsilin əlverişliliyini əyani şəkildə göstərir.
* Aparılan tədqiqatlar
göstərir ki, distant
təhsil ali, orta ixtisas və peşə təhsilinin bütün formaları üçün
məqbuldur və onların müəyyən zaman
kəsiyində tamamilə tətbiqi labüddür.
Lakin bu işi başlamaq üçün daha münasib, daha konkret təhsil proqramlarının seçilməsi
məqsədəuyğundur. Bu həm təcrübə
toplamağa, həm başlanan
işi addım-addım təkmilləşdirməyə,
həm də prosesin özündə bu sahədə olan nəzəri
bilikləri praktikada sınaqdan keçirməyə
imkan verir.
* Distant təhsilin uğurunda
modul texnologiyasının
tətbiqi əvəzsizdir.
Belə ki, konkret ixtisas
üzrə və konkret məqsədlər üçün təşkil
edilmiş modul əsasında proqramların
reallaşması ilə
daha çevik, daha azsaylı qruplarla lazım olan vəzifələrin həlli və yüksək nəticələr
əldə etmək mümkündür.
* Distant təhsildə biliklərin qiymətləndirilməsi
və yekun attestasiya məsələləri,
alınan ixtisasın sertifikatlaşdırılması bu sahədə diqqət tələb edən və Azərbaycan şəraitində
hələ müəyyənləşdirilməmiş
problemlərdən biridir.
Distant təhsilə nəzarət,
onun keyfiyyətinin təmin edilməsi, məsafədən
əlaqə şəraitində
şəxsiyyətin identifikasiyası
problemi bütün dünya təhsil sistemində çətin həll olunan məsələlərdəndir.
Bunun üçün
geniş araşdırma
və hazırlıq işlərinin aparılmasına,
bu sahədə Azərbaycan reallıqlarının
da nəzərə alınmaqla dəqiq əsasnamənin, norma və qaydaların müəyyənləşdirilməsinə ehtiyac vardır.
* Aparılan sorğunun
nəticələrinə görə
distant təhsilin mahiyyəti,
onun fərqli və oxşar cəhətləri, əhəmiyyəti,
üstünlükləri, yaratdığı
imkanlar barədə bilgilər tam aydın deyildir. Cəmiyyətdə müəyyən qədər təsəvvür
olsa da onun
barəsində geniş
maarifləndirmə işinin
aparılmasına ehtiyac
vardır. Nəzərə almaq lazımdır ki, təhsil ictimaiyyəti həmin təhsilin tətbiqində
bilavasitə iştirak
edən mütəxəssislər
kimi bu işi
dərindən bilməlidirsə,
geniş əhali kütləsinin həmin xidmətin istifadəçiləri
kimi məlumatlı olmaları vacibdir. Ölkənin hər bir vətəndaşının
distant təhsilin xidmətinə
ehtiyacı ola
bilər və o bu xidmətdən istifadə imkanına malik olmalıdır.
* Distant təhsilin Azərbaycan
şəraitində üzləşə
biləcəyi problemlərdən
biri dərsliklər, dərs vəsaitləri, metodik vəsaitlər, elektron tədris materiallarının azlığı,
bəzi ixtisaslar üzrə isə ümumiyyətlə olmamasıdır.
Nəzərə almaq lazımdır
ki, informasiya cəmiyyətlərinin formalaşdığı
elm və texnologiya sahəsində sürətli
inkişaf getdiyi müasir dövrdə mövcud vəsaitlər də sürətlə köhnəlir.
Dərs materiallarının,
xüsusən, elektron tədris vasitələrinin hazırlanması
və istifadəçiyə
çatdırılması işi həmin inkişafla ayaqlaşmalıdır.
Bu vəzifə qüvvələrin tam səfərbər
edilməsini tələb
edir. Buna görə
də həmin işin görülməsinə
məxsusi diqqət
və vəsaitin ayrılmasına ehtiyac vardır.
* Sorğunun və
aparılan digər tədqiqatların nəticələrinə
görə distant təhsil
qaydasında xaricdə
təhsil Azərbaycanda
rəğbətlə qarşılanır.
Bütövlükdə isə xaricdə
təhsil böyük
perspektivə malikdir.
Bu bir tərəfdən
Azərbaycan üçün
zəruri olan ixtisaslar üzrə kadr hazırlığı
problemini həll etməyə kömək edirsə, digər tərəfdən Azərbaycanın
təhsil sisteminin qabaqcıl dünya təhsil sisteminə inteqrasiyasına, onun həmin məkanın rəqabət mühitinə
daxil olaraq öz səviyyəsini yüksəltməsinə təkan
verir. Bu sahədə
çatışmayan cəhət
məlumatın kifayət
qədər olmaması,
dil biliklərində olan çatışmazlıqlar
və sairədir.
* Aparılan tədqiqatların
nəticələrinə istinad
edərək təklif
edərdik ki, distant təhsilin uğurlu tətbiqi və onun dəyərli cəhətlərindən maksimum
bəhrələnmək üçün:
a) Distant təhsilin tətbiqi
və müxtəlif cəhətdən təmin
edilməsi üçün
vahid mərkəzin yaradılmasına ehtiyac vardır.
b) Distant təhsil haqqında
maarifləndirmə işinin
genişləndirilməsi üçün
aidiyyəti dövlət
orqanlarının, geyri-hökumət
təşkilatlarının, cəmiyyətin digər qurumlarının gücü
vahid istiqamətdə
səfərbər edilməli,
bu iş planlı şəkildə,
məqsədyönlü formada
aparılmalıdır.
c) Xaricdə distant formada
təhsilin təbliği,
təşkili və istiqamətləndirilməsi üçün
dövlət əsaslı
mərkəzin yaradılması
zəruridir.
İbrahim ƏLİYEV,
Tətbiqi Tədqiqatlar Fondunun
sədri, layihənin işçi qrupunun rəhbəri
Azərbaycan müəllimi.-
2013.- 11 oktyabr.- S.5.