Bakıdakı idman məktəbinin

yetirməsi dünya çempionu oldu

 

11 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi dünya çempionatında qızıl medala layiq görülüb

 

Son illər Azərbaycan gənclərinin müxtəlif idman növləri üzrə keçirilən dünya çempionatı,  Avropa kuboku, beynəlxalq turnirolimpiya yarışlarında qələbələr qazanmaları ölkəmizdə idmanın yüksək səviyyədə inkişaf etdiyini bir daha göstərir. İdmançılarımız əldə etdikləri  parlaq  qələbələri ilə hamımızı sevindirir. Belə idmançılarımızdan biri də 1995-ci il oktyabrın 31-də Bakıda anadan olmuş Məmmədov Fuad İlqar oğludur. Fuad altı ildir ki, idmanın sambo növü ilə məşğul olur. İdmana marağı kiçik yaşlarından başlayıb. Uşaqlıqdan məşhur idmançı olmaq arzusu ilə yaşayan Fuad valideynlərinin  razılığı və dəstəyi ilə 2007-ci  ildə 11 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin sambo bölməsinə yazılıb. İdman məktəbində o, birinci  dərəcəli idmançı, təcrübəli müəllim Vahid Tarverdiyevdən həmin  idman növünün sirlərini öyrənməyə başlayıb. 2008-ci ildən respublikadaxili yarışlara qatılıb. Həmin  ildən 2013-cü ilə kimi Bakı birinciliyinin qalibi olub. 2013-cü il iyunun 14-də Azərbaycan çempionatında I yeri tutaraq Azərbaycan çempionu olan Fuad Məmmədov ölkə  yığma komandasının tərkibində məşqlərə başlayıb. Cəldliyi, çalışqanlığı, mübarizliyi ilə digər idmançılardan fərqlənən Fuad bu il oktyabrın 13-də Yunanıstanın Saloniki şəhərində keçirilən dünya çempionatında iştirak edib. İstərdik ki, dünya çempionatında keçirdiyi hisslər barədə idmançımız özü danışsın. Onun dediklərindən: 

 

- Dünya çempionatına gedəndə bir şeyi düşünürdüm: ölkəmizə qələbə ilə dönüm.  Mənim üzərimə çox böyük məsuliyyət düşürdü. İdmançı yarışa gedəndə birinci növbədə çəkisini azaltmağı düşünür. Elə olurdu ki, dəfələrlə ac qalırdım. Qidanı qramla yeyirdim ki, artıq çəkim olmasın. İnsan gün ərzində çörək yeməsə narahat olar. Bütün bu əziyyətlərə baxmayaraq mübarizə əzmini itirmədim. Mən çempionata gedəndə bilirdim ki, Azərbaycanımızın adını uca tutmalıyam. Bu yarışdan əliboş dönmək olmaz.  Şükürlər olsun ki, belə də oldu. Yaxşı ki, məşqçi-müəllimlərimin mənə çəkdiyi əziyyətlər hədər getmədi.  56 kq çəki dərəcəsində finala kimi heç bir xal vermədən güləşdim. Yarımfinalda Belarus idmançısı ilə qarşılaşdım. Bu idmançı çox təcrübəli və güclü idi.  Buna baxmayaraq onu 13:0  fərqi ilə məğlub etdimfinala çıxdım. Finalda rus idmançısı ilə qarşılaşdım. O da çox güclü idi. Fikirləşdim ki, mən birinci görüşdə rus idmançısına məğlub olsaydım çox da fərq olmazdı. Düşündüm ki, nəyin bahasına olursa olsun, bu idmançını məğlub etməliyəm. Mübarizə  çox gərgin keçsə də  Allaha çox şükürlər olsun ki,  7:0  fərqi ilə rəqibimi  məğlub edərək dünya çempionu oldum.

Komandamızın tərkibində 20-yə yaxın idmançı var idi. Onlardan biri Pərviz  Şükürov  68 kq çəki dərəcəsində bürünc medala sahib oldu.

- Bir idmançı kimi ən böyük arzun nədir?

