Adları "Qızıl kitab"a yazılmış gənc istedadlarımız

 

Müasir dövrdə  Azərbaycanda istedadlı yeniyetmə və gənclərin yaradıcılıq imkanlarının, potensiallarının  üzə çıxarılması, inkişaf etdirilməsi, onların müxtəlif beynəlxalq müsabiqə və festivallarda fəal iştirakını  təmin etmək istiqamətində çoxlu işlər görülür, müxtəlif tədbirlər, maraqlı  layihələr həyata keçirilir.  Azərbaycan Respublikası Prezidentinin 14 oktyabr 2013-cü il tarixli sərəncamı ilə ölkəmizi beynəlxalq müsabiqə və festivallarda uğurla təmsil  edən yeddi ifaçının adı  Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılmaqla onlar  xüsusi aylıq təqaüdə layiq görülüblər. Gənc istedadlıları qəzetimizin oxucularına təqdim edirik:

 

Firuzə BƏYLƏROVA

 

2001-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. 2006-cı ildə  Bakıdakı 23 nömrəli tam orta məktəbin I sinfinə daxil olub. Həmin il  Üzeyir Hacıbəyli adına Bakı  Musiqi  Akademiyasının Orta İxtisas Musiqi Məktəb studiyasının I sinfinə fortepiano şöbəsinə daxil olub və hazırda  VII sinif şagirdidir.

Artıq 7 ildir ki, professor, əməkdar incəsənət xadimi Tərlan Seyidovun sinfində oxuyur və musiqi sahəsində  təhsilini davam etdirir.

Gənc pianoçu Firuzə Bəylərova Azərbaycan və xarici bəstəkarların əsərlərini fortepianoda uğurla ifa edir. O, ölkəmizdə və xaricdə keçirilən bir  çox  festival müsabiqələrinin fəal iştirakçısı  və dəfələrlə laureatı adını qazanıb, diplom və fəxri fərmanlarla təltif olunub. 2010-cu ildə  o, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor, əməkdar incəsənət xadimi Firəngiz Əlizadənin təşəbbüsü ilə keçirilən "Müasir Azərbaycan musiqisinin ən yaxşı ifaçısı" adlı layihəsində  bəstəkar Azər Dadaşovun fortepiano əsərlərinə həsr olunan I müsabiqənin III dərəcəli laureatı diplomuna layiq görülüb. 2012-ci ilin 4-12 sentyabr tarixlərində  Bolqarıstanın Drobic-Albena şəhərində keçirilən XVII beynəlxalq musiqi festivalında dahi  bəstəkarların əsərlərini ifa edərək I yeri tutan Firuzə  dünya üzrə məşhur pianoçu alimlər - professor Viktor Çiçkov (sədr), professorlar Tamara Poddubnaya, Tomislav  Baynov tərəfindən diplom və medallarla təltif olunub. 2013-cü ilin 1 iyul tarixində  Azərbaycan  Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi "İstedadlı uşaqlar-2013" festivalında diploma layiq görülüb. 2013-cü ilin 18-22 avqust tarixlərində Almaniyanın Hammelburq şəhərində Musiqi Akademiyasında istedad və bacarığını  nümayiş etdirərək xüsusi konsert ilə çıxış edən Firuzə məşhur pianoçu, professor Baynov tərəfindən sertifikatla mükafatlandırılıb.

Azərbaycan incəsənətini, musiqisini dünyaya tanıtmaqda uğur qazanan Firuzə öz müəllimlərinə, istedad və bacarığının  üzə çıxarılmasında  göstərdikləri dəstəyə görə hər kəsə  minnətdar olduğunu deyir.  Eyni zamanda  yeniyetmələrin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə - Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevə öz dərin təşəkkürünü bildirir.

İstedad və bacarığı, xüsusi ifaçılıq qabiliyyəti ilə  fərqlənən Firuzə  Bəylərova adının Azərbaycanın gənc istedadlarının  "Qızıl kitabı"na  daxil edildiyinə və xüsusi aylıq  təqaüdünə layiq görüldüyünə görə qürur hissi keçirir.

