O müəllim xoşbəxtdir ki...
Müəllim
ömrünü haqlı olaraq şama bənzədirlər. O
şam əridikcə yüzlərlə,
minlərlə ürəkdə, beyində bilik və savad
şöləsi yandırır. Müəllim müqəddəs yol
yolçusudur, o, bu
günümüzü və gələcəyimizi
düşünür, mənalı ömründən şagirdlərinə təmənnasız
pay verir. Müəllim vətəninə, xalqına, ailəsinə,
bütövlükdə cəmiyyətə layiq olan vətəndaş yetişdirir.
O müəllim xoşbəxtdir ki, öz ecazkar
varlığı ilə şagird yaddaşına əbədi
həkk olunur.
Bu gün dövlət tərəfindən təhsil
işçilərinə göstərilən diqqət və
qayğı müəllimlərin
yaradıcılıq imkanlarını genişləndirib.
İndi respublikamızda öz elmi-nəzəri biliyi, pedaqoji
ustalığı, metodiki hazırlığı, ictimaiyyət
içərisində dərin nüfuzu ilə seçilən
yüzlərlə qabaqcıl müəllim
çalışır. Onlardan
biri də Siyəzən şəhər
Ş.İsmayılov adına 3 nömrəli tam orta məktəbin
təlim-tərbiyə işləri üzrə direktor
müavini Səmayə Hüseynovadır.
Səmayə Ağanəzər qızı
Hüseynova 1953-cü ildə
oktyabrın 17-də Siyəzəndə anadan olub.
1960-cı ildə öz ənənələri olan, yüksək
təhsil nəticələri ilə
nəinki rayonda, eyni zamanda regionda tanınan Siyəzən
şəhər M.Müşfiq adına 2 nömrəli tam orta
məktəbin I sinfinə qəbul olunub. Məktəb illərində
gələcəkdə
tarixçi ixtisasına yiyələnməyi qarşısına məqsəd
qoyub və bu arzu ilə də
o, 1970-ci ildə orta məktəbi bitirərək həmin il
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə
daxil olub. Ali məktəbdə fəallığı ilə
seçilən S.Hüseynova müəllimlərinin və tələbə
yoldaşlarının rəğbətini qazanıb, dəfələrlə
rektorluğun və dekanlığın təşəkkürlərini
alıb.
1974-cü ildə
ali təhsilini başa vuraraq
pedaqoji fəaliyyətə başlayan Səmayə Hüseynova bir neçə il Siyəzən
şəhər 2 nömrəli əsas məktəbdə
ixtisası üzrə müəllim işləyib. Pedaqoji
işə sonsuz məhəbbəti
və təşkilatçılıq qabiliyyəti nəzərə
alınaraq o, 1979-cu ildə həmin məktəbə təlim-tərbiyə
işləri üzrə direktor müavini təyin edilib. Təşkilatçılıq
bacarığı, məsələlərə çevik
yanaşma və obyektiv qiymət vermək qabiliyyəti dəyərləndirilərək
o, 1989-cu ildə rəhbər orqanlarda (keçmiş rayon
partiya komitəsində) işə dəvət olunub. Və
burada iki il çalışıb. Ona dəfələrlə müxtəlif vəzifələr təklif
olunsa da məktəbdə
işləməyi, şagirdlərə tarixi, xüsusilə
Azərbaycan tarixini öyrətməyi üstün tutub.
Səmayə müəllim 1991-ci ildən Siyəzən
şəhərində ilk təhsil ocağı olan 3 nömrəli
tam orta məktəbdə direktor müavini vəzifəsində
çalışır. Bu illər ərzində həm
özünə, həm də müəllimlərə və
şagirdlərə tələbkarlıqla yanaşaraq təlimin
və tədrisin keyfiyyətinin yüksəldilməsi
üçün ardıcıl iş aparır. Müxtəlif
mövzulara həsr olunmuş elmi-təcrübi konfranslarda,
seminarlarda, şura iclaslarında çıxışları
daim maraqla qarşılanıb. O, rayon ümumtəhsil məktəblərinin
təlim-tərbiyə işləri üzrə direktor
müavinlərinin dayaq məntəqəsinin rəhbəri
olaraq təhsil sahəsində
aparılan islahatlara, yeni təhsil proqramı (kurikulum) ilə
işin əsas xüsusiyyətlərinə həsr olunan "dəyirmi masa"lar təşkil
edib, fikir mübadiləsi
aparıb. Müəllimlərin yaxın dostu və məsləhətçisi
olan Səmayə müəllim eyni zamanda bir neçə ildir
ki, AMİ-nin Sumqayıt filialının Siyəzəndə təşkil
etdiyi aylıq kurslarda təlimçi-müəllim kimi tarix fənninin tədrisinin
müasir problemlərini həmkarlarına
çatdırır. Respublika Təhsil Şurasının
üzvüdür. Səmayə müəllim bacarıqlı
pedaqoq olmaqla yanaşı, həm də səmimi bir
insandır. Azərbaycan müəllimlərinin XI və XII, Azərbaycan
qadınlarının II, III və IV qurultaylarının
nümayəndəsi olan Səmayə müəllim 2007-ci ili
həyatının ən uğurlu və unudulmaz ili hesab edir. Həmin il Beynəlxalq
Müəllimlər Günü ərəfəsində möhtərəm cənab Prezident
İlham Əliyevin müvafiq sərəncamı ilə
"Əməkdar müəllim" fəxri adına layiq
görülüb. Səmayə Hüseynova bu fəxri adın həm şərəfli,
həm də məsuliyyətli olduğunu söyləyir və
daha əzmlə, yorulmadan pedaqoji fəaliyyətini davam etdirəcəyini
deyir.
Səmayə müəllimi yubiley münasibətilə
təbrik edir, ona cansağlığı, çətin və
məsuliyyətli, eyni zamanda şərəfli pedaqoji fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq.
Cəfər
BAĞIROV,
Siyəzən
Rayon Təhsil Şöbəsi metodkabinetinin direktoru,
respublikanın
əməkdar müəllimi
Azərbaycan
müəllimi.- 2013.- 25 oktyabr.-S.12.