Gülüstan müqaviləsinin

imzalanmasından 200 il ötdü

 

Azərbaycanın tarixində silinməz izlər qoymuş Gülüstan sülh müqaviləsinin imzalanmasının 200 ili tamam oldu. 1813-cü ilin 12 oktyabrında Qarabağın Gülüstan kəndində (indiki Goranboy rayonunun inzibati ərazi vahidində kənd)  Rusiya ilə İran arasında müqavilə imzalanıb. Rusiya tarixşünaslığında "sülh müqaviləsi" kimi yad edilən bu hadisə, əslində Rusiya ilə müharibədə uduzmuş İranın Qafqazın əksər hissəsindən Rusiyanın xeyrinə əl çəkməsi idi. 

 

Gülüstan müqaviləsi ilə bağlı tarixi mənbələrdə bunları oxuyuruq:

"1813-cü ilin əvvəlində başlanılmış sülh danışıqları oktyabrın 12-də  Qarabağın Gülüstan kəndində sülh müqaviləsinin imzalanması ilə başa çatdı. Bu müqaviləni Qacarlar (İran-Red.) tərəfindən Mirzə Əbülhəsən xan, Rusiya tərəfindən Qafqazdakı rus qoşunlarının baş komandanı Nikolay Rtişşev imzaladılar.

Gülüstan müqaviləsinə əsasən Qacarlar Gəncə, Qarabağ, Şəki, Şamaxı, Quba, Bakı və Lənkəran xanlıqları ərazilərinin, habelə Şərqi Gürcüstan və Dağıstanın Rusiyaya ilhaq edilməsini tanıyırdı. İrəvan və Naxçıvan xanlıqlarının Qacarların hakimiyyəti altında qalmasına razılıq verilirdi. Xəzər dənizində hərbi donanma saxlamaq hüququ yalnız Rusiyaya aid olduğu bildirilirdi.

Beləliklə, dünyanın ən qədim və mədəni xalqlarından biri olan Azərbaycan türklərinin həyatında XIX əsrin əvvəllərində yaranmış çətinliklərdən istifadə edən Rusiya onun torpaqlarını işğal etməyə başladı və Gülüstan müqaviləsi ilə Azərbaycanın iki yerə bölüşdürülməsinin birinci mərhələsi başa çatdırıldı. Bu müqavilədə bölüşdürülmüş xalqın və onun torpaqlarının gələcək tarixi taleyini tənzimləyən bir ifadə belə yox idi. Gülüstan müqaviləsi ümumdünya tarixində özgə torpaqlarının bölüşdürülməsi üçün bağlanmış antihumanist və zorakı müqavilələrdən biridir".

Sovetlər dönəmində gənc nəslə bu müqavilənin əhəmiyyəti və onun xalqımızın həyatında  müsbət rolundan söz açılır, sovet tarixşünaslığında söhbət Azərbaycanın Rusiyaya "könüllü" birləşdirilməsindən gedirdi. Azərbaycan müstəqilliyini  qazandıqdan sonra isə bir çox məsələlərə, o cümlədən tariximizdə baş vermiş  hadisələrə də baxışlar dəyişdi, fərqli münasibətlər bildirildi. Bəs görəsən, azərbaycanlı tarixçilərimiz Gülüstan müqaviləsinin əsl mahiyyətini və onu bugünkü tarix baxımından necə qiymətləndirirlər? Bununla  bağlı nə kimi yeni elmi tədqiqatlar aparılıb, hansı nəticələr əldə edilib? Bu suallarla Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın yeni tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənova müraciət etdik.

- İlk olaraq onu qeyd edim ki, çar Rusiyasının tarixşünaslığının özündə faktiki olaraq Rusiya ilə Qacarlar səltənəti arasında aparılan savaşın işğalçı müharibə olduğu etiraf edilirdi, hətta bundan fəxrlə danışılırdı.

