Ümumtəhsil məktəblərində
xarici dil fənləri
düzgün metodika ilə tədris olunurmu?
Məktəbdə 11 il təhsil alan məzunlar xarici dildə niyə danışa bilmirlər?
İnsanların qədim zamanlardan
xarici dilləri öyrənməyə can atması sübuta
ehtiyacı olmayan bir həqiqətdir.
Xüsusilə son dövrlərdə bu məsələ daha çox aktualdır. Qloballaşan
dünyada sərhədlərin
açıldığı, hər bir sahədə
əməkdaşlıq əlaqələrinin
qurulmasına geniş imkanların
yarandığı müasir dövrdə
bu artıq bir zərurətə
çevrilib. Lakin heç kəsə sirr deyil ki, orta
məktəblərdə 11 il ərzində
tədris olunsa da
şagirdlər xarici dillərə praktik cəhətdən yiyələnə
bilmirlər. Cəmiyyətdə bu
vəziyyəti müxtəlif səbəblərlə
bağlayırlar: metodika düzgün
deyil, müəllimlərin
hazırlığı aşağı səviyyədədir,
mühit amili mühüm rol
oynayır, qrammatik
qaydaların mənimsənilməsinə xüsusi
diqqət yetirilir və s.
Bəs əslində buna səbəb nədir?
Bu suala aydınlıq
gətirmək üçün mütəxəssislərə
müraciət etdik. Onların fikirlərini
oxuculara təqdim edirik.
Yeni kurikulumların xarici dillərin
öyrənilməsinə
çox böyük təsiri olacaq
Asif HACIYEV,
Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru, filologiya elmləri doktoru, professor
- Təcrübə
göstərir ki, xarici
dillərin öyrədilməsi sahəsində mövcud metodika qənaətbəxş
nəticələr vermir. Ona
görə də, ilk növbədə, xarici dillərin tədrisi metodikasına yenidən
baxılmalıdır. Bu vasitələr təkmilləşdirilməli
və müasir yanaşmalar
tədris prosesinə gətirilməlidir.
Digər bir amil xarici
dillərin tədrisi zamanı şagirdlərin şifahi nitq qabiliyyətlərinin
inkişafına daha çox
diqqətin yetirilməsidir. Dilə mükəmməl yiyələnmək
üçün həm şifahi,
həm də yazılı nitq vərdişləri
aşılanmalıdır. Lakin ünsiyyət
daha çox şifahi nitq vasitəsilə
olduğundan şagirdlərdə bu vərdişlər daha
dərindən aşılanmalıdır. Xarici
dilin dərindən mənimsənilməsi
sahəsində ən mühüm faktorlardan biri də müəllim
hazırlığıdır. Xarici dili tədris edən müəllim öz üzərində daim
işləməli, müntəzəm olaraq
müvafiq təlim kurslarından keçməklə
mövcud yeniliklərdən xəbərdar
olmalı, onlardan tədris prosesində
istifadə etməlidir. Bu zaman
dilin öyrənilməsinə daha çox təkan verən
fəal, interaktiv təlim
metodlarını tədris prosesində uğurla
tətbiq etməyi bacarmalıdır.
Aydındır ki, bu məsələdə
təhsilin məzmunu mühüm əhəmiyyət
kəsb etdiyindən bütün dərslik
və proqramlar kompleks
şəkildə nəzərdən keçirilməlidir.
Hər hansı xarici dili öyrənmək
üçün dil mühitinin olması da çox vacibdir.
Qabaqcıl təcrübəyə malik
müəllim sinifdə tədris prosesində bu
mühiti yaratmalıdır.
Hər
bir dilin öyrənilməsi üçün motiv
olmalıdır. Olmasa, yalnız bədii əsər
oxumaq üçün dili heç kəs öyrənməz.
Müəllim müxtəlif üsul və
priyomlardan istifadə etməklə tədris etdiyi dilə
şagirdlərdə maraq oyatmalıdir.
