Mikroelektron texnologiyanın öyrənilməsi
və ondan istifadə zamanı gigiyenik qaydalar
Müasir informasiya cəmiyyətinin xüsusiyyətlərindən biri informasiyanın bütün sahələrdə aparıcı rol oynamasıdır. Bizi əhatə edən informasiya "xaosundan" səmərəli bəhrələnmək üçün ən gözəl və düzgün vasitə mikroelektron qurğularından, kompüter texnologiyasından, İnternetdən düzgün istifadə etməkdir. Elmi-texniki inqilabın yüksək pilləsi sayılan kompüter texnologiyası insan beyninin məhsulu olduğuna görə bizimlə paralel inkişaf edir və bizdən asılı olmayaraq bütün sahələrdə də öz təsirini göstərir. Mikroelektron texnologiyanın inkişafı o dərəcəyə çatmışdır ki, elm adamları artıq virtual aləmlə əlaqədar təcrübələr aparır və bu sahədə çox böyük uğurlar əldə edirlər.
Müxtəlif
sahələrdə İKT-nin yeniliklərindən istifadə, "Elektron
hökumət"in dövlət səviyyəsində qəbul edilməsi və tətbiq
olunması Azərbaycanda informasiya - kommunikasiya texnologiyalarının
inkişafının ən son nailiyyətlərinin
tətbiq olunmasına əyani misaldır.
Təsadüfi deyildir ki, 2013-cü il Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin sərəncamı ilə ölkəmizdə "İnformasiya-kommunikasiya
texnologiyaları ili" elan
olunmuşdur.
"İnformatika" elminin dərindən
öyrənilməsini və tətbiqini müasir təhsilin inkişaf
tendensiyası tələb edir.
Müasir qarışıq informasiya
bolluğuna, xaosuna düşən, bəzən vaxtdan, vəziyyətdən düzgün
istifadə edə bilməyən bir çox gənclər
və yeniyetmələr xarakterlərindən,
düşdükləri və ya
yetişdikləri mühitdən asılı olaraq,
gündəlik həyatlarında müəyyən problemlərlə rastlaşır,
onların həlli yollarını tapmaqda
çətinlik çəkirlər.
Vaxtdan düzgün, sərbəst
və səmərəli istifadə edə bilməyi öyrənmək
şagirdin və ya tələbənin
gələcəkdə savadlı kadr
olmasına zəmin yaradır. Müasir həyat
ritminin rəngarəngliyindən düzgün istifadə edə bilməmək,
plansız, rejimsiz həyat tərzi, qəbul edilən və ya alınan müəyyən neqativ məlumatlar, ətrafdan olan mənfi təsirlər, tənbəllik, həvəssizlik və s. gənclər
tərəfindən düzgün olmayan yaşayış tərzinin seçilməsinə
səbəb ola bilər. Onlar bəzən şəxsi həyatlarında yaranan problemlərini həll
etməkdə və ya dərdlərini kiminləsə
bölməkdə çətinlik çəkirlər, bəzən
rastlaşdıqları bu kimi
problemləri həll etməyə
gücləri çatmır,
ona görə də virtual
aləmə daha çox
bağlanırlar. Bu isə ətraf
mühitlə rabitənin "soyuqluluğuna" səbəb ola
bilir.
Təhsil sistemində kompüter, mikroelektron texnologiyasının digər fənlərlə birgə
tətbiq olunması
öyrənilən sahənin daha da dərindən mənimsədilməsinə imkan
yaradır. Bunun
üçün
isə məqsədyönlü şəkildə kompüterdən sərbəst
istifadəni mənimsətmək və "öyrənməyi - öyrətmək" prinsipini daha dərindən
tətbiq etmək
lazımdır.
Mövzunun mənimsədilməsi prosesində tətbiq
edilən metodlar zamanı öyrəncilərin
marağı, fərdi xüsusiyyətləri, savadı, tələbatları,
qabiliyyətləri müəllim
tərəfindən nəzərə alınmalıdır.
Müasir təlim-tədris prosesində tələbələrdə yaradıcı təfəkkürü
inkişaf etdirməyə çalışmaq lazımdır.
Bunun üçün dərs prosesində tədris olunan fənnə müvafiq
olaraq, tələbələrin mövzulara
müstəqil yiyələnməsi, digər sahələrlə
əlaqənin yaradılması, onların sərbəst
işləməyi bacarması, şəxsi qabiliyyət və yaradıcı təfəkkürünün
inkişaf etdirilməsi, keçilən
mövzulara marağın
yaradılması s. istiqamətində
planlı işlər aparılmalıdır.