- Biz yeniyetmələr yaradılan şəraitdən maksimum istifadə etməliyik. Hər bir idmançı kimi mənim də arzum ölkəmizin idman şərəfini layiqli qoruyaraq beynəlxalq arenalarda bayrağımızı qaldırmaq və himnimizi səsləndirməkdir.  Bunun üçün var qüvvəmlə çalışıram. Bütün bunların öhdəsindən gələcəyimə inanıram. Bu işdə mənə dəstək olan hər bir kəsə, xüsusən də müəllimlərimə  minnətdarlığımı bildirirəm. İstərdim ki,  sambo olimpiya oyunlarına idman növü kimi salınsın, mən də olimpiadada iştirak edim. Olimpiadada Azərbaycanın bayrağını zirvələrə qaldırmaq arzusundayam. Çünki vətənim hər şeyin ən yaxşısına layiqdir. Onun adı daim yüksəklərdən gəlməlidir. Mənim də bir vətəndaş kimi bunda kiçik bir rolum olsa çox sevinərəm.  İdmançı yoldaşlarımın da əziyyətləri yerdə qalmasın, onlar da himnimizi səsləndirsinlər, ölkəmizi layiqli təmsil etsinlər.

- Ölkəmizin himni səsləndikdə, bayrağımız yüksəkdə dayananda hansı hissləri keçirirdin?

- Həmin hissləri sözlə ifadə etmək çox çətindir. Fəxri kürsünün yüksək pilləsinə qalxanda elə bil ki, dünyanın ən xoşbəxt adamı olursan. İnanmırsan ki, qalib olmusan, elə bilirsən ki, yuxudasan. Himnimiz çalınanda, üçrəngli bayrağımız ucalanda  istər-istəməz sevincdən kövrəlirsən. Arzu edirəm ki, o hissləri tez-tez yaşayım və bütün idmançılarımız da bu hissləri yaşasınlar. 

 

Mən inanırdım ki, Fuad qələbə qazanacaq

 

Vahid Tarverdiyev, məşqçi-müəllim:

- Fuad Məmmədov uşaq yaşlarından bizim yanımızdadır. O, bacarığı, çalışqanlığı, əziyyət çəkməkdən qorxmaması, mübarizliyi ilə digərlərindən seçilirdi. Bizim yaxşı çempionlarımızı örnək götürərək Fuad deyirdi ki, mən də çempion olacam. Dünya çempionatına gedəndə də hamıya söz verdi ki, ölkəmizi layiqli təmsil edəcəm.  O, verdiyi sözə  əməl elədi. Mən inanırdım ki, Fuad qələbə qazanacaq, çünki o, çox çalışırdı. Bundan əvvəl keçirilən yarışlarda da Fuad rəqiblərinə aman vermirdi. Məsələn, Azərbaycan çempionatında demək olar ki, bütün rəqiblərinə xal vermədən qələbə qazandı. Dünya çempionatı zamanı mən çox həyəcanlı idim. Həyəcandan yarışları izləyə bilmirdim. Yarışda iştirak edənlər tez-tez zəng vururdular ki, Fuad çox yaxşı irəliyə gedir. Finalda rus idmançısı ilə qarşılaşdığını biləndə doğrusu həyəcanım birə-beş artdı. Çünki rəqib çox güclü idi. Allaha çox şükür ki, rəqibə xal vermədən təmiz qələbə ilə Fuad çempion oldu, hamımızı sevindirdi. Elə bil ki, dünyanı mənə verdilər. Sevincimin hədd-hüdudu olmadı.  

Çalışarıq ki, bundan sonra da

uğurlarımız davam etsin

 

Əli Hüseynov, 11 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin direktoru:

- Respublikamızda idmanla məşgul olmaq üçün dövlətimiz hər bir şərait yaradıb. İndi güləşçilərimiz dünyanın müxtəlif yerlərində,  irili-xırdalı beynəlxalq turnirlərdə iştirak edirlər. Azərbaycan dünyaAvropa çempionatları kimi iri idman tədbirlərinə ev sahibliyi edir. Sevindirici haldır ki,  Azərbaycan idmanı yüksəliş mərhələsindədir.  Ölkəmizdə həm siyasi, sosial-iqtisadi həyatın, həm də idmanın yüksəlişi, dövlət başçımızın bu sahəyə qayğısı yeni-yeni uğurlarımızdan soraq verir. Məktəbimizdə beş bölmə fəaliyyət göstərir. Basketbol, futbol, cüdo, samboşahmat bölmələri. Samboda böyük nailiyyətlərimiz olub. Əvvəllər  Vüqar Məmmədov  dünya çempionu olub. İndiFuad Məmmədov. Yəni, bu bizim üçün çox böyük nailiyyətdir. Kollektivimizin gərgin əziyyətidir. Çalışarıq ki, bundan sonra da uğurlarımız davam etsin.

 

Rəşad ZİYADOV

 

Azərbaycan müəllimi.- 2013.- 25 oktyabr.-S.10.