Qeyd etmək lazımdır ki, ümumtəhsil
məktəblərində rus dilinin tədrisinə çox az saat ayrılması da bu dilin öyrənilməsinə
mənfi təsir göstərən amillərdən biridir.
Eyni
zamanda bildiririk ki, artıq tətbiqinə
başlanılmış yeni kurikulumların xarici dillərin
öyrənilməsinə çox böyük təsiri olacaq.
Universitetimizə qəbul olunan tələbələrdən
bəziləri
ingilis dilində danışa bilmirlər
Dünyamin
YUNUSOV,
Azərbaycan
Dillər Universitetinin elmi işlər üzrə prorektoru,
filologiya elmləri doktoru, professor
- Toxunulan məsələ ilə bağlı bir
neçə səbəb göstərmək olar. Mən bir mütəxəssis kimi kommunikativliyi ən
vacib amil hesab edirəm. Kommunikativlik
dünya təcrübəsində də önə çəkilir.
Respublikamız
müstəqillik qazandıqdan
sonra xarici ölkələrlə
birbaşa münasibətlərimiz, əlaqələrimiz
yaranıb. Bunun nəticəsində həmin ölkələrin
təhsil sistemi ilə yaxından tanış
olmaq, qabaqcıl iş təcrübələrini öyrənərək
tədris prosesində tətbiq etmək imkanı
qazanmışıq. Xarici təcrübə ilə
yaxından tanışlıq göstərir ki, xarici dillərin
öyrənilməsində kommunikativliyə daha çox diqqət
yetirilməlidir. Yəni mərkəzləşmə
nə müəllimin, nə də şagirdin üzərinə
yüklənməməli, bərabər şəkildə
bölünməlidir. Bu məqsədlə
fəal təlim metodlarından geniş istifadə edilməlidir.
Hazırda universitetimizdə dil ümumi aspektdə
tədris olunur və bu zaman kommunikativlik əsas
götürülür.
Doğrudan
da, XI sinfi bitirərək
universitetimizə qəbul olunan tələbələrdən bəziləri
ingilis dilində danışa bilmirlər. Lakin birinci kursun sonunda, ikinci kursda onlar artıq səlis
danışmaq qabiliyyətinə malik olurlar. Deməli, dil kommunikasiya məqsədilə tədris
olunmasa, bu mümkün olmaz. Mən əminəm
ki, bu gün orta məktəblərdə çalışan məzunlarımız
öyrəndiklərini tətbiq etsələr, onların
şagirdləri mütləq ingilis dilində yaxşı
danışa biləcəklər.
Müəllim
öz üzərində
daim işləməlidir. Şagirdinin marağına səbəb olan müxtəlif
üsullar düşünüb tapmalıdır. Oyun, mahnı, dialoq - nə yolla olursa-olsun, şagirddən
istədiyini almağı bacarmalıdır. Şagirdi elə vəziyyətə salmalıdır
ki, o, tələb olunan cavabı verməyə məcbur olsun.
Xarici dilin mənimsənilməsində
şagirdlərin
fərdi qabiliyyətləri
nəzərə alınmalıdır
Vahid
ƏRƏBOV,
Azərbaycan
Dillər Universitetinin üslubiyyat və nitq mədəniyyəti
kafedrasının dosenti
- Orta məktəblərdə birinci sinifdən
başlayaraq ingilis dili tədris olunur və bunun
üçün kifayət qədər vaxt ayrılır. Hətta
bununla kifayətlənməyən valideynlər, üstəlik,
övladlarının dili fərdi qaydada öyrənmələri
üçün də şərait yaradırlar. Lakin bu sahədə səmərəli nəticənin
olmamasının əsas səbəblərindən biri, bizim
fikrimizcə, dil mühitinin yoxluğudur. Nə
qədər keyfiyyətli olsa da yalnız tədrislə tam
yüksək nəticələr almaq qeyri-mümkündür.