Müəllimin
köməkliyi ilə fərdi və ya kollektiv şəkildə iş
tələbələrdə yaradıcı təfəkkürün,
yeni
ideyanın və mənimsəmənin
inkişafına daha çox
yol açır, sərbəst işə
düzgün
qərar qəbuluna, qarşılıqlı fikir mübadiləsinə marağı artırır. Bu
isə tələbələri yeni biliklərin daha da dərindən və lazımi səviyyədə
öyrənilməsinə yönəltməkdir. Təlimin və
mənimsətmənin bu cür
təşkili prosesində fəal öyrəncilərlə
birlikdə nisbətən zəif tələbələr də aktiv fəaliyyətə
və sərbəst öyrənməyə başlayırlar.
İşlənəcək
praktik mövzular
müəllimin nəzarəti altında tələbələr
tərəfindən seçilə bilər. Mövzuların
seçilməsində məqsəd
açıqlanmalıdır. Belə ki, tələbələrin
"niyə məhz bu mövzunu
seçdin?"
barədə məlumatlandırılması üçün
onlara suallar verilməli və hər tələbədən fərdi olaraq cavablar
alınmasına çalışılmalıdır.
Mövzuların işlənməsində hər bir qrup bir fərd kimi iştirak etməlidir.
Burada fərdi
şəkildə, iki nəfər və ya daha çox qrup birləşməsi iştirak edə
bilər. İşin hazırlanması üçün müəyyən müddət (hər semestrə və ya rübə uyğun) və
ya
müzakirə üçün vaxt əvvəlcədən
müəyyənləşdirilərək öyrəncilərə
bildirilməlidir. Hazır işin
işlənmə ardıcıllığı, əsas məqsədi,
tətbiq sahəsi, üstünlükləri və s. barədə məlumat yazılı şəkildə
hazırlanmalı və işlənmiş referat
mövzu xarici yaddaşa yazılaraq (CD-R, CD-RW, mini-disk, flash kart və s.) fənn
müəlliminə təhvil verilməlidir. Praktik mövzular əvvəlcədən
müəyyən edilmiş vaxt reqlamentinə uyğun
işlənməli və qiymətləndirilmə bütün qrupla
müzakirə olunaraq aparılmalı və
ya verilməlidir. Bu cur
öyrədilmə sistemində fənn mümkün
olduğu qədər digər fənlərlə və müasir
həyatla əlaqələndirilməlidir. Çünki
dərs zamanı mövzuların mütəmadi olaraq həyatla
əlaqələndirilməsi tələbələrdə çalışmaq üçün
daha çox maraq yaradır.
Sivilizasiyanın inkişaf səviyyəsindən asılı olaraq, müasir kompüter və elektron texnologiyalarının, İnternetin, mobil
telefonların həyatımıza
daxil olması
hazırda insanların bu qurğularla paralel
yaşamasına səbəb olur. Lakin təəssüf hissi ilə qeyd edək ki, bu qurğulardan
istifadə zamanı bəzən sağlamlıq və gigiyena qaydalarına
düzgün riayət olunmur, bu isə gələcəkdə
insan orqanizminin
sağlamlığı üçün müəyyən problemlərin
yaranmasına səbəb ola bilər. Bu baxımdan müəyyən problemlərin
qarşısının alınması üçün
elektromaqnit dalğalarının insan orqanizminə
təsiri haqqında informasiya verilməli, istifadəçilər əvvəlcədən
məlumatlandırılmalıdırlar. Çalışmaq
lazımdır ki, bütün
sahələr üçün müraciət edə biləcəyimiz
İnternetdən məqsədyönlü şəkildə,
sağlamlıga və fikir
aydınlığına zərər gətirmədən və
eyni zamanda müəyyən
vaxt məhdudiyyəti ilə istifadə olunsun. Ümumiyyətlə, kompüterlərlə təhlükəsiz və rahat işləmək üçün
müəyyən vərdişlərə yiyələnmək
mühüm amildir. Kompüter, mobil telefon, digər mikroelektron qurğuların yataq
otağında olması məsləhət deyil.
