Azərbaycan Diplomatik
Akademiyasında
İngilis Dili
Mərkəzi yaradılıb
Oktyabrın
10-da Azərbaycan Diplomatik
Akademiyası (ADA) ilə
Böyük Britaniyanın
"British Council" təşkilatı arasında İngilis Dili Mərkəzinin yaradılmasına dair Anlaşma Memorandumu imzalanmışdır.
AzərTAc xəbər
verir ki, qonaqları salamlayan Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, ADA-nın rektoru
Hafiz Paşayev bu əməkdaşlığı yüksək
qiymətləndirmiş və Mərkəzin işinə uğurlar arzulamışdır.
ADA-nın qısa
müddətdə əldə etdiyi uğurlardan söhbət açan
akademiyanın Humanitar və Dəqiq Elmlər
İnstitutunun dekanı Vəfa Kazdal bu əməkdaşlığın
hər iki quruma böyük fayda verəcəyini
söyləmişdir. O demişdir
ki, həm ADA, həm də "British Council" yeniliklərə
açıq olan, müasir
təhsil metodlarından istifadə edən, təhsilə radikal islahatlar gətirən,
onun inkişafına mühüm
önəm verən, təhsilin qloballaşmasının fərqinə
varan və bunu öndə
tutan təhsil müəssisələridir.
Müasir dünyada qloballaşmadan danışanda ingilis
dilinin əhəmiyyətini vurğulamamaq mümkünsüzdür.
Çünki qloballaşan
təhsilin ən vacib amillərindən biri də ingilis dilli təhsildir. Məhz bu
səbəbdən də ADA-nın fəaliyyətə
başladığı ilk gündən tədris
dili ingilis dili olmuşdur. Biz buna xüsusi
önəm verir və daim
yeniləşməyə doğru
addımlayırıq.
Bildirilmişdir ki, Mərkəzin məqsədi
Azərbaycanda müasir tələblərə
cavab verən ingilis dilinin keyfiyyətli tədrisini genişləndirməkdir.
ADA ilə "British Council"
arasında qurulan bu əməkdaşlıq
nəticəsində Azərbaycanda ingilis dilini öyrənmək istəyən şəxslər
beynəlxalq təkmilləşmə ilə təmin ediləcəklər.
ADA-nın təhsil korpusunda fəaliyyət
göstərəcək İngilis Dili Mərkəzində kurslar
"British Council"
tərəfindən təşkilatın keyfiyyət
standartlarına uyğun şəkildə
aparılacaqdır. Kurslar hər kəs üçün açıq olacaqdır.
Əsasən dərslər günün ikinci yarısında başlayacaq
və iştirakçıların vaxt
imkanları nəzərə alınacaqdır.
"British
Council" təşkilatının Azərbaycan
nümayəndəliyinin rəhbəri xanım Elizabet Uayt təmsil etdiyi qurum haqqında ətraflı
məlumat vermişdir. Diqqətə
çatdırılmışdır ki,
"British Council"
hazırda 6 qitədə və 100-dən artıq ölkədə
fəaliyyət göstərməklə bütün
dünyada insanların həyatına hər
gün yeni imkanlar gətirməkdə davam
edir.
Azərbaycanda
biz ingilis dilinin tədrisi, ingilis dili biliklərinin artırılması, beynəlxalq
imtahanların təşkil olunması, mədəni mübadilələrin
təşkili, ali təhsil müəssisələri
və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq
istiqamətində fəaliyyət göstərməkdəyik.
Ölkəmizdə
yenidən fəaliyyət göstərəcək İngilis Dili Mərkəzinin
işinə uğurlar arzulayan
E.Uayt demişdir ki, biz
imkanlarımızı birləşdirməklə insanların
daha keyfiyyətli dil
öyrənmələrinə nail
olacağıq.
Azərbaycan müəllimi.- 2013.- 11 oktyabr.- S.4.