Əlbəttə ki, xarici dilin mənimsənilməsində şagirdlərin fərdi
qabiliyyətlərini nəzərə almamaq da düzgün
yanaşma olmazdı. Dərsdə iştirak edən hər bir
şagird verilən bilikdən fərdi qavrama qabiliyyəti,
mühakiməsi, bacarığına görə yararlana bilir,
yəni bütün şagirdlər biliyi eyni dərəcədə
mənimsəyə bilmir. Sadəcə, digər
fənlərin tədrisində bu normal hal kimi qəbul olunur və
o qədər də diqqəti cəlb etmir. Xarici dilin öyrənilməsində
isə bu, qabarıq nəzərə çarpır.
Mövzunun mənimsənilməsində,
tədris keyfiyyətinin
yüksəldilməsində xarici dil müəlliminin
qabaqcıl iş təcrübəsi, metodik
ustalığı, həm nəzəri, həm də praktik
biliyini şagirdlərə aşılamaq bacarığı
mühüm əhəmiyyətə malikdir.
Şagird
xarici dili yalnız canlı ünsiyyətdə öyrənir
Xədicə
BALAYEVA,
Türkiyə
Dəyanət Vəqfinin Bakı Türk Liseyinin ingilis dili
müəllimi
- Xarici dil öyrənmək istəyən
şagirdə 4 əsas cəhət - dinləyib anlamaq,
danışmaq, oxumaq və yazmaq vərdişləri
aşılanmalıdır.
Xarici
dili öyrənmək
üçün ən vacib şərtlərdən
biri real dil mühitinin olmasıdır. Xarici dil həmin dildən hamının ünsiyyət
vasitəsi kimi istifadə etdiyi bir ölkədə daha asan
öyrənilir. Buna dilin dildən öyrənilməsi
deyilir. Azərbaycanda ingilis dilini tədris
edən müəllim sinifdə bu mühiti yaratmağı
bacarmalıdır.
Hər bir
fəaliyyətin reallaşdırılması,
o cümlədən xarici dilin öyrənilməsi
üçün müəyyən bir motiv olmalıdır: səyahət,
karyera, iş yerində xarici ölkə vətəndaşı
ilə ünsiyyətdə olmaq məcburiyyəti və s. Tədris
prosesində isə xarici dilin dərindən mənimsədilməsi,
şagirdin xarici dilə digər fənlərdən daha
çox maraq göstərməsi müəllimin pedaqoji
ustalığından asılıdır. O, dili tədris edərkən
elə priyomlardan istifadə etməlidir ki, şagird daxilən
bu dili öyrənməyə ehtiyac duysun, özü
haqqında məlumat vermək, digərlərindən
informasiya almaq, yoldaşları ilə dialoqa girmək
üçün bu dildə danışmağa məcbur olsun.
Müəllim
müəyyən bir mövzunu keçərkən şagirdlərinə
istiqamət verib, bir növ, kənara çəkilməlidir. Verilən bilik şagirdlərin özlərinin
dialoqu, müzakirələri zamanı mənimsənilməlidir.
Belə olduqda şagirdlər həm də
gözəl nitq qabiliyyətinə yiyələnirlər.
Bu prosesdə müəllim xarici dildə fikrini
səhv ifadə edən şagirdə irad tutmamalıdır.
Əks halda, həmin şagirddə özünə
inamsızlıq yaranar və o, növbəti diskussiyada aktiv
iştirak etməkdən çəkinər. Sadəcə, digər şagirdlərin müdaxiləsindən
sonra o, səhvini özü başa düşər.
Yaddan
çıxarmaq olmaz ki, şagird xarici dili evə verilən
tapşırıqları yerinə yetirməklə deyil,
yalnız canlı ünsiyyətdə öyrənir.