Sovetlər dönəmində bu artıq bir qədər konkretləşərək Gülüstan müqaviləsinə əsasən Qacarlar tərəfindən Gəncə, Qarabağ, Şəki, Şamaxı, Quba, Bakı və Lənkəran xanlıqları ərazilərinin, habelə Şərqi Gürcüstan və Dağıstanın Rusiyaya ilhaq edilməsinin tanındığı qeyd olundu. Sonralar isə bu guya Qafqazın "könüllü" olaraq Rusiyaya birləşdirildiyi kimi tarixi mənbələrdə öz əksini tapdı. Ancaq biz tarixçilər  yaxşı bilirdik ki, vaxtilə çar Rusiyası  ilə Qacarlar arasında aparılan müharibə müstəmləkəçi bir müharibə idi. Yeri gəlmişkən, mən bir məsələni xüsusi qeyd etmək istərdim. Belə ki, tarixşünaslığımızda bu müharibə  Rus- İran müharibəsi kimi qeyd olunur. Əslində isə bu, faktiki Rus-Azərbaycan müharibəsidir. Sual oluna bilər ki, niyə biz bunu belə adlandırmalıyıq? Çünki, yuxarıda qeyd etdiyim kimi, bu müharibə Rusiya ilə Qacarlar arasında aparılıb. Özübütün Qacarlar dövləti ilə yox, bir növ Cənubi Azərbaycanı idarə edən Qacar dövlət  strukturları arasında. Müharibə Azərbaycan torpaqlarında, özü də Azərbaycanın torpaqları üstündə gedirdirus qoşunları ilə döyüşən azərbaycanlılar idi. Əgər Azərbaycan xanlıqları 30 il Rusiya ilə döyüşüblərsə, burada hansı "könüllü" birləşmədən söhbət gedə bilər?

Digər tarixçi  həmkarlarım kimi mən də Gülüstan müqaviləsinin Azərbaycanın şimal torpaqlarının Rusiya tərəfindən işğalının I mərhələsi kimi tariximizdə qeyd olunmasını haqlı sayır, Azərbaycanın yeni tarixində məhz bu cür göstərilməsini düzgün hesab edirəm. Gülüstan müqaviləsi antihumanist bir sənəddir. Ümumiyyətlə XIX əsrin I yarısında çar Rusiyasının Azərbaycanla apardığı müharibələr işğalçı, ədalətsiz idi. Başqa xalqın torpaqlarının, varidatının qəsd edilməsi uğrunda aparılan müharibə idi. Təbii ki, biz burada müasir Rusiyadan danışmırıq. Söhbət çar Rusiyasından gedir.

Tariximizin yenidən yazılması, əsl tarixi həqiqətlərin açılması isə hələ keçən əsrin 80-ci illərinin II yarısında, belə deyək, sovet rejiminin həlqələrinin bir qədər boşaldığı vaxtda artıq gündəmdə idi. Görkəmli tarixçilərimizdən AMEA-nın müxbir üzvü, mərhum  Mahmud İsmayılov, bizim hörmətli alimlərimizdən Süleyman Əliyarlı, Tofiq Vəliyev, mən özüm  onlarla adlarını çəkmədiyim alim Gülüstan müqaviləsinin işğalçı, ədalətsiz və antihumanist olduğunu öz yazılarımızda, elmi-tədqiqat əsərlərimizdə, həmçinin institutumuz tərəfindən hazırlanmış 7 cildlik "Azərbaycan tarixi" kitabında və digər elmi, tarixi nəşrlərdə qeyd etmişik.  Zaman-zaman bu tarixi hadisə ilə bağlı digər tarixçilər də müxtəlif kütləvi informasiya vasitələrində məqalələrlə çıxış edir, elmi-praktik konfranslara qatılırlar. Elə bu yaxınlarda respublikamızda keçirilməsi nəzərdə tutulan Gülüstan müqaviləsinin imzalanmasının 200 illiyinə həsr olunan beynəlxalq elmi konfrans da məhz bu hadisənin, tarixi həqiqətlərimizin xalqımıza, həmçinin dünya ictimaiyyətinə yenidən çatdırılması baxımından, düşünürəm ki, əhəmiyyətli bir tədbir olacaqdır.

 

Samirə KƏRİMOVA

 

Azərbaycan müəllimi.- 2013.- 25 oktyabr.- S.4.