Portativ kompüterdə işləyərkən
insan orqanizminə mənfi təsiri olan vasitələrdən biri monitordan başqa, sistem blokudur. Müasir monitorlar maye-kristal olduğuna görə, nisbətən daha çox mənfi təsirli
sistem blokunun "arxa" tərəfidir. Sistem
bloku düzgün yerləşdirilməli
və ventilyasiya deşikləri
açıq saxlanılmalıdır. Noutbuklardan
istifadə edərkən də müəyyən qanunauyğunluqlara riayət olunmalıdır. Onlardan bəzən uzanmış vəziyyətdə,
bəzən qucağa qoyularaq
istifadə edilir. Belə istifadə məsləhət
deyil.
Noutbukların altına qoyulmaq üçün xüsusi
lövhələr satılır və ya adi taxta parçasından istifadə etmək olar.
Harvard Universitetinin Araşdırmalar Mərkəzində
aparılan eksperiment zamanı məlum olub ki, elektron
maqnit dalğaları sahəsində fəaliyyət
göstərən insanlarda bir müddət sonra nevroz, psixi narahatlıq və
digər əsəb xəstəlikləri əmələ gələ
bilir.
Onu da qeyd
edək ki, immun sisteminin güclü
olması üçün insanın düzgün
həyat tərzi və gün rejimi ilə yaşaması mühüm
amillərdən biridir. Bu baxımdan mobil telefonlarla işləyərkən də diqqətli olmaq
lazımdır, mümkünsə telefonu
özündən müəyyən məsafədə
aralı gəzdirmək, danışarkən qulaqcıqdan istifadə etmək
lazımdır, çünki telefonun bədənin harasında olmasından
asılı olmayaraq elektromaqnit
sahəsi insan orqanizminə, immun sisteminə müəyyən mənfi təsir göstərə bilir. Telefon xüsusilə
zəng çalan zaman
zərərlidir. Çünki stansiyaya hələ qoşulmayan
telefon güclu elektromaqnit dalğalarının vasitəsi ilə
ətrafı şüalandırır. Belə təsirə çox məruz qalan insanda immun sistemindən
asılı olaraq müəyyən dəyişikliklər əmələ
gələ bilir, bu proses uzunmüddətli və fasiləsiz olarsa, bəzi həkimlərin fikrinə
görə, hətta epilepsiyaya, yaddaşda zəifliyə gətirib
çıxara bilir və beyin
qabığı sayılan kopteksə mənfi təsir edir. Ona görə də bu qurğulardan istifadə
vaxtı müəyyən yaş həddi və
vaxt məhdudiyyəti mütləq nəzərə
alınmalıdır.
Kompüterdən
istifadə zamanı insan orqanizminə mənfi təsirin
qarşısını almaq ücün müəyyən
şərtlərə mütləq əməl
olunmalıdır. Məsələn, düz
oturmaq və beli
bükməmək (stulu düzgün
seçmək lazımdır), çiyinlər gərilməməli
və qollar 90 dərəcəlik bucaq qədər
qatlanmalıdır, monitorla məsafə
gözlənilməlidir. Bu məsafənin
mümkünsə, 70 sm-dən az
olmaması məsləhətdir. Monitoru otağa düşən işığa müvafiq yerləşdirmək
lazımdır. Belə ki, işıq əgər
pəncərədən monitorun üzərinə
düşərsə, bu, monitorun
görüntüsünü zəiflədə
bilər. Əgər işıq bizim
gözümüzə düşərsə, göz
əlavə təsirdən narahat olar. Mümkün qədər
hər 30-60 dəqiqədən bir
gözləri monitordan çəkib uzaqlara, yaşıllığa, ətrafa,
künclərə baxıb göz (göz əzələsi)
idmanı etmək məsləhətdir. Kompüter
üçün nəzərdə tutulan eynəklərdən istifadə
olunmalıdır.
Elektromaqnit dalğaların yaratdığı sahənin mənfi təsirini aradan qaldırmaq üçün
istifadəçilərin elektron qurgularla təmasında və kompüterdən istifadə
zamanı müəyyən vaxt məhdudiyyəti qoyulmalıdır. Vaxt məhdudiyyətini tətbiq edərkən yaş həddi
mütləq gözlənməlidir.
Yaşlı adamlara nisbətən
azyaşlı uşaqların immun sisteminin daha zəif
olması nəzərə
alınmalı, əks-təsirin aradan
qaldırılması üçün onlardan müəyyən edilmiş vaxt məhdudiyyəti
ərzində istifadə olunmalı və vaxtaşırı olaraq istifadəyə fasilə verilməlidir. Onu da qeyd
edək ki, kompüterdən istifadə
zamanı vaxt
məhdudiyyəti ilə əlaqədar həkimlər yekdil fikrə gəlməyiblər, bu sahə üçün
hələ ki, standart
etalon qəbul edilməyib.
