Görkəmli muğam ustaları Naxçıvan
Dövlət
Universitetində olublar
Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyəti Fondunun və Azərbaycan Televiziyasının dəstəyi ilə "IV Muğam televiziya müsabiqəsi"nin növbəti seçim mərhələsi Naxçıvan şəhərində keçirilir. Müsabiqənin münsiflər heyətinin üzvləri, Azərbaycan Respublikasının xalq artistləri Arif Babayev, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Mənsum İbrahimov və Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov səfər çərçivəsində Naxçıvan Dövlət Universitetində də olublar.
Naxçıvan
Dövlət Universitetinin rektoru,
professor Saleh Məhərrəmov
qonaqları salamlayaraq son
illərdə Azərbaycan incəsənətinin, xalq musiqisinin, xüsusilə
də dünya incəsənətinin nadir inciləri sayıla biləcək
muğamlarımızın təbliğinə göstərilən
dövlət qayğısından
danışdı. Rektor vurğuladı ki, Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun
başçılığı ilə muxtar
respublikada fitri istedadlara xüsusi himayə
və qayğı göstərilir, onlara geniş meydan verilir. Muğam sənətinin, milli musiqinin inkişafına göstərilən
dövlət qayğısı, bu cür müsabiqələrin keçirilməsi
Naxçıvan Dövlət Universiteti kimi ali musiqi
təhsili verən bir elm
ocağının fəaliyyət göstərdiyi muxtar respublikada sənətkarlıq
məktəbinin formalaşmasına öz
töhfələrini verəcək.
Xalq artistləri Arif Babayev,
Ağaxan Abdullayev
çıxış edərək Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban Əliyevanın az qala unudulmaqda
olan muğam sənətinin,
xalq musiqimizin bütün
dünyaya tanıdılması, yenidən
tərəqqi etdirilməsindəki xidmətlərindən, gənclərdə
milli musiqiyə böyük
sevgi yaranmasından danışdılar.
NDU-nun incəsənət fakültəsinin
müəllim və tələbələrinin
hazırladıqları mini-konsert
proqramında Azərbaycan və dünya bəstəkarlarının
əsərləri səsləndirildi. Sonra
incəsənət fakültəsinin tələbələri
muğamlarımızı ifa etdilər.
Tanınmış muğam ustaları bu qədim sənətin sirləri, muğam ifaçılığında tələb
olunan peşəkarlıq, səhnə mədəniyyəti
ilə bağlı gənc ifaçılara dəyərli
tövsiyələr verdilər.
Azərbaycanın
tanınmış sənətkarları universitetlə
tanış oldular. Çay
süfrəsi arxasında davam edən səmimi
görüşdə milli musiqimizin
bugünkü səviyyəsi, musiqi tədrisinin gələcək inkişaf istiqamətləri ilə
bağlı məsələlər müzakirə olundu.
Mehriban
SULTAN
Azərbaycan müəllimi.-
2013.- 25 oktyabr.-S.4.