 

Mircavid CƏFƏROV

 

1996-cı ildə musiqiçi ailəsində anadan olub. Tarın ecazkar səsi altında boya-başa çatıb.  Milli musiqimizin şah aləti sayılan Azərbaycan xalq çalğı alətləri  sırasında  mühüm yer tutan tar balaca  Mircavidi öz  sehrinə salıb. 2002-2003-cü illərdə o, Heydər Əliyev adına liseydə təhsil alıb.

Bakıdakı Georgi Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbini bitirib. 2010-2011-2013-cü illərdə  ümumrespublika müsabiqələrinin laureatı olub. 2013-cü ildə  ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan ümumrespublika müsabiqəsinin də diplomantı olub. Mircavid uşaq vaxtlarından  musiqiyə böyük həvəs göstərib.  Atası əməkdar artist  Mircavad  Cəfərov onda musiqiyə, xüsusilə tara hədsiz məhəbbət yaradıb. Beynəlxalq musiqi festivallarında dəfələrlə uğur qazanaraq  fəxri fərman və diplomlarla təltif olunan Mircavid əldə etdiyi nailiyyətlərə görə  müəllimləri Ramiz Əzizova, Gülnarə Teymurzadəyə, təhsil aldığı musiqi məktəbinin direktoru Yusif Vəliyevə minnətdarlığını bildirir.

Hazırda  Mircavid Cəfərov Azərbaycan Milli Konservatoriyasının I kurs tələbəsidir. Beynəlxalq festivallarda və  müsabiqələrdə həmişə birincilik qazanan  gənc tarzənin sevincinə sevinc qatılıb. Ölkə rəhbəri İlham Əliyevin  məlum sərəncamı ilə Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülməsi onu daha da dünyanın xoşbəxt insanlarından birinə çevirib.

Bildiyimiz kimi, oktyabrın 23-dən noyabrın 2-dək  paytaxtımızda  növbəti beynəlxalq musiqi bayramı-ənənəvi Bakı caz festivalı keçirilir. Dünya şöhrətli musiqiçilərlə yanaşı,  istedadlı gənc ifaçımız Mircavid Cəfərov da  festival konsertlərində solo proqramla çıxış edəcək.  Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən festivala da Mircavid dəvətlidir. Tamaşaçılar onun ifasında milli və dünya bəstəkarlarının əsərlərindən parçaları dinləyəcəklər.

 

Cahandar XANLAROV

 

1997-ci ildə Bakıda anadan olub. Bakıdakı 276 nömrəli tam orta məktəbin XI sinfində oxuyur.  Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi  Məktəbinin kamança şöbəsində təhsil alır.

 

2009-cu ildə Bakı şəhəri Uşaq Musiqi və İncəsənət Məktəbləri şagirdlərinin muğam festivalında fəxri fərmanla, 2010-cu ildə isə Uşaq Musiqi və İncəsənət məktəbləri şagirdlərinin xalq çalğı alətləri üzrə II respublika müsabiqəsində I dərəcəli diplomla təltif edilib. Azərbaycan incəsənətini, musiqisini dəyərləndirən Cahandar Azərbaycan  Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş "Milli musiqi alətləri ifaçılarının respublika festivalı"nda yüksək səviyyədə çıxışına görə I dərəcəli diploma layiq görülüb. Ümummilli lider  Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Binəqədi rayon ümumtəhsil məktəblərinin "Azərbaycan  səninlədir-Sənsiz deyil" üçüncü yaradıcılıq müsabiqəsinin laureatı adını qazanaraq diplomla mükafatlandırılıb. O, vokal sənətinin banisi Bülbülün anadan olmasının 115  illik yubileyinə həsr olunan milli  musiqi alətləri  ifaçıları və xanəndələrin  I müsabiqəsində I dərəcəli diploma layiq görülüb. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən  1 İyun Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunan "İstedadlı uşaqlar festivalı-2013"-də qazandığı uğura görə diplomla təltif olunub.

Gənc ifaçı  C.Xanlarov bundan sonra da ölkəmizi beynəlxalq  müsabiqə və festivallarda layiqincə təmsil etmək arzusundadır. Ölkə başçısının  müvafiq sərəncamı ilə  adının Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na  yazılması və  Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülməsi onu daha böyük qələbələrə ruhlandırır.