Kompüterdə oynanılan oyun
növlərinə və oyunlar zamanı
istifadə olunan vaxta
mütləq nəzarət olunmalıdır. Nəzarət
olunmadıqda hər hansı bir oyunun addım mərhələlərini
sona çatdırmaq üçün
bəzən uşaqlar saatlarla kompüterin qarşısında otururlar, bu isə virtual dünyaya qapılmağa səbəb ola bilər.
Hazırkı informasiya cəmiyyətinin əsasını İnternet təşkil edir.
Lakin İnternetdən plansız şəkildə istifadə
etmək cəmiyyətdə müəyyən problemlər
yarada bilər. Məsələn, hazırda dünyada "İnternet
xəstəliyi"nin yaranması
və artması buna misal ola
bilər (2012-ci ildə təqribən 130 milyona
yaxın insanın bu xəstəliyə tutulması haqqında
qeyri-rəsmi məlumatlar var). İnkişaf etmiş
ölkələrdə bu xəstəliyə
qarşı mübarizələr aparılır, ixtisaslı
həkimlər hazırlanır, müalicə üçün
xüsusi xəstəxanalar
yaradılması planlaşdırılır və s.
İnternet xəstəliyi (onun
əlamətləri özünəqapanma, özünə və
ətrafdakılara qarşı diqqətsizlik, dəridə səpkinin
yaranması, iştahsızlıq, ünsiyyətdə çəkingənlik,
fikirdağınıqlığı, kobudluq,
yuxu rejiminin
pozulması, əsəbilik və s. başqa xəstəliklərlə
qarışdırmamaq və düzgün
diaqnoz üçün
mütləq həkimə müraciət etmək
lazımdır) və müalicəsi haqqında (mikroelektron qurğulardan
istifadə zamanı vaxt məhdudiyyəti, düzgün
istifadə, lazımi vitaminli qida qəbulu, təbii meyvə və bitki
şirələrinin qəbulu, təmiz hava, piyada gəzinti,
normal yuxu, göz və bədən
idmanı, təbiətlə, ətraf mühitlə,
insanlarla birbaşa təmas,
ailənin qayğıkeş və diqqətli olması və s.) ətraflı məlumatları mənimsəmək
və eyni zamanda
planlı şəkildə
onları tətbiq etməyi və etdirməyi bacarmaq
lazımdır.
Kompüterdən
istifadə edərkən
vaxtaşırı otağın havasını dəyişdirmək
lazımdır, çünki sistem bloku işləyərkən havanı quruda bilir. Bəzi mütəxəssislər
üstü tikanlı bitkilərdən
istifadə etməyi, bəziləri
bir stəkan suyu, yaxud sulu meyvələri iki bölüb işlək kompüterin
qarşısına və ya yanına qoymağı, iş
başa çatdıqdan sonra
isə atmağı məsləhət görürlər. Bəzi yapon
alimləri isə bu baxımdan limondan istifadəyə üstünlük
verirlər. Qeyd edək ki, Azərbaycanın təbii nemətlərindən
olan nar və alma şirəsi
(çuğundur və yerkökü
şirəsini də əlavə etmək olar)
ən məsləhətli vasitələrdən
biridir.
Hazırda
sosial şəbəkələrdən,
İnternetdən fərdi şəkildə istifadə edildiyinə görə əsasən azyaşlılara, gənclərə düzgün
yol göstərilməli, zərərli vərdişlərdən,
insan psixikasına mənfi təsir edən saytlara
daxil olmağın zərərindən ətraflı
şəkildə söhbət
açılmalıdır. Onu da qeyd
edək ki, İnternetə sızan
lazımsız məlumatların qarşısını alan proqramlar hələ ki, özünü tam şəkildə doğrultmur.
Bütün bunları nəzərə alaraq müəllimlər ayrıca bir dərs saatını mikroelektron qurğulardan istifadə zamanı sağlamlıq, gigiyena qaydaları ilə tanışlığa sərf etməli, tələbələrə zərərli vərdişlər barədə ətraflı məlumat verməlidirlər.
Niyar UMAROVA,
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının
ümumi riyaziyyat və təbiət elmləri fənləri kafedrasının müəllimi
Azərbaycan müəllimi.-
2013.- 25 oktyabr.-S.7.