Dövlət İdarəçilik Akademiyasında

elmi-praktik konfrans

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında müstəqillik gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Tədbirdən əvvəl konfrans iştirakçıları DİA-da ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək büstü önünə güllər qoyublar.

 

DİA-nın "Heydər Əliyev Mərkəzi"ndə Dövlət himninin səslənməsindən sonra konfransı giriş sözü ilə açan rektor, akademik Urxan Ələkbərov Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasının ildönümünün hər bir azərbaycanlının böyük fəxrlə qeyd etdiyi tarixi hadisə olduğunu bildirib. Qeyd edilib ki, Azərbaycan xalqı ikinci dəfə müstəqilliyini elan etdi. Bu, xalqımızın siyasi tarixində bir əsrdə yaşadığı ikinci ən parlaq qələbə idi. Rektor vurğulayıb ki, müstəqilliyimizin ilk illərində xalqımız dünyaya bəxş etdiyi dahi insan, böyük vətənpərvər şəxsiyyət Heydər Əliyev kimi görkəmli bir siyasətçinin siyasi hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı və buna nail oldu. "Müstəqilliyimiz dönməzdir, əbədidir", - deyən ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə Azərbaycanın iqtisadiyyatında, ordu quruculuğunda, elm, mədəniyyət, səhiyyə, təhsil, idman, insanların sosial müdafiəsi sahəsində böyük uğurlar əldə edilib. Prezident İlham Əliyevin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ilə bağlı imzaladığı mühüm sənədi müstəqillik tarixində əlamətdar hadisə kimi dəyərləndirən rektor qeyd edib ki, Azərbaycan xalqı müstəqil, firavan yaşayır və hər bir vətəndaş müstəqil dövlətimizlə qürur duyur. Bütün Azərbaycan xalqı Heydər Əliyev şəxsiyyətinə, onun ideyalarına, onun qoyduğu dəyərli irsə böyük hörmət və ehtiram hissi ilə yanaşır.

Konfransda Milli Məclisin deputatı, professor Musa Qasımlı, DİA-nın tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova, Dövlət quruculuğuhüquq kafedrasının müdiri, dosent Fəxrəddin Nağıyev, beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının dosenti Elçin Əhmədov məruzə ilə çıxış edərək dövlət müstəqilliyinin bərpa edilməsindən sonra ölkəmizin ictimai-siyasi həyatında baş vermiş hadisələrdən, bugünkü müstəqil Azərbaycanın davamlı inkişafının təmin edilməsində dövlətin uğurlu siyasətindən danışıblar.

 

Samirə KƏRİMOVA

 

Azərbaycan müəllimi.- 2013.- 25 oktyabr.- S.4.