 

Atabəy İSMAYILOV

 

1998-ci ildə  Fizuli rayonunun Horadiz qəsəbəsində anadan olub. 2009-cu ildən Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdidir. Hazırda  əməkdar müəllim Əflaruz Məmmədovun sinfində  tar ixtisası üzrə təhsil alır.  Atabəyin ilk uğuru 2010-cu ildə  N.Əliverdibəyov adına gənc ifaçıların V ümumşəhər müsabiqəsində I yerə layiq görülməsi olub. 

 

O, 2012-ci ildə dahi sənətkar Bülbülün anadan olmasının 115 illik yubileyinə həsr olunan festivalda böyük istedad və bacarığını nümayiş etdirərək I yerə layiq görülüb. 15 noyabr 2012-ci ildə İtaliyanın Roma şəhərində  Azərbaycan -İtaliya diplomatik əlaqələrinin 20 illiyinə həsr olunan "Azərbaycan- mədəniyyət ruzgarı" adlı konsertdə iştirak edib. Lomonosov adına MDU-nun Bakı  filialında  və ÜNS  yaradıcılıq mərkəzində  keçirilən tədbirlərdə uğurla çıxış edib. 2013- cü ildə Fransanın Strasburq şəhərində tarın YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınması münasibətilə keçirilən "Qafqazın mirvarisi" adlı konsertdə iştirak edən yeniyetmə tarzən Azərbaycanı  yüksək səviyyədə təmsil edib. O, Azərbaycan  Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə  keçirilən 1 iyun Uşaqları Beynəlxalq Müdafiə  Gününə həsr olunan "İstedadlı uşaqlar festivalı-2013"-də diplom və kubokla mükafatlandırılıb.

Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən müasir Azərbaycan  bəstəkarlarının  əsərlərinin  ifasına görə  A.İsmayılov fəxri fərmanla  təltif olunub. O, 2013-cü ildə  ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş II respublika müsabiqəsinin "Qran-Pri" mükafatı laureatı olub. 

Beynəlxalq müsabiqələrdə və festivallarda əsl istedad nümayiş etdirən Atabəyin  sevincinin  hədd -hüdudu yoxdur.  Çünki  onun da adı Azərbaycanın  gənc istedadlarının "Qızıl kitabı"na yazılıb və o, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  cənablarının müvafiq sərəncamı ilə  xüsusi aylıq təqaüdə layiq görülüb.

 

Jalə MAİLOVA

 

2000-ci ildə Bakı şəhərində anadan olub. Bakı şəhər  Rauf Hacıyev adına  15 nömrəli Onbirillik  Musiqi Məktəbinin şagirdidir. Tamella Məmmədovanın  sinfində  fortepiano ixtisası üzrə VI sinifdə təhsil alır.

 

Bu illər ərzində  Jalə bir çox müsabiqə  və festivallarda iştirak edib, istər ölkə, istərsə də beynəlxalq tədbirlərdə həyatında dərin izlər buraxan uğurlar qazanıb.  Belə ki, o, 2010-cu ildə Polşanın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə  uşaq musiqi məktəbləri üçün keçirilən  F.Şopen adına gənclər festivalında diplomla təltif edilib. 2011-ci ildə isə  Rusiyanın ölkəmizdəki  səfirliyinin keçirdiyi  Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 20 illiyinə həsr olunan VII Respublika baxış müsabiqəsində  rus klassik musiqisinin ən parlaq ifaçısı kimi II yerə layiq görülərək laureat adını qazanıb. Jalənin şəhərimizin müxtəlif səhnələrində dəfələrlə uğurlu çıxışları olub. 2012-ci ildə  Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə  keçirilən pianoçuların II Respublika müsabiqəsində  o, laureat adına layiq görülüb. Almaniyada "Münhen ulduzları", Macarıstanda  "Macar oyunları" və "Budapeşt ulduzları", Ukraynada "İndividualist",  Bakıda "İslam dünyası" beynəlxalq müsabiqələrin qalibi olub.  2013-cü il də  Jalə üçün uğurlu olub. O, uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin fortepiano ansamblı və müşayiət üzrə respublika müsabiqəsinin laureatı adını qazanaraq  III yerə layiq görülüb.

İstedadlı yeniyetmə Jalə də adının gənc istedadların "Qızıl kitabı"-na yazılmasına və Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülməsinə hədsiz dərəcədə sevinir. Deyir ki, ən böyük uğurları, ən böyük nailiyyətləri hələ qabaqdadır.