Bir
çox ölkələrdə xarici dil şagirdlərə səviyyələrə
uyğun qruplara bölünməklə öyrədilir
Təranə
ƏLİYEVA,
Bakıdakı
20 nömrəli məktəb-liseyin ingilis dili müəllimi,
ABŞ-ın TEA proqramının məzunu, təlimçi
müəllim
- Dil uzun müddətdə öyrənilən
bir prosesdir. Xarici dilin öyrədilməsində
əsas məqsəd ünsiyyətdir. Qrammatika
isə dilin öyrənilməsində vasitələrdən
biridir. Təəssüf ki, biz uzun müddət əsas
məqsədi bir kənara qoyub vasitəni - qrammatikanı
öyrətmişik. Lakin qrammatikanı öyrənməyin
lüzumsuz olması ilə bağlı son illərdə
yaranmış fikirlər də səhv mühakimədir.
Qrammatika dilin
özü ilə birlikdə kommunikativ aspektdə öyrədilməlidir.
Ümumiyyətlə, xarici dillərin
öyrədilməsində bir neçə faktor mühüm əhəmiyyət
kəsb edir: dil mühiti, motiv, tədrisin məzmunu, müəllim
hazırlığı və s.
Yeni
tətbiq olunan kurikulumlarda xarici dillərin tədrisində
bütün bunların vəhdət halında
götürülməsi bir tələb, standart kimi qoyulub. Hər bir islahatın həyata keçməsi
üçün vaxt lazımdır. Mən
öz təcrübəmdən deyə bilərəm ki, xarici
dil bütün faktorlar nəzərə alınmaqla kompleks
şəkildə tədris olunarsa, şagirdlər on birinci
sinfi qurtaranda bu dildə səlis danışa bilərlər.
Xarici
dillərin
öyrədilməsində ən vacib amillərdən biri müəllim
hazırlığıdır. Etiraf
etmək lazımdır ki, bu sahədə müəllimlərin
səviyyəsi qənaətbəxş deyil. Müəllim özü kommunikasiya qura bilmirsə, tədris
etdiyi dildə tam sərbəst danışmağa çəkinirsə,
ondan dərsi kommunikativ keçməyi necə tələb etmək
olar?
Dil mühiti də mütləqdir.
Müəllim dərsdə o mühiti yaratmalıdır, tədris etdiyi
dildə danışmalı və uşağı
danışdırmalıdır. Müəllim
xarici dil dərsində motiv yaratmağa borcludur. Elə situasiya yaratmalıdır ki, şagird xaricə
getməsə də məcbur olub dili öyrənsin.
Dərs
monoton, bir metoddan istifadə olunmaqla keçilməməlidir.
Uşağın diqqəti 8-10 dəqiqədən sonra
yayınır. Şagirdlərdə maraq oyatmaq məqsədilə
bir neçə dəqiqədən sonra fəaliyyət
növünü dəyişərək digərinə
keçmək zəruridir.
Təhsilin
məzmununa gəlincə,
müəllim başa düşməlidir
ki, xarici dilin öyrədilməsində dərslik bir vasitədir,
kitab yeganə bilik mənbəyi deyil, onlardan biridir. Çox təəssüf
ki, bu gün müəllimlərdən çoxu kitabdan asılı vəziyyətdədir.
Onlar elə
başa düşürlər ki, dərslikdə nə varsa,
onu da keçməlidirlər. Əslində isə dərslik
üzərində işləməklə sinfin səviyyəsinə,
uşaqların qabiliyyətinə,
mövzuya uyğun dəyişikliklər edilməlidir.
Mənim fikrimcə, sinfin
şagirdlərin
səviyyəsinə görə
bir neçə qrupa bölünməsi xarici dilin tədrisində ən mühüm amildir. Şagirdlərin səviyyəsinə görə
bölünmüş qruplarda xarici dil fərqli proqramlara əsasən tədris edilərsə, hər bir şagird
dili öz qabiliyyətinə uyğun
mənimsəyər. Belə
olduqda, sözsüz ki, daha yüksək
nəticələr əldə edilər.
Nəzərə çatdırım ki, bir sıra
xarici ölkələrdə
(o cümlədən, ABŞ-da) məhz bu
üsul tətbiq edilir.
Hicran
ƏKBƏROVA
Azərbaycan müəllimi.-
2013.- 18
oktyabr.- S.5.