 

Səmra ƏMİRASLANOVA

 

1995-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə  134 nömrəli  tam orta məktəbə, 2002-ci ildə  Leopold və  Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik  Musiqi Məktəbinin fortepiano şöbəsinə qəbul olunub.

 

10 yaşında olarkən M.Maqomayev adına "Kamera orqan musiqi zalında" xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi  Kamera orkestrinin müşayiəti ilə  V.A.Motsartın əsərini uğurla ifa edib. 2012-ci ildə İtaliyada keçirilən "CİTTA di PESARO"  IX beynəlxalq musiqi müsabiqəsində  öz yaş qrupunda  birinci yerə layiq görülüb.  Əsasən 8-30 yaş kateqoriyalarına bölünmüş iştirakçılar müsabiqədə fortepiano, simli alətlər, vokalistlər və digər bölmələr üzrə  yarışıblar. S.Əmiraslanova ilk dəfə iştirakçısı olduğu beynəlxalq müsabiqənin Qala konsertində Q.Qarayevin "Tsakoye selo heykəli" əsərini ifa edərək diplom və kubokla mükafatlandırılıb.

Hazırda Səmra Əmiraslanova  Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsidir. Təhsil aldığı illərdə o, Malayziyanın Kuala Lumpur şəhərində keçirilən "The Asia Piano Competition-2012"  beynəlxalq pianoçular müsabiqəsində öz yaş kateqoriyasında fərqlənərək I yerə layiq görülüb. Müsabiqənin qaliblərindən ibarət  Qala konsertində isə uğurla çıxış edərək diplom və kubokla təltif olunub.

Qeyd edək ki, beynəlxalq festival və müsabiqələrdə tanınmış pianoçulardan ustad dərsləri alan S.Əmiraslanovanın uğurları və  istedadı dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Səmra Əmiraslanovanın  adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil olub və o, xüsusi aylıq təqaüdə layiq görülüb. İstedadlı gənc bu diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirir və qürur  hissi keçirir.

 

Züleyxa  ABDULLAYEVA

 

2002-ci ildə Bakıda anadan olub. Azərbaycan Milli Konservatoriyasının tərkibində  İncəsənət  Gimnaziyasının VI sinfində təhsil alır.  Oxuduğu müddətdə özünü nizam-intizamlı, bacarıqlı, istedadlı şagird kimi göstərə bilib. 

 

Təhsil  aldığı ixtisas üzrə respublika və beynəlxalq müsabiqələrdə gənc ifaçı kimi fərqlənib. Z.Abdullayevanın  9 yaşı olarkən Parisdə keçirilən Nikolay Rubenşteyn adına XI beynəlxalq piano musiqi müsabiqəsində iştirak edərək  ilk uğurunu  qazanıb. XI beynəlxalq piano müsabiqəsində 25 ölkədən olan musiqiçilər arasında Azərbaycanı təmsil edən Züleyxa dünya bəstəkarlarının  K.A.Debüssinin "2 Arabeski", P.İ.Çaykovskinin "Şirin duyğular", İ.S.Baxın "2 səsli  invensiya" və Çerninin "Etüd" əsərlərini məharətlə ifa edib.

Qeyd edək ki, 2010-cu ildə fortepiano üzrə musiqi festivalında Züleyxa  diplomant adını qazanıb.  2011-ci ildə İtaliyada keçirilən "Rondo"  beynəlxalq musiqi müsabiqəsində, 2012-ci ildə Fransada keçirilən pianoçuların Nikolay Rubenşteyn adına beynəlxalq müsabiqəsində  birincilik əldə edib. O, beynəlxalq müsabiqə və festivallarda Azərbaycanı uğurla təmsil edərək dəfələrlə müvəffəqiyyət qazanıb. Bu günlərdə  Prezidentin xüsusi aylıq təqaüdünə layiq görüldüyünü, adının gənc istedadların "Qızıl kitabı"na  daxil edildiyini   eşidəndə hədsiz dərəcədə sevindiyini bildirən Züleyxa  ona göstərilən  etimadı doğruldacağına söz verdi. Dedi ki, sənət yolunda əldə etdiyi uğurlarına görə müəllimi Nigar Nəcəfovaya çox borcludur.

 

Hazırladı: Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2013.- 25 oktyabr